Ulduzlu araba – Ülviyyə Əhmədova

64 Baxış

aaaaaaa

Hekayə

– Yenə sevirsən, hə? Rəngləri, şarları..

– Hə çox…

– Bilirəm… sənin üçün hər dəfə bir cüt şar uçurdurdum…

– Bilməmişəm.

– Dua edirsən heç? Səncə, Tanrı insanları eşidir?!

– Məncə, eşidir.

– Səni eşidir?

– İnanıram ki, hə…

– Məni də sevirsən?!

– Sevirəm…

– Məni dinləyəcək, mənə görə dua edəcək qədər?!

– Hə,bəlkə, ondan da çox…

– Mən dua edə bilmirəm, bacarmamışam… Məndə yaxşı olan heçnə alınmır. Mənim üçün dua edə bilərsən?!

– Edərəm…

– Xahiş edirəm… Dua et ki, mən ölüm.

Belə bir duanı həyatımda ilk dəfə eşidirdim. Tanrının uzun sağlam ömür verməyi üçün edilən duaları eşitmişdim. Amma sevdiyim, həyatımı bağladığım birindən belə bir şeyi eşitmək qədər üzücü nə ola bilərdi ki? Tərəddüd etdiyimi görüb, əlini əlimdən çəkdi, onsuz da iri, qara gözləri bir anlıq olduqca böyüdü. Birdən – birə sifətinin dəyişdiyini hiss etdim. Ondan, onun qəzəbindən həmişə qorxurdum:

– Mənə insan lazım deyil, onsuzda bu lənətə gəlmiş otaqda əvvəl-axır tək qalıram (cibindən siqaret çıxarıb yandırır). Nə üçün gəlmisən, gəlmisən məni görməyə?! Oradan necə görünürəm? (Gülür).

– Nə deyirsən indi? Çıxım gedim? Məni sən istədin ya yox gələcəm, buradan da səninlə bir çıxacam…

– Mənlə? Zarafat edirsən? Sən hələ ümid edirsən ki, mən səninlə bu otaqdan çıxa biləcəm? Bu qədər ağılsız ola bilməzsən. Bura gəl, (qolundan yapışıb) gəl bura! Yox elə uzaqda dayanma, yaxına gəl! (güzgüyə tərəf çəkir). Başını qaldır, gör nə görürsən orada? Başını qaldır deyirəm!!!

– Qolumu burax, ağrıdır… (qolunu qeyri-ixtiyari sıxır).

– Gərək görəsən, sənə tək demək bəs etmir. Görürsən məni? Boyuma aşiq olan qadın, indi bax gör o boydan nə görürsən? Bu lənətə gəlmiş iki təkərdən başqa nəsə var?!

– Mən inanıram ki…

– Yox dayan. Hələ bitirməmişəm. Sən məni hələ görmürsən. Sən əksikliyi, bu acizliyi görmürsən ( ayaqına çırpır) bədəninə gücü çatmayan bir kişini görmürsən…

– Murad!

– Qulaq asacaqsan. Eşidirsən məni? Sən bu qədər ağılsız ola bilməzsən. Çıx otaqdan, arxana da baxmadan qaç…

– Getmirəm. (doluxsunur)

– (Başını aşağı salır) Çıx get Hicran, xahiş edirəm, get. Mənə əыkikliyimi hiss etdirən hər kəs, hər şey kimi sənə də nifrət edirəm. Boyuma aşiq bir qadınla danışanda belə, üzünü görmək üçün boynumu qaldırmaq məcburiyyətində qaldığım bu acizliyə də nifrət edirəm… Bu həkimlərə, bu sıxıcı divarlara da. Get deyirəm sənə… Gəlmə!

Otagın havası sanki burula-burula qalxır, parçalanır yerə tökülürdü. Rütubətli küncdə iki bədənin, üç canın səssizliyi qulaq batırırdı. Hicran həyatındakı bütün insanların bütünləşmiş halı idi. Həyat yoldaşı onu acizləşdirən ayaqlarını bağrına basıb, dizinin dibində oturmuşdu. Sinəsinə sığa biləcək bu qadın, onun həyatının keçid mərhələsi idi. Bir dəfə xilas etmişdi, ikinci dəfə onun bu fədakarlığı etməsini istəmirdi. Qadın getmirdi, kişi heç getməsini də istəmirdi. Necə eqoist olduğunu düşündü. Onsuz da onu bir dəfə yarımlarla təkbaşına buraxmışdı. İndi də öz acizliyinə məhkum etməyə cəsarəti çatmırdı. Bu qədər cılız bədəndə olan gücə heyrət edirdi. Özünü düşündü, bacarmazdı. Bacarmadı da. Ayağını basdığı torpaqdan sonrasını xatırlamırdı.

* * *

Ulduzları həmişə sevmişəm. Yay olanda əlimi başımın arxasına qoyub, onları müxtəlif canlılara bənzətməyə calışırdım. Təxəyyülüm və xəyal dünyam olduqca geniş idi. Səmada gördüyüm ulduzları vərəqlərə çəkirdim. Hər dəfə də çəkdiklərimə elə həvəslə baxırdım ki… Yeniyetməlik dövrüm döyüşlərin başlanması ilə üst– üstə düşdü. Elə bil Tanrı səsimi eşitmişdi. Şəhərin və qaldığımız binanın hər tərəfi ulduz geyinmiş adamlarla dolu idi. Zabitlər, əsgərlər.. Bir də onların insana “heç nədən qorxmayın!” deyən məğrur duruşu…

Bizim binanın nəzarətinə baxan Murad digərlərindən boyunun uzun olması və nisbətən iri bədənli olmağı ilə seçilirdi. Təhlükəsizliyimizdən o, cavabdeh idi. Qorumağı atalardan görmüşdüm, amma atamdan görməmişdim. İtkin düşmüşdü. Ondan evimizdə qalan əsgərlikdən göndərdiyi, hərflərini oxuya bilmədiyim, rəngləri bir – birinə qarışmış məktub, yarısı solmuş köhnə şəkil idi. Gördüyüm qədər ilə çox yaraşıqlı, uzunboy, qaraşın gənc – Atam. Dilimin deməyib, ürəyimin susmadığı söz. Sağa doğru boylandığı gözləri, əynində qəribə ulduzları olan hərbi geyimi. Gülümsəyirdi, həm də çox kədərli görünürdü. Aradakı təzadı tuta bilmirdim. Şəkil yaxşı vəziyyətdə deyildi. Anam deyirdi ki, qaranlıqda nəm çəkib. Amma uşaq olsam da əmin idim ki, şəkli bu qədər baxımsız edən anamın onunla danışan göz yaşları olmuşdu. Başa düşürdüm, amma başa düşdüyümü anamın bilməyini istəmirdim. O, güclü görünməyə çalışırdı. Mənim də bundan şikayətim yox idi. Bir kişinin uzun boylu olmağı məndə qəribə bir güvən hissi yaradırdı, atamı xatırladırdı. Elə düşünürdüm ki, o, bu görünüşu ilə nə olursa olsun bütün təhlükənin qarşısını alacaq. Anam hər dəfə evdə bişən yeməkdən bir qab ayırırdı, amma mənimlə göndərmirdi. Hiss edirdim ki, ona sübut etməyə çalışdığım gerçəkliyi həyat mənsiz də qəbul etdirir. Böyümüşdüm, qəribə inancları da onu mən tərəfdən narahat edirdi. Hər dəfə öz-özünə “ananın taleyini qızı da yaşayar” dediyini eşidirdim. Düzdür, onun kimi güclü olmaq istəyi məndə həmişə var idi, amma onun taleyini yaşamaq istədiyimdən əmin deyildim. Mən buna inanmaq istəmirdim, anamın da inanmağı ürəyimcə olmurdu.

Eşitmişdim ki, müharibə yaxşı olan hər şeyi məhv edir. Amma onun pisləri də məhv etdiyinə inanırdım. Vəziyyətin gərginliyi insanları bir – birinə doğmalaşdırmışdı. Yaşadığımız bina ümumi idi. Qonşularla bir ailə – arxa cəbhə yoldaşı olmuşduq. Dəhlizin yeri boydan-boya bir-biri ilə eyni kəsimdə olan daşlarla döşənmişdi. Ümumi koridorun ensiz, uzun qapıları olduqca köhnəlmişdi. Çölə açılan pəncərələrin qarşısına əyiləndə daş betonların üstündə saysız siqaret kötükləri insanın gözünə dəyirdi. Hər dəfə onları canlandırırdım, danışdırırdım. Siqaret çəkən insanların düşüncəli olmağı məndə “onlar söhbət edirlər” fikri yaradırdı. Bəzən düşünürdüm ki, görəsən, onları bir araya yığıb danışdıra bilsəm, nələr danışardılar?… ən çox da Muradın… Görəsən, onu hər dəfəsində elə kədərli edən hansı dərdi idi?! Qəfil geri çəkilib, bir-biri ilə eyni məsafədə və səliqəli düzülən daşları görəndə düşündüklərimi unudurdum. Qəbul edirəm ki, qaradinməz uşaq idim, amma onların üzərində rəqs edəndə qanadlandığımı, mahnı oxumaq istədiyimi hiss edirdim. Vərdiş etmişdim. Daşları hər dəfə sayır, bununla da qalmır, onların mərkəzi ilə addımlayırdım. Elə bilirdim ki, birindən digərinə keçsəm səhv etmiş olacağam. Bir gün rəqs edə-edə, daşlar boyu sağa-sola keçib, dəhlizin başına çatanda kiminsə mənə diqqətlə baxdığını hiss etdim. Murad idi. O qədər diqqətlə baxırdı ki, utandığımdan geriyə çevrilə bilmədim. Mənə elə gəlirdi ki, onun siqaret kötüyünü axtardığımı, onunla baxışdığımı, danışdığımı başa düşüb. Boynumu sinəmə doğru salıb, sakitcə dəhlizdən çıxdım. Onu burada yaşayan adamların hamısı çox sevirdi. Mən də boyuna görə onun gücünə inanırdım. İlk dəfə idi ki, göz – gözə gəldiyimizi o günü xatırlayıram. Bir anlıq şəklin canlandığı hissi məni bürüdü. Ondan sonra çalışırdım ki, Muradla qarşılaşmayım. Əslində o hamı ilə ünsiyyət qursa da, tək məni dindirmirdi. Üz-üzə gələndə bir-birimizə salam belə vermirdik. Etdiyinin səbəbini başa düşməyə çalışsam da anlaya bilmirdim. Bəzən çox danışmaq ehtiyacı hiss edəndə düşüb qaranlıq pilləkənlərin altında otururdum. Bir neçə dəfə düşəndə onun da orada olduğunu gördüm. Mənə elə gəlirdi ki, məni izləyir. Harada oluramsa, orada olur. Muradın baş götürüb getdiyi yerle mənim baş götürüb getdiyim yer eyni idi. Bu həyatda insanları baş götürüb getdikləri yerlər bir araya gətirir. Eyni yerdə yan-yana səssiz oturmağı öyrəndik, sonra səssiz danışmağı və ən sonunda paylaşmağı, bir-birimizi sevməyi öyrəndik. Nə olur, olsun, yaxşı olan şeylər də pislər kimi gözləmir.

Aprelin birində gəldi, “Evlənək?!”– dedi. Bugünü seçməyi təsadüf deyildi. Məndən əmin olmaq istəyirdi. Sonradan başa düşdüm ki, insan əgər qarşısındakı etirafı “yalan” günündə belə içində varsa, doğru qəbul edə bilərmiş. İçimdəkilərdən əmin oldu. Mən qəbul etdim.

Muradla evlənəndə ev deyilməyəcək qədər balaca bir otaqda yaşayırdıq. Mən onun dünyasına qonaq getmişdim. Kimsəsiz olduğuna görə onu ön cəbhəyə aparmırdılar. Amma hər vəchlə can atdığını görürdüm. Xidmət etməyinə qarşı deyildim. Mənə onu sevdirən elə onun ulduzları olmuşdu. Niyə, bilmirəm, amma heç cür getməyini istəmirdim. “Anamın taleyini” yaşamaq istəmirdim.

Bir müddətdən sonra getdikcə səssizləşməyə başladı. Əvvəllər bu səssizliyə qulaq asmaq, bəlkə də, mənə zövq verirdi. Amma indi yox. Yenə əvvələ, onun siqaret kötükləri ilə söhbət etdiyim zamanlara qayıtmışdım. Mübahisə edirdik. Ən çox da cəbhə ilə bağlı. Bir gün əlində bir neçə qalın geyimlə gəldi:

– Yol üstündəyəm..

– …hara?!

– Sən ürəyimdən yoxa çıxana qədər yol gedəcəyəm (güldü).

– …

– Cəbhəyə gedirəm, Hicran..

– Cəhənnəmə get!..

– Bura cəhənnəmdir, cəhənnəmlə gedirəm…

Getdi… Bu gediş yalan olmağa daha çox layiq idi.

***

Muradın üzünü görməsəm də, yuxularımda onu ulduzlu geyimlərdə görürdüm. Ən son görəndə üstü-başı qapqara palçığın içində tərpənmədən dayanmışdı. Bilmirdim, ona əsəbiləşim, ya anlamağa çalışım. Nə yaşadığını, nə baş verdiyini demirdi. Amma eşidirdim ki, hər şey gərgindir. Yuxularımdan qorxurdum. Məni xəstəxanaya çağıranda gördüyüm mənzərə – yuxum çin olmuşdu. Bilirdim ki, özünu belə qəbul edə bilməyəcək. Mən onu qəbul etmişdim.

Hər dəfə cəbhədən gələn xəbərlərə həyəcanla qulaq asırdı, oturduğu təkərli dəmir stolu ora-bura dəyəndə ətrafındakı hər şeyi dağıdırdı. Əllərinin arasına aldığı başını sıxır, damarları görünən alnını divara söykəyib saatlarla düşünürdü. Ağlamırdı, bəlkə də, ağlasaydı daha xoşbəxt hiss edərdi. Səssiz-səssiz ölürdü. Saatlarla pəncərədən baxırdı, mənə baxmırdı. Bilirdim ki, bir dəfə baxsa, onu inandira bilsəm, peşmanlığı azalar. Azalmağını istəmirdi. Özünü bağışlaya bilmədi…

28.05.16 Azər doğuldu. Amma mənim ailəm “üç” ola bilmədi, ana…

Xatirələr…