Uğur qazanmağın birinci şərti – Əhməd bəy Ağaoğlu

94 Baxış

agaoglu

 Senet.az oxucularına Əhməd bəy Ağaoğlunun “Uğur qazanmağın birinci şərti” adlı yazısını təqdim edir.

- Fəlakət odur ki, nə çalışırıq, nə də çalışmağı bacarırıq.

Amma öyrənməyə məcburuq. Dədə-babalarımızın günahı yerə-göyə sıxmayacaq qədər çoxdur. Onlar, çalışmadıqları bir yana, çalışmağın yolunu da öyrətməyiblər. Dipdiri və güclü bir millətin qol qüvvəsinə arxayın olaraq ağalıq ediblər. Nə qədər ki, dünyada qol gücü işləyib, onlar da ağalıq sürüblər. Ancaq dünya da dinc durmayıb, elə hey çalışıb. Beləcə, iki yeni və çox böyük gerçək sözünü deməyə başlayıb: bilik və yol. Qol gücü bu gerçəklərin önündə geri çəkilib.

Elm və sənət birləşincə, bütün başqa güclərə üstün gəliblər. O andan başlayaraq bizim də cazibəmiz azalıb, ulduzumuz sönüb.

Ancaq vəziyyət hələ ki, ümidsiz deyil. Yanlışlarımızı anlayıb boynumuza almağımız yetər. Bu yanlışları bir az əvvəl anlayıb çarəsini tapsaydıq, indi qonşularla yanaşı, onlarla eyni vəziyyətdə irəliləyərdik.

Ancaq əsl fəlakətimiz ondadır ki, biz hələ guya nöqsanlarımızı boynumuza alsaq da əslində özümüzü div aynasında görürük. Yenə də hər şeyi ustadsız və başçısız gerçəkləşdirmək iddiasındayıq. Bizi yeyib içəridən gəmirən əsl xəstəlik də budur! Bu xəstəliyin dərmanını bilmirsinizmi?

- Elədir, haqlısan! Əsrimiz işin yolunu bilmək və informasiya əsridir. Təkcə adamların içində yox, millətlər arasında da çalışmaq uğur qazanmağın ilk şərtidir. Ancaq bilgisiz və yolsuz çalışmaq boş qabda hava döyməyə bənzəyir. Axı çalışmaq deyəndə, hər hansı bir sahədən təzə məhsul götürmək istəyi nəzərdə tutulur. Deməli, öncə həmin sahənin, sonra da həmin məhsulun nədən ibarət olduğunu bilmək lazımdır. Bu isə, aydındır ki, elm tələb edir. Ancaq elmdən faydalanmanın yolunu, üsulunu da bilmək önəmlidir, yoxsa elm də fayda verməz.

Bizim ölkəyə göz yetir: başdan-başa texnikadan yararlanır. Hər yanda insan yerinə maşın çalışır. Amma hər maşının üstündə bir insan əli və bir insan başı görürsən. Əslində cansız və donuq cisimlərdən ibarət olan bu maşınları hərəkətə gətirən də o əllər və beyinlərdir. İndi bir başqa incəliyə də diqqət yetir: hər maşına ayrıca bir əl, ayrıca bir baş göz olur! Çünki o maşını işlətmənin yolunu və o maşından faydalanmanın üsulunu yalnız həmin əl və həmin baş bilir! O maşını bir başqasına tapşırsanız, yəni bir başqa ələ versəniz, ya maşın qırılacaq, ya da ondan heç bir fayda gəlməyəcək.

- İndi biz, bax, həmin vəziyyətdəyik. Çalışmağına çalışırıq, ancaq biliksiz və yolsuz çalışdığımız üçün başqaları qədər faydalana bilmirik. Biliyi, informasiyanı önəmsiz sayan mühitlərin hamısı bizə bənzəyirlər. Bu mühitlərin bilik, informasiya anlayanlarla baş-başa gəlməsi imkansızdır. O qəhrəman qızın uçuşu, bax, buna görə məni dərdli fikirlərə saldı. Bax, buna görə öz-özümdən soruşdum: “Belə övladlar yetirən mühitlər var ikən, biz də biliksiz və məlumatsız qalırıqsa, bu mühitlərlə yarışa bilərikmi?”

Sonra da öz-özümə cavab verdim: “Unutma ki, biz hələ təzə başlamışıq. Dədə-balalarımızın xeyli günahı göz önündədir. Ancaq bu yola bizim kimi sonradan başlayanlar var axı! Onlar ki, uğur qazanıblar. Bizim nəyimiz əskikdir?

Yoxsa biz adam deyilik, ya ağlımız, şüurumuz yoxdur? Çalışmağa həvəslənməyimiz, işin çəmini tapmağımız yetər!” Sonra bir az düşünüb özüm-özümə yenə dedim: “əlbəttə yetər! Təskinlikdən başqa da yolun var?”

KÖŞƏ YAZARLARI
TOP 10