Uşaq dodaqlarında siqaret

130 Baxış

dilqem ehmedYazar Dilqəm Əhməd də Senet.az-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışına qoşuldu:

Haradansa oxumuşdum ki, Amerikanın kəşfi ilə yanaşı Xristofor Kolumb siqareti də kəşf edib. Belə ki, Hindistandan krala qızıl gətirmək adı ilə sonrakı adı Amerika olan ərazilərə gələn Kolumb yerli qəbilələrdə bunu görüb və beləcə, özü ilə bərabər Avropaya yayıb.

Bu məlumat nə qədər səhihdir bilmirəm, amma orası dəqiqdir ki, nə Kolumb, nə də ondan sonrakı səyahətçilər yeni qitəni yaxşı məqsədlər üçün kəşf etməmişdilər, elə bu pis vərdişi də onların bəşəriyyətə calaq etdiyinə inanmaq olar.

Bəziləri siqareti kişilərin xarizmasının bir hissəsi kimi qəbul edir. Bir az saqqal saxlamısansa, maşının varsa, davamlı bahalı kafelərdə oturursansa, sənin siqaret çəkməyin fərz olur. Çünki masanın üzərinə bahalı telefon, açarlıq, pulqabı və nazik siqaret qutusu qoymadınsa kişilik dəyərin aşağı düşür. Hələ ədəbiyyat adamısansa, dodaqlarının arasında bu uzun “neməti” qoyub foto çəkdirmək iki qat fərzdir. Bu prosesdə isə ağzıdan çıxan tüstünü tuta bilən fotoqrafında əl qabiliyyətini qeyd etmək lazımdır.

Yazıçılardan söz düşmüşkən, ədəbiyyat adamları pafoslu şəkildə müharibələrə qarşı çıxır, sülh adamı olduqlarını iddia etsələr də, peyğəmbərin sözü olmasın böyük cihadla məşğul olmağı heç bacarmırlar. Çünki siqaretin ciyərlərə, mədəyə, ürəyə qarşı açdığı savaşın qarşısında aciz düşən bu adamlar guya Buşun İraqı, Obamanın Suriyanı bombalamasına, İŞİD-in baş kəsməsinə qarşı çıxırlar. Sən əvvəlcə öz bədəninə açdığın savaşı bitir.

Mən siqaretin böyükləri deyil, uşaqları necə məhv etdiyini görmüşəm. 12-15 yaş arası uşaqların siqaretə necə mübtəla olduğunu görmüşəm. Uşaq yaşda siqaretin həm bədəni, həm beyni nə cür dumanlandırdığını görmüşəm.

Sosial işçi olaraq çalışdığım dönəmlərdə işimizin daimi parçası olan siqaretlə mübarizədə necə çətinliklər çəkdiyimizi görmüşəm.

Uşaq dodaqlarında siqaretin necə çirkin görüntü olduğunu görmüşəm.

Bir şeyə əmin olmuşam. Siqaretə aludə olmaq mühitdən daha çox ailənin günahıdır. Bir uşağın davamlı siqaret çəkməsi artıq mühitdən doğan basqı və maraq deyil, ailədən gördüyü etinasızlıqdır.

Siqaretin zərərlərindən yazmağa gərək yoxdur. Google-də bir tıkla minlərlə material oxuya bilərsiniz.

Amma bircə onu deyim ki, çalışın uşaqlarınızı qucaqlayanda üstünüzdən siqaret iyi gəlməsin.

 

 

Müşfiq XAN-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Elxan Nəcəfovun “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Emin Pirinin “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Azad Qaradərəlinin “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

 

KÖŞƏ YAZARLARI
TOP 10