Ümidimizə yağan qar

85 Baxış

kenanSenet.az Kənan Hacının “Özgə qapılarında” silsiləsindən VI hekayəni təqdim edir:

 

“Özgə qapılarında” silsiləsindən I yazı

 “Özgə qapılarında” silsiləsindən II yazı

“Özgə qapılarında” silsiləsindən III yazı

“Özgə qapılarında” silsiləsindən IV yazı

“Özgə qapılarında” silsiləsindən V yazı

 

Qışı Poladxan kişinin qarajında üşüyə-üşüyə keçirdik. Bir səhər oyananda möhkəm qorxdum, bədənim quruyub qaxaca dönmüşdü, əzalarımı hiss etmirdim. İçəri buzxanaydı, çevrilib anam yatan çarpayıya baxdım, yeri boş idi. Uzun mübarizədən sonra birtəhər yerimdən qalxa bildim. Əynimi geyinib çölə çıxdım, qar bütün gecəni yağıbmış, yollar, evlərin damı qarla örtülmüşdü. Qarın səssizliyi və yumşaqlığı içimə bir hüzur gətirdi, sinə dolusu nəfəs alaraq pambıq kimi qarı ovuclayıb üzümə sürtdüm.

 

Qar uşaqlığımın ən böyük sevinci olub, bu sevinc heç nə ilə müqayisə olunmayan bir sevinc idi. Dünyanın bu bəyaz genişliyi mənim üçün elə xoşbəxtliyin özü idi. Gecələr də küləklər qar burulğanı yaradırdı, coşqun bir simfoniya üstə köklənirdi. Bu uğultulu simfoniyanı dinləyə-dinləyə qalın yorğanın altında yuxuya gedirdim. Qar dizə çıxanda anam məni evdə saxlaya bilmirdi, küçəyə qaçıb tay-tuşlarımla qartopu oynayırdıq. Bir dəfə bu ərköyünlük mənə baha başa gəldi, möhkəm soyuqladım və bir ay sətəlcəmdən yatası oldum. Mən sağalanda artıq ağacların budaqları ürkək-ürkək düymələnirdi, adamların arzularının, ümidlərinin qaymaq tutan vaxtıydı. Mənimsə ümidlərim qışın qarında qaymaq tuturdu. Anam demiş, hər işim tərsəməssəbdi də! Belə çarəsiz, miskin vəziyyətinə rəğmən “həyat gözəldir” deyə düşünən adamı hansı kateqoriyaya aid etmək olar görəsən?! Ana-bala diri-diri qaraj adlı “qəbrə” gömülmüşdük və mən hələ də abırsızcasına həyatın üzünə irişirdim.

 

Poladxan kişi hələ soyuqlar düşəndən tez-tez məni yanlayıb “bura qış üçün münasib yer deyil, anan da yaşlı adamdır, xəstələnib yorğan-döşəyə düşsə, neyləyəcəksən, heç olmasa, birotaqlı ev tapıb yığışın, sizə ürəyim yandığı üçün deyirəm” deyə qulağıma nağıl püləyirdi. Hiss edirdim ki, əsl niyyətini birbaşa deməkdən çəkinir. Bir dəfə Sahibin ağzından çıxmışdı ki, atam qarajı sökəcək. Niyəsini soruşmamışdım. Evin böyük oğlunun toyuna hazırlıq gedirdi, həyətə təzə gəlin gələcəkdi. Toya qədər isə bir-iki dəfə bizə eyham vurdular. Mən də hesabımı götürdüm. Başqa yerə daşınmaq lazım idi.

 

Uzaqdan qara bata-bata bir adamın gəldiyini gördüm, anam idi, qonşu küçədəki mağazadan çörək alıb qayıdırdı. Ana yoldan ayrılan cığır gəlib qarajın tininə çatırdı və ələnən qar bu cığırın baş atıb yatmasına imkan vermirdi. Onca dəqiqə ərzində üstündən keçən olmasa itirdi bu cığır. Anam əyninə atamın sırıqlısını geymişdi, qollarını da çirməmişdi. Qaloşun içində yun corabları islanmışdı. “Bu qar-qiyamətdə nolmuşdu, çörəyi mən gedib alacaqdım da, xəstələnəcəksən” dedim. “Mənim canım bərkdi, o sənsən, yanından yel ötməmiş ah-vayın başlayır” dedi. Doğru deyirdi, mən onu heç vaxt xəstələnən görməmişdim. Yuxudan nə vaxt qalxsaydım, onun çarpayısı boş olardı. İş-gücdən heç vaxt qorxmazdı, təpərli qadın idi. Onu belə sağlam, gümrah saxlayan da bu idi. Atamın günün çoxu dənizdə keçirdi, mən də səhər çıxıb axşam qayıdırdım. Anam lapatka əlində həyəti əkib-becərirdi. Əlləri kişi əli kimi bərkimişdi. Bir dəfə anam evdə olmayanda vacib işdən ötrü küçə qapısını bağlayıb getmişdim. Evə gec qayıdası oldum, cibimdən açarı çıxarıb kilidə salmaq istəyəndə gördüm ki, qaçı açıqdır. Əvvəl elə bildim ki, gedəndə qapını bağlamağı unutmuşam. Anamı həyətdə görəndə matım-qutum qurudu. “Qapını bağlamışdım axı, həyətə necə girmisən?” deyə soruşdum. “Kopoyoğlu, gedəndə fikirləşmirsən ki, məndə açar yoxdu? Hasardan aşdım” dedi. Bir qadının o hasardan aşa bilməsi qeyri-mümkün idi. Həyətə düşə bilərdi, hamam tərəfdən divara nərdivan söykədilmişdi, bəs çöldən hasarın üstünə necə çıxmışdı? Atam işdən qayıdanda zarafatla dedim ki, arvadını oğurluğa yollasan, boş qayıtmaz, hasardan aşıb həyətə düşüb. Dəli oldu, ikimizə də möhkəm təpindi: “Bir bu qalmışdı, qonum-qonşunu özünüzə güldürəcəksiniz”. Xüsusən də anama acıqlandı ki, eşidəm, biləm hasara çıxmısan, qıçlarını qıraram! Gördün qapı bağlıdı, get otur qonşuda.

 

Anam öz həyətimizin hasarını aşmışdı, başqa həyətlərdə yaşaya-yaşaya tədricən gücünü-qüvvəsini itirirdi. Boynuna almasa da hiss edirdim ki, əvvəlki təpəri qalmayıb. Çətinliklər, köçhaköçlər onun gücünü azaldırdı. Atamın ölümü isə ona ən böyük zərbə oldu. Birdən-birə qocaldı anam. Atamın ölümünə yazdığım şeirdəndi bu misralar:

 

Anam səndən sonra uşaq kimidi,

de, necə dil tapım o “uşaq”la mən?

 

O sıxıntılı, məşəqqətli qış günlərini uzun-uzadı təsvir etməyəcəm. Qar əriyənə qədər o qarajda qaldıq. Zamanın üzü bizdən dönmüşdü, rüzgarın qaş-qabağı qan ağlayırdı. Un da nəm, rütubətli yerdə qalıb xarab olmuşdu, çox vaxt evdə çörək bişirən anam nə çörək, nə də xəmir xörəkləri bişirə bilirdi. Qışın qarı əridikcə anamın da mum kimi əridiyini görürdüm və evsizlik-eşiksizlikdən daha çox onun qocalmağı mənə əzab verirdi, üz-gözündə təslim bayrağı qaldırmış qocalıq bütün gücümü-qüvvəmi əlimdən alırdı.

 

Dayımgilin qonşuluğunda bir dul qadın yaşayırdı. Əri dünyasını dəyişəndən sonra cavan oğlu da ağır xəstəliyə tutulmuşdu və imkansızlıq üzündən vaxtında müalicə almadığından xəstəliyi getdikcə şiddətlənmişdi, nəticədə ana oğlunu da itirmişdi. O qədər də böyük olmayan həyətdə qızıyla birlikdə yaşayırdı. Əminə xala anamla rəfiqə idi və bir gün dayım arvadı Mehri dostu bizə dedi ki, Əminəyə sizin vəziyyətinizi danışdım, ürəyi ağrıdı. Dedi yığışıb gəlsinlər bizim həyətə. Dayıdostum (bizdə dayı arvadına dayıdostu deyirlər) onu da əlavə elədi ki, Əminənin qızı talkuçada mağazada satıcı işləyir, səhər gedib axşam gəlir, arvad bütün günü evdə tək olur. Bir-birinizə həyan olarsız. Hər halda onların həyətindəki balaca daxma bu qaraj kimi deyil. Biz yazağzı Əminə xalagilin həyətinə köçdük.

 

Amma qabığımı soyunub çıxdığım o qış günündən üzü bəri üşüyürəm.

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10