Ukrayna və Gürcüstan teatrları Şəki səhnəsində

4 Baxış

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalın həftəsonu maraqlı tamaşalarla davam edib.

Mədəniyyət və Turizm nazirliyindən Senet.az saytına verilən məlumata əsasən festivalın üçüncü günü, sentyabrın 17-də Xarkov şəhərinin (Ukrayna) “Prekrasnıye svetı” teatrının yaradıcı heyəti Şəkidə teatrsevərlərin qarşısına çıxıb. Bir neçə il əvvəl yaradılmış bu teatrın məramı satira və yumorun vasitəsilə cəmiyyətdəki nöqsanları göstərməklə, insanları güldürməklə islah etməyə çalışmaqdır. Teatr hər kəsin sözsüz anlaya biləcəyi bir janrda – pantomim janrında tamaşalar hazırlayır. Bir neçə miniatürün bütöv tamaşa kimi təqdim edildiyi “Piy” tamaşası çox uğurla keçib.

Bazar günü isə Şəkidə S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı V.Pşavelanın “Ev yiyəsi və qonaq” tamaşası ilə çıxış edib. Qafqazlılara qonaqpərvərliyi ilə qan qisası mövzularının kəsişdiyi, iştirakçıların iki qütbə bölündüyü tamaşa çox maraqlı quruluşu ilə diqqəti cəlb edirdi. Tamaşanın quruluşçu rejissoru İrakli Qogiya güzgülərdən və səhnənin dərinliyində quraşdırılmış sofitlərdən istifadə etməklə həm kütləvi səhnə effektinə, həm də aktyorların kölgəsinin salona düşməsi ilə möhtəşəmlik effektinə nail ola bilmişdi. Səhnə əsəri tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Tamaşalardan sonra kollektivlərə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim edilib.

Bölmə : Teatr