“Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası – “Yuxarı”

215 Baxış

 463746

Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası – “Yuxarı”

Senet.az Nuranə Abbasovanın “Ustad” dərgisində yayımlanan “Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası – “Yuxarı” məqaləsini təqdim edir.

 “Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası – “Yuxarı”

“Yuxarı” (“UP”) animasiya filmi təkcə uşaqların deyil, böyüklərin də həvəslə və maraqla izləyə biləcəyi ekran əsəridir. “Pixar Animation Studios”un çəkdiyi sayca 10-cu tammetrajlı 96 dəqiqəlik filmdə 78 yaşlı Karl Fredriksenin çoxdan arzuladığı macəra axtarışına çıxmasından, bunun üçün ideyalar sərhədini aşan “uçan ev” hazırlamasından və Cənubi Amerikada Cənnət şəlalələrinə yol almasından bəhs edir. 175 milyon dollarlıq büdcəsi olan filmin rejissoru Pit Dokter hətta zarafatla izləyicilərə “Xahiş edirəm, animasiyaya baxdıqdan sonra heç kəs belə bir ev hazırlamaq fikrinə düşməsin” deyib…

Ekran işinin prodüseri Conas Rivyera “Nemonun axtarışı”, “Super 7-lik”, “Maşınlar”, “Ratatuy”, “Oyuncaqların tarixçəsi” kimi məşhur animasiya filmlərindən sonra növbəti hitin “Yuxarı” olacağından əmin olduqlarını bildirmişdi.

“Yuxarı” Karl Fredriksen adlı 78 yaşlı qocanın ölən həyat yoldaşına verdiyi sözün üstündə durmaq üçün özünün ən böyük macəra arzusunu gerçəkləşdirməsi haqqındadır. Evinə minlərlə şar bağlayan Karl Cənubi Amerikaya doğru hərəkətə başlayır. Ancaq o, gözləmədiyi halda yolda səliqəli, həddindən çox sual verən və dostcanlı 8 yaşlı Rassellə qarşılaşır. Qoca ilə oğlanın macərası da bundan sonra başlayır…

Dokter və Rivyera 2004-cü ildə “Yuxarı” üçün bir araya gəlirlər. Onlar animasiya filmində çəkiləcək personajın xarici görünüşünün əvvəlki obrazlardan xeyli fərqli olmasını planlaşdırırlar.

Dokter:

“Bizim çox gözəl texniki direktorlarımız, mütəxəssislərimiz var. Film üzərində işləyərkən biz onlara “Uşaqlar, istəyirik ki, hər şeyi düzgün etməyəsiniz. Fikir verməyin ki, obrazlar reallıqda necə görünərdi” dedik”.

Rivyera:

“Biz reallıq üzərində deyil, karikatura üzərində işlədik. Bu da əvvəlki “Disney”ə qayıdış oldu”.

Bu səbəbdən Dokterlə Rivyera filmin yaradıcı heyətini “Yuxarı”da hadisələrin təsvir olunduğu məkanların peyzajını çəkmək üçün Cənubi Amerikaya yola salır. Filmdəki Peredayz Follz (Cənnət Şəlalələri) Braziliya, Venesuela və Kuba sərhədində yerləşən dağlardan “kopyalanıb”. Bu məkan sivilizasiyadan uzaq, Fredriksenə öz arzusunu həyata keçirməsi üçün ideal yer idi. Həmçinin, animasiya macərası üçün də əlverişliydi.

 

 up-helium

Mövzusu

 

Rejissorla prodüser eyni zamanda filmin emosional çalarları üzərində də xüsusi çalışıblar. Filmin əvvəlində Karlla həyat yoldaşı Elli arasındakı hörmət və sevgi tamaşaçını duyğulandırmaya bilməz.

Səyahət Karl Fredriksenin uşaqlıq arzusudur. O, özünə kumir olaraq isə Çarlz Mantzı görür. Çarlz öz sadiq itləri ilə “Macəralar ruhu” gəmisində dünyanı gəzən məşhur kolleksiyaçıdır. Məktəb illərindən tanış olan Karlla Elli hədəf olaraq dünya səyahətini qarşılarına məqsəd qoyurlar. Daha sonra onların dostluğu sevgiyə və ailə həyatına çevrilsə də, Cənubi Amerikaya səyahət etmək arzuları dəyişməz olaraq qalır. Ancaq Ellinin ölümü bu arzunu yarımçıq qoyur. Xanımının ölümü Karla pis təsir edir və o, özünü tamamilə ətraf aləmdən təcrid edir. Rassel məktəbdən aldığı “Yaşlı insanlara kömək” tapşırığını yerinə yetirmək üçün Karlın evinə gəlir. Ancaq heç də xoş qarşılanmayan məktəbli inadından dönmür və Karlın Cənnət Şəlalərinə gedən yolda ən yaxın dostuna çevrilir. Karl keçmişi, Rassel isə gələcəyi simvolizə edir. Karl olmadan Rassel yeni dünyanı kəşf edə bilməzdi. Rassel isə əvəzində Karla yeni həyat bəxş edir.

Onlar Kevin adlı quşun, Daq adlı itin həyatını xilas edir və Karlın uşaqlıq xəyallarının qəhrəmanı, Kevini ələ keçirməyə çalışan Çarlzla ölüm-dirim mübarizəsinə qalxırlar. Sonda isə Karl Ellinin də arzusunu gerçəkləşdirərək Cənnət şəlalələrinə çatır. Karlın tənhalıqdan və problemlərdən qaçışı ona yeni dostlar və həyat eşqi qazandırır. Filmin ötürmək istədiyi mesaj budur: “İnamın varsa, hər şey mümkündür”. Təsadüfi deyil ki, sevgi, dostluq, inam, xeyirin şər üzərində qələbəsi, sadiqlik ideyaları ilə zəngin olan “Yuxarı” tarixdə ilk dəfə 62-ci Kann Film festivalının açılış filmi olur.

 

up001-56a573d75f9b58b7d0dcfb06

Maraqlı faktlar

 

2009-cu ildə ABŞ istehsalı olan “Yuxarı”nın əsasında bir çox maraqlı ideyalar dayanır. Filmin süjet xətti əslində real hadisədən götürülüb. Sietldə göydələnlər arasında “sıxılıb qalmış” evini inadla müdafiə edən Edit adlı qadın tikinti şirkətlərinin milyon dollarlıq təklifini belə qəbul etməyərək evini satmır. Karl da filmin əvvəlində bu cür şirkətlərlə mübarizə aparır və evini satmayaraq onu havaya qaldırır.

Edit “Yuxarı”nın çəkilişindən üç il əvvəl – 2006-cı ildə dünyasını dəyişib.

Əsl dostluğun, sevginin, inam və mübarizənin hekayəsi olan “Yuxarı” haqqında ən maraqlı faktlar:

– “Yuxarı” – “Pixar”ın 10-cu tammetrajlı filmidir.

– Filmin cani qəhrəmanı Çarlz Mantz real həyatda Çarlz Mintsin prototipidir. Mintz 1928-ci ildə Uolt Disneyin məşhur dovşan qəhrəmanı Osvaldın hüquqlarını almışdı. Ancaq bu möhtşəm layihə daha sonra “Universal Pictures”ə keçir. “Disney” isə Osvaldla rəqabət üçün özünün Mikki Mausunu yaradır.

– Rassel Kevin adlı quşu Çarlzın əlindən xilas etməyə çalışarkən itlərin poker oyunu səhnəsi Kassius Kulidcin “İtlər poker oynayır”  seriyasından götürülüb.

– Çadır qurmaq məqamında işinin öhdəsindən gəlməyən Rassel Karl tərəfindən danlanır. Ancaq Rasselin valideynlərinin ayrıldığını və onun ögey anası ilə yaşadığını öyrənən Karlın 8 yaşlı oğlana münasibəti dəyişir. Bu cür dönüşlər əksər “Disney” cizgi filmlərində var. Adətən, ya qəhrəmanların valideyni ölür, ya da bir-birindən ayrılır.

– Karl Fredriksonun xarici görünüşü iki insanın – amerikalı aktyorlar Spenser Treysi  ilə Uolter Mettaunun görünüşündən götürülüb.

– Ekskavatorda və digər tikinti maşınlarında görünən “L 415-72” nömrə nişanı animasiya filminin direktoru Lu Romanonun doğum tarixidir – 15 aprel, 1972-ci il.

Animasiya film tarixinin çox maraqlı nümunələrindən hesab olunan “Yuxarı” 2010-cu ildə “Qremmi”, “Qızıl Qlobus”, “Oskar” və BAFTA mükafatlarına layiq görülüb.

Bölmə : Kino, Manşet
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10