Unudulmaq yaxşıdı, Bəyazid! – İlham Tumas

10 Baxış

10

Unudulan və unudulmaz Mehdi Bəyazidə…

“ – Unudulmaq yaxşıdı, Bəyazid! Unudulursan…

Əvvəlcə adını eşidənlər unudur səni. Sonra tanışlar, salam-kəlamı olanlar, sonra dostlar, sonra doğmalar, yaxınlar…

Unudulursan, Bəyazid!

Pisliklərin, yaxşılıqların, xəyanətin, vəfan unudulur. Səni sevənlər, sən sevdiyin, sən unutduqların, hamı səni unudur. Heç kim xatırlamır səni. Elə bil dünyada sənin kimisi, sənin adında biri olmayıb, unudulursan…

İspan Kalderonun qəhrəmanı deyərdi: “İnsanın ən böyük günahı dünyaya gəlməyidi”. Sən də unudulursan, dünyaya gəlməyin unudulur, guya heç olmamamısan…

Unudulmaq yaxşıdı, Bəyazid!

Əvvəllər heç kimin, heç nəyin məni gözləmədiyini bilə-bilə gözləyirdim. İndi artıq bilirəm nəyi gözləyirmişəm – unudulmağı…

Unudulmaq yaxşıdı, Bəyazid!

Ondan daha yaxşısı həm də unutmaqdı… Sən də hamını, hər şeyi unudursan. Səni sevənləri, sən sevdiyini, səni unudanları unudursan…

Unudulmaq və unutmaq yaxşıdı, Bəyazid!

Ancaq hamısından yaxşısı odur ki, unudulmağın və unutduğun haqqında heç nə demirlər, sən də heç nə demirsən, elə birdən unudulursan və unudursan, heç kim heç nə bilmir…

Unudulmaq yaxşıdı, Bəyazid! İndi səni anlayıram…

Sadəcə, taleyinə öz gözünlə deyil, milyonların, milyardların gözüylə baxırsan və unudulursan. Yəni, taleyinə özününkü kimi deyil, intəhasız göylərin, nəhəng planetlərin fövqündən tamaşa eləyirsən…

Nə vaxtsa “Mahabharata”da oxumuşdum: “Nə üçün sevgilin üçün ağlayırsan? Onun səni unutmağından kimlər xəbər tutdu? Heyran-heyran baxdığın ulduzlarmı, başın üstündə fırlanan dərin-dərin göylərmi? Yox, heç biri yox! Elə isə ağlamağa dəyərmi?..”

Unudulmaq yaxşıymış, Bəyazid?

Kimsəsiz doğulmuşuq, kimsəsiz də gedirik. Necə ki, bu dünyaya gələndə kimsən olmur, eləcə də gedəndə yanında bir doğman, bir yaxının olmur…

Qədim hind brəhmənləri deyərdilər: “Müdriklər bu dünyada qətiyyən özlərinə yaxın qazanmazlar. Ən yaxşısı odur ki, tək gəldiyin kimi, tək də gedəsən. Həyat o qədər də uzun deyil ki, özünə yaxınlar qazanasan”.

Yadındadımı, Bəyazid, deyərdin “insan yalnız təklikdə, fərd olaraq mənalıdır. İnsan yalnız təklikdə, fərd olaraq yaşayanda, vuruşanda öz ömrünün mənasını bütün heybəti ilə hiss edir, ondan dönə-dönə həzz alır. Yaxınların sayı nə qədər çoxdursa, bir o qədər mənasızlığa və bozluğa düçar olursan. Hər doğma, hər yaxın sənə bir mərhumiyyət, bir çərçivə gətirir. Bu isə narahat ruh sahibləri üçün cəhənnəm əzabından betərdir”.

İndi bilirəm, sən niyə unudulmaq və unutmaq istəyirmişsən, Bəyazid!

Ulduzların gözəlliyi və uzaqlığı, göylərin dərinliyi və möhtəşəmliyinin fövqündə bizim unudulmağımız nədir ki? Bu unudulmaqdan kimlər xəbər tutacaq?

Heyran-heyran baxdığımız ulduzlarmı, başımız üstündə fırlanan dərin-dərin göylərmi? Düz demirəm, Bəyazid?

“- Səni dediyin ölümdən ötədir Tumas! Səni ölüm də qurtarmaz…”

KÖŞƏ YAZARLARI
TOP 10