Senet.az oxucularına Aqşin Yeniseyin “Uçurum” şeirini təqdim edir.
Uçurum
Uçurum – ucalığın infarktı, yoxuşun özünəqəsdi
Uçurum – göy üzünün zirzəmisi – içindəkilər oğurluq.
Uçurum – qayıdıb ayaqlarına yıxılmaqdı dərinliklərin
Uçurum – qaranlığın həbsxanası – burda cəzalar ömürlük
Uçurum – boşluğun diktaturası!
Uçurum – qanadsızların da uçmaq haqqı var.
Uçurum – torpağın ölü doğulmuş övladı, ya da heç doğulmamış
Uçurum – dibin ən böyük arzusu,
Uçurum – dibdəkilərin alın yazısı
Uçurum – aşağıdan baxsan bir qadın – məşuqunu gözləyən
Uçurum – yuxarıdan baxsan bir kişi – tərk edilmiş.
Uçurum – torpağa düşüb cücərmiş bir yara toxumu
Uçurum – ağrıyan başda geri dönüşü olmayan şüur axını
Uçurum – səssizliyin məzarı – amma çağırsan hay verər içindəki ölü
Uçurum – saxta seçki qutusu – bir səsi beş sayar
Uçurum – bəzən önündəki qaraltını seçməyən kor bir göz
Bəzən bir xalqı udan dişsiz ağız
Uçurum – göy üzünün sığındığı tərs qala – uçmaq üçün qanadlara gərək yox,
Təki uçmağı arzula!
Uçurum – soyuğun nəfsi – bəzən bir qar uçqunu çəkər,
Bəzən bir qar dənəsi.
Uçurum – dim-dik qara bir palto və içində kimsə yox.
Uçurum – yıxılmaq üçün artıqdır ikinci şəxs.
Uçurum – mətndə qaralanmış bir kəlmə – məna laxtası
(Hər yazı bir gerçəkliyin ölümünə səbəb olan qanaxması)
Uçurum – köçmüş bataqlıq – sirtindəki kollar – zəncirdə unudulan itlər
Uçurum – bir qaçqın ayağından düşüb qalan cırıq çəkmə
Ayaqlar çəkmədən daha fanidir!
Uçurum – möhtəşəm bir gor! İçində diri-diri çürüyür
Üstü torpaqlanmamış,
Zirvədəki diktator!