Umgülsüm Sadıqzadənin həbsxana məktubları

163 Baxış

umgulsum1937-ci ildə represiyya qurbanlarından biri də yazıçı Seyid Hüseyn Sadiqin həyat yoldaşı şairə Umgülsüm Sadıqzadə olub.  Senet.az Umgülsüm Sadıqzadənin 8 illik həbs həyatı boyunca ailəsinə yazdığı məktubları təqdim edir:

 

.Əzizim Oqyat! Sənin ilk məktubunu dünən axşam aldım. Heç bilmirəm bu sevincimi nə cür izah edim. Elə bil ki, mən bu gün anadan oldum.

Yazırsan ki, Rəssamlıq məktəbini bitirmisən. Bu münasibətlə səni təbrik edirəm! Mənim əziz Oqtayım! İndi mən özümü dünyada ən xoşbəxt ana hiss edirəm. Düşünürəm ki, indi bütün xoşbəxtliyim, həyatım mənə qaytarıldı. Təəssüflənirəm ki, sən imtahanlarını verəndə, diplom müdafiə edəndə sənin yanında olmamışam. Eybi yoxdur. Bütün bunlar keçib gedər. Tezliklə mən evə qayıdıram, inşallah, hamımız bir yerdə olarıq. Sən yaxşı elədin ki, bu il oxumağa Moskvaya getmədin. Bəlkə mən gələn il qayıtdım, evdə oldum, onda sən arxayın gedib oxuyarsan.

Oqtaycan! Sən mənə tez-tez məktub yaz. Yaz ki, harda işləyirsən, nə ilə məşğul olursan, maaş nə qədərdir? İndi mən səndən alacağım ikinci məktubunu və şəklinin həsrətilə yaşayıram.

Nə üçün məktubunda xalan və onun ailəsi barədə yazmamısan? Onlardan mənə tez bir xəbər yaz! Öpürəm səni! Sən məktubunda məni öpməmisən, amma mən səni bərk-bərk öpürəm.

    Anan Umgülsüm. Mart 1939

                                                                                    ***

 

 

Əziz oğlum Oqtay! Səndən aldığım məktubdan sonra xeyli sakitləşmişəm. Səyyarə ilə Qumralın birgə çəkdirdikləri şəkil mənə böyük təskinlik verir. Hər gün o şəkli qabağıma qoyub onlarla danışıram…

    Anan Umgülsüm. 1939.

 

                                                                                     ***

 

 

Əziz və böyük oğlum Oqtay! Məktublarını aldım. Özün bilirsən ki, nə qədər şad oldum. Sən yazırsan ki, neyçün mənə məktub yazmırsan. Səndən küsmüşəm. Hər kəs olsaydı belə edərdi. Azadlıqda, ixtiyarı öz əlində olan bir oğul dustaqda olan anasına aylarla məktub yazmasın? Bu nə deməkdir? Mən çox yaxşı bilirəm ki, sən ananı, atanı yaddan çıxaran oğul deyilsən. Amma həqiqət məni yaddan çıxaranb kimi göstərdi.

Memə sənə qurban olsun! Yazirsanki, burada bir anlaşılmamazlıq var. Sən elə bilirsən ki, mən və Səyyarə əski əlifba ilə bir-birimizə gizli şeylər yazırıq. Oğlum, ondan xatircəm ol! Bizim heç bir gizli sözümüz yoxdur. Kağızım olmadığından, əski əlifba az yer tutduğundan elə yazıram.

…Oğlum, məktub yazanda ətraflı yaz. İşin özünü razı salırmı? İrəliləyirsənmi? Mənim o qədər sözüm var ki, dursam yazmağa üç günə də qurtarmaz. Ancaq vaxtım və kağızım yoxdur. İllik planı vaxtından əvvəl doldurmaqçün çalışırıq.

Bir neçə gün bundan qabaq sexdə işlərkən kultirnitsamız Tretyakov qalereyasının 58 illik müfəssəl tarixini oxuyurdu (Bizim bütün iş zamanlarımız qəzet və kitab mütaliəsinə qulaq asmaqla keçir). Mən onu çox diqqətlə dinləyirdim. Çünki, o sənin məsləkinə və sənətinə aid idi. Qulaq asdıqca deyirdim ki, kaş indi o kişi sağ olaydı, mənim Oqtayımın da işlərinə qiymət verəydi.

Oqtay, axır vaxtlar məndə rəssamlığa bir meyil, həvəs oyanmışdır. Onsuz da qadınlar məni rəssam eləyib qoymuşlar. Çünki mən özümdən yaxşı əl işləri tikirəm. Məni bir-birlərinə tanıdanda “нaшa xyдoжницa Caдыxoвa Гюльсум” deyirlər. Heç xəbərin yox, anan Potmaya gəlib rəssamlığı ilə tanınmışdır.

Oqtay, burada günəşin elə qürub mənzərələri var ki, heç deyilməklə başa gələn deyil. Günəş doğarkən və batarkən üfüqdə elə gözəl rənglər, elə gözəlliklər yaranır ki, adam bunlara heyran qalır. Deyirlər ki, bu, bu yerlərin xüsusiyyətidir. Bir çox rəssamlar buradakı tülu və qürub mənzərələrini çəkmək üçün gəlirlər.

Hamısını yazmağa vaxtım yoxdur. Siz hər zaman məktub arasında kağız da göndərin. Toğruldan, Qumuşdan ətraflı yaz. Cığatayın səhhəti necədir? O barədə ürəyim ağrayır. Hələlik sağ ol. Öpürəm bərk-bərk…

    Anan. 15 noyabr 1940

 

 

                                                                                       ***

 

Əziz və sevimli oğlum Cığatay! Bu gün mən əlimə qələm alıb “Cığatay”deyə xitab edərək məktub yazmağa müvəffəq olduğum üçün dustaqlığıma baxmayaraq çox xoşbəxtəm. Bu gün mən on altı aydan bəri itirdiyim əziz olan sizlərimi tapdım. Bu gün mən öz balalarım haqqında məlumat aldım. Cığatayım! Siz elə bilməyin ki, mən sizdən ayrı yaşayıram. Mən ayıq olan bütün dəqiqələrimi fikrimdə sizinlə məşğulam. O qədər məşğulam ki, özümü sizdən uzaqda hiss etmirəm. Gecələr də yuxu da sizi görürəm. Sənin dərslərində əlaçı olmağın və ona görə də mükafatlanaraq istirahətə getməyin xəbəri məni çox sevindirdi. Sağ ol, oğlum! Yaz görüm vücudca necəsən? Öz çəkini (ağırlığını) mənə bildir. Səyyarə sizdən razılıq edir, buna görə də çox sağ olun. Mənə məktubu ətraflı yaz. Şeir yazırsanmı? Evi açdırdınızmı? Sizin evi tələb etməyə haqqınız vardır. Kağızım olmadığı üçün tək-tək adamların adını yazmıram. Hamıya məndən salam. Hamınızı düşünürəm, hamınızı istəyirəm. Öpürəm bərk-bərk.

 

         Sənin qərib anan Gülsümç. 23 mart 1939.

 

****

 

”Əziz oğlum Cığatay! İndi mən səndən tez-tez məktub alıram. Bunun üçün səndən çox razıyam. O qədər razıyam ki, bilmirəm razılığımı necə bildirim. Kor adam, təmənnasız olaraq onu müalicə edib dünya işığına qaytaran bir adam öz həkimindən nə qədər razı qalırsa, mən də səndən o qədər razıyam.

Sizin məktublarınıza mənim çox böyük ehtiyacım vardır. Əlbəttə ki, analıq duyğusunun ən fəal və həvəsli bir vaxtında əziz balalarını görməkdən məhrum olan bir ana üçün balasını məktub vasitəsilə görə bilmək, onun “səsi”ni eşitmək, sözlərini “dinləmək” qədər böyük arzu və ehtiyac olarmı?

Memə balası, sən öz məktublarında mənə özünü göstərirsən, Cığatayı göstərirsən. Mən hər zaman gözləyirəm, hesablayıram görüm Cığatayın yolda neçə məktubu vardır. İndi yəqin bilirəm ki, gələn poçtdakı məktubların arasında bir konvertin üstündə mənim də adım yazılmışdır. Bilirəm ki, indi bir qəlb məni yada salır.

Dərslərində “əla” qiymətlə imtahan verdiyin üçün səni təbrik edir, “afərin” deyirəm. Və bu münasibətlə səni bağrıma basıb bərk-bərk öpürəm. Uzaqdan-uzağa da olsa mən bu hissləri keçirirəm…

 

    Anan. 17 yanvar 1941

 

                                                                                        ***

 

Memə qurban! Yazırsan ki, oranın hər bir yerinim gəz, bizə yaxşı-yaxşı təsvir et. Bir tərəfdən baxanda bir qədər gülməli çıxır. Buranın hər yerini gəzmək üçün ayaqlarımın ixtiyarı axı məndə deyil?! Ancaq bununla bərabər yenə söyləniləcək sözlər var. Bir aydan bəridir zonadan (hasardan) bayırda hazırlanmış sexə işləməyə gedirik. Bu bizim üçün böyük azadlıqdır! Hər günm səhər saat 7-də qar qalanmış bir düzəngahdan saldığımız dar izlə yola düzülür, ayaqlarımızın altında çaxmaq daşı kimi bərkimiş buzların üstü ilə, çox ehtiyatla ayaqlarımız qoyulacaq yeri yoxlaya-yoxlaya işə gedirik. Bu yolda neçə dəfə sürüşüb yıxılmışam. Sonra saat 12 üçün zonaya gəlib bir də işə qayıdırıq1. Axşam saat 8-də işdən çıxırıq.

Bu gün 30 dərəcə şaxta var idi. Biz işə gedirdik. Təmiz və quru hava ilə qarşılaşan nəfəsimiz buz bağlayıb qaşlarımıza, kirpiklərimizə qonurdu. Havanın saflığını ləkələyəcək nə üfüqdə duman, nə də göydə bulud yoxdu. Meşənin üstündən yüksələn istisiz mart günəşi öz şüalarını qarlı dağlara, bacalardan çıxan tüstülərə, qaranlıq meşələrə, ağaran çöllərəsəpirdi. Bizi əhatə edən çilpaq təbiətin bu gözəllikləri, görkəmi qarşısında adam bir söz söyləməmiş dura bilmir. Mən də özüm-özümə dedim: heç olmasa Cığatayıma bunlarısa yazım…

Bir azdan sonra meşə ağ xalatını çıxcarıb yaşıl köynəyə bürüncək. Onda biz xoşbəxt olacağıq! Cığatay, burada təbiət zəngindir. Ancaq bu zənliglik həmişə işıqlı səhərlərdən, günəşli göylərdən ibarət olmur. Təsəvvürünə gətir ki, 40-45 dərəcəyə enmiş şaxta, çox bərk qarlı günlər də olur. Mən – sənin memən işdən çıxıb bu “zənginliklərin” arasında zonaya gedir. Ölümləri xatırladan qəzəbli bir tufan yeri göyə, göyü də yerə qatmışdır. Qardan dərələr, təpələr əmələ gəlmişdir. Qaşlar, kirpiklər qar dustağı kimi burunların deşiyini də bağlayır. Nə göz açmaq, nə də nəfəs çəkmək mümkün deyil. Adama elə gəlir ki, həyatın, daha doğrusu dünyanın son günü, son saatıdır… Söylədikcə söz qurtarmır. Daha bəsdir, sağ ol. Öpürəmm səni bərk-bərk mənim əziz və istəkli balam Cığatay.

 

  Anan Umgülsüm. 17 mart 1941.

 

     ***

 

Əziz balalarım! Çoxdandır sizdən məktub, pasılka almıram. Mən sizə çox yazmışam, ancaq cavab almamışam. Ona görə çox narahatam. Sizin hər məktubunuzdan sonra özümü çox yaxşı hiss edirəm. Məktubunuz mənə qüvvət verir, can verir, həyat verir… Əgər məni istəyirsinizsə, əhval-ruhiyyəmin yaxşı olmasını istəyirsinizsə, sağlamlığımı arzulayırsınızsa, tez-tez məktub yazın!

Oqtay və Cığatay! Siz hər biriniz ayrı-ayrılıqda Moskvaya, Beriyanın adına ərizə yazın! Orada yaşayışınızı, nə qədər stipendiya, maaş aldığınızı qeyd eləyin. Yazın ki, kiçik bacı-qardaşınıza ana tərbiyəsi, ana qayğısı lazımdır…

Toğrulla Qumral da qoy yazsınlar, vəziyyətlərinin çox pis olduqlarını qeyd eləsinlər, mənim azad olmağımı xahiş etsinlər. Ərizələri mütləq rus dilində yazın.

Həkimlər mənə vitaminli yeməklər yeməyi məsləhət görüblər. Mənə quru meyvə və balıq göndərin. Məndən hamıya çoxlu salamlar. Öpürəm sizi bərk-bərk

 

                                                                                               Həmişə nigaran ananız.

                                                                                     Qeyd: rus dilində yazılmış məktubların tarixi yoxdur

 

***

 

Mənim əziz Bircə bacım! (Seyid Hüseynin bacısı Rübabə xanım– A.B) mən sağ-salamatam. Sizin mənə birinci cavab məktubunuzu və pasılkanı çoxdan almışamn. Bilmirəım nəyə görə daha məktubunuz gəlmir. Uşaqların şəkillərini gözləyirəm, çox nigaranam.

Bizim bütün azərbaycanlılarımız başqaları ilə bir yerdə buradan gediblər. Burada lap az qalmışıq. Bəlkə bizi də başqa yerə göndərirlər.Burada havalar soyuyub, palto ilə gəzirik. Çox qısamüddətli yay qurtardıl. Mənə tez-tez və ətraflı məktub yazın. İşləriniz necə gedir, Hüsniyə harda işləyir? Səyyarə çoxmu işləyir? Oqtay işləyir, ya yox? Mehriban necədir? Əzizim Bircəbacı, Cığatayın halına fikir verin, xahiş eləyirəm. O, çox zəifdir. Toğrul və Qumral necədirlər? Hamınıza salam, hamınızı öpürəm…”

 

  Sentyabr 1939.

    ***

 

Əzizim Səyyarə! Göndərdiyin məktubları və pasılkanı aldım. Yazırsan ki, məndən nigaransan. Əzizim, nigaran qalma, mən bir təhərlə dolanıram. Keçən məktubunda yazmışdım ki, məndə bir darıxma, bir əsəbilik əmələ gəlib. İndi o da əvvəlkinə nisbətən yaxşılaşmışdır, işləyirəm. Mənim faizim həmişə yuxarıdır. Nigaran qalma, faizim yüksək olduğu üçün bir çox yerlərdə mənə güzəşt olunur.

Əzizim Səyyarə, məmi gördüyün yuxu çox yaxşı yuxudur. Mənim boynumda gördüyün mirvari – yol, qara muncuğu da tezlikdir. Mənim sizinlə öpüşməyib dala qayıtmaq istəməyim də əksinədir. Yuxuda öpüşmək ayrılıqdır. Yaxşı ki, öpüşməmisən. Demək, tezliklə yanınıza gələcəyəm. Sənə bağışladığım saat da sizin üçün tikib hazırladığım  şeylərdir, gətirib verəcəyəm.

Əzizim, yazırsanki, soruş, öyrən bil, əgər gec gələcəksənsə, görüşə gələk. Bu söz mənə gülməli gəldi. Sənə qurban olum, əgər mən nə vaxt gələcəyimi soruşub öyrənə bilsəm, nə dərdim var, onu mənə kim söyləyəcək?

İndi keçək görüş məsələsinə. Mən özüm staxanovçu olduğumdan bu, mənim üçün mümkün ola bilər. Lakin mən bunu hələlik məsləhət görmürəm. Çünki, əvvəla, mən sizdən bir günlük, üç-dörd saatlıq yolda deyiləm, üç günlük yoldayam. Moskvanın yanından buraya, lagerə qədər getmək lazımdır. Həm də siz gələndə kim bilir mən burda olacağam, yoxsa başqa yerə gedəcəyəm. Hər halda hələlik gözləmək lazımdır.

Mənim üçün göndərdiyiniz paltarlar tamamilə artıqdır. Onlara verdiyiniz pulu yeyintiyə versəydiniz, daha yaxşı olardı. Mənə paltar lazım olanda özüm istərəm. Ancaq yun corab lap yerinə düşdü, çünki ayağım yalın idi. İndi dörd-beş gündür ki, burada 37-40 dərəcə soyuq vardır. Amma bizim yaşadığımız barak istidir.

Bu dəfə pasılka göndərəndə mənə lüminal göndərin. Bilmirəm neyçün mənə əncir qurusu, qoşab, dəftər, kağız, karandaş göndərmirsiniz. Səyyarə bu dəfə pasılka ilə bacımla mənim bir yerdə olan şəklimizi, Oqtayla Cığatayın matros paltarında olan şəkillərini, Toğrulla Sabutayın bir yerdə olan şəkillərini , Qumralın balacalıq şəklini və özünüzün bir yerdə şəklinizi yaxşı çəkib göndərin.

Bacıgilə yazın ki, mən onlardan bir dəfə məktub almışam, cavabını da yazmışam, onlardan çox nigaranam, neyçün mənə məktub yazmırlar?

Səyyarə, mən ayda bir dəfə kağız yaza bilərəm. Siz mənə baxmayın, hər beş gündə birini yazın. Mənə yazığınız gəlsin, mən sizin məktublarınızla yaşayıram.

Hələlik xudafiz. Salam nənəyə, bibiyə və başqalarına. Uşaqları, nənələri mənim yerimə öpün, mən də səni bərk-bərk öpürəm.

 

Umgülsüm.

         10 aprel 1940.

 

         ***

 

Əziz qızım Səyyarə! 1 oktyabr 43-cü il tarixli məktubunu aldım, səndən çox nigarandım. İndi də Oqtaydan nigaranam, dörd aydır məktub almıram, bilmirəm ona nə olub ki, kağız yazmır.

Əzizim, yazırsan ki, çox nigaransan, narahatsan. Ana qurban! Mən hər şeyyi başa düşürəm. Nə etmək olar? Bu taleyin işidir.

Onu bilirrəm ki, mən vaxtım qurtaranadək burada qalmayacağam. Əlilləri tez buraxırlar. Ancaq nəqliyyat məsələsi işi ləngidəcək. Əhməddən də nigarançılıq çəkirəm. Bilirəm ki, o, cəbhədə dörd dəfə yaralanıb. Can bala! Şükür Allaha ki, sağ qalıb. Tağıdan bir xəbər bildinizmi? QULAQ-dan soruşmaq olar. Toğrul barədə çox fikirləşirəm. Yəqin bu yaxınlarda onu da orduya çağıracaqlar. Əlil olduğum üçün artıq məni gecə növbəsindən azad ediblər. Məktub yazın, mənə ağ kağız göndərin, yazmağa kağızım qurtarıb. Öpürəm hamınızı.

 

  Ananız.

  4 noyabr 1943.

 

                                                                                            ***

 

 

… Əzizim Səyyarə! Mən bilirəm ki, sən xoşbəxt olacaqsan. Mən həmişə sənin gələcək ailəni, ərini, uşaqlarını təsəvvürümə gətirirəm. Mən yenə deyirəm, sənə xəbərdarlıq edirəm: ərə getməyə hazırlaş! Mən evə qayıdan kimi sən ərə getmisən! İndidən bu barədə fikirləş…

 

  Anan.

  1 yanvar 1944.

 

 

 

 

 

Bölmə : Ədəbiyyat