Uşaq ədəbiyyatımızın qaynağı folklorumuzdur… – ANAR yazır

10 Baxış

photo_5769

Çağa çağımızdan eşitdiyimiz ilk bədii söz örnəkləri analarımızın çaldığı laylalar, nəvazişlə söylədikləri oxşamalardır. Nənələrin danışdıqları nağıllar bizi sirli-sehrli fantaziyalar aləminə aparır.

Rus dilində yazan Azərbaycan yazıçısı bir dəfə söhbətimiz zamanı mənə “Uşaqlıqda “Murzilka” jurnalını oxumayan ziyalı sayıla bilməz” -  dedi. – “Uşaqlıqda “Məlikməmməd” nağılını dinləməyən adam da Azərbaycan ziyalısı ola bilməz” – dedim.

Məlikməmməd və Göyçək Fatma, Gül Qəh-Qəh xanım və Cırtdan, Ovçu Pirim və Armud bəy ta körpəlikdən zehnimizdə əbədi həkk olunmuş personajlardır.

A.Bakıxanovdan, Mirzə Şəfi Vazehdən, Mirzə Fətəlidən üzü bəri 150-160 illik ədəbiyyat tariximizin aparıcı cərəyanı, əqidə və məqsədyönlü maarifçilik olub. Maarifçilik, insanları ta uşaq yaşlarından düzgün tərbiyələndirmək, xeyrə, doğruya, halala yönəltmək də elə nağıllarımızdan başlamırmı?

Bütün çətinliklərə rəğmən, Xeyrin Şər üzərində qələbəsi, alicənablığın, təmənnasızlığın, mərdliyin nankorluq, nanəciblik, paxıllıq və yalan, böhtan üzərində zəfər çalması folklorumuzun əsas qayəsi, şah damarıdır. Yazılı ədəbiyyatımız da elə bu yolla irəliləyib. Sözün ən geniş mənasında maarifçilik amalları H.Zərdabinin çıxardığı qəzetdə də, Seyid Əzim Şirvaninin təmsillərində də, Firudin bəy Köçərlinin balalara töhfə olan kitabında da davam edib, XX əsdə Sabir, Səhhət, Süleyman Sani, Abdulla Şaiq, Mirzə Cəlil zirvələrinə ucalıb. “Dərsə gedən bir uşaq, buz üstünə çıxan qoçaq, sürüşüb yıxılsa da, buza, soyuğa, şaxtaya meydan oxuyur. Yazın gələcəyinə, buzların əriyəcəyinə inamını itirməyənlər həvəslə “gəl, gəl, a yaz günləri” deyə çağırırlar, Abdulla Şaiqin ən azı iki misrasını “Əlini mənə, bəstərəcik, bəstərəcik səndən küstərəcik” misralarını uzun bir ömür boyu hafizələrimizdə saxlamışıq, Süleyman Saninin Qaraca qızı bizə təmənnasız fədakarlıq dərsi verib. Mirzə Cəlilin “Buz” hekayəsində unudulmamış uşaqlıq xətasının peşmançılığı oxucuda da heç bir vaxt yaddan çıxmayacaq nisgilli təəssürat yaradır.

Ədəbiyyatımız bizi həm də xəbərdar edir ki, savadlı olmaq hələ tam maariflənmiş, mədəni, xeyirxah, faydalı insan olmaq deyil. O qədər savadlıların bəd əməlləriylə rastlaşırıq ki… Bəzən alınan dərslərin də bir faydası olmur, Danabaş kəndinin məktəbindəki canlı, zirək, ayıqbaşlı uşaqlar səfeh uçitel Həsənovdan qat-qat üstündülər.

Məşhur yazıçılardan birinin (bəlkə də Qorkinin) sözüdür ki, uşaqlar üçün böyüklər üçün yazdığın kimi məsuliyyətlə yazmalısan, amma bir az da artıq məsuliyyətlə. Ədəbiyyatın, o sıradan da ilk öncə uşaq ədəbiyyatının ən ümdə məqsədi kamil insan yetişdirməkdir. Gələcəyi düşünən, Gələcəyə yönələn, amma Keçmişdən də üz döndərməyən, Gələcəyə sadiq olan, Keçmişə də insafla yanaşan, həsəddən, kindən xali olan sağlam ruhlu insan… Çünki – bunu da kimsə doğru deyib ki, Keçmişə güllə atanları Gələcək topa tutacaq.

31 may 2020