Uğurun düsturu – Vicdan, məsuliyyət və inanmaq!

73 Baxış

shemilsadiq

Cəfər Mənsiminin hazırladığı “Uğur kitabı – 111 dildə” kitabı işıq üzü görüb. Müəllif kitabı 111 məşhur sima ilə birlikdə yazıb desək yanılmarıq. Beləki, burada prezident, nazir, millət vəkili, iş adamı, yazıçı, rektor, müəllim, naşir, jurnalist, PR-çi kimi müxtəlif peşə sahiblərinin uğura çatmağın yolları barəsində fikirləri toplanılıb.  Sual-cavab şəklində tərtib olunan kitabın məqsədi uğurla bağlı fərqli baxış bucaqlarını ortaya qoyaraq oxucuların həyatına yön vermək, özlərini tanımlarına kömək etmək, yeni məqsədlər, yeni ideyalar formalaşdırmaqdır.

Senet.az “Uğur kitabı – 111 dildə” kitabında yer almış  Hədəf Şirkətlər qrupunun baş direktoru, f.ü.f.d., dos. Şəmil Sadiqlə müsahibəni təqdim edir:

 

Fərqliliyiniz və fərdiliyiniz nədən ibarətdir?

Tanrının təkliyinə inansaq, onun yaratdıqlarındakı fərdiliyin olmasının vacibliyini qəbul etməliyik! Bütün sənətkarlar yaratdıqlarında özlərindən nişanə qoyur, əlbəttə ki, Yaradan da insanlarda özünün təkliyi nişanəsini qoymuşdur.

Məncə, ətrafımdakılardan fərqim odur ki, daima yeniliyi və dəyişimi sevirəm! İnanıb, lakin ehtiyatı əldən verməməyə çalışıram, insanın xislətində bütün gözəlliklərin və eybəcərliklərin varlığını qəbul edir, gözəllikləri duymaq, eybəcərliyi isə görməzlikdən gəlmə kimi bir özünəməxsusluğum var! Şəxsimə qarşı edilən ən kiçik yaxşılığı belimdə bir ömür daşıyacaq qədər əxlaq sahibiyəm. Çayırı təmizləməkdənsə, gülün çoxaldılması tərəfdarıyam!

 

Fərqdən söz düşmüşkən, hər birimiz fərqliyik. O fərqlilik ki, onun da içində fərq vardır. Bəs nədən fərqli olduğumuzun fərqində deyilik? Ümumiyyətlə, həyatın ritmini niyə yaxalaya bilmirik?

İnsan özünü kəşf etdikdən sonra fərqliliyinin fərqinə vara bilər! Bu zaman bunu hiss edər və etdirməyə cəhd edə bilər! Həyatın hər anı bir notdur, kimimiz o notlarda ölçülü və ya ölçülü sərbəst şəkildə yeriyir və ritmə düşürük, kimimiz də bir notun üstündə yıxılıb qalır, ritmi pozur, kimimiz də ölçüsüz hərəkətlər edib ritmi, ahəngi pozur!

 

Elə adlarımız da bizə aid deyil. Yəni bizdən də öncə bizim adımızda olan şəxslər var. Dolayısı ilə, adlarımız bizim təmsilçilərimizdir. Bəs təmsilçilərimizdən razı olmaq və ya digərlərini razı salmaq üçün nə etməliyik?

Adların assosasiya yaratmasına inanıram! Şərəflə daşınılan adlar uzunömürlü olur, ta ki, şərəfsizə nəsib olana qədər!  Necə ki, Alp Aruz kimi adı, Yalıncıq kimi alçağın adı ilə bərabər basdırmışıq! Daşıdığımız adı tarixə alnıaçıq qoyub getmək üçün cəsarətli və vicdanlı olmaq yetər! Çünki vicdanın məhkəməsindən çıxan qərar cəsarətlə həyata keçirildikdə daşıdığımız ad yaşamağa layiqdir! Bu vəzifə və pulla olmur heç vaxt, ləyaqət əsas şərtdir. Alp Aruz kimi bir bəyin adını unudub, daş yonan bir ustanın − Fərhadın adını yaşadırıq.

Birinə aslan deyərsən, özünü aslan hiss edər, dovşan deyərsən, dovşan. Amma unutmayaq ki, dovşan kimi davranıb içində aslan yaşadan, aslan kimi davranıb dovşan olmaq ancaq tülküyə məxsus qabiliyyətdir.

 

 IMG_0532“Uğurun düsturu” necədir? Ümumiyyətlə, uğurlu biri olmaq üçün nə etmək, nədən başlamaq lazımdır?

Vicdan, məsuliyyət və görmək istədiyin bir işə könüldən inanmaq! Yəhudilərin bir prinsipi var: sən işini layiqincə və vicdanla gör, uğur özü gələcək! Uğuru çağırmaq və ya gözləmək yanlışdır. Ona doğru əməli addım atmaq gərəkdir. Ən önəmli məsələlərdən biri də aldığını və ya sənə veriləni, hökmən, sahibinə verməlisən: sevgi alırsansa sevməli, uğurlu yol göstərirlərsə, sən də kiməsə göstərməli, qazandınsa qazandırmalısan!

 

Apardığınız mübarizədə uğursuzluqlarla üzləşəndə nə edirsiniz?

Mən həyatın istənilən sahəsində hərəkət etdiyimdə maneələri və uğursuzluqları öncədən çox da götür-qoy etmirəm. Özüm inandımsa, demək ki, uğursuz olmayacağam.  Bu baş verərsə, həlli yolunu axtarıram! Niyə iki dəfə əziyyət çəkməliyəm ki… İçimdə həmişə bir inam var: yaxşı olacaq! Hələ ki, belə də gedir!

Hər insanda bir istedadın olduğunu söyləyərlər, bunu necə üzə çıxarmaq olar, sizcə?

Bir dəfə tanınmış bəstəkarımız Sərdar Fərəcova dedim ki, mənə elə gəlir, məşq etsəm, yaxşı mahnı oxuya bilərəm. Halbuki musiqi duyumum və  bilgim yox dərəcəsindədir.  Cavabında da gülə-gülə dedi, mümkündür, amma Alim Qasımov ola bilməzsən! Bəlkə, təvazökarlıqdan uzaq olacaq, amma insanın hər şeyə qadir olacaq gücə malikliyi inancındayam! Əslində, istedad bacarığın sayəsində vərdişə çevriləndə bizlərə böyük fərqlilik və möcüzə kimi görünür! Bu gün dünyamız daha çox bacarıq və qabiliyyətə möhtacdır, nəinki istedada! Çünki bacarıq formalaşmasa, istedad üzə çıxa bilməz.

İstedadı üzə çıxarmağın yeganə yolu isə güvəndir! Hətta bacarıqsıza da güvənmək lazımdır ki, heç olmasa, öz potensialını göstərə və görə bilsin!

 

Uğurumuzu uzun müddətli qoruyub saxlamaq üçün nə etməliyik?

Yorulmadan çalışmaq və yaratmaq. Kişinin pessimistliyini, depressiyaya düşmə kimi xüsusiyyətlərini qəti sevmirəm. İstifadə etdiyim “kişi” sözü sırf cins anlamında yox, hamımızın düşüncəsinə həkk olunmuş mənasını nəzərdə tuturam. Su üzərindəki taxta parçalarının üstünə ayaq basdıqda necə ki, tez də digər parçaya irəliləməlisən ki, üstündəki ağırlıqdan batmasın, uğur da belədir. Qazandığın bir uğurun üstündə qalıb hərəkətdən vaz keçsən, batarsan. Uğur çevikliyi sevir…

Ümumiyyətlə, uğurun yaşı olur, yoxsa başı? (Yoxdursa, nəyi var)

Uğur bir işıq kimidir, nə başı var, nə də ayağı. Uğurun sadəcə gözü var, o da sadəcə qabağa baxır.

Bəzi gənclər bir işə başlayanda “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?

Məncə, düz də edirlər. Niyyəti saf olan qəlb nə iş görərsə, uğur qazanacaqdır. Sadəcə, içlərindəki səsə qulaq asmağı bacarmalıdırlar. İstənilən problem qarşısında ağla gələn ilk ideya həqiqətdir. Sonrakılar şeytanın təhriki ilə yaranır. Sonrakılar bəzən uğurlu da olur, amma digər böyük bir uğursuzluğun qapısını açır. Mən düşünmək lazım deyildir, demirəm, sadəcə, çox düşünəndə şeytani duyğular içəri girməyə fürsət tapır, amma ilk düşüncənin məhsulu isə saf olur.

Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?

Onlar bədbəxtdirlər. Bundan asan və zövqverici heç nə ola bilməz. Amma yetər ki, qarşındakının əhəmiyyətli olmasını hiss etdirməkdə sui-istifadəyə yer verməsinlər, bunu edənlər yalançı, riyakar və xeyirlərini güdən “mollalara” və ya sonradan ikrah hissi yaradan fırıldaqçı xoşgörülülərə bənzəyirlər. Amma bir insanın yararsız olduğunu söyləmək və ya bunu hiss etdirmək, böyük yanlışdır. Bir insanın faciəsinin ocağına atəş salmaq insanlıqdan deyil.

 

Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir, deyirlər, sizin payınıza ən çox hansı əməl düşüb?

Toplanan – Birləşərək yüksəlmək, yüksələrək böyüməkdirsə;

Çıxılan – Səndə olanları olmayanlarla bölüşməkdirsə;

Vurulan – Xoş gələcək naminə çoxalmaqdırsa, vurulub birgələşməkdirsə;

Bölünən – Bölünüb işıqsız qəlbə işıq ola bilməkdirsə, soyuq könülləri isitməkdirsə,

Mən özümü Funksiyanın arqumentindən asılı olan qiymət kimi (Y kimi) hiss edirəm!

 

ugur kitabiDünyada bir şeyi dəyişdirmək imkanı verilsəydi, Siz nəyi dəyişərdiniz?

Bir şeirim var, çox iddialı səslənsə də, bəzən həyat devizim kimi səsləndirirəm:

Olsa əgər imkanı, lap dünyanı mən şad edərəm,

Qüssələri məhv edərək, qəlbləri abad edərəm.

 

Ey Yaradan, səndə olan qüdrətini versən əgər,

Ancaq mənə, şər evini şər kimi bərbad edərəm.

 

 Ceyranın gözündə aslan sevimli ola bilərmi? Bəs acının sevinci varmı? Varsa, özümüzü necə hazırlamalıyıq ki, acımız da sevinc olsun?

O qədər ceyranlar var ki, aslana aşiq olub və onun da pəncələrində parçalanıbdır. O qədər ceyran da var ki, Hüseyn Cavid demiş: “Bir göyərçin əsir etdi qartalı, Gözəllik namına, sevgi namına”. Aslanları özünə aşiq edib və yırtıcılıqdan uzaqlaşdırıb!

Acının şirini olar, kədərin sevinci. İnsanın fitrətində ikilik var. Necə ki, iki məqamda ağlaya bilirik, necə ki, iki məqamda gülə bilirik, eləcə də acını şirinlə yuya bilmək qabiliyyətinə malikdir insan.

Uğur və xoşbəxtlik arasındakı məsafə nə qədərdir? Yəni Sizə görə uğur və xoşbəxtlik nədir?

Məncə, xoşbəxtlik uğurların məcmusudur. Hər bir uğurlu an xoşbəxtliyin bir zərrəsidir. Uzunmüddətli xoşbəxt olmaq çətin olsa da, uğuru uzun müddət yaşatmaq olar. Bir az da açıq desək, xoşbəxtliyə gedən yolun pillələridir uğur.

Deyir, getmə, gəl. Ona doğru gəl, ALLAHA doğru gəl. Getməkmi, yoxsa gəlməkmi? Hansını seçərdiniz?

Ona doğru getmək, özünə doğru gəlməkdir. İlk olaraq özünə doğru gəlib ruhunla tanış olmalısan ki, Ona doğru gedəndə özünü unutmayasan. Getməyin gəlməyi olduğu kimi, gəlməyin də getməyi var. O və özü arasındakı bu get-gəllər insanı özünün dərkinə gətirdiyi üçün gəlməyi seçərdim.

Çox zaman ölüm üçün yaşadığımızın da fərqinə varmırıq. Məsələn, Cənnəti istəsək də, kimsə ölümü istəmir. Sizə elə gəlirmi ki, arzularımız da belədir – onları istəyirik, amma uğrunda heç nə etmirik?

Kimlərsə bu düşüncədə ola bilər. Amma mən ölüm üçün yaşamıram. Yaşamıram da ki, ölüm. Yaşayıram ki, dünyanı dəyişənə qədər fərqinə belə varmadığım missiyamı tamamlayım. Və ya digər bir dünyaya (oranı Cənnət və Cəhənnəm deyə bölmürəm. Amma başqa bir dünya olduğu inancını qəbul edirəm) getdiyim zaman bihudə ömür sürdüyüm şübhəsində olmayım. Hərdən düşünürəm ki, bəlkə də biz digər bir həyat üçün dünya dəyişdirəndə orda daha fərqli missiya veriləcək, nəinki cənnət-cəhənnəmdəki kimi gözəllik qoynunda istirahət və ya əzablar. Sanki bu dünya oyunun bir mərhələsidir. Keçə bilənlər daha çətin və adrenalin dolu oyunun şahidi olacaqlar.

Son olaraq, uğurlu olmaq istəyənlərə ən gərəkli məsləhətiniz nədir?

Məsləhət vermək dünyada ən asan işdir, zənnimcə, uğur əldə etmək də elədir. Uğur məsləhətlə ola bilməz, sadəcə məsləhət uğuru qorumaq üçün yardım edə bilər. Uğur bacarıq, vicdan və güvəni sevir. Hətta deyərdim özgüvən uğurun silahıdır. Hər bir insan bir sahədə uğurlu ola bilir. Amma ən böyük uğur həyatın bütün sahələrində uğurlu olmaqdır. Ailədə də, işdə də, məişətdə də, cəmiyyətdə də uğur əldə edənlər əsl xoşbəxtlərdir.

Amma şair sözü sizə inandırıcı gəlmədisə, o zaman Markesin bu ifadəsini xatırlayın: “Çox da özünüzü öldürməyin, ən xoş hadisələr təsadüfən olur.”

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10