Uşaqlar üçün “On yeddi göyərçin” – Resenziya

8 Baxış

hg

Naxçıvanda yaşayıb-yaradan və Azərbaycan ədəbi mühitinə verdiyi töhfələrlə geniş tanınara rəğbət qazanan Elxan Yurdoğlunun ədəbi yaradıcılığı çoxşaxəlidir.

Bir müddət əvvəl E.Yurdoğlunun uşaqlar üçün nəzərdə tutulmuş şeir və nağıllardan ibarət “On yeddi göyərçin” kitabı işıq üzü görüb. Kitabda müəllifin müxtəlif illərdə uşaqlar üçün yazdığı şeirlər və nağıllar yer alır. Şeirlər mövzu və mündəricəsinə görə bir-birindən fərqli və rəngarəngdir. Biz bu şeirləri məzmununa görə belə şəkildə qruplaşdırdıq: Vətən haqqında, tarixi gerçəklikləri özündə əks etdirən şeirlər; Müxtəlif məzmunu özündə ehtiva edən şeirlər.

Şairin yaradıcılığının aparıcı mövzusu Vətəndir. Xalqına, elinə, obasına bağlı olan şair öz ruhundakı sevgini, bağlılığı uşaqlara da ötürmək istəyir, şeirlərində bu məhəbbəti o qədər canlı təsvir edir ki, həyatın sərt üzündən bixəbər olan, qayğısız, firavan həyat sürən körpə qəlbi bu hisslə dolur, cismi sevgi ilə yoğrulur. Ayrı-ayrı şəhidlərə ithaf olunmuş şeirlərində Elxan Yurdoğlu şəhid Kamranın, şəhid Müşfiqin bədii obrazını yaradaraq onları uşaqlara örnək kimi göstərir.

Elxan Yurdoğlunun soy-kökümüzə, tariximizə bağlılığı mühüm məqamlardandır. Şair Naxçıvanın ayrı-ayrı ərazilərində mövcud olan tarixi abidələri tərənnüm edən şeirlərə yer verməklə uşaqlarda öz keçmişimizə maraq yaradır və bu şeirlər bir növ uşaqların yaddaş kitabına çevrilir.

Şairin “Möminə Xatın” şeiri ata və oğulun dialoqu üzərində qurulmuşdur. Bu kiçik poetik nümunə vasitəsilə müəllif məlum abidənin yaranma tarixini anlatmaqla uşaqlarda tarixi yaddaşın möhkəmlənməsinə nail olur. Atabəylər dövləti, bu dövlətin hakimi Şəmsəddin Eldənizin öz həyat yoldaşı Möminə Xatının şərəfinə abidə ucaltması kimi müəyyən faktların şeirdə yer alması onun tarixiliyini şərtləndirən əsas amillərdəndir. Sonda şairin oğluna ünvanlayaraq dediyi sözlər əslində bütün uşaqlar üçün çağırışdır:

İndi bax, bu abidə,
Bizim tariximizdir.
Tariximiz bizimçün
Anamıztək əzizdir.

Oğul, sən də tarixi,
Bax belə sevməlisən.
Tarixini öyrənib
Əzbərdən bilməlisən.

Uşaq ədəbiyyatı nümunələri yaradan yazıçı uşaqların psixologiyasını, onların yaş səviyyəsini nəzərə almalıdır. Bu barədə Zahid Xəlil və Füzuli Əsgərli “Uşaq ədəbiyyatı” dərsliyində yazır: “Uşaq əsəri yaratmaq üçün sənətkardan böyük bir məharət tələb olunur. Uşaq ədəbiyyatı nümunələri özünün forma yığcamlığı, məzmun aydınlığı, dil sadəliyi, axıcılıq, oynaqlıq və ahəngdarlığı baxımından böyüklər üçün yazılan ədəbiyyatdan fərqlənir. Həmçinin, bu ədəbiyyatda obrazlı ifadələrdən gen-bol istifadə etmək məqbul sayılmır”. Elxan Yurdoğlunun yaradıcılığında biz bütün bu məziyyətləri müşahidə edirik. O, şeirlərində predmetin açılmasında konkretliyə çalışsa da, eyni zamanda müfəssəl təsvirçiliyə də nail olur.

“Üçrəngli bayrağım” şeirində milli qürür yerimiz olan bayrağımız yüksək şərəf hissi ilə anılır:

Dövlətlər arasında
Yolumdur, mayağımdır.
Canımdan keçəcəyim -
Üçrəngli bayrağımdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Elxan Yurdoğlu şeirlərinin mövzusu bir-birindən fərqli və rəngarəngdir. Şairin “Rəngarəng toplar” şeiri elə uşaqların rəngarəng dünyasının poetik təcəssümüdür. Ağ, sarı, yaşıl, qara topu olan balaca bunlardan yalnız qırmızı olanı xoşlayır. Müəllif bu misralarda əlçatmaz ənginliklərdə dolaşan uşaq xülyasının dolğun təsvirini yaradır, onun iki yaşı olmasına rəğmən gələcəklə bağlı arzularının olması oxucuda maraq doğurur.

Elxan Yurdoğlunun şeirlərində uşaqlar dünyada hər şeydən uca tutulur, onların xoşbəxtliyi, firavan yaşaması bütün arzulardan öndə gedir. “Uşaqlar xoşbəxt olsa” şeirinin baş qəhrəmanı olan qızcığaz gəlinciyi ilə oynayarkən onunla birgə keçirdiyi əyləncəli zamandan bəhs edir. Gəlinciyinin də tezliklə böyüməsini, onla birlikdə məktəbə getməsini istəyir. Şeirin sonunda müəllif deyir:

Xoşbəxt olsa uşaqlar
Dünyamız çiçək açar.
Həyatımız gül olar,
Hər yana ətir saçar.

Məşhur rus tənqidçisi V.Q.Belinski uşaq ədəbiyyatına dair mülahizələrində yazırdı: “Uşaq yazıçısının yaranması üçün çox, olduqca çox şərtlər vardır: nəcib, sevən, diqqətli, sakit, körpəcə-sadədil bir qəlb, yüksək məlumatlı bir idrak, predmetlərə aydın bir baxış, yalnız canlı bir təsəvvür deyil, həm də canlı, şairanə bir xəyal, hər şeyi canlı, zəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır. Aydındır ki, uşaqlara qarşı məhəbbət, uşaq yaşının tələb, xüsusiyyət və təfərrüatı dərindən bilmək də ən mühüm şərtlərdəndir”. V.Belinskinin sadaladığı bütün keyfiyyətləri E.Yurdoğlunun şeirlərində görmək mümkündür. O, uşaqlara yüksək insani mövqedən yanaşır, onların dünyaduyumunu hiss edir.

E.Yurdoğlu yaradıcılığını səciyyələndirən mühüm keyfiyyətlərdən biri onun şeirlərinin əksəriyyərtində bəşəri ideyaların əks olunmasıdır. Ədəbiyyatda daim ucalıq, hərarət, səmimilik simvolu olan Günəş obrazı E.Yurdoğlu poeziyasında da eyni funksiyanı yerinə yetirir. Onun qəhrəmanları olan uşaqlar günəş kimi əlçatmaz olmağı, günəş kimi uşaqları üşüməyə qoymamağı arzulayır:

Yaxınlaşıb soruşdum,
- Niyə üzgünsən, qızım?
- Dedi ki, istəyirəm
Günəşə məktub yazım.
Yazım ki, qış gələndə,
Yenə isitsin bizi.
Üşüməyə qoymasın,
Kiçik əllərimizi.

Şeirlərinin böyük əksəriyyətini ətrafındakı uşaqlarn hərəkətlərindən, sözlərindən, ümumiyyətlə uşaqları müşahidə edərək götürən şairin Günəşə fərqli mövqedən yanaşan bir obrazı da var: Qadir. “Qadir günəşdən küsüb şeirində maraqlı sujet var. Balacanın məktəbdə oxuduğu dövrdə ilk dəfə qar yağır və tənəffüsdə sinif yoldaşları ilə qartopu oynamaq istəyir. Dərsin sonunda isə gördüyü mənzərə fərqlidir. Günəş çıxıb və qarı əridib. Beləliklə də qəhrəman Günəşdən küsür. Şeirin sonunda balaca bunu maraqlı şəkildə dilə gətirir:

Bəs deyirdilər Günəş,
Çox sevir uşaqları.
Uşaqları sevsəydi
Əritməzdi qarları.
Ona görə Günəşdən
Küsmüşəm, incimişəm.
Bir də qar yağan kimi
Özümə söz vermişəm,
Qartopu düzəldərək
Vuracağam Günəşi.
Getsin göyü isitsin,
Yerlə olmasın işi.

Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçıların əsas məqsədi uşaq təbiətinin, uşaq aləminin gözəlliyini, yüksək poeziyasını açıb göstərmək, sadə, lakin mənalı obrazlarla onu təsvir etməkdir. Böyük şairimiz Səməd Vurğun demişdir: “Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur. Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxınlıq, hörmət – bütün insan xassələri uşaq aləmində mövcuddur”. Elxan Yurdoğlunun bəhs etdiyimiz kitabında elə şeirlər vardır ki, bunlar sırf yazıçının uşaqlıq xatirələri ilə bağlı qələmə alınmışdır. “Ayrılmaq çətindi sizdən”, “Bibimin nağılları”, “Doğma kənddə uşaqlıq”, “Atamın cavabı”, “Qafar baba” və s. bu qəbildəndir.

Elxan Yurdoğlu şeirləri içərisində məktəb, təhsil, tədrislə bağlı şeirləri də çoxdur. Bunlardan “İlk müəllim”, “Məktəb”, “Kitab” şeirlərini misal göstərə bilərik.

“On yeddi göyərçin” kitabına təkcə poetik nümunələr deyil, nəsr əsərləri də daxil edilib. Müəllifin nəsr əsərləri nağıl üslubunda qələmə alınıb. Bu hekayələri oxuyarkən folklorumuzdan süzülüb gələn təhkiyə ənənələrini, nağıl elementlərini müşahidə edirik. Eynən nağıllar kimi Elxan Yurdoğlunun hekayələri də “biri vardı, biri yoxdu” ifadəsi islə başlayır. Sehirli nağıllara xas fövqəltəbii xüsusiyyətlər burda da özünü göstərir. Məsələn, “On yeddi göyərçin” əsərindəki nənənin sevərək əzizlədiyi göyərçinlər nənə dünyadan köçdükdən sonra da ona sadiq qalaraq ruhən nənənin otağında dolaşırlar. Elxan Yurdoğlu nağılın içində nağıl nəql edir. Kiçik yaşlı oxucular bu nağılı oxuyarkən həm müxtəlif oyun adlarından xəbərdar olurlar, həm də keçmiş xalq adət-ənənələrimizi öyrənirlər. Xalqın özünəməxsus keçmişinin nağıllarda əxz olunması, onların uşaqlara təlqin olunması əhəmiyyətli məsələlərdəndir.

Elxan Yurdoğlunun poeziyasındakı tarixilik nəsr əsərlərinə də sirayət etmişdir. Onun “Qorqud Dədə” nağılında qədimliyi ilə bütün dünyaya səs salmış “Kitabi-Dədə Qorqud” dastanının motivlərindən istifadə olunmuşdur. Eləcə də “Üzən adam” nağılında müəllifin əfsanə motivlərindən yola çıxaraq qələmə aldığı maraqlı nümunə ilə qarşılaşırıq. Bu tendensiya müəllifin digər nağıllarında da özünü göstərir.

“On yeddi göyərçin” kitabı elmi ədəbi və publisistik camiədə öz imzasını uğurla tanıda bilən Elxan Yurdoğlunun uşaq ədəbiyyatı sahəsində, xüsusilə folklorun nağıl janrında da bir-birindən maraqlı və inamla deyə bilərik ki, seviləcək nümunələr ortaya qoyduğunun göstərcisidir. Bu yerdə ədəbiyyatşünas alim Hüseyn Həşimlinin müəllif haqqında söylədiyi bir fikri xatırlatmaq istərdik: “İstedadlı və məhsuldar qələm sahibi Elxan Yurdoğlunun elmi və ədəbi düşüncəsi geniş imkanlara malikdir. Və ən önəmlisi də odur ki, bu genişlik keyfiyyətin zəifləməsi hesabına baş vermir. Elxan Məmmədov həm şair, həm tədqiqatçı, həm də tərcüməçi kimi səmərəli və dəyərli əsərlər ortaya çıxarır (buraya onun aktual mövzularda qələmə aldığı publisistik məqalələri də əlavə etmək yerinə düşər). Bütün bunlar isə Elxan Yurdoğlunun yurda, xalqa əsl övlad sədaqəti və məhəbbəti ilə ziyalı xidmətinin danılmaz göstəriciləridir”. Dəyərli alimin bu fikirləri Elxan Yurdoğlunun haqqında bəhs etdiyimiz uşaq ədəbiyyatı sahəsindəki uğurlu addımı ilə də sübuta yetir.

Son olaraq qeyd edək ki, Elxan Yurdoğlu elmi, bədii, publisistik yaradıcılığında daha çox fərqli mövzularda ümumi məzmunda əsərlərə üstünlük versə də, uşaq ədəbiyyatı sahəsində də peşəkar səviyyədə, uşaq təfəkkürünə, maraqlarına uyğun əsərlər yaratmağa müvəffəq olmuşdur. Onun uşaqlar üçün yazdığı şeirlər və nağıllar bundan sonra da bu sahədə dəyərli yeni nümunələr ortaya qoyacağını deməyə əsas verir.

Gülnar QƏMBƏROVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
525.az