Uca könüllərdə yaşayan Aydın

352 Baxış

12

Həzi Həsənli

Azərbaycan Yazıçılar Birliyinin üzvü

şair – publisist.

Azərbaycan aşıq sənətində əvəzsiz izlər qoyan sənətkarlar az deyil. Onlardan biri də mənim çox yaxşı tanıdığım aşıq Aydın Çobanoğlu idi. O, saz – söz sevdalılarının da vurğunu idi, onları özünün yaxın dostu sayırdı. Aramızda yaş fərqi böyük olsa da,  bizi  bir – birimizə yaxınlaşdıran saza – sözə bağlılığımız olmuşdu. Aydınla ilk tanışlığımızın hansı ilin hansı ayında baş verdiyi heç yadımda qalmayıb. Əsas məna bunda deyil ki… bunun mənası ünsiyyətimizin səmimiliyində idi. Aydın özü də sənətə mənasız yerə gəlməmişdi…rovshenHərdən mənə elə gəlir ki, Aydın Çobanoğlu ilə ilk tanışlığımızın yaşı sazımızın yaşı qədər qədimdir. Saza könüldən bağlananların bir – birinə münasibətini həmişə belə görmüşük. Elə ilk görüşdən doğmalaşırlar, ünsiyyət tapırlar, dostlaşırlar. Aydın da belə bir ürək sahibi idi.

Aydın Çobanoğlu Musayev 1951 – ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdu. Onun beşiyi başında laylasını atası Çoban kişi sazla çalmış, qəlbini sözlə ovutmuşdu.  Aydın gözünü açıb evlərində saz görmüşdü. Elə körpəliyindən öz məcrasına, saz məcrasına, söz məcrasına düşmüşdü. Erkən yaşlarından sinəsində saza meydan vermişdi. Sənət uğurları onu tez bir zamanda məşhurlaşdırmış, böyük sənət dünyasına qədəm qoymuşdu. Onu tez – tez efirdə, mötəbər konsert salonlarında çıxış edən görürdük. El şənliklərində sazı ilə baş – başa verib oxuyanda, könüloxşayan səsi ilə yanaşı, oxuduğu havacatlarda klassik qoşma və gəraylılardakı sözləri aydın və təmiz tələffüz etməsi xüsusilə diqqəti çəkirdi. O, nitqində dilimizin saflığını, təmizliyini qoruyurdu. Keçmiş sovetlər məkanında keçirilən ümumittifaq və beynəlxalq tədbirlərdə də iştirak edir, öz sənət töhfələrini eldən – elə ərmağan edir, yayırdı. Dəfələrlə yerli və beynəlxalq folklor festivallarında dolğun çıxışlar etmiş, laureat adını qazanmışdı. Onun ən çox yaddaqalan uğurlarından biri də Türkiyənin Konya şəhərində keçirilən saz bayramında qarslı aşıq Murad Çobanoğlu ilə yarışma zamanı qızıl medal qazanması idi.

Şair Hüseyn Arif Aşıqlar Birliyinin sədri olanda Aydını özünün müavini vəzifəsinə işə götürmüşdü. O, savadlı kadr idi. Universitetin filologiya fakültəsini bitirmişdi. Aşıq yaradıcılığını incəliyinə kimi bilirdi. Çalışdığı qurumda  Aydının xüsusi xidmətlərinin olduğu danılmazdı. O öz işinin və sənətinin vurğunu idi. Könlünü bütünlüklə durnaboğazlı saza vermişdi. Ürəkşəkilli o möcüzəli taxtanı – telli sazı özünün ikinci ürəyi sanırdı. Sazı sinəsinə sıxıb oxuyanda tamamilə başqalaşardı, üzünün  nuru bir qədər də çoxalardı. Şux yerişi, çevik hərəkətləri, hətta geyimi ilə digər aşıqlardan seçilirdi. Daxilində bir yenilik, təzəlik havası olsa da, ömrüboyu öz nəğmələrini oxuya – oxuya aşıq, dastan ənənələrini ləyaqətlə yaşatdı, getdi. Öz ömrü qısa olsa da, saz ömrü uzun oldu. Böyük sənət yolunda izi qaldı.

Arzuları çox böyük idi Aydının. Birliyin nəzdində yeniliklər etməyə can atırdı həmişə. Aşıqlar Birliyinin nəzdində qızlardan ibarət “İncəgülü” ansamblını o yaratmışdı. Bununla yanaşı, “Günay” və ”Aygün” ailə ansanblının yaradıcısı da Aydın Çobanoğlu idi. O, gözəl musiqi duyumuna və yüksək zövqə malik idi. Elə bil, Tanrı onun qəlbini nəğməli bülbülə döndərmişdi. Onun bəstəsi özünə məxsus olan “Səyyadi” və “Çobanoğlu” havacatları bu gün də bir sıra aşıqların repertuarında yer almışdır. Sevimli oğlu Səyyadın şərəfinə yaratmışdı “Səyyadi”ni. Kim bilir, daha nələr yaradacaqdı?! Aşıq sənətini yaşatmaq və inkişaf etdirmək üçün hələ çox işlər görəcəkdi. Neçə – neçə xoş arzusu, murazı gözündə qaldı. O, sazı – sözü ilə doğulduğu yurdun, Vətənin bir parçası idi. Nə yazıqlar ki, ömrünün ən mənalı illərində dünyadan köçdü. Özü bu gün həyatda olmasa da adı saz sevdalı uca könüllərdə yaşayır.

… Hüseyn Arifin zamanında yolum Aşıqlar Birliyinə tez – tez düşürdü. Özüm də  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi idim. Aşıq sənəti ilə bağlı müxtəlif səpkili yazılarla mətbuatda çıxış edirdim. Hüseyn Ariflə isti münasibətimiz məni həmişə o doğma ocağa çəkirdi. Şairi görməyəndə darıxır,  tez – tez onun ziyarətinə gedirdim. Belə vaxtlarda Aydınla da yaxından ünsiyyətimiz olurdu.Aydının gəncliyinin ən gözəl illəri aşıq sənəti və Aşıqlar Birliyi ilə bağlıdır.

Hüseyn Arifin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən “Saz bayramı – yaz bayramı” adlı möhtəşəm tədbirdə də Aydınla olan görüşümü  unutmamışam. Sevincinin həddi – hüdudu yox idi. Deyirdi ki, dünyanın hər yerindən aşıqların bir araya gəlməsi, fikirlərini, duyğularını bölüşməsi çox əlamətdar hadisədir. Belə bir bayramın keçirilməsi həqiqətən də təqdirəlayiqdir.

Aşıqlar Birliyi Aydının həyatının ayrılmaz hissəsinə çevrilmişdi.Taleyini işə – gücə bağlamışdı. Taleyindən narazı deyildi, bir – birindən gözəl balalarını xoşbəxt, bəxtiyar böyütmək üçün özünü pərvanələr kimi oda atırdı. Onunla bir sıra görüşlərim hələ də gözlərim önündə canlanır və ötən günlərin acılı – şirinli xatirələri bir – bir yada düşür.

Aydın Çobanoğlu şair ruhlu, alim düşüncəli aşıq idi. Bir – birindən mənalı və məzmunlu şeirlər yazırdı.  Qədirbilən övladları onun könül dünyasının yadigarlarını yığıb – yığışdırıb, itib – batmağa qoymayıblar. Vəfatından illər keçəndən sonra “Ömrün etməyəcək vəfa dedilər” adlı şeirlər kitabının işıq üzünə çıxarılmasına rəvac veriblər. Onun aşıq sənətinin tədqiqi ilə bağlı araşdırmaları və fikirləri də maraq doğururdu.

… Vəfatından çox illər ötmüşdü. Bir gün onun ruhunu şad etmək üçün oğlu Səyyadla evlərinə getdik. Aydının ətrini Səyyaddan almaqla bir təskinlik tapsam da,evlərinə daxil olanda həsrətin sazağından üşəndim. Nəvə Aydının səsi gələndə isə bu evdə bir ümidin doğulduğunun, bir sevincin qönçələndiyinin şahidi oldum.

Səyyad məni evlərində bir sevinc qönçəsinə və bir də saza – sözə qonaq etdi. Bir zamanlar Aydında olduğu kimi, Səyyadın da bağrının başında arzularının çırpındığını duydum. Sazı sinəsinə götürüb həzin – həzin dilləndirdi. Sonra da bir ağız oxuyub könlümə ruh verdi.Atasının sənətini ləyaqətlə davam etdirən Səyyad Aydınoğlunun ifasında “Səyyadi” havasını dinləyəndə könül göynədən səsinin avazından kövrəlməmək mümkün deyildi.

… Aydın Çobanoğlu öz dövründə aşıq sənəti üçün bir sürpriz idi. O,zahirən sakit, daxilən coşqun təbli insan idi. Bunu Aydının şeirlərindən də duymaq olar. Bir şeirində olduğu kimi:

Gözüm yaşı axdı dən – dən,

Söyləmə ki, acizəm mən.

Aydın, hicranın əlindən

Dad – aman çəkib ağlaram.

Aydının insanı xoş ovqata kökləyən saz – söz məclisləri təşkil etməyi vardı. Belə məclislərə, yeri gələndə məni də dəvət edirdi. Doğrudur, çox məclislərində iştirak etmək imkanım olmasa da, bir – iki maraqlı məclislərində iştirak etmişdim. İndi o məclislərdəki duyğuların ağuşuna düşəndə gənclik illəri, o illərə xas yaşantılar ürəyimə yük olur.

Ömür vəfa etsəydi, bu gün Aydın Çobanoğlu 65 yaşını tamamlamış olacaqdı. Ömür vəfa etmədi. Amma  bilmirəm, Aydın 65 yaşında necə təsir bağışlayardı. Hər halda, mən onu gəncliyində gördüyüm kimi görmək istəyərdim. Gəncliyin xatirələri o qədər əzizdir ki, onları sonrakı yaş dövründə yaşamaq çətin olur. Neyləsən də,illəri tərsinə döndərmək mümkün olan deyil. Doğrudan da:

Qartal daşa dönər öz yuvasında,

Sən onu yuvadan ucalanda gör.

Aşıqla şairi cavan çağında,

Bağbanı, loğmanı qocalanda gör.

Bölmə : Ədəbiyyat