Üç yüz milyon maşallah – Cəlil Məmmədquluzadə

50 Baxış

3

Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”

***

Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.

Xeyr, əgər “millətpərəştlərimiz” həqiqətdə millətpərəstlik etmək xəyalında olmuş olsalar, o vədə gərək əllərinə elə bəhanələr salalar ki, İskəndəri-Ruminin böyüklüyünü tərif edə-edə stulları sındırmayalar.

Kimdir camaatımızın düşmənləri? Hər kəs desə ki, “əcnəbilərdir”, burada o qədər bir hünər göstərməyib; o səbəbə ki, bu sözü biz uşaqlıqda kürsü başında Fatma xalalarımızdan da eşitmişik. Bəlkə də elə bu sözün əsli var, çünki əcnəbilərin bizə olan məhəbbətindən də mən hələ bir elə nişanələr görməmişəm.

Amma mən onu deyirəm ki, köhnə xərmənləri sovurmaqdansa, təzə sözləri ortaya qoymaq lazımdır. Nə olar ki, hamıya məlum olan düşmənlərimizi bir saatlığa qoyaq kənara və bir az da öz ətrafımıza baxıb görək öz içimizdə nələr var?!

***

Oxuculardan təvəqqe edirəm ki, müxbirimiz Mozalanbəy Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. Bu işləri səhl saymaq olmaz; huşyar olmaq lazımdır. Hər kəs dünyanın təqazasına bir az bələddirsə, indidən gərək yəqin eləyə ki, Ordubad cəhaləti Əylis mədəniyyətinin qabağında dayana bilməz. Ətrafımızda müşahidə olunan politika vüquatı bizə bir böyük dərsdir; hələ tarix qalsın kənarda.

İvan Həsənin qatığını vurub yerə tökəndə üç yüz milyon müsəlman tərəfindən İvana üç yüz milyon nifrət teleqramı işləyir, amma Ordubadda Seyid Mürtəza və “Ağ seyid”in oğlu poçt yoluna adamlar düzüb, qəzet oxuyanları asdırıb kəsdirəndə biz dinmirik.

Bir Ordubad deyil, götürək İrəvan kimi bir böyük müsəlman şəhərini. Allah şahiddir ki, burada nə bir nəfər müsəlman vəkili, nə bir nəfər müsəlman həkimi, nə bir nəfər müsəlman oxumuşu, xülasə Ordubad kimi burada da bircə nəfər “adam” tapıla bilməz.

Niyə?

Səbəbi budur ki, əlli il bundan irəli burada məktəblər açılandan indiyədək, qazımız məvacibin hörmətinə hər gün məktəbə gedib ruslar ilə əl-ələ verəndə müsəlman məhləsinə gələn kimi əllərini yuya-yuya və murdar əcnəbi müəllimlərini söyə-söyə əcnəbi elmini müsəlmanların nəzərində hər gün və hər saat “haram” cərgəsinə daxil eləyibdir.

Və indi yenə İrəvan gimnaziyasının beş-on nəfər müsəlman şagirdləri yavaş-yavaş başlayıblar dərsdən qaçmağa.

***

Kimdir bizim düşmənlərimiz? Əcnəbilər də olsa, onların düşmən­çiliyi hələ ki, ehtimal olunan bir şeydir, amma o əcnəbilərin birinin yolu əgər düşə bizim vilayətə və şeyxlərimizin övrətbazlığından ba­xəbər ola, gedib dünyaya xəbər verəçək ki, müsəlman millətində bircə tikə namus yoxdur.

***

Harada qalıbdır bizim “millət başçıları?”.

Kimdir bizim düşmənlərimiz?

Molla Nəsrəddin

“Molla Nəsrəddin” 24 may 1909. №21

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10