Uşaq qatili və ya ölümdən qorxan manyak

107 Baxış

11951048_988498457837095_180911722_n

Səma Fuadqızı:
   Klint İstvudun bəstəsinin həzin notları filmin ilk saniyələrindən məni görünməz bağlarla özünə bağladı. Adətən filmə baxmazdan əvvəl onun haqqında araşdırma edib, qısa xülasəsini oxuyub, daha sonra filmə baxıram. Lakin bu dəfə əksinə oldu. “Əvəzetmə” ( Changeling) filminin rejissorunun Klint İstvud olduğunu öyrənənəndə məndə filmin maraqlı olacağına inam yarandı. Sən demə filmin bəstəkarı da Klint İstvud imiş və üstəlik film tarixi filmdir, yəni real hadisələr əsasında çəkilib. Birinci dəfə filmə rejissor olaraq Ron Xorvard təyin olunsa da, vaxtla bağlı çətinliklər və layihəni sürətləndirmək zərurəti yarandığından bu iş Klint İstvuda həvalə edilir.

Filmdə hadisələr 1928-ci ilin martın 9-da Los-Anceles şəhərində başlayır. Gənc qadın Kristin Kollinz təkbaşına, oğlu Uolteri böyüdür. O, telefon stansiyasında dispeçer işləyir. Bir gün işdən evə qayıdanda oğlunun  evdə olmadığını görür və polisə  zəng edir. Polisin yarımillik axtarışından sonra Kristin Kollinzə xəbər verirlər ki, onun oğlu tapılıb və o sağ-salamatdır. Oğlunun tapıldığı məqamda sənə elə gəlir ki, film bitmək üzrədir özü də “xeppi-end”lə. Amma filmin davam etdiyi xronometraja baxdıqda görürsən ki, hələ filmin başlamasından 19 dəqiqə keçib, deməli, 2 saat 21 dəqiqə davam edəcək filmin həyəcanlı məqamları hələ qabaqdadı.

Qeyd edim ki, Kristin Kollinz rolunu Ancelina Coli ifa edir. Coli real qəhrəmanının yaşadığı hissləri mimikalarla çox aydın ifadə edir. Onun qəhrəmanı nə qədər kövrək olsa da, bir o qədər də güclüdür. Oğlunun tapılması xəbərini alan Kristin polislə birlikdə dəmiryol vağzalına yollanır. Qatardan düşən balaca oğlan ona tərəf gəlir, lakin oğlanı görən Kristin anlayır ki, bu onun oğlu deyil. Həmin dövrdə Los-Anceles polisi xüsusi qəddarlığı ilə seçilirdi. Korrupsiya halları, cinayətlər artır, vətəndaşları polislər incidirdi. Uolter Kollinzin işini “araşdıran” kapitan Cey-Cey Cons qəddar Los-Anceles polisinin bariz nümunəsidir.  Kapitan Cey-Cey Consu ifa edən Ceffri Donovan işinin öhdəsindən uğurla gəlib, tamaşaçını roluna inandıra bilib. Xoşagəlməz obraz öz qəddarlığı ilə seçilir, öz mənafeyi naminə çalışır. Kristin tapılan oğlanın onun oğlu olmadığını dəfələrlə təkrar etsə də kapitan israr edir ki, bu onun oğludur. Hətta balaca oğlanın özü Uolter Kollinz olduğunu deyir. Lakin Krsitinin analıq instikti onu gördüyü ilk andan bunu inkar edir. Kapitan Kristini inandırmağa çalışır ki, o indi şok vəziyyətindədir ona görə də, oğlunu tanıya bilməyib. Kapitan Cons Kristini razı salandan sonra jurnalistləri Kristinin yanına çağırır və ondan müsahibə alınır, “oğlu” ilə brilikdə şəkli çəkilib qəzetlərdə çap edilir. Kapitanın bu hərəkəti xüsusilə diqqətimi çəkdi: Los-Anceles polisi vətəndaşlar arasında inamsızlıq qazanmışdı və onlara qarşı xalqda nifrət hissi var idi. Buna görə kapitan Cons axtarışının “uğurla başa çatdığını” nümayiş etdirmək üçün jurnalistləri həvəslə qəbul etməyə hazır idi.

11950927_988498434503764_398395976_nYalançı oğlu ilə yaşamağa məcbur edilən Kristin oğlanın boyunun həqiqi oğlunun boyundan kiçik olduğunu görür. O bununla bağlı kapitan Consa bildirir və israr edir ki, o uşaq onun oğlu deyil. Kapitan isə Kristini valideynlik  məsuliyyətini boynundan atmaq istəyi ilə ittiham edir. Polis işin öhdəsindən gələ bilmədiyini boynuna almaq istəmir. Kristin jurnalistlərə növbəti müsahibəsində polisin araşdırmada səhv etdiyi bildirir, xalqa oğlunu tapmaq üçün müraciət edir. Bundan xəbər tutan kapitan Cons Kristini yanına çağıtdırır və ona bir neçə ay öncə həmin oğlanla qəzetdəki  şəklini göstərib deyir ki, Kristin müsahibədə həmin oğlanın onun oğlu olduğunu bildirib, amma indi bunu inkar edir. Kapitan Kristini dəlilikdə ittiham edib onu psixi xəstəxanaya göndərir.

Bu vaxtda isə detetktiv Lester Yabara ABŞ sərhəddini qanunsuz keçən yeniyetmə Senford Klark üçün Vaynvilldə yerləşən Qordon Nortkottun fermasına gəlir. Senford Klarkı polis bölməsinə aparır və istintaq zamanı məlum olur ki, Qordon Nortkott 20-dən çox uşağı oğurlayaraq öldürüb və üstəlik bu cinayəti törətmək üçün Senford Klarkdan istifadə edib. Lester Yabara itkin düşmüş uşaqların şəkillərini Senforda göstərir. Bu şəkillərin arasında Uolterin də şəkli var idi və Senfordun dediyinə görə Qordon Uolteri də öldürüb.  Fermaya qayıdan Lester Yabara Senforda  uşaqları basdırdığı torpağı qazmasını əmr edir və bir neçə uşağın meyidi aşkar olunur. Lester Yabara daha sonra özünü Uolter Kollinz kimi təqdim edən oğlanla da danışır . Məlum olur ki, əslində onun adı Artur Xatçinsdir. Artur Xatçinsin Hollivuda gəlmək, sevdiyi aktyor Tom Miksi görmək arzusu var idi və ona görə də özünü Uolter Kollins kimi qələmə verir. Qəzetlərdə Qordon Nortkottun cinayəti yayımlanandan sonra Kristin xəstəxanadan azad edilir. Bu işdə ona həm də müqəddəs ata Qustav Briqleb də kömək edir. Qeyd edim ki, Qustav Briqleb rolunu Con Malkoviç ifa edir. Qustav Briqleb ədalətin tərəfdarıdır və o qəddar Los-Anceles polisinə qarşı mübarizə aparır. Kristinin bu mübarizədə köməksiz olduğunu görüb ona yardım etmək istəyir. Kristinin olduğu psixi xəstəxanada sağlam olduqlarına baxmayaraq  “Kod 12” diaqnozu ilə onlarla qadın saxlanılır. Polisə müqavimət göstərən, onlar haqqında şikayət edən qadınlar xəstə adı ilə bu xəstəxanaya yerləşdirilirdi. Kristin xəstəxanadan çıxdıqdan sonra Qustav Briqleblə birlikdə həmin qadınları xəstəxanadan azad etməyə nail olur. Qordon Nortkottun aylarla davam edən məhkəməsi isə kapitan Cons və Ceyms Devisin işdən çıxarılması və Qordon Nortkottun 2 ildən sonra asılmaq hökmü verilməsi ilə başa çatır. Qordon Nortkot haqqında qeyd etmək istərdim ki, bu rolu Ceyson Batler Xarner ifa edir. Bu obrazı sözlərlə ifadə etmək çətindir, onu görmək lazımdır. Daima üzü gülümsəyən, etdiyi cinayətlərdən həzz alan bu obraz əslində ölümdən, cəhənnəmdən qorxur. Kristinlə görüşdə Kristin ona cəhənnəmə düşməsi üçün lənətlər yağdıranda Qordonun gülümsəyən üzünü qorxu əvəz edir.

1935-ci ildə gözlənilmədən Devid Kley (itkin uşaqlardan biri) peyda olur və polislərə bildirir ki, onunla birlikdə bir neçə uşaq fermadan qaça bilib. Onların arasında Uolter Kollins də var idi. Uolter ona qaçmağa kömək etmişdi. Bu hadisədən sonra Kristinin qəlbində Uolterin sağ qalması ümidi yaranır. Krsitin ömrünün sonuna qədər oğlunu axtarır…

Klint İstvud bu filmi çəkməklə XIX əsr Amerika tarixinə işıq salmış olur. Hər kəs tarixi oxumağı, tarixi faktlarla maraqlanmağı sevmir. Bəlkə də çox insanın Los-Ancelesdə baş vermiş kütləvi cinayətdən xəbəri yox idi. Lakin bədiiləşdirilmiş bu tarix film vasitəsilə onu izləyənlərə daha yaxın və tanınmış oldu.

 

 

 

 

 

 

 

 

Bölmə : Kino, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10