Ülviyyət Tahir yazır: “Ən ağır nifrətlərin anası sevgi olur”

67 Baxış

ULVİYE

Senet.az Ülviyyə Tahirin “İşıldaböcək” essesini təqdim edir:

İşıldaböcək

Şəhərin al-əlvan işıqlarına baxaraq kədərlə üzünü mənə tutdu:

– Arada şəhəri nəhəng bir yolka, özümü bu işıqlarla bəzədilmiş ağacın altında qoyulmuş hədiyyə qutusu kimi hiss edirəm. Sən, ümumiyyətlə, bu xaosun içində özünü necə hiss edirsən?

– Bəzən böyük bir orqanizmin qan damarlarında hərəkət edən mikro damla, bəzən də… Bax, bəzən bu ikinci “bəzən”i unuduram. Əslində, o qədər də vacib deyil.

– Vacib deyil? Olsun, amma ən azından şər mövzusunda bir düşün!

Dostumdan ayrılıb bayaqdan onun xaos adlandırdığı kütlədə əriyirəm. Əriyirəmmi? Yox, enerjinin itmədiyini hamımız bilirik. Qəlbim qaynardı, istidi. Düşüncələr yaz yağmuru kimi məni ağuşuna alır. Arada beynimdə ildırım çaxır, məni gah düşüncələrə yenidən baxmağa, gah da yeni fikirlərə qərq edir.

İnsan niyə şər yaratsın? Əziz dost, qarşıma çətin sual qoyursan. Deyirsən, mən quş dili bilmirəm, uşaq dilində izah et… Bilirəm ki, quş dilini də bilirsən. Gəl, bu pazlı birlikdə yığaq.

Əzab: Spinoza “Etika”sında əzab barədə belə yazır: “Əzab barədə özüm üçün bəlli anlayış yaratdıqda, o, əzab olmaqdan çıxar”. Buna uzun müddət alman ölüm düşərgələrində psixoterapevt Franklın gözü ilə baxsaq, həqiqətən, belə olduğunu görərik: “Ayaqlarımda ayaqqabılarım yox idi, qarda yeriyir, o an daxmada xəstə yatan yoldaşımı xoşbəxt hesab edirdim. Ya da ağır qrupda çalışarkən, yüngül qrupa düşənə qibtə duyurdum. Onda anlayırdım ki, əzab və xoşbəxtlik anlayışı fərdidir”. Ölüm düşərgəsini tərk edəndən illər sonra ona qaldığı yerə bənzər və ölgün insanların siması təsvir olunmuş foto göstərirlər və qorxunc olduğunu deyirlər. Viktor Frankl yazır ki, onlara o çarpayılarda uzanmış insanların xoşbəxt olduğunu desəydim, mənə inanmazdılar. Çünki o an onlar bədənlərindəki bitləri öldürərək belə, anlıq yaşadıqlarından həzz ala bilərdilər. O an həmin çarpayıda uzanmaq dünyanın ən böyük xoşbəxtliyi idi. Bəli, əzab üçün hər kəsin bir tablosu var. O tabloda likörlü tortu kökəlməmək üçün qusan əzablı qadın, ya da bir parça quru çörəyi gəvələyərək xoşbəxt olan qarı tapa bilərsiniz.

Pislik: Uşaq vaxtı qonşumuzun öz quyruğuna cuman iti var idi. İt bütün həyatını o quyruğu qovmağa həsr etdi. Quyruğu bitəndə it öldü. Eynilə itin sahibi də bütün bar verən ağacların meyvəsini paylaşmamaq üçün bəzən diblərinə neft töküb qurudardı. Zaman gəldi, düşmənçilik etdiyi hər kəs dağıldı. Ölənlər qəbirstanlığa, dirilər müxtəlif yerlərə köcdülər. Həmin qadın da iti kimi cummağa nəsə tapmayanda öldü.

Şər: Dünyada mütləq şərin olmadığına inanıram. Şər insanın törətdiyi və anlam yüklədiyi məsələdir. Eynilə ALJIR-də yazdığım kimi, şərin insan və ya Tanrı tərəfindən törədildiyini ayırd edə bilsək, çox mətləbləri çözmüş olar. İkinci Dünya Müharibəsi, qaz kameraları, Xerosima, Naqasaki… Kim törədib bunları? Burda qəşəngcənə bir sual meydana çıxır: bütün bunlar baş verəndə Tanrı harada idi? Dini kənara qoyaraq buna ritorik bir sualla cavab verək: azad iradə və seçim haqqı verilmiş insana Tanrı niyə müdaxilə etsin? Buyur. Sənə hüdudsuz ağıl, istedad və dərk vermişəm. Cəbhəni seç! Sonra üstümə gəlmə! Azadlığını məhdudlaşdırmıram. ABŞ prezidenti Harri Trumana  təklif olundu ki, bu dəhşətli bombanı əhalinin üstünə atmayaq. Elə Yaponiyanın yaxınlığına, boş adaların birinə atmağımız kifayətdir ki, yapon hökuməti təslim olsun. Amma o, seçimini etmişdi. Bu təklifi edənləri otağından qovdu. Obama son prezidentliyi dövründə Yaponiyaya baş çəkdi. Bir zamanlar qırdıqları  insanların üstünə əklil qoyacaq qədər həyasızlıq etdi. Amma ondan üzr tələb olunanda razılaşmadı. Çünki onun əxlaq kodeksində bu yazmır. Kurt Vonnequt demişkən, amerikalılar elə zənn edirlər ki, hər yerdə onları sevirlər. Nə etsələr, daim haqlıdırlar. Hər ikisi seçimində özünü haqlı bilir. Harri Truman da, Obama da…

Yenə qayıdıram Frankla. O düşərgədə olarkən insanların iki tipə ayrıldığını müşahidə edir. Əsilli, nəcabətli və əsilsiz-köksüz insanlar. Birincilər hətta rəhbərlikdə olarkən belə öz ləyaqətini qoruyur (məsələn, məhbusları döymür, şərəflərini alçatmırlar), ikinci qrup isə məhkumların içindən seçilsələr belə, ilk imkanda sadistlik edirlər.

Şəms necə haqlıdır bu anda: “Qəlb sənə boş verilir, nə ilə istəyirsən, onunla doldur içini…”

Bilirəm, deyəcəksən, bura qaranlıqdır, yolumu tapa bilmirəm, ey gözəl dost,  aydınlıqda yolu tapmağa nə var, məsələ qaranlıqda işıq aramaqdır. Ya da elə qaranlıqda özün işıq olmaq: işıldaböcək kimi…

Ömür bizə özümüzə gedən yolu tapmaq üçün verilən şansdır. Yol özümüzdən başlayıb, özümüzə gedir. Təkamül insanda başlayır. Bütün hər kəs bizik. Bütün hamı hər kəsdir.

Bəs insan niyə şər yaradır? Niyə?

İnandırım səni, insan şər ilə həyatını rəngləyir, həyatını asanlaşdırır. Axı yaxşı olmaq bahalı işdir.  Düşüncələrdən tutmuş əməllərə qədər təmizə çıxart bu insanı. Nə sui-zənn yoxdur, nə paxıllıq, nə təkəbbür. Bir insan təsəvvür edin, həyatı boyunca rüşvət almasın, heç bir pis işə bulaşmasın. İnsanlara daim kömək etsin. İbadəti və əxlaqı yerində. Həyatda etdiyi səhvləri minimum dərəcədə. İndi bununla müqayisədə  həyatı boyunca milyonlarla insanın ölümünə imza atmış, meqaloman hislərlə yaşayan bir insan təsəvvür et. Hər ikisi, sofistikaya bağlasaq,  haqlıdır. Biri  insanları məhv etməkdə, digəri isə mütləq yaxşı olmaqda. Amma mütləq həqiqət başqadır. Mütləq həqiqət insanın iradəsinə inanır.  İnanır ki, insan o ali zirvəni özü üçün fəth edə biləcək.

Şər Yer üzündə mövcuddur. Onun varlığını dana bilməyəcəyik. Amma şərə məruz qalmış insanın ona reaksiyası necədir? ALJİR yazılandan sonra yaxın dostlardan biri orada intihara maraqlı mövqe sərgiləməyimi önə çəkərək dedi ki,  ola bilsin, inancın rol oynayıb bu məsələni qabartmamaqda. Dedim,  qəyiyyən elə deyil. Sadəcə olaraq, intihar faktı, demək olar ki, yox idi. İnanmadığını gördüm. Bu yaxınlarda  əlimə məhz bu məsələnin psixoloji tərəflərini əks etdirən elmi bir kitab  keçdi. Viktor Frankl bu cür düşərgələrdə intihar faktının olmamasını belə izah edir: “Ölüm öz cazibəsini itirmişdi. Artıq bizim bu cür həyatda necə sağ qala biləcəyimiz əsas stereotip idi. “ALJİR-in əsas qəhrəmanlarından olan Gülnarə bunu bir cümlə ilə ifadə edir: “Yaşamağın intihar olduğu yerdə intihar lüzumsuzdur”.

Yenə qayıtdıq  başa. İnsan həyatına həyəcan qatır, maraq qatır. O, gah quyruğuna cuman itdir, gah ağacların dibinə neft tökən qadın, gah Xerosimaya bomba atan, gah ölüm düşərgələrində insanları qaz kameralarında boğan, gah da Xocalıda körpələri güllə-baran edən. O insandır. Bütün nifrəti, qorxusu sevgisindən qaynaqlanır.  Nəyə sevgisindən? Düşüncələrimi elə bu esseni yazanda Bəhruz Xəlilin tam bu gün, bir az əvvəl qarşıma çıxan şeiri  ilə bitirirəm.

 

Ən gözəl ağacların ən gözəl budağından

düzəlir əlağacı.

Tabutlar da həmçinin.

 

Ən ağır nifrətlərin anası sevgi olur!

 

Mən hələ uşaq idim, mən hələ sevməmişdim.

Onda da belə idi:

Sevgi nifrətin, ağaclar tabutun anası!

 

Ən gözəl filmlər: sonunda qəhrəmanı öləndir!

Ən gözəl romanlar: həqiqətə ən yaxın olandır!

Ən gözəl gedişlər: (deyə bilmirəm hansılardır!)

 

Ən gözəl meyvələr, ağacın əlçatmaz yerində olanlardır!

İnsan əlləri toxunmayan ucalıqda.

İllər insanları yetişdirməyə də bilir:

o qədər axmaq tanıyıram qocalıqda!

Ən ağır nifrətlərin anası sevgi olur!

Bölmə : Nəsr
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10