“Ümidlərin izi ilə” romanı müzakirə olundu

249 Baxış

11203654_932021803484761_8688324607416456009_o“Modern Generation of Azerbaijan” (MGA) kitab klubunun üzvləri  “Ümidlərin izi ilə” romanını həmmüəlliflər Şəmil Sadiq və Müşfiq XANla müzakirə ediblər. Kitab müzakirəsinin sonunda Şəmil Sadiq “Odərlər” romanını MGA kitab klubunun üzvlərinə hədiyyə edib, kitabları imzalayıb. Həmin müzakirəni təqdim edirik.

 Şəmil Sadiq: Təşəkkür edirik ki, “Ümidlərin izi ilə”  kitabını oxumusunuz.  Mənim üçün bu  qürurdur.  Roman haqqında təndiqlərinizi  öyrənmək istərdik.Müşfiq XANla uzun illərin dostuyuq. Yazı üslublarımız tamamilə fərqli olsa da bir gün qərara gəldik  ki, ikimiz bir romanda qələmimizi sınayaq. Vətən sevgisi Xocalı faciəsindən bəhs edən “Ümidlərin izi ilə” romanının yazılmasına səbəb oldu. Ramillə Aytəkinin sevgisi fonunda faciəmizi anladan bir roman ərsəyə gəldi. Düşünürəm,  bu roman  yaradıcılığımın dönüş nöqtəsidir. Çünki şeirdən, qəzəldən birbaşa romana keçdim.

Müşfiq XAN : Sizə təşəkkür edirəm ki, təşəbbüs göstərmisiniz. Bu kitabın müzakirəsi Xocalı faciəsi günündə olsaydı daha gözəl olardı. Amma kitab oxumağın günü, vaxtı yoxdur. Kitab oxumaq insanların həyat tərzinə çevrilməlidir, xüsusilə gənclərin. Etiraf edək ki, müasir dövrdə gənclərin kitab oxuması üçün çox böyük imkanlar var. Azərbaycanda kitab sahəsi  əksəriyyətin diqqətini çəkməyən bir sahədir.  Bu sahəni qanedici bir səviyyəyə gətirib çıxarmaq bizim, naşirlərin, yazıçıların, ədəbiyyata qiymət verən insanların, oxucuların öhdəsinə düşür.

Bu sizin ilk kitab müzakirənizdir. Davamlı olsun. Azərbaycanda kitaba maraq artmağa başlayıb. Toplaşdığımız məkanın fəaliyyətinin bir ili tamam olub.  Gənclərin arzusu ürəyində qalmır. Ən azından bilirik ki, hardasa oturub  mütailə etdiklərimizi mübadilə edə biləcəyimiz, söhbət edə biləcəyimiz  məkan var. Azərbaycanda kitab yazmaq,  ərsəyə gətirmək çox çətindir. Şəmil müəllim bu romanı yazarkən iş mühitimizi demədi. Bu kitabı biz növbə ilə yazırdıq. Şeir elədir ki , hər hansı bir ideya gəldisə, fikir gəldisə onu dərhal  yazmaq olur. Romanın da özünün çətinlikləri var. Xüsusilə detektiv janrında hadisələri fikirləşib tapmaq , quraşdırmaq çətindir. Detektiv süjetində hər hansı məntiqi əlaqə pozulanda artıq o süjet yerlə yeksan olur. Aləm qarışır bir-birinə. Ədəbiyyat adamlarının çoxu deyir ki , detektiv janrının ədəbiyyata  hardasa aidiyyatı yoxdur. Detektivin ədəbiyyata 50 faiz aidiyyatı var. Bunu hər halda ədəbiyyatçılar daha yaxşı bilər. Kiçik bir detektiv sujet xəttinə malik əsəri yazmaq, bədii nəsri ortaya qoymaqdan ağırdır. Hər hansı obrazın geydiyi geyimi, çəkdiyi siqareti , sürdüyü maşını saçının telini hansı  tərəfə daraması və bu kimi xırda detallara sona qədər fikir vermək lazımdır. Çünki diqqətli oxucular yanlışı tez görürlər.

Oxucu:  İki sual verəcəm: Yazıçı üçün real həyatdan yazmaq çətindir, yoxsa təxəyyülünün məhsulunu yazmaq? Ayrı-ayrı yazsaydınız hansı əlavələri və ya dəyişiklikləri edərdiniz?

Şəmil Sadiq : Ədəbiyyat iki formada inkişaf edir. Bir təxəyyül əsasında yazılan, digəri isə real həyatdan götürülmüş formada. Bir dəfə Müşfiq müəllimin otağına gələndə gördüm ki, böyük bir lövhənin mərkəzində “ Saday bəy”  yazıb və kənarlarında da kim kimin qohumudur, kim kimin düşmənidir, qeyd edib.  Əsərin bütün sxemini cızıb ki, prosesin içində özünü hiss etmiş olsun.  Mən məsələn,  real həyatda yaşananları yazmağa meyilliyəm.  Sözsüz ki, yazıçının təxəyyülü olmalıdır yoxsa bu mümkün deyil. Hətta bu yaxınlarda bir hekyə yazmışam bəlkə də oxumusunuz. “İngilis iti” adlanır. Tələbə yataqxanasında baş verən bir hadisədir. Məzmun belədir ki,   tələbələrdən  biri  iş axtarmaq üçün bir neçə ay ingilis dili öyrənir,  ingilislərin işlədiyi binada işə düzəlir.  Sonda məlum olur ki, o işə ingilisin itinə baxmaq üçün düzəlib.  Mənim tənqid etdiyim dilimizə olan hörmətsizlik idi.  Bu hekayəni oxuyan dostlarımız var və onlar prototiplərin kim olduğunu bilirlər.  Markes demişkən “ Məni ən yaxşı tanıyan anam idi.  Həmişə yazdıqlarımı oxuyur və deyirdi ki,  sən bizi biyabır edəcəksən.  Çünki o mənim bütün obrazlarımı tanıyırdı.” Mənim də bütün obrazlarımı tanıyan xanımımdır.  Yazıçılığın mahiyyəti budur, sənin təxəyyülün olmalıdır.  Detetktivi daha çox yeniyetmələr oxuyur.  Artıq 25-30 yaşı keçəndən sonra mənə qamçı da vursan mən detektiv oxuya bilmirəm.   Məni artıq insan taleyi maraqlandırır. Süjeti quranda mənə elə gəlir ki, tam insan taleyini verə bilmirsən. Yazıçılar şairlər nə yazırlarsa yazsınlar ya o hadisəni yaşayıblar, ya dostlarından biri yaşayıb,  ya da yaşamaq istəyirlər. İkinci suala gəldikdə isə, biz planlaşdırmışdıq ki , kitabın ikinci hissəsində biz ayrılaq. Bir-iki PR menecer bizi buna həvəsləndirdi. Mən dedim ki,  problemim yoxdur. Bu kitabda Aytəkinin gündəliyi hissəsini mən yazmışam. Müşfiq XAN isə Aytəkinin ətrafında baş verənləri, Ramili, Qüdrətovu yazıb. Əgər biz ayrılmış olsaydıq mən kitabı “Aytəkinin gündəliyi “ adı ilə çıxaracaqdım. Əgər “Aytəkinin gündəliyi” romandan çıxarsa Müşfiq XAN  hökmən nələrsə əlavə etməlidir. Çünki hadisələr bir-biri ilə bağlıdır.  Əsəri yarıya qədər bir-birimizdən xəbərsiz yazmağa çalışdıq. Belə bir sınaq apardıq ki, təbii alınsın . Amma sonra gördük ki, Aytəkinlə Ramilin yolları hardasa kəsişməlidir  və başladıq bir-birimizin yazılarını oxumağa. Bundan sonra bu əsərin davamını yazmağa məcbur oldum. Kitabımı  Tağı Əhmədova hədiyyə etmək üçün  yanına getmişdim. Çox mütailəli , ədəbiyyatı sevən insandır. Daxilində bir ədəbiyyat zərifliyi var.  Mən əsər haqqında  ona məlumat verəndə dedi ki,  Xocalı faciəsi ilə bağlı bir-iki kitab oxuyub . Ordakı obrazları yadına sala bilmirdi. Mən süjetdən danışanda , o da oxuduğu kitabdan danışmağa başladı.  Mən də deyirəm ki, Tağı müəllim o kitab mənimkidir. Deyir ki, yox o deyil. Mən də həyəcanlandım. İlk tanışlıq idi, belə çıxırdı ki, mən hardansa plagiat etmişəm. Sonda kitabımı ona verdim, kitabın arxa üz qabığındakı şəklimi görəndə yadına düşdü və dedi ki, hə bu cavan oğlan idi, naxçıvanlı. Onda romanı tənqid edib dedi ki, yaxşı əsərdi amma mən belə əsərlər gözləmirəm. Dedim, niyə?   Dedi ki, oxuyursan, cisminə qədər təhqir olunmağını hiss edirsən. Axı gəncliyə çılğın, vətənpərvərlik hisslərini oyadan, həvəsləndirən bir bədii əsər lazımdır. Artıq biz dəyişməliyik. Nə qədər olar , döyüldük, söyüldük, vurdular, yıxdılar bizi. Mənə bu sözlər təsir etdi.  Ondan sonra mən “Odərlər”i yazdım.

Müşfiq XAN : Mənə görə , “Ümidlərin izi ilə” romanı bitkin bir süjet xəttidir. Bu romanı ayrı-ayrı çap etmək mümkün deyil. Ayrı-ayrı yazılsaydı yəqin ki, başqa bir əsər olardı.

Oxucu:  Əsərdəki   hadisələr  nə qədər gerçəkdir, nə qədəri sizin əlavə etdiklərinizdir?

Müşfiq XAN: Heç bir təxəyyül insan obrazlarından, insan həyatından kənarda deyil.  “Ümidlərin izi ilə” romanında Ramil konkret kiminsə obrazı olmaya bilər.   Təxəyyül sadəcə süjetə aiddir.  Amma yazıçının yaratdığı obrazlar real obrazlardır. Ondan kənarda yazıçı heçnə düşünə bilməz.  Necə ki, 20-yə yaxın, bəlkə də 20-dən çox Xocalıda əsirlikdə olmuş insanlarla biz görüşdük və onların səs yazıları indi də qalmaqdadır. Bu dedektiv roman olsa da tarixi araşdırmalar da var.

Şəmil Sadiq: Ədəbiyyatda ümumiləşdirmə, tipikləşdirmə var. Deyəsən Aqil Abbasın sözü idi: “Bir obrazı adam oxuyursa və deyirsə ki bu mənim tanıdığım adamdır demək,  bu ümumiləşdirilmiş tipdir”. Aytəkin əslində girovluqda olan Azərbaycan qadınının ümumiləşdirilmiş tipidir.  20-yə qədər əsirlikdə olan qadından müsahibə aldıq. Minimum 20-yə yaxın kitab oxuduq.  Sumqayıtda qaçqınların məskunlaşdığı köhnə binalar var. Orda biz bir evə getmişdik. Mən ordakı  qadından  dolayısı yolla əsirlikdə hansı işgəncələrin verildiyini soruşdum. Yaşlı qadın idi. Qadın mənə baxıb dedi ki, oğul, ağlına nə gəlirsə , nə təsəvvür edirsən get yaz, mənə niyə əziyyət verirsən. Bu artıq hər şeyi demək idi.  Kitabda həmçinin rəsmlər var. Romanın birinci və ikinci nəşrində rəssam Vaqif Ucatayın Xocalı faciəsinə çəkdiyi rəsmlər olsa da, 3-cü nəşrində biz rəsmləri vermədik. Çünki, oxucuların bununla bağlı şikayəti oldu. Romanın özü ağır bir əsərdir və üstəlik bu rəsmlər romanı daha da ağırlaşdırırdı.  Biz məcbur olduq sonuncu nəşrdə o rəsmləri verməyək. Vaqif Ucatay da  bu rəsmləri əsirlərin danışdığı hadisələrə əsasən çəkib.  Aytəkinin başına gələn hadisələrin bəzilərini bu rəsmlərdən götürmüşəm.  Mən o düşüncədəyəm ki, tarix nə qədər önəmli  olsa da, həqiqi tarix həmin dövrlərin ədəbiyyatında  tapmaq olar. Məsələn, “Əli və Nino”-nu oxuyaraq 18-19-cu əsrləri, həmin dövrdə baş verən prosesləri görmək olar.  O baxımdan 3-cü nəşrdə kitabın üzərinə “sənədli roman” sözünü yazdıq.  Bu sırf sənədli romandır. Tarixi hadisələr üzərində yazılan romandır. Faiz nisbəti ilə bölsək romanın 60-70 faizi olmuş hadisələrdir.  Romanda Qədim dayının adından başqa, (Qədim dayı hazırda yaşayır ,Xocalı rayonunun bələdiyyə sədridir.  ) qalanlarının adlarını romanda dəyişdik, yəni həyatda olan adlarından fərqli adlar qoyduq.

Oxucu: Xocalıda baş verən erməni soyqırımı ilə bağlı çoxlu filmlər çəkilib, kitablar yazılıb. Bəs sizin fərqiniz  nədir?

Şəmil Sadiq: Mən fikirləşirəm ki, bu cür faciələr hamının bildiyi faciələrdir. Bir neçə oxucu mənə məktubunda qeyd etmişdi ki,  bu kitab sayəsində  Xocalını  dərk etdim. Bədii əsər hadisəni göstərə bilir.

Müşfiq XAN: Fərq ondadır ki, Qarabağ hadisələri ilə bağlı əsərlər yazılıb amma onlar kifayət qədər deyil.  Bu hadisəsən 20 il keçməsinə baxmayaraq yazılan kitablar, çəkilən filmlər azdır.  Bu mövzuda detektiv janra müraciət edtik. Fərqlərdən biri budur.  Bu rəsmi xronika deyil. Bu romanı fərqlənməyimiz üçün yazmamışıq. Bu elə ağır mövzudur.

Oxucu: Sizcə, yazıçılıq sizə nə qazandırıb?

Şəmil Sadiq:  Mən yazıçı olaraq Müşfiq XANı hesab edirəm. Özüm isə,  yazıçıdan daha çox müəlliməm.  Yazıçı odur ki, istədiyini yazsın. Sərhəd, çərçivə olmasın. Mən amma yazanda fikirləşirəm ki, bu mənim gəncimə nə verəcək. O millət, Vətən üçün necə düşünəcək. Yazıçılıq hələ ki mənə mənəvi rahatlıqdan əlavə bir şey verməyib. Yazıçılıq vasitəsilə cəmiyyətdə sizin kimi gənclərlə tanış oluram. Yaşamaq istəyib yaşaya bilmədiyimi , demək istəyib deyə bilmədiyimi obrazların dili ilə deyirəm.

Müşfiq XAN:  Mən də yazıçıdan əlavə həm də müəlliməm.Artıq 10 ildir ki məktəbdə, kursda müəllim işləyirəm. Bir az da elmi fəaliyyətim olub.

Oxucu: Şamil müəllim , özünüzü  Ramil obrazında təsəvvür etsəydiz necə olardı?

Şamil Sadiq: Elə Ramil olardım. Ramili Müşfiq müəllim daha real verib əsərdə.  Ramil olsaydım, axıra qədər bəlkə gedərdim. Ramil obrazı mənə daha yaxındır. Halbuki Ramillə baş verən bütün prosesləri Müşfiq XAN yazıb. Hər bir insanın içində bir yara var. Ramildəki o  yara Aytəkin idi. Belə bir ifadə var əgər xəyalındakı qadın yanındadırsa sən xoşbəxtsən. Onun xəyalındakı qadın yanında deyildi. Olsaydım Ramil olardım.  Bəzən elə situasiyalar olur ki, həmin vəziyyətdə nə edəcəyini əvvəlcədən bilə bilməzsən.  Hər birimizin daxilində qorxu da var, cəsarət də. Mən içimdəki qəhramanı “Odərlər” romanında vermişəm. Görmək istədyimi yaratmışam.  Yaratdığım qəhrəmanların əksəriyyəti də vətənini , millətini sevənlərdir. Bəlkə də Ramil olsaydım Aytəkini tapıb gətirərdim.

Oxucu: Bu əsərin davamı olacaqmı?

Şamil Sadiq: Ümid edirik ki, nə zamansa “Ümidlərin qələbəsi” qəhrəmanlıq romanını yazacağıq.

Müşfiq XAN: Əsərin sonunda   tələskənlik var, çünki biz planlaşdırmışdıq ki, roman fevralın 26-ı üçün çap olunsun.  Romanın  sonundan   əsəri davam etdirmək olar.

Oxucu: Əsəri tam oxumasam da belə bir sual vermək istərdim. İlk ideya kimdən gəldi?

Şəmil Sadiq: Hərdən bir Müşfiq müəllim yaxşı mənada məni qıcıqlandırırdı. Şairlər roman yaza bilməz deyə. Mən də bir gün dedim ki,  bəlkə bir gün qələmlərimizi yarışdıraq. Sonda yazmaq qərarına gəldik

Oxucu: Ən böyük hədəfiniz nədir?

Şəmil Sadiq: Ədəbiyyat tarixində qalmaq önəmlidir. Hazırda ciddi və qeyri-ciddi ədəbiyyat termini var.  Ən azından əsərlərimin adı çəkilərkən ciddi ədəbiyyat termininə daxi olmasını istəyirəm. Ən böyük hədəfim “Odərlər” romanının  2 və 3-cü hissəsini yazmaqdır.

Oxucu: Əgər həyatınızla bağlı kitab yazsaydınız. O kitabda həyatınızın hansı məqamları yer alardı?

Şəmil Sadiq: Müdrik yazıçılar 50-60 yaşlarından aşağı yaşda öz həyatlarından nəsə yazmağa tələsmirlər. Əgər sən hiss etsən ki,  həyatın ən maraqlı anlarını yaşamısansa demək bundan sonra yaşamağa dəyməz. Ən maraqlı hadisələr sabahlardadır və mən də gözləyirəm. Maraqlı hadisələr ağrılı da ola bilər, zövqlü də ola bilər . Amma bunu yaşaya bilərəm . Mən uşaqlıq yaşamamışam. Biz uşaq ola bilmədik. Naxçıvan o vaxtlar blokadaya düşdü. İlk qələm təcrübəm 20 yanvar faciəsinə həsr olunan şeir olub. Çox çətin dövrlər yaşamışıq.  Biz qənd tapa bilmirdik çay içməyə. Və ya elə olub ki, bir ay yalnız toyuq yemişik. Çörək, ət olmayıb yalnız toyuq əti. Naxçıvan blokadada olduğu vaxtlarda Ermənilər  yolu bağlamışdılar. Nə bizə çörək gəlirdi,  nə də onlara. Naxçıvana qatarla toyuq əti gətirlimişdi.  Bir ay biz ancaq toyuq əti yedik. Mən cizgi film xatırlaya bilmirəm. Çünki televziya yox idi. AZTV bağlanmışdı.  O günlər mənim üçün daha əl çatmaz idi. 93-cü ildə12-13 yaşımda   qorxu  və məsuliyyət  hissi ilə 200 min 300 min tüməni İrana aparıb alver etmişəm. Onun bunun malı itməsin deyə. Çünki o zamanlar 3 dəfədən artıq İrana gedib mal satmaq qadağan idi.  5 qəpiklik xoruz bişirirdilər aparıb satırdıq. Hətta ən kövrəldici hadisəni deyim. Günəbaxan tumunu qızardıb aparıb  toylarda satırdıq. Tək mən deyildim. Yaşamaq üçün hərə bir işin qulpundan yapışmışdı.  Torbanı qoymuşdum aşağı bir də görmüşdüm ki,  torba boşdur. Çoxbilmiş uşaqlar torbanı boşaltmışdılar. O günlər mənə daha təsirli gəlir. Daha kədərli, daha maraqlı gəlir.   Bir də tələbəlik illərimdir ki, həyat yoldaşım da tələbə yoldaşım olub.  Çətin dövr idi. Hətta biz bir il evlənəndən sonra yataqxanada qalmışıq . Oğlum da orda dünyaya gəlib. Əgər yazsam nə vaxtsa həyatımla bağlı yox , xatirələrimlə bağlı yazsam bunların hamsı olacaq. Amma bir mübariz uşaq obrazı görürsünüzsə , o çətinliklərdə qovrula-qovrula, döyülə döyülə  bir Şamil Sadiq çıxıb ortalığa.  Mən 8 il bundan qabaq bir müəlim idim. 20 nomrəli məktəbdə orta məktəb müəllimi idim.  8 il keçib və həyatımda dəyişikliklər olub.  Ümid edirəm  ki,  hər şey yaxşı olcaq.

Müşfiq XAN: Hədəf Nəşrlərinin xatirə ədəbiyyatı silsiləsi var. Amma mən xatirələr yazmaq haqqında düşünməmişəm. Gələcəkdə ehtiyac olsa mənim haqqımda yazarlar, olmasa yazmazlar.

Oxucu: Bu roman mənə Xocalı faciəsini tanıdan bir əsər oldu. Yazıçı əsəri yazarkən hökmən oxucusuna çatdırmaq istədiyi fikirlər, hisslər olur. Kitabı oxuyarkən  daha çox tərəddüdü hiss etdim. Bu tərəddüdü özüm də yaşadım. Bəlkə bu gün müharibə olsa cəbhəyə qızlar da gedər amma əsəri oxuduqdan sonra çox böyük tərəddüd  yaşadım.  Bilmək istəyirəm ki, bu romanın tərəddüd hissi yaradacağını düşünürdünüz?

Müşfiq XAN: Bir məsəl var, gözü qorxmaq. Biz bu səbəbdən kitabdakı rəsmləri növbəti nəşrlərdə çıxarmalı olduq.

Şəmil Sadiq: Məncə, biz bu romanı yazanda kimdəsə tərəddüd yaratsın deyə yazmamışıq. Məqsədimiz qəhrəmanlıq hissini göstərmək , acını dərk etmək idi. Heç kəs baş kəsməyin, adam öldürməyin tərəfdarı deyil. Müharibəyə gedənlərin də içərsində tərəddüd ola bilər. Amma bizdə vətən, millət sevgisi olandan sonra bütün tərəddüdləri silə bilərik. Ola bilər kimsə fikirləşər ki, birdən ölərəm, birdən uşağım atasız qalar, yaşasaydım daha böyük işlər görərdim.  Milli Qəhrəman Çingiz Mustafayevin “Xocalı” kadrları həmin tarixin sənədidir, amma kaş ki, həmin vaxtlarda göstərilməyəydi. Mən belə düşünürəm ki, bu cür görüntülərdən sonra insanların gözü qorxdu. Bu da həmin vaxtlarda insanlarda döyüş əzmini azaltdı.

Oxucu : Planınızda bu romanı dərsliklərə salmaq varmı?

Şəmil Sadiq: Bu romanın dərslikdə olmasının tərəfdarı deyiləm. Dərsliyə salmaq bizim ixtiyarımızda deyil.  Bu roman Qarabağ döyüşlərini, həyatını əks etdirən əsərlərdən biridir və nə zamansa ədəbiyyatda “Qarabağ ədəbiyyatı” bölümü olsa bu roman ora daxil olacaq. Elə bilirəm, ədəbiyyat tarixində qala biləcək bir romandır. Aqil Abbas romanın ilk oxucularından biridir. O demişdi ki, “ “Dolu” romanını mən yazmasaydım, “Ümidlərin izi ilə” Qarabağ mövzusunda yazılan ən yaxşı əsər olardı”.

 

Səma Fuadqızı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10