“Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb

9 Baxış

76838_wdrubi82iv

Jurnalın budəfəki “ekspert”i Nizami Tağısoydur. “Ulduz”u “Bədii-poetik düşüncəmizin sınaq meydanı” adlandıran ekspert ötən sayın təhlilinə nəsrdən başlayıb. N. Tağısoy həm nəsr, həm də poetik nümunələrdən ümumi məmnunluğunu ifadə etsə də, yeri gəldikcə iradlarını bildirib, tövsiyələrini paylaşıb.

Ekspert rəyini Mətləb Ağanın “özüylə söhbəti” və şeirləri izləyir: “…Fikrimcə, yaradıcı adamın (yazıçının, şairin) ən böyük qazancı onun ədəbiyyat tarixində özünə yer tutmasıdır, xatırlanmasıdır. Bir də təkrar edirəm, ədəbiyyat mənim üçün ürək məsələsidir”.

Cəlal Bəydilinin təqdimatında Cəmil Meriçin hikmətli sözləri “Qısa fikirlər xəzinəsi” bölməsində yer alıb.

“Nəsr” bölümündə Vüsal Nurunun “Tüklü sabun”, Cavid Qədirin “Şahid adamların hekayəsi”, Mənsur Mattın “Utanc” və Zeynəb Əliqızının “Ən yaxşı it” hekayələri verilib.

Furqan, Tural Adışirin və Hikmət Məlikzadənin poetik nümunələri “Şeir vaxtı” bölməsindədir.

“Tribuna”da Əsəd Cahangirdir. Tənqidçi “Allah göz yaşlarına inanır” məqaləsində çağdaş şeirimiz haqqında düşüncələrini bölüşüb.

Taleh Eminoğlu Frans Kafkanın “Hibrit” hekayəsini, Knyaz Qoçaq isə Valentina Yerofeyevanın “Vüsal” hekayəsini “Tərcümə saatı”nda təqdim edib.

Murad Köhnəqalanın “Heyvanların söhbəti” proyektində”, Tural Sahabın “Yağışlı bir sentyabr gecəsində” bədii yazıları, Namiq Hacıheydərlinin “Əski türkün yaşamında və dünyagörüşündə at” və İslam Sadiqin təqdimatında İlkin Elsevəroğlunun “Folklorumuzu toplamaq borcumuzdur”( folklor nümunələri ilə birgə) məqalələri də jurnalın bu sayında da yer alıb.

“Esse” bölməsində Etibar Kərimli “Antik ədəbiyyat və biz”dən söz açıb.

Ayiz Baymuxametovun “Getmə, ana” hekayəsi “Türk eli” rubrikasında çap olunub.

“Debüt” bölümündə gənc yazarlar Qərib Nicat və Gülşən Mustafanın şeirləri verilib.

 “Bölgələrdən soraqlar” rubrikasında Bilal Alarlı gənc şair Allahşükür Alaşarlının qəzəllərini təqdim edib.

Hicran Hüseynova “Səsli yazı” rubrikasında Azərbaycan radiosundan, müxtəlif radio proqramlardan və onların ümumi özəlliklərindən söz açıb. “Mənim radiom” yazısını Gülbəniz Hüseynli, Aybəniz Məmmədəliyeva, Təranə Vahid, İntiqam Qasımzadə və Vaqif Əlixanlının bu sahə ilə bağlı fikirləri  izləyir.

“Dərgidə kitab” layihəsinin qonağı Orxan Fikrətoğludur.

KÖŞƏ YAZARLARI
TOP 10