Ümidsizliyin gətirdiyi ölüm – Türkan Turan yazır

11 Baxış

169250_ixfw87m2s8

“Sadəcə aydınlığı və qaranlığı, müharibəni və sülhü, yüksəlişi və böhranı görən adam həyatı həqiqətən yaşamış sayılır” deyirdi Stefan Sveyq “Dünənin dünyası” əsərində. Özü bunlardan daha artığını yaşamışdı.

“Dünənin dünyası”, ya da digər adı ilə desək, “Bir avropalının xatirəsi” kitabı həm də böyük yazıçının Avropaya vidasıdır. Əsər bütün idealları və dəyərləri ilə Avropanın çöküşünü izləyən Sveyqin yaşadıqlarından və gördüklərindən bəhs edir. Müharibənin gətirdiyi fəlakətləri, onun insanların taleyinə, iqtisadiyyata təsirlərini bütün çılpaqlığı ilə göz önünə sərir. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı fərqlər izah edilir. Yazıçı II Dünya müharibəsində Almaniyanın dəhşətli bir barbarlıqla bəşəriyyəti məhv etməyə çalışmasından kədərlə söz açır. O, müharibədən sonrakı vəziyyəti, açdığı sağalmaz yaraları təsvir edəndə əslində, müharibənin nə demək olduğunu göstərməyə çalışır. Savaş dönəmindəki 4 il ərzində bir evin tikilməməyindən, əksinə, olan evlərin də dağılmağından, bir otaqlı darısqal yerlərə bir ailənin yerləşməyindən, kömür olmadığı üçün evlərin isidilməməyindən, kütləvi ərzaq qıtlığından, mövcüd ərzağın keyfiyyətsizliyindən, insanların çuvallardan paltar tikib geyinməyindən, inflyasiyanın hər dəqiqə artmasından Avstriya kronunun ölməsi səbəbi ilə artıq insanların ibtidai dövrlərdə olduğu kimi əmtəə mübadiləsinə keçdiyindən, banklara qoyulan pulların heçə dönməyindən, varlıların yoxsullaşmağından, fahişəliyin artaraq adiləşməyindən ürək ağrısı ilə bəhs edir.

Əsəri oxuyanda sənə elə gəlir ki, Sveyq avropalılardan daha çox avropalı idi. O, tək Avstriyanın deyil, bütün dünyanın və insanlığın vurğunu idi. İliyinə qədər sülhsevər idi. Sülh, azadlıq kimi anlayışlar çoxlarının dilindədir, amma Sveyq bunu həqiqi mənada mənimsəyən və həyat tərzinə çevirən bir insan idi. Əsərin əvvəlində yazıçının yəhudi ailələri ilə bağlı qeydləri diqqət çəkir. Məsələn, əksər insanlar elə hesab edir ki, yəhudilərin həyatdakı ən böyük məqsədi varlı olmaqdır. Yanlış düşüncədir. Yəhudilər üçün varlı olmaq bir məqsəd deyil, vasitədir. Ən böyük amalları isə ailələrindən bir professor və ya görkəmli bir mədəniyyət xadimi çıxarmaqdır. Onlar buna nail olmaq üçün bütün imkanlarını, pullarını, sərvətlərini ortaya qoyurlar. Bu sətirləri oxuyanda yəhudilərin əldə etdiyi uğurların qaynağı ortaya çıxır.

O dönəmlərdə Almaniya imperiyası siyasi və iqtisadi cəhətdən Avstriyadan güclü olduğu üçün avstriyalılar milli qürurlarını mədəniyyət yönündə gücləndirirdilər və bu sahədə almanlardan üstün idilər. Mədəniyyətin ən çox məşhurlaşan sahəsi teatr idi. Sveyq qeyd edir ki, Vyananın mərkəzi küçələrindən ölkənin baş naziri və ya zəngin adamları keçəndə heç kim onları tanımır, tanısalar belə, elə əhəmiyyət vermirdilər. Amma aktyorlarla qarşılaşmaq onların ən böyük xoşbəxtliyi sayılırdı. Hətta aktyorların köməkçisi, qulluqçusu, faytonçusu olanlara qibtə ilə yanaşırmış insanlar. Böyük yazıçının yeniyetməlik və gənclik illəri də ziddiyyətlər içində keçib. Belə ki, o dövrdə həm ucuz əxlaq dəyərləri, həm də qatı mühafizəkar ənənələr hökm sürürmüş. Bir insanın uğur qazanması üçün mütləq onun yaşlı olması lazım imiş. Gənclərə heç bir inam yox imiş. Hətta buna görə gənclər saqqal saxlamaqla və başqa yollarla özünü böyük göstərməyə çalışırmış. Qadınlarla kişilər arasında ciddi ayrı-seçkilik var imiş. Stefan Sveyq mühafizəkar əxlaq qaydalarının hökm sürdüyü cəmiyyətin əslində, necə iyrəncliklərlə dolu olduğunu mükəmməl şəkildə təsvir edən nəhəng yazıçıdır. O, məktəbləri təhsil ocağından daha çox dövrün standartlarına uyan, özü sərbəst qərar qəbul edə bilməyən, beyninə yeridilən qaydalara şərtsiz əməl edən nəsil yetişdirməkdə ittiham edir. Həqiqi bir sülhpərvər olan Sveyq müharibənin insanlardan aldıqlarını elə təsvir edib ki, hətta hərbçilər həmin sətirləri oxusa, əllərində tutduqları silahlarla bağlı tərəddüdə qapıla bilərlər. Məsələn, o dövrün inflyasiyasını təsvir etmək üçün çoxcildli kitab yazmaq olar. Təsəvvür edin, vəziyyət elə həddə çatır ki, əvvəllər bir nəşriyyat ala biləcəyiniz pula bir kitab, bir ev ala biləcəyiniz pula bir günlük kirayə haqqı, bir ton un ala biləcəyiniz pula bir çörək alınırdı. Xarici ölkələrdən gələn dilənçilər, fəhlələr Avstriyada böyük mülklərə, ərazilərə sahib olurdular. Bunun səbəbi xarici valyutanın dəyərini qoruması idi. Amma Almaniyada inflyasiyanın fəsadları daha da acınacaqlı idi. Orada artıq mənəvi dəyərlərin yox olmaq həddinə gəlib çatmış, sərt intizamları ilə tanıdığımız almanlar əxlaq dəyərləri  yerlə bir olmuşdu. Pul o qədər dəyərdən düşmüşdü ki, insanların həyatında artıq önəmli bir rol oynamırdı. Bu isə insanları daha şən, əyləncəli, daha xoşbəxt etmişdi.

Əsəri oxuduqca insanda elə təəssürat yaranır ki, Sveyq qorxaqdır. Çünki yaşadığı şəhərlərdə müharibə təhlükəsi yaranan kimi ölkəni tərk edirdi. Həqiqət isə onun müharibəyə olan nifrəti idi. Döyüşlərin şiddətləndiyi, insanlarda dağıdıcılığın gücləndiyi dönəmlərdə bir dəfə də olsun ədəbiyyata xəyanət etmir, qələmi ilə sülh üçün savaşır. İnsanların düşmən kimi gördüyü fransız ziyalılarla məktublaşır, əmin amanlıq üçün birgə məqalələr yazırdılar. Beləcə, iki dünya müharibəsi və min bir çətinlik görmüş bir şəxs müharibənin yaratdığı dəhşətlərin fonunda özünün sülh və Avropa birliyi üçün apardığı mübarizədən, mühitindən, dövrün sosial və siyasi hadisələrindən bəhs edən bu dəyərli kitabı ərsəyə gətirir. Çox təəssüf ki, dünənlə bu gün arasında bütün körpülərin qırılmağına, bütün dəyərlərin alt-üst olmağına, evindən didərgin düşməyinə, bu ölkədən o ölkəyə köç etməyinə, ana yurdu sayılan Avropanın məhv edilməyinə dözə bilməyən nəhəng yazıçı intihar edərək həyatını sonlandırıb. Onu bu addımı atmağa sövq edən isə bütün ümidlərinin ölməyi idi! Böyük yazıçı Zülfü Livanelinin dediyi kimi, “İnsan heç bir ümid bəsləmədiyi zaman vəziyyəti qəbul edir, qapqara buludların arasından özünü iynə ucu boyda göstərən bir işartı görəndə bütün dünyası ona bağlı olur”. Sveyq qaranlığında o işığı görmədi. Öncə ümidləri, ardınca da özü öldü!..

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10