Ürəyim çıxıbdı öz orbitindən

103 Baxış

tovuzlu

Çingiz Qəribli:

 

Şəklinə baxıram hər axşam -səhər
Gözlərin dünyadı, o dünyada mən
Çırpına – çırpına qalıb baxırsan
Ürəyim çıxıbdı öz orbitindən

Gözlərdə bu qədər dərinlik olar?
Gözlərdə bu qədər şirinlik olar?
Görüşmək ümidi yaşadır məni
Kaş xəyal olmasın şirin arzular.

Baxıram baxırsan gözüm gözündə
Nə qədər yaxınsan o qədər uzaq
Mən tənha qalmışam bu yer üzündə
Vüsal nəğməsini kim oxuyacaq?

Hicrana, həsrət baş əymərəm bil
Alın yazısıdır həyatda nə var
Qismətim olmayan mənimki deyil
Dərd vermə dərdimi çəkəmməz dağlar

Şəklinlə baş- başa qalmışam indi
Nə yaxşı şəklin var budur təsəllim
Gözün də könlün də yaman şirindi
Qumral saçlarında dolaşır əlim

Bu anlar sənə də gəlməsin asan
İnan ki yoxluğun pozdu keyfimi
Başqa əlacım yox uzaqlardasan
Şəklindən alıram bütün heyfimi.

 

 

Bu gün uğuruma Sən çıxdın gözəl….

Bu gün uğuruma Sən çıxdın gözəl,
Dünyam işıqlandı ,nura bələndi.
Bir sevgi nəğməsi söylədi ürək
Göylərdən başıma sevinc ələndi.

Anam söyləyərdi həmişə belə
Hər insan olanın bir uğuru var.
Allahdan arzumdu oğul həmişə
Uğuruna çıxsın yaxşı adamlar.

Yaxşılar çox olsa həyat güləcək,
Onda uğurumuz çoxalacaqdı.
Həmişə ışıqlı günlər gələcək
Yaxşının ürəyi oddu ocaqdı

Yamanlar dünyanı məhvə aparar
Yaman olan yerdə çiçəklər solar.
Tanrım yaxşılalra olacaqdı yar,
Yaxşılar dünyanı yaşadacaqlar.

Bol olsun ,bol olsun uğurlarınız
Olun yaxşıların cərgəsində siz.
Bir halal ad olsun dövlət varınız
Aləmə nur saçsın əməlləriniz.

Deyirəm nə gözəl şükür min şükür
Xoşbəxtəm Allahım üzümə baxıb.
Mənə gözüm aydın demək də düşür
Mənim uğuruma bir gözəl çıxıb.
Hər anım nəğmədi ürəyim gülür
Sevinc içindədi bu ömür dünyam.
Var olun ,yar olun yaxşı ki varsız
Nə yaxşı yaxşılar dünyasındayam.

Bu gün uğuruma Sən çıxdın gözəl
Dünyam işıqlandı,nura bələndi.
Bir sevgi nəğməsi söylədi ürək
Göylərdən başıma sevinc ələndi.

 

 

Məni

Söz verdin dost dedin mehriban olduq,
Öyrətdin sən ala gözlərə məni.
Çiçək baxışınla,gül istəyinlə
Atdın ocaqlara,közlərə məni.

Söhbətin şirindi,gülüşün baldı,
Baxışın ağlımı başımdan aldı.
Bu könlüm yuvasız,yurdsuzmu qaldı,
Qoymadın nə göyə,nə yerə məni.

Aldanıb bir ucuz şöhrətə uydun,
Nə bir söz anladın nə ürək duydun.
Zalımlıq eylədin tamarzı qoydun
O üzüm toxunan üzlərə məni.

Ötən yolçu bilmə Çingizi tanı,
Bir eşqin fəryadı tutub dünyanı.
Yadına düşəndə deməynən hanı,
Salmısan çöllərə,düzlərə məni.

 

 

Nələr olacaqdı min il sonra…
Aylarım illərim gedir ömürdən,
Sözümü söz üstə çəkirlər dara.
Qarşımda cavabsız bir sual durur
Nələr olacaqdı min ildən sonra.
Yaltaqlar yalanlar olacaqdımı
Amansız talanlar olacaqdımı
Bizdən xoş xatirə qalacaqdımı
Nələr olacaqdı min ildən sonra.
Nələr olacaqdı yaxşı bilirəm
Biz olmayan yerdə bizdən qalanlar
Ağlamaq nə gərək baxıb gülürəm
Elə yerindədi olmuş,olanlar.
Yer Göy öz yerində Ay şəfəq saçır
Küləklər atını çapır ha çapır
İlahi bir səsdi qapını açır
Göyün gözəllyni şimşəklər qapır..
Ayə hardasınız əziz dostlarım
Səsimə səs verən yoxdu tapılmır
Hara uçub gedib sərvətim varım
Getdi sular kimi axdı tapılmır.
Neylədim yığdığım o milyonları
Söylə harda qaldı o şahlıq taxtı.
Qızıldan sarayım olunca barı
Olaydı bir quru insanlıq baxtım.
…Min illik yol gəldim min il arxada
Tanrım yar eyləyib bu yolu mənə.
Gördüm ki, şeirimi bir qız oxuyur
Baxıb şirin şirin əl edir mənə.
Elə bil dünyanı mənə verdilər
Alahım bu günə şükürlər olsun.
Yoluma uzalı qalmışdı əllər
Hər anı möcüzə hər anı ovsun
Yenə dövrəmdəydi türfə gözəllər.
Tanrı dərgahına yığılmışdılar
Şairlər bir də ki, söz adamları
Nə başçılar vardı nə qeyriləri
Yanırdı qəlbində köz adamların…
.
Bu gün Ramazanım qapı ağzında
Siz onunla olun təmiz bir adla.
Allah günahım var məni bağışla
Həmişə səslənsin könül sazında.
Günah işlətməyin günahsız olun
Bir sevgi bəsləyin dinə imana
Bilin uğuru var halal bir yolun
Yaxşılıq yaraşır əsil insana.
Düz olsun saf olsun sevən qəlbiniz
Bu günlə sabahla …gedirsiz hara
Bir onu düşünün bircə onu siz
Nələr olacaqdı min ildən sonra..
Nələr olacaqdı min ildən sonra….
Biz olmayacağıq əməllərimiz
Rəhmətlə lənətlə xatırlanacaq
Yaxşı adamları onu bilin ki,
Yaxşı əməlləri yaşadır ancaq..
Yaxşılardan olun.düzlərdən olun
Bu yollar bizləri aparır hara
Düz olsaq bir olsaq inanın mənə
Vallah görüşərik min ildən sonra..

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10