Üçüncü bir düşmən – Abbas Səhhət

12 Baxış

16

Məmləkətimizin keçirməkdə olduğu bu böhranlı dəqiqələrdə ki, bir tərəfdən xarici və bir tərəfdən daxili düşmənlər ilə mübarizə etməyə məcburuq, iştə üçüncü bir düşmən də bizi təhdid edir. Fəqət bu düşmən. Daha hadtər xunxar, əski hökumət tərəfdarlarından da yaman qəddardır. Bu düşmən heç kəsə rəhm etməz. Bu düşmən kimsəyə aman verməz: arvad, uşaq, kiçik, böyük, yaşlı, cavan, qəvi, zəif hər kəs olursa- olsun, bu düşmənin əlindən qaçıb qurtarmaz. Bu düşmən qövmiyyət, cinsiyyət tanımaz, məzhəb, millət anlamaz. Amansız sualtı müharibəsi bunun yanında toy-bayramdır. Çeppclinlər bunun müqabilində oyun-oyuncaqdır.

Bu düşmən kimdir və nədir? – deyə sual olunduqda, ərz edirəm ki, о xəsmi-cani aclıq və qəhətlikdir! Dünyada hər hansı bəla olursa-olsun insan ona dözər, müqavimət edər. Taun, vəba, zəlzələ, tufan – müxtəsər, hər hankı ərzi və asimani bəla varsa, aclıq qədər vəhim deyildir.

Gündən-günə qəhətlik şiddət edir, aclıq gözlənilir. Mülahizə buyurulsun, neysan ayı nisfdən keçdi, hələ bu vaxtadək bir qətrə yağış yağmadı. Otlar, biçinlər saraldı. Gərmsir olan yerlərdə əkin, ziraət yandı, tələf oldu. Əşirələr, obalar, köçəri ellər yayın əvvəllərində qışlaqdan yaylağa köçmələri lazım ikən çarəsiz indidən köçməyə başladılar. Heç yerdə heyvanat doyan qədər ələf yoxdur. Quru qurtarıb, yaş yetişməmişdir. Xalq yeməyə çörək tapmır. Əhalidə gündən-günə hirman, naümidlik artmadadır.

Dərd orasındadır ki, bu quraqlıq, qəhətlik, aclıq bir qitəyə, bir ölkəyə, bir nahiyəyə müxtəss deyildir. Yalnız Qafqasiyaya münhəsir deyildir. Türküstanın mütəəddid şəhərlərindən gələn sədalar, İranın müxtəlif biladından yetişən məktublar һәр bir məalda aclıqdan dad-fəryad edirlər. İndiki vaxt suların daşqın vaxtı ikən Bakı quberniyasının əksər yerlərində çaylar, irmaqlar, çeşmələr, bulaqlar qurumuş. İndidən çöl əhalisinin arasında su üstündə münaziələr, mücadilələr başlanmışdır. Allah bilir ki, bu işlərin axırı nerəyə müncər olacaqdır.

Üç ildən bəri çəkdiyimiz bahalıq yaxşı-yaman birtəhər keçinmədə idik. Zəruri məkulat adi qiymətdən on qat, iyirmi qat artıq baha idisədə, yenə az-çox tapılırdı. Lakin indi tapılmır. Şamaxıda unun batmanı altı manatadır. O da adı var, özü yoxdur. Çörəyin girvənkəsi beş şahıya satılır. Neçə günlərdir ki, tanıdığım bəzi əşxas varlı, tavanlı olduqları halda bir çörək, bir batman un, neçə qiymətə olursa-olsun, tapıb ala bilmirlər. Kooperativ dükanının qarşısında toplanıb çörək almaq növbəsini bəkləyənlərin miqdarını insan gördükdə vəhşət edir. Bəzən elə olur ki, səhərdən axşama qədər növbət bəkləyir də sonra mövcud olan çörək satılıb qurtarır və o biçarələr axırda çörəksiz qalıb baqqal dükanından armud qaxı alıb ona qənaət edirlər.

Hələ bir çoxları var ki, qazandığı para, yovmiyyə məaşına kifayət etmir. Canım! Girvənkəsi beş şahıya çörək alıb da fəqir bir ailə sahibi məişət edəməz; bu mümkün deyil. Gec-tez bundan yaman nəticə çıxar. Bu qayətdə diqqət olunmalı işdir. Bunu səhl sanmaq olmaz. Aclıq bəlasının dəfinə çarələr etmək lazımdır, ciddi tədbirlər etmək gərəkdir.

Madam ki, hürriyyəti sevirik, madam ki, hürriyyət və cümhuriyyət tərəfdarıyıq, ən əvvəl azuqə məsələsini layiqincə həll etməliyik. Madam ki, əmnü asayişin xələldar olmasını istəmirik, xalqı ac qoymamalıdır.

Ey möhtərəm qarelər, ey sevgili vətəndaşlar, bu yolda hamımız var qüvvəmiz ilə çalışmalıyıq.

Əgər həqiqətən köhnə hökumətin istibdadının bir daha qayıtmamasını istəyir isək, əgər cümhuriyyət və hürriyyət abi-həyatına təşnə isək, məxluqu ac qoymamalıyıq. Yoxsa qorxuram xudanəkərdə aclıq kəsbi-şiddət edər də qətl, qarət, talan, yəğma başlanar. Halbuki aramızda belə nifaq və şiqaq toxumları saçmağa çalışanlar da çoxdur. Köhnə hökumət tərəfdarları belə şeyi göydə axtarırlar, yerdə əllərinə düşmür. Xudanəkərdə əgər belə bir fürsət əllərinə düşərsə, o vaxt nə ki, hürriyyətimiz, hətta mövcudiyyətimiz də gedər, həm varlığımız badi-fənayə uğrar.

Amandır, qardaşlar, aclıq kimi düşməni-biamanı gözdən qoymayalım. Zira ki, o bizim xarici və daxili düşmənlərimizin köməyidir. Aclığı yox eyləməli!

Haydı, qardaşlar, yek-digərimizə müavinət edəlim!

1917

KÖŞƏ YAZARLARI
TOP 10