“Unudulmuş kukla” tamaşası

2 Baxış

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşa ərsəyə gətirilib.

Teatrın mətbuat xidmətindən Senet.az saytına  bildirilib ki, alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist Stefan Sveyqin “Yad qadının məktubu” novellası əsasında “Unudulmuş kukla” adlı tamaşa hazırlanıb.

Böyük yaş qrupu tamaşaçıları və festivallar üçün nəzərdə tutulan tamaşa dekabrın 2-də ilk premyerası ilə teatrsevərlərin ixtiyarına veriləcək.

Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədova olan tamaşanın əsas ideyası bir qadının cavabsız sevgisi üzərində qurulub. Səhnə əsərinin ana xəttini uğursuz hisslərinə görə cəmiyyətə nifrət bəsləyən qadının iztirabları təşkil edir. Məhz zibillikdə tapdığı oyuncaqla özünün bütün daxili sarsıntılarını tamaşaçıya ustalıqla ifadə edən qadın sonda özünü əbədi zülmətə qərq edir.

Rejissorun fərqli prizmadan yozum verdiyi “Unudulmuş kukla” tamaşasında teatrın aparıcı aktrisaları Cəmilə Allahverdiyeva (Qadın) və Elmira Hüseynova (Səfil) rol alıblar.

Bölmə : Teatr