Uğursuz övladlarmı, yoxsa uğursuz ailələr?

113 Baxış

uşaqlar

Nərgiz Vəliyeva

Uğursuz övladlarmı, yoxsa uğursuz ailələr?

“Əslində, bu cür mövzuları yazmağa ürəyim gəlmirdi” desəm, yalan olmaz. Sadəcə düşünürəm ki, günümüzün ən aktual problemləridir ailə, cəmiyyət, uşaq problemləri. Bu mövzuda internet üzərindən bəzi araşdırmalar etdim və düşüncəm səhv belə olsa bu nəticəyə gəldim. Demək ki, etdiyimiz bütün səhvlərin, günahların cəzasını övladlarımız çəkməlidir. Çünki izlədiyim bütün qətliamların qurbanı cəmiyyətin azyaşlı nümayəndələri olur. Düşünürəm də, bunların baş verməsində kimdir günahkar? Valideynlərmi? Yoxsa, hələ də əqli cəhətdən geridəqalmış bizlərmi?…
Sonra döndüm cəmiyyətimizə nəzər saldım. Açdığım bütün qapılar sanki qarşımda daş hasar oldu. Yəni elə ailə tapılmaz ki, etdikləri münaqişələrdən övladları əziyyət çəkməsin. Bəli qəbul edirəm, əgər bu ailədirsə kiçik, lakin bir dövlət qədər güclü olan bu cəmiyyətdə hər vəziyyəti müşahidə etmək normal haldır. Normal haldır, amma bir nüansı gözdən qaçırırıq. Ən böyük yük ən çox ağrı-acı məhz bu cəmiyyətin ən kiçik üzvünün çiyinlərinə yüklənir. Bir uşağın çəkdiyi iztirabı mən ən təsirli cümlələrlə belə izah edə bilmərəm sizə.
Bir uşağın yazdığı gündəlikdən bəzi cümlələri sizinlə paylaşmaq istərdim:
-”Allahım niyə mən?! Niyə məni yaratdın axı?! Xoşbəxt olmaq mənim haqqım deyilmi?! Sinif yoldaşlarım çox xoşbəxtdirlər, məni niyə onlardan ayırırsan ki?! Bəlkə… bəlkə yaxşı oxumadım deyə mənə əsəbiləşmisən?! Söz verirəm qiymətlərimi düzəldəcəm. Bəlkə, o zaman mənə olan əsəbin keçər, hə?”
Mən bu sözləri, bu düşüncələri şablon olsun deyə yazmıram. Vaxtı ilə bir çox çətinliklərdən keçmiş, bu uşağın yazdığı cümlələrdəki nisgili yaşamış, hiss etmiş biri kimi yazıram. Yazdıqlarımın doğruluğunu sübut etmək üçün apardığım kiçik araşdırmanın nəticəsini sizlərlə bölüşürəm:
“Pedro Alonse Lopez. 1948-ci ildə dünyaya gəlib. Lakin normal yox, əqli cəhətdən bəzi problemləri olan bir qadının övladı kimi. Öz doğma bacısına təcavüz etməsi nəticəsində evdən qovulmuş, küçəyə atıldığı zaman insanların təzyiqinə məruz qalmış, daha sonra həbsə düşmüşdür. Normal olaraq həbsdə olduğu müddət belə rahat buraxılmamışdır. Və beləliklə, həbsdən azad olduqdan sonra cinayətlərin ardı-arası kəsilmir. Hədəf: azyaşlı uşaqlar… Əqli cəhətdən normal olmadığı üçün hər dəfəsində də həbsdən azad olmağı bacarmışdır. Cinayət sayı- 200+. Və bu gün dünyanın ən qəddar cinayətkarları siyahısındadır”.
Bu məlumatları oxuyarkən sadəcə bir şeyi anladım. Onu bu yola sürükləyən nədir? Yəqin ki, cavab bəsitdir. Yaşadığı həyat, aldığı travmalar və s.
Hərdən gəzməyə çıxdığım zaman fikrimi bəzi plakatlar cəlb edir. Orada yazılır:
“Əziz uşaqlar, ailənizdə sizi üzəcək və ya valideynlərin kobud rəftarına səbəb olacaq hər hansı vəziyyətlə üz-üzə gəlsəniz filan nömrələrə zəng etməyiniz kifayətdir”.
Mən tam səmimi olaraq deyə bilərəm ki, yaşadığımız dövrdə heç bir uşaq belə bir addım atmağa cürət etməz. Buna istər qorxu deyin, istər çəkingənlik, ya da nə ad versəniz. Düşünürəm ki, belə elanların, heç bir nəticə verməyən plakatların olmasındansa insanları maarifləndirmək daha doğru olar. Ailədə valideynlərin bir-biri ilə davranışı övladın gələcək həyatını və psixologiyasını tənzim edir, unutmayın…
Və əziz valideynlərlər! Çalışın övladlarınızın dəftərlərində göz yaşı, kədər izi yox, sevinc, şadlıq, qazandıqları uğurun izi olsun…