“Ümidlərin izi ilə” romanı müzakirə olundu

130 Baxış

Picture8

Azərbaycan Yazıçılar Birliyində Şəmil Sadiqin və Müşfiq XANın həmmüəllifi olduğu “Ümidlərin izi ilə” romanının müzakirəsi keçirilməsi barəsində xəbər vermişdik. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan tədbirdə tənqidçi Nərgiz Cabbarlı, kitabın redaktorları Elxan Nəcəfov və Arif Əsədov, şairə Nuranə Nur da iştirak ediblər.

Senet.az müzakirənin mətnini təqdim edir:

 

 

 

                                                     I hissə

 

Picture2

İlqar Fəhmi:

– Hər birinizi salamlayıram. Dəvətimi qəbul edib gəldiyinizə görə təşəkkür edirəm. Bu işi görməkdə məqsədimiz il ərzində dərc olunmuş bəyəndiyimiz əsərlərin təbliğatını yüksək səviyyədə təşkil etməkdir. Çünki oxuyub bəyəndiyimiz, öz aramızda müzakirə etdiyimiz  kitabların əksəriyyətini təbliğ etmək üçün bəzən yazı yazmağa tənbəllik edirik. Bu səbəbdən də müsbət fikirlərimizi geniş oxucu kütləsinə çatdıra bilmirik. Əvəzində boz ədəbiyyat nümunələri yaradanlar bir-birini asanlıqla təbliğ edirlər. Az məlumatlı oxucu da haqqında çox danışılan, təbliğ olunan kitabı əsl ədəbiyyat hesab edir. Ona görə də düşünürəm ki, yaxşı ədəbiyyat nümunələrinin təbliğatını təşkil etmək lazımdır.

Bu, Yazıçılar Birliyində reallaşdırılan layihələrdən biridir. Dərc olunan kitablar arasında seçm edir, müzakirəsini keçirməyə çalışırıq.  Artıq layihənin bir neçə müzakirəsi keçirilib və yazılı halda oxuculara təqdim edilib.

Bu gün müzakirə edəcəyimiz əsər Şəmil Sadiqlə Müşfiq XANın birlikdə yazdığı “Ümidlərin izi ilə” romanıdır. Əslində, romanın müzakirəsini Xocalı faciəsinin ildönümü ərəfəsində keçirmək istəyirdik. Bir sıra problemlərə görə təxirə salmalı olduq.

Əsər haqqında danışmazdan əvvəl deyim ki, Qarabağ faciəsi ilə bağlı yazılan nümunələrdə adətən yaşadığımız ağrı-acılar ön plana çəkilir. Amma müasir dövr elədir ki, əgər nəyisə təbliğ etmək istəyirsənsə, birinci növbədə əsəri maraqlı və oxunaqlı etməlisən. Yəni əvvəlcə gərək romanı oxutdura biləsən. Artıq sonrakı mərhələdə həqiqətlərin ona çatdırılması barədə düşünmək olar. Bu mənada da, hazırda çeşid və material o qədər çoxdur ki, faciəni yazmaqdan və təbliğ etməkdən əvvəl yazıçının birinci borcu  kitabı oxutmaqdır.

Dünyanın bir çox yerlərində hansısa ictimai-siyasi problemlərlə, hansısa faciə ilə bağlı kitab yazanda, müəllif çalışır ki, onu belletristik sxem üzrə versin ki, oxucunu qarmağına keçirə bilsin. Bundan sonra onun içinə faciənin elementlərini, göstərmək istədiyi ağrı-acını qatır. Son dövrlərə nəzər salsaq, ən ciddi ədəbiyyat nümunələrində belə macəraçılıq elementlərindən istifadə olunur. Hətta dünya şöhrətli yazıçılar var ki, kitablarını oxuyanda kriminal, macəra elementləri görürük. Mən kitab rəfimdə olan yüzlərlə kitab göstərə bilərəm ki, Qarabağ mövzusunda yazılıb. Amma mənə elə gəlir ki, sıradan bir oxucu o kitabların bir-iki səhifəsini vərəqləyib kənara atacaq. “Ümidlərin izi ilə” romanı isə yaxşı mənada diqqətimi cəlb etdi. Buna oxşar əsər Səxavət Talıblının “Adəmin övladları” romanı idi. O da Qarabağla bağlı hadisələri macəraçılıq, belletristika üslubunda vermiş, eyni zamanda da faciələrimizi işıqlandırmışdı. Yəni bu cəhətdən “Ümidlərin izi ilə” romanı da atılmış uğurlu addımlardan biri hesab oluna bilərr. Gənc yazarlarımız üçün də bir istiqamət göstərir. Kitabın çətinliklə oxunduğu XXI əsrdə bizim ictimai-siyasi problemlərimizlə bağlı əsərlər məhz bu cür yazılmalıdır. Faktı, faciəni macəraçılıq qəlibinə büküb oxucuya çatdırmaq lazımdır. Ermənilər də bu təbliğat vasitəsindən istifadə edirlər. Hətta bəzən romanda kriminala, macəraçılığa dəxli olmayan mövzudan belə danışılır, amma belletristika elementi artırılır, dinamikası çoxaldılır. İndiki dövrdə dinamika çox mühüm rol oynayır. Hadisələrin cərəyan etmə sürəti azaldıqca oxucular kitabı oxumaqdan imtina edirlər. Bu baxımdan “Ümidlərin izi ilə” romanını uğurlu sənət nümunəsi hesab etmək olar. Ancaq sırf ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən tənqidçimiz, alimimiz Nərgiz Cabbarlı fikrini bildirsə, düşünürəm ki, doğru olar.

Picture7

 

Nərgiz Cabbarlı:

– Bu romanı birmənalı olaraq uğurlu və ya birmənalı şəkildə uğursuz əsər adlandıra bilmirəm. Düz deyirsiniz, dünya ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da son dövrlər yazılan əsərlərə belletristika xüsusiyyətləri, dedektiv çalarlar yüklənilir. Bu, kitabın oxunması üçün bir vasitədir. Hətta deyərdim ki, müəyyən məqamlarda yazıçı bu vasitə ilə məqsədinə çatır da. Bayaq sizinlə söhbətimdə də  dedim, əsərdə dedektiv ağırlıq olmasa daha yaxşı olardı. Çünki, “gündəlik” məsələsindən istifadə olunmuşdu. Bu, oxucunu öz arxasınca aparan vasitə kimi işə başlamışdı. İkinci bir tərəfdən detektiv ağırlıq ədərin ikinci hissəsinə daha çox salınır. Bərabər paylaşdırılmır. Bu da istər-istəməz əsərə mənfi mənada təsir göstərir. Əsərin diqqət çəkən tərəfi – dinamika dəyişikliyi də elə bununla bağlıdır. Birinci hissədə Aytəkinin başına gələn hadisələr əsərin yarısına qədər yaxşı dinamika ilə inkişaf etdirilir. Ancaq romanın yarısından sonar qəribə bir tələsgənlik, sürətlənmə  hiss olunur. Mənim mənfi təəssüratım ilk növbədə bununla bağlıdır. Əsər informasiya baxımından sonradan çox yüklənir və hadisələrin gedişatının dinamikası birdən-birə sürətləndirilir. Bu da bir az çaşqınlıq yaradır. Əgər detektiv çalarlar da, bu xüsusiyyəti daşıyan hadisələr və qəhrəmanlar da əsərin əvvəlindən başlayaraq səpələnmiş olsaydı, daha yaxşı təəssürat yaradardı. Əsərin uğurlu tərəflərindən biri kimi Aytəkinin girovluq məsələsinin, ordakı hadisələrin çıplaqlığı ilə verilməsini hesab edirəm. Bəlkə də, başqa mövzulu bir əsər olsaydı və bu cür çıplaqlığı ilə hadisələrin təsviri verilsəydi, buna irad tuta bilərdim. Amma buradakı çıplaqlıq, gerçəklik, səmimiyyət və hiperrealizm özünü təsdiqləyir. Aytəkin hissləri, yaşantıları ilə məni özünə inandırır. Amma əvəzində Ramilə inana bilmirəm. Onun hisslərinin ifadəsi, 20 il ərzində duyğularını ülviyyət mərtəbəsində saxlaması məni özünə inandıra bilmir. Aytəkinin hisslərinin ifadəsi  etap-etap, mərhələ-mərhələ dəyişir. Əslində, biz də beləyik. Bütün insanlar belədir. 18 yaşımızda olan səmimiyyətimizlə iyirmi beş, ya otuz beş yaşındakı həyata münasibətimiz eyni deyil. Həyat təcrübəsi düşüncələrimizi dəyişir. Aytəkinin də düşüncələri o qədər maraqlı bir templə dəyişir ki, bunun real təsvirini əsərin uğuru hesab edə bilərik. Onun Allaha üsyan etməsi, özü ilə polemikaya girməsi yetərincə maraqlı detallar idi. O stiuatsiyanı yaşayan adam üsyan etməli idi. Onun birdən-birə fransıza vurulması, daha doğrusu, insani münasibətə qarşı insani reaksiya verməsi, belə bir dəyişikliyə uğraması oxucunu inandırır. Əsərin başqa uğurlu tərəflərindən biri də iki müəllifin bir-birini əvəzləməsinin yaxşı qurulmasıdır. Oxucu hətta bunu sezmir, vahid bir əsər kimi qəbul edə bilir. Amma mənim qəbul edə bilmədiyim qurama, süni, özünü təsdiqləyə bilmyən detallar var idi. Yəqin ki, bu da romanın dedektiv tərəfi ilə bağlıdır. Bəlkə də o, yüklənmə olmasaydı, quramalıqdan da, sünilikdən də qaçmaq, yayınmaq olardı. Bəli, erməni düşməndir deyə, “onların hamısı pisdir” anlayışını doğru hesab etməmək olar. Onların da içində yaxşı insanlar ola bilər. Amma bizim əməkdaşın gedib orada üç nəfəri öldürməsi, 20 ildən sonra ermənilərin izinə düşməsi, cəzalandırması, ermənilərin bir-birini məhv etməsi və s. faktlarda haradasa quramaçılıq gördüm. Real, yaxud reallığa yaxın hadisəni də təsvir etmək olar, özün yaratdığın hadisəni də. Ancaq hər iki halda gərək oxucunu inandıra biləsən.

İlqar Fəhmi:

– Bəli, rusların belə bir sözü var: “Ədəbiyyat həqiqi olmalı deyil, inandırıcı olmalıdır”. Ola bilsin ki, sən mümkün olmayan bir hadisəni təsvir edəsən. Ancaq gərək oxucu inansın ki, bu həqiqətən də olub. Yaxud ola da bilsin ki, real hadisəni elə yazarsan ki, ona heç kimi inandıra bilməyəsən. Əslində, məncə səbəb olur ki, bizdə kriminal ədəbiyyatın ənənəsi yoxdur. Onun mexanizmini, sujetini Avropa ədəbiyyatından öyrənirik. Ümumiyyətlə, çox qəribədir, amma macəraçılıq Sovet dövrü Azərbaycan ədəbiyyatında qəbul olunan janra çevrilə bilmədi. Azərbaycan mədəniyyəti SSRİ mədəniyyətinin daxilində, digər xalqların ədəbiyyatı ilə paralel inkişaf edirdi. Ancaq bir neçə sahə var idi ki, bizdə demək olar ki, inkişaf etmədi. Bunun biri çizgi film, digəri estrada aktyorluğu, bir də bu dedektiv və fantastik ədəbiyyat  idi. Rusiyada bunların hər biri güclü inkişaf yolu keçdi. Düzdür, onlar da bunu Avropadan götürmüşdülər. Ancaq vaxt keçdikcə özününküləşdirə bildilər. Bizdə isə nədənsə bu janrlar inkişaf edə bilmədi. Bu da ona gətirib çıxardı ki, sonradan dedektiv yazanlarımız o sxemi Avropa ədəbiyyatından götürməyə başladılar. Nəticədə, yazıçı özü də hiss etmədən, orada real görünən, real olan hadisələri öz əsərinə köçürməyə başladı. Amma unudurlar ki, bu hadisələr bizim reallığımızla uyğun gəlmir. Elxan Elatlıda da onu hiss etmişəm. Çingiz Abdullayev boş-boşuna Dronqo obrazını rus kimi götürməyib. Bütün hadisələri Rusiya reallığına yükləyir. İndi Dronqonu Məmmədqulu etsə, hadisələri də Azərbaycana köçürsə, heç kim buna inanmayacaq. Sənin dediyin məsələ də onunla bağlıdır.

Nərgiz Cabbarlı:

– Razıyam. Məsələn, detalları seçmək məsələsində də bu cür hallara yol verilib.  Məktubun qutuda gizlədilib basdırılması məsələsini nümunə göstərə bilərik. Bu tip detallar “Da Vinçi şifrəsi” kimi əsərlərdə olsa, özünü təsdiqləyə bilər. Yəni qədim dövrlə bağlılığı olsa, mümkündür. Amma müasir dövrdə belə bir dütal aktual deyil, özünü təsdiqləmir. İndi informasiyaların, xəbərlərin ötürülməsi mexanizmi tamamilə fərqlidir. Yəni bu məsələlərdə bir qədər yazıçı diqqətli olmalıdır.

Picture5

 

İlqar Fəhmi:

– Əsər kütləvi oxucu üçün yazılıb. Hiss olunur ki, əsasən də, gənclərə ünvanlanıb. Biz özümüz də kino sahəsində həmişə bunu nəzərə alırıq. Məsələn, ssenarini elita üçün yazırıqsa, bütün xırdalıqlara diqqət edirik. Müəyyən bədii tapıntılar edirik. Ancaq kütlə üçün yazılmış mətnlərdə buna bir o qədər də ehtiyac olmur. Yəni yazıçı üçün bəzi məqamları güzəştə getmək olar. Mənim özümdə də belə hadisələr çox olub. Bəzən bütün xırdalıqlarına qədər nəzərə alınmış mətn yazıram, ona elə də çox reaksiya verilmir. Amma həmin məsələləri nəzərə almayanda kütlə tərəfindən əsər çox sevilir. “Da Vinçi şifrəsi”nin adını çəkdiniz. Məsələn, o kitabın əvvəli mənə gülməli gəlmişdi. Çünki adamı güllə ilə vururlar, o isə ölüm ayağında o şəkildən bu şəkilə qaçaraq işarə çəkir. Muzeyin içini gəzir, ancaq ölüb qurtarmır. Belə baxanda bu real deyil, lakin kütləvi oxucu bunu qəbul etdi.

Nərgiz Cabbarlı:

– Mən əsərin adını detalla bağlı olaraq çəkdim. Yəni əgər oxucuya təqdim olunan detal o əsərdəki kimi qəim dövrlə bağlıdırsa. O qutu içində məktub da ola bilər. Amma müasir dövrdə, XX əsrin sonunda bu özünü təsdiqləmir.

Arif Əsədov:

– Əsərin iki tərəfi var. Bir ədəbiyyat, bir də faktlar tərəfi. Əminəm ki, insanları düşündürən, ona təsir edən hissəsi faktlar olan bölməsidir. Orada təsvir olunan adamların bəziləri reallıqda var. Qədim kişi ucaboy bir adamdır. Onu heç bir keyitdirici vasitə olmadan əməliyyat ediblər. Oxuyan bu faktı görəndə, bu barədə oxuyanda ağlayırlar. Əsərdə məhz bu tərəf güclüdür. İşlənməsi, bədiiliyi deyil.

Nərgiz Cabbarlı:

– Bununla razılaşmıram. Çünki onsuz da yazıçılar faktlarla işləyirlər. Əsas məsələ o faktı necə təsvir etməkdə, necə təqdim etməkdədir. Yəni burada təkcə faktın təsirliliyindən söhbət gedə bilməz.

Arif Əsədov:

– İcazənizlə davam edim. Əgər kitabı oxuyanda deyirsənsə ki, “əclaf bunu nə gözəl yazıb, kaş ki, mən belə yazaydım”, bax, budur gözəl ədəbiyyat. “Ümidlərin izi ilə” romanında Aytəkinin gündəliyi var. Məsələn, məni düşündürür ki, qadın həqiqətənmi belə gündəlik yaza bilər? Onu kişinin yazdığı hiss olunmur ki? Mən orda bunun kişi yazdığını hiss etdim.

Nərgiz Cabbarlı:

– Məncə yox, hiss olunmur. Məsələn, o məntiqə əsaslansaq, Ramil məni özünə daha çox inandırmalı idi, xarakter kimi daha inandırıcı və dolğun alınmalı idi. Çünki müəlliflərin hər ikisi kişidir. Onun hisslərini daha aydın verə bilərdilər. Amma bu obraz o cəhətdən alınmayıb. Çünki onun 20 il müddətində ülvi hisslərlə yaşadığını qəbul edə bilmirəm. Sevdiyi qadını kirlənmiş, düşmən əlinə düşmüş bir kişidən söhbət gedir. Amma Aytəkinin 20 il ərzində başqaları ilə münasibətdə ola-ola, “Ramilə xəyanət etdi” deyə-deyə özündə yaşatdığı hisslərin ifdəsi dəqiqdir.

Arif Əsədov:

– Bundan başqa diqqət çəkən məqam dil məsələsidir. Gündəliyi yazan adam həqiqətənmi başına bu qədər faciə gələn adamdır? Dünya ədəbiyyatında əsas məsələ təhkiyənin verilməsidir.

Nərgiz Cabbarlı:

– Əgər Aytəkin savadsız qız olsaydı, sizin dediyiniz kimi təhkiyəsi şübhə doğurardı. Amma gündəliyin yazılmasından əvvəlki dialoqlar, söhbətlər var. Onların səviyyəsi gündəlik yazan adamın səviyyəsi ilə eynidir.

Picture6

Arif Əsədov:

– Mənə elə gəlir ki, elə detallar var ki, onu kişinin yazdığı bilinir. Həqiqətənmi, qadın həmin detalları bu cür düşünə, bu cür qələmə ala bilərdi?

Nərgiz Cabbarlı:

– Qadının özü ilə təkbətək qalanda nə yaza biləcəyini təsəvvür edə bilməzsiniz.

İlqar Fəhmi:

– Məncə, Arif müəllim başqa bir məsələni vurğulamaq istəyir. Düzü bu mənim də yaralı yerimdir. İndiyə qədər bilmirəm ki, bunu nəzərə almalıyıq, ya yox?! Çünki oxucu belə şeylərə çox da fikir vermir. Tarixi əsərlərimizdə şahlar elə düşünürlər ki, sanki bu günün siyasətçiləridir. Ya da çoban elə danışır ki, elə bil, filosofdur. Avropada bunu necə həll edirlər? Məsələn, Orxan Pamuk “Bəyaz qala” əsərində bu məsələyə haqq qazandırmaq üçün, belə bir fənd işlədir: “Mən bu əsəri haradansa tapdım. Bu kitab o qədər çox xoşuma gəldi ki, yazanda özümdən əlavələr etdiyimi gördüm”. Yəni yazıçı, fənddən istifadə edərək məsələni bir az malalayır.

Arif Əsədov:

– Bu əsəri oxuyanda hadisələrin girdabı insanı yandırır. Biz ədəbiyyatı yox, hadisələri görürük. Azərbaycanlı qadınların başına gətirilənləri görəndə ağlayıram. Faciənin faciəsini yaşayıram. Xocalıda baş verən hadisələrin ağrı-acısını “Ümidlərin izi ilə” qədər yaşadan bir kitab oxumamışam. Kitabda olan rəsmlərin hərəsi bir tarixdir.

Elxan Nəcəfov:

– Amma şəkillərin ağırlığı ilə bağlı bizə müəyyən iradlar edildiyinə görə sonrakı nəşrlərdə şəkillər çıxarıldı.

Arif Əsədov:

– Ola bilsin ki, məktəblərdə kitabın yayımı üçün bu düzgün hesab edilməsin. Ancaq düşünürəm ki, həmin şəkillər olmalıdır. Şəkillərin birində belə bir səhnə var, qadın uşağını qucaqlayıb, erməniyə yalvarır ki, uşağı öldürməsinlər. O, da götürür uşağı yarı bölüb anasına verir. Qadın dəli olur. Düşünürəm ki, bu şəkillər vacibdir. Nəşrlər üstündə yenidən işlənilməli idi. Bəzi cümlələr var ki, qüsurludur. Onlar düzəldilməlidir. Ola bilsin ki, qızın dilində bəsit cümlələr olsun. Ancaq müəllifin dilində bu olmamalıdır. Ümumiyyətlə obrazın dili ilə, müəllifin dili arasında fərq olmalıdır.

Picture1

Elxan Nəcəfov:

– Mən kitabın yazılma prosesində iştirak etmişəm. Hər səhifə yazıldıqca oxumuşam. Əsərin başlanğıcı Müşfiq XANın qələmindən çıxıb. O, əsərin əvvəlini çox uzun yazıb. Haqqında məlumatı olan adam biləcək ki, bu çox yaxşı əsərdir. Amma bilməyən adam əvvəlini oxuyub bu kitabı almayacaq, ya da əvvəlini tez keçməyə çalışacaq. Müşfiq XAN dedektivə daha çox vərdiş edib. Bir oxucusu kimi düşünürəm ki, lirik düşüncələri açmaq kimi cəhətlər onda kasaddır. Əsərdə iki müəllifin fərqi açıq-aşkar görünür. Bir şeyi də etiraf edək ki, həmmüəllif kimi roman yazmaq çox çətindir. Bunu yüz faiz bacarmaq şərt deyil. Altmış-yetmiş faiz nail olmaq yazıçının uğurudur. Özü də müəlliflər hissələr arasında razılaşmayıblar. Bir hissəni biri yazıb, digərinə ötürüb. O, da məcburdur ki, birinci hisssəyə uyğun sujet qursun. Birdə var ki, müəlliflər bir-birinin yazdığında müəyyən dəyişikliklər etsinlər. Bu daha asandır. Bunu yazmaq nə qədər çətindirsə, oradakı obrazları danışdırmaq da bir o qədər əziyyətlidir. Buradakı faktları yığmaq üçün ev-ev gəzirdik. Hətta bizi evindən qovanlar da olurdu. Süyirdilər ki, “bunu danışsam, ölərəm. Bunu unutmaq istəyirəm, siz də yenidən hər şeyi xatırlamağımı istəyirsiniz”. Onları danışdırıb, həmin materialı oxucu qınağını nəzərə alaraq dəyişdirməyin özü bir psixoloji təzyiqdir. Kitabın yarısına qədər müəlliflər arasındakı fərq görünür. Ancaq sona çatdıqca uzlaşma bərpa olunur. Siz qadın olaraq deyirsiniz ki, Ramilin hissləri tam açılmadı. Ancaq əsər onsuz da Ramilin üzərində qurulmayıb. Əgər əvvəldən düşünülmüşdüsə ki, hər iki obraz 50-50-yə inkişaf etdirilsin, sonradan Aytəkin çox qabağa keçdi. Ramil öz ağırlığını oxucu üçün ortaya qoya bilmədi. İndi dediyimdən belə çıxır ki, Şəmil müəllim Aytəkin obrazı ilə, Müşfiq XANın Ramilini qabaqladı.

Nərgiz Cabbarlı:

– Ramil əgər qisas almaq üstündə köklənsəydi, daha inandırıcı olacaqdı. Çünki kişilərdə bu xarakter var. Qadını əlindən alınıb. Artıq onda sevgi, duyğu, ülvi hisslər  qalmır. Sevgi itir. Hamısını qisas hissi əvəz edir. Yaxud da sonda olan plastik əməliyyat məsələsi… Əgər Aytəkinin özü deyil ona bənzəyən kimsə gəlsəydi də Ramil onu tanımazdı. Amma cərrahiyyə əməliyyatı ilə üzü dəyişdirilmiş birinin gəlməyi də hadisələrin inkişafına ziyan vuran məsələlərdəndir.

İlqar Fəhmi:

– Bayaq dediyim kimi, məncə bu dedektiv yazarlarımızın xarici ədəbiyyat oxumaq məcburiyyətindən irəli gəlir. Yəni mexanizmi öyrənmək üçün xarici ədəbiyyatı çox mütaliə etməlisən. Çox mütaliə edəndə də bu cür detallar beynində ilişib qalır. İstərdim ki, Nuranə xanım da əsər haqqında fikirlərini eşidək.

Picture3

 

Nuranə Nur:

– Nərgiz xanımın fikirləri ilə razıyam. Oxucunun istədiyi detallar var ki, özünü Aytəkinin gündəliyində tapır. Amma dedektiv materialları bir oxucu kimi məni yayındırırdı. Bu səhifələri tez-tez keçmək istəyirdim. Ramil obrazında həm bu hisslərin altında qalmaq, həm də ülvilik məsələsi üst-üstə düşmürdü. Onun bu qədər soyuqqanlı ola bilməyi təəcübləndirir. Həm də onun xüsusi xidmət orqanının əməkdaşı ola-ola bu cür ülvi hisslərlə yaşaması bir-birinə uyuşmayan detallardır. Aytəkin gündəliyi Fabianın evində yazmışdı. Yəni o faciələrin içində onu yazmaq qeyri-mümkün idi. Sonradan da bu qeyd kimi yox, faktlara bu qədər dəqiqliklə verilməsi yaxşıdır. Ancaq bir az oxucu tərəddüdünə məruz qalır ki, həqiqətənmi belə olub?

Ardı var…

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10