Senet.az oxucularına “Ustad” jurnalından Xatirə Fərəclinin şeirlərini təqdim edir.
Ürək şəkli çəkən qız…
***
ürəklərlə oynayıb
ürək şəkli çəkən qız,
o ürəkdə sevinc nə rəng?
kövrəlməyi göstər görüm,
baş ürəklə,
ürək başla yollaşmasa yaman olur
darıxmağı göstər görüm,
yaşantılar rəng-rəng, xal-xal
ordan nələr ötüb keçdi, orda nə var?
baş vurub çıxanlar kimlər,
başa çəkilən kim olub?
Neçə arzu, istəklərə
əsim-əsim əsib gedib,
hansı əzab o ürəyi
öz içindən söküb, didib?
hələ,
hələ sənin üçün
ürəklər eyni rəngdə,
bu” rənglərlə” dolu dünya
sənin üçün hələ bəyaz,
hələ bir rəng.
ürəkli qız,
ay dünyası, özü göyçək,
sən
qırmızı qələminlə
qanla yaşayan ürəyi
qan rəngində çəkirsən
çək!
***
istəklər ümmanında
çırpınardım, yanardım
mən dünyanı nə boyda
necə geniş sanardım
ümidlərim elə çox
inamım lap çox idi
yel apardı dünyamı
yoxsa divlərmi yedi
heç bir ilğım, heç bir rəng
qamaşdırmır gözümü
bu adam yığınına
yad görürəm özümü
bir nəfəsəm bəlirgin
tükənmişəm, sönmüşəm
məkanım göylər idi
artıq yerə enmişəm.
***
yaşadıq, nə yaşadıqsa
yada salmağa lüzum yox.
bənd olmağa
bəndə gəzsəm
çoxdur sənin kimisi, çox.
bu divanə, dəli könül
dəli duyğulara çapar
ovut çığıran istəyi
götür özün ilə apar.
ümid etmə bir gün dönəm
yollarıma çıxma daha
nə sevgim, nə nifrətim var
get əmanət ol Allaha.
***
sevə biləcəyin bir kimsə ola
sevgin
şübhədən, xəyanətdən uzaq
qışda uşaqların tapdağından uzaq qalan
qar misalı
tərtəmiz,
əsəsən üstündə
pöhrələnə
soyuğu, qışı adlayıb
baharda pöhrələnən şiv kimi
sığıb-sığışdıra bilməyəsən bu sevgini,
bu sevinci heç yerə
məst olub
sərxoş səma kimi
çətir olasan bu sevgiyə.
***
səsin soyuq gəldi
mən zəng vuranda
səs, söz soyuyarsa
soyuyar ürək
donar
aralıqda isti nə varsa
ürək nazik şeydir qırıla bilər
qırılıb tökülər yığa bilməzsən
ürək dostu
elə yaxın saydığın,
dərdini söyləmək istədiyindir
…səsini eşitmək,
dərdləşmək istəmişdim
…boş verdim.
***
məni ağrıdan ağrıları
acı təbəssümlə yola verib
ruhumu dara çəkən yorğun günləri
küləyin
payızda ağacdan qopardığı
yarpaqlar kimi yoldum,
sinəmə çəkilən dağlara dözə-dözə
bərkidim,
topalanıb dağ oldum
əyilmədim
əyri gədiklərə
düz,
düpbədüz yaşaya-yaşaya
yaşlanıb,
yaşa doldum.
***
ömrüm
özümə qoyduğum qadağalar,
çəkdiyim cızıqlar içində keçdi
həbs etdim sərhədsiz ruhumu
öldürdüm həvəsi, eşqi
mən caniyəm,
mən qəddaram,
mən zülmkaram
mən
içimdə həvəs qəbristanlığı gəzdirirəm
vahimə basır bəzən
içimdəki məzarıstan vahiməsi
qorxuram
qorxuları da ram edirəm,
basdırıram içimdə
mən qorxu dağarcığı,
mən qorxusuz adamam
mən
bircə dəfə bəxş olunan ömrü
qınaqlara
qurban verən axmağam
siz axmaq olmayın.
***
elə bulandırdın qəlbimi, elə
düzəlib durulmaq illər apardı
söküb xatirəni tulladım yerə
küləklər sovurdu, yellər apardı.
əslində nə idi, nə oldu adı
çəkib çəkişdirdi doğması, yadı
çoxların qarsıdı alovu, odu
söhbətlər soyutdu, dillər apardı.
gəlmişdim, qismətdə bir biyar ömür
bu biçilmiş ömrə di sığış, gömül
hər soyuq baxışdan çat verən könül
hər çatda nə boyda sirlər apardı.
***
mərhum həyat yoldaşıma
I
Üşüdüm
daş olub baxdığın yerdə
Odlu gözlərinə həsrətdir gözüm.
Burnumun ucunda bir göynək payın,
Dilimin ucunda söhbətin, sözün.
Xatirələrinin şirinliyində
Həsrətin boy verib göynədi, dindi.
O sənli günləri, xoşbəxt günləri
Nə soyuq yaşadım, yanıram indi.
II
Bu gecə namərdmiş, gör necə namərd
Bu gecə ruhumuz görüşər dedim.
Gündüzlər günəşdən pay alammadım
Bu gecə bəxtimə gün düşər dedim.
Yükləndi ruhuma, yüklənib durdu
Bu gecə bir ömür ağırlığında
Zülməti əyninə biçib geyindi
İtdim bu gecənin sağırlığında.
Gəzərsən, göylərdə gözlə, gəz məni
Qalsam yerim yoxdur bu Yerdə daha
Qalda, qovğadadır ruhumla cismim
Mənimki, mənimki qalıb Allaha.
III
insanlar dəyişir,
şəkillər saralır,
xatirələr qalır öz rəngində,
qalır olduğu kimi
təptəzə, dupduru.
bağrıma basıb əzizləyirəm xatirələrini
sevincimi bölüşmək istəyirəm səninlə
hər halıyla səni xatırladan övladlarının
bəxş etdiyi sevincı
sevinirəm, kədərlənirəm sənsiz
evimi, ürəyimi talan edib gedənim,
yaşayıram,
qocalıram sənsiz.
Mənbə: “Ustad” jurnalının 10-cu sayı.