“Unudulmayan Xocalı”

12 Baxış

unudulmayan xocalıİstanbulda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Unudulmayan Xocalı” şeirlər toplusu nəşr olunub.
Şairə və yazıçı Könül Ordubadi tərəfindən hazırlanan kitabda Azərbaycan və Türkiyədən olan şairlərin Xocalı soyqırımına, o cümlədən Vətən və torpağın müqəddəsliyinə həsr etdikləri şeirlərlə yanaşı böyük dramaturqumuz Hüseyn Cavidin, üsyankar şair Xəlil Rza Ulutürk, Rəsul Rza, Abbas Səhhət və digər tanınmış ədəbiyyatçıların da şeirlərinə yer verilib. Müasirlərdən – AZƏRTAC-ın əməkdaşı Zərəngiz Dəmirçinin “Şuşa”, Adilə Nəzərin “Qarabağ qayıdar, Şuşa qayıdar”, Aybəniz Qafarlının “Bizi bağışlama əsir Xocalım”, Yavər Həsənin “Vətən hey!!!” , Türk Şairi Yurtseven Şenin “Hocalı”, Orhan Arasin “Karabağin gözyaşlari”, Metin Özerin ”Kəlbəcərim”,  Xalq Şairi Gülden Taşin “Karabağ”,  Tahirə Məğrurun “Qarabağım”, Şəlalə Dağlarqızın “Ağla Xocalı ağla” kimi şeirləri kitabdakı poeziya rəngarəngliyini yetərincə artırır. Kitabdakı şeirlər poeziya aləminin Xocalı soyqırımını törədənlərə qarşı hiddət və etiraz səsidir. Şairlərin Xocalı soyqırımının dəhşətlərinə həsr etdikləri misralar bu amansız cinayəti törədənlərə qarşı oxucuda hiddət yaradır.
AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə nümayəndəsi, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtı kitaba yazdığı ön sözdə əminliklə qeyd edir ki, təqdim olunan şeirlər beynəlxalq ədəbi ictimaiyyətin Xocalı soyqırımını törədənlərə qarşı etiraz səsi ucaltmasına öz təsirini göstərəcəkdir. Sabir Şahtaxtı hesab edir ki, bu kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kompaniyası çərçivəsində görülən işlərə daha bir töhfədir.
Tanınmış Jurnalist Elnur Eltürkün redaktorluğu ilə təqdim olunan kitabda ümumilikdə 106 müəllifin şeirləri yerləşdirilib.
Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” Nəşriyyatı tərəfindən çap edilən kitab nəfis tərtibatla oxucuların görüşünə gəlib.