Umu- küsü

22 Baxış

Şair Vaqif Aslan 2 Senet.az şair Vaqif Aslanın “Ruhlarla söhbət” poemasından növbəti parçanı təqdim edir.  

Vaqif Aslan

 Ruhlarla söhbət

(poemadan bir parça)

Poemadan bir parça- Ruhların məhkəməsi

Poemadan bir parça- Kökünə muğayat ol

 

VI.

Qonuşma,

                  yaxud əhvalpürsanlıq

Yaşıl bir çəməndə bir kəs oturmuş,

Yanında mələklər dövrələr vurmuş.

Baxınca tanıdım ulu Sabiri.

Gördüm rəhmətliyin cənnətdir yeri.

Dedim: – Haqq da varmış, divan da varmış.

Allahın dərgahı uca olarmış.

Hörmətlə baş əydim ustada bu an.

Dedi: – Düz gedirsən, çıxma yolundan.

Amma söylə görüm, nə var, nə yoxdur?

Orda yatanmı çox, oyaqmı çoxdur?

Dedim: – Eləsi var, ayılan deyil,

Vallah, Sur düdüyü çalsa İsrafil.

Dedi: – Uçitellər yenə acdımı?

Hörmətə-izzətə mör-möhtacdımı?

Dedim: – Oxuyanlar adam sayılmaz,

Dedi: – Bu səbəbdən millət ayılmaz.

Dedim: – Çox görürlər dincliyi bizə.

Dedi: – Daha sözüm qalmayıb sizə.

 

VII.

FACİƏ

Endim aşağı, gördüm: – Qubalı Fətəli xan

Durub namə yazdırır Yekaterina üçün

Azərbaycan adından:

– Möhtərəm imperator, əl – bizim, ətək – sizin.

Kölgəsində yaşayaq sizin himayənizin.

Dərbəndi, Şamaxını sizlərə bəxş edərik,

Türkün xaqanlığını hələ peşkəş edərik.

Amma bir xahişim var.

Gərək o biri xanlar

Mənə tabe olalar.

Bir az da endim bu dəm

Özü qəmli, gözü – nəm.

Bir şah gördüm qəzəbdən gözlərinə qan çöküb.

Sanki onun üstünə bütün asiman çöküb. .

Ayağı altındakı yer yarılıb, elə bil.

Bu dünyanı saxlayan bağ qırılıb, elə bil.

Qüvvət verib sözünə,

Danışır öz-özünə:

– Nadiri çox qınadım,

Amma o, haqlı imiş.

Xanlıqları sınadım ..

Xanlar günahlı imiş.

Heyf, İbrahim xanı hamıdan gec tanıdım.

Vəziri Vaqifə bax,

Qurban olum, ay Allah!

Nəğməkardır, bir şirin dilə qıya bilmirəm.

Gözəl Qarabağ kimi elə qıya bilmirəm.

Özün keç günahımdan,

Vaqiflə İbrahim xan

Görsəm yada əyir baş,

Daş üstə qoymaram daş.

Milləti öyrəşdirib özgəyə itaətə,

Bu xalqı nəsil-nəsil salınca xəcalətə,

Torpağa diri-diri kömərəm, ağlamaram.

Boyun əyən kəslərə yurdda yer saxlamaram.

Yerimə yer yoxsa da, zərrə salmıram yada.

Xana bax, vəzirə bax,

Sonsuz qoymaq istəyir türk qövmünü dünyada.

Xan-xan olub ayrılan xanları kor qoymasam,

Xalqı gözükölgəli edənlərə qıymasam,

Taxtım haramım olsun, tacım haramım olsun.

Nadirin vəsiyyəti mənim məramım olsun.

Tanrı məndən dönərsə,

Bir gün gəlib enərsə,

Qacarların qılıncı,

Başabəla bu xanlar,

Qurbanlıq quzu kimi,

Öz yurdumu yadların ayağına yıxanlar,

Olsun ellər gülüncü!

Aylar-illər gülüncü!

 

VIII.

İNKİR-MİNKİR VƏ ŞAH I ABBAS

Enə-enə

Dəli qəhər gəldi mənə.

Allahınmı qəhri keçib görən bizə?

Biz özümüz-özümüzə

şəklənmişik.

Özgə qoltuq gəzə-gəzə

təklənmişik.

Bir də gördüm, haqq divanı qurulub,

Şah Abbasın günahını

Yozanlar da yorulub.

Soruşurlar: – Nədən ötrü Yerevanda, Naxçıvanda

Otları da yandırırdın,

Bulaqları zəhərləyir, çeşmələri dondururdun?

Bar gətirən ağacları qırırdın sən,

Kimə ziyan vururdun sən?

– Türkə, türkə.

– Türk deyilsən özün bəlkə?

– Mən şah idim.

– Soyun nəydi?

– Türkəm dedim.

– Bulaşmısan qana nədən?

Əlindəki xına nədən?

– Qətl elədim türkün min-min əmirini.

Qoyardımmı təndirində çörəyini,

Təknəsində xəmirini?

– Azərbaycan türklərini hardan hara köçürürdün?

– İsfahana.

Kaş mən bir də şah olaydım,

Siz də məni çəkəydiniz imtahana!

– Türkü türküdən qaçırırdın?

– Özüdür, var.

Nə Osmanlı, nə azəri? Türkdür onlar.

Mənsə şahdım.

Göz hərləyib sərhəd boyu baxdım, baxdım…

Gördüm axır türkdən-türkə çəpər olmaz.

Sipər olmaz.

Hayedlərə yer elədim iki türkün arasında.

Həzrət Abbas oldu adım şahənşahlar sırasında.

IX.

GİLEY

Bu səs saz səsidirmi, hayandan gəlib keçir?

Bağrımı dəlib keçir.

Niyə söyləyir o səs? – Nə etsən azdır, Allah!

Eşidib dözəmmirəm… bu nə avazdır, Allah?!

Olaraq hayıl-mayıl,

Soruşdum: – Kim oxuyur?

Dedilər: – Şah İsmayıl.

Gördüm ki, yaş yığılır oxuduqca gözünə.

Qulaq verdim sözünə:

 

– Nələr gəldi, gələsidir, mədəd hey!

Cahan əhli öləsidir, mədəd hey!

 

Günahkarlar günahı sormaq üçün

Ulu divan qurasıdır, mədəd hey!

Xətai dərdinə dərman bulunmaz,

Yarəb, sonu nolasıdır, mədəd hey!

Soruşdular: – Bəs qılıncın nə oldu,

Yad ellərdə muzeylərə qoyuldu?

Dedi: – Mənə bir dərs oldu Çaldıran.

Bu döyüşdür türkü atdan saldıran.

Bir qılınc ki, kəsib türkün başını,

Paralayıb torpağını, daşını,

Öyülməyə dəyərmi?

O qılıncla türklüyümə yadam mən.

Bəlkə, sazla türklüyümə çatam mən.

Bir də gördüm, Sultan Səlim açdı dil:

– Günahımız deyiləsi şey deyil.

Ayrılıq ucundan olmuşuq sayıl…

Türkün sızıldayan ürəyidir saz.

Çal, Şeyx Heydərin oğlu İsmayıl,

Sən türkün mən türkə gileyidir saz.

 

Sən – üzüqarasan, mən – üzüqara,

Tale rəhm eləmir günahkarlara.

Daha olan olub, bu gündən sonra,

Yıxılan ellərin dirəyidir saz.

Nə sən buna şadsan, nə mən buna şən.

Mən çalan qılıncdan solan, bürüşən,

Sən çalan qılıncdan qırılıb düşən

Bir türk övladının biləyidir saz.

Sən mənə yağıydın, mən sənə yağı.

Deməyək, kim çəkdi bizə bu dağı.

Hər şeydən əzələ biz türkük axı,

Türklərin əbədi gərəyidir saz.

 

X.

UMU-KÜSÜ

Qaşqamda buz kimi tər…

Olmaya yarı yolda məni haqlayıb əcəl?

Bu nə sızıltı, nə ün?

Ən böyük düşmən imiş özü-özünə türkün.

Əmir Teymuru gördüm, durmuşdu kor-peşiman.

İldırım Bəyazidin cil qopurdu ahından.

–       Bir kök üstə boy atan

iki ər quzğun kimi bir-birini didirsə,

Sonra da azğınlaşıb Tanrıya zidd gedirsə,

Bu iki ərdən biri büdrəyib diz çökürsə,

O biri cəllad kimi al qanını tökürsə,

O kökdən törəyənlər xəbis olar, boy atmaz.

Bu ondan uzaq qaçar, o buna əl uzatmaz.

– Sən korun mən topaldan istədiyi nədir, nə?

– Teymur, elə bilirsən, qələbə çaldın mənə?

Başına dəysin sənin o qələbə, o ad-san,

Türkü taqətdən salıb, belini sındırmısan.

Bu yandan atılan ox o yandan türkə dəyib.

Qırıldıqca budaqlar ziyanı kökə dəyib.

Mən kor ilə sən topal yağı kimi, yad kimi

Kişnədikcə  kişnədik şahə qalxıb at kimi.

– İldırım, bəsdir daha.

And verirəm Allaha!

Məgər mən deyilmidim Firdovsiyə qalx deyən?

Qalib türkə bax deyən?

Niyyətim hara idi, çaşıb haraya getdim.

Sənə qələbə çaldım, özümü məğlub etdim.

-  Sənə məktub göndərən,

Bizə qarşı döndərən

Fransız kralları,

Bir özün düşün barı,

İstəyinə çatdılar.

Bizləri pöhrə-pöhrə qopararaq atdılar.

Avropa qılıncını soxurkən ürəyimə,

Sən niyə xəncərini sapladın kürəyimə?

– İldırım, danışma, sus.

O gün dönüb türklərin bəxti sayılan ulduz.

Bilmədim Qarsı deyil, Buxaranı yıxıram,

Səmərqəndin, Təbrizin axırına çıxıram.

600 ildir mənim ruhum da ağlar qalıb,

Sinəmdə dağlar qalıb.

Özbəyin təpəsinə dəyən rus qapazından,

Gündə yüz yol azından

Səksənir ruhum mənim, çalınır neylər kimi.

Məhsəti türkləriylə özbək ögeylər kimi

Davrananda yanıram.

Özümü də, səni də bunda suçlu sanıram.

Mətənin12, Atillanın13 ruhundan utanıram.

O vaxtlar Qarabağda bitən ağac üçün mən

Titrəyirdim, əsirdim.

Oğlum Miranşah belə qorxurdu qəzəbimdən,

Yarpaqlara uzanan barmaqları kəsirdim.

İndi Qarabağ yanır,..

Qırğızın xəbəri yox.

Şuşa, Laçın talanır ..

                          Özbəyə əsəri yox.

Ağdam oda qalanır …

Guya Qazaxıstana bu odun xətəri yox.

Bilgə Xaqan beləmi öyüd vermişdi bizə?

Bizim ucbatımızdan çox böyük bəla gəlib

ulu türk nəslimizə.