Uşaqlar üçün yeni jurnal – “Yemlik” işıq üzü gördü

175 Baxış

 YEMLIK“Yazı” ədəbiyyat dərgisinin uşaqlar üçün əlavəsi  “Yemliy”in ilk sayı çapdan çıxıb. Bu barədə Senet.az-a açıqlamasında jurnalın baş redaktoru Azad Qaradarəli məlumat verib.

Dərgi məsul redaktor Sevinc Elsevərin giriş yazısı ilə açılır.

Şeir bölməsində  Hüseyn Cavid, Əli Kərim,  Mirmehdi Seyidzadə, Murad Köhnəqala, Nərmin Kamal, Sevinc Elsevərin uşaqlar üçün şeirləri, nəsr bölümündə  Əkrəm Əylisli, Azad Qaradərəli, Rasim Qaraca, Seymur Baycan, Nərmin Kamal,  Mirmehdi Ağoğlu, Aygün Bünyadzadə, Sevinc Nuruqızı, Alov İnna, Əfsanə Laçının hekayələri, Sevinc Elsevərin isə “Donu qırmızı” romanı çap olunmuşdur.

Dərgidə ən maraqlı rubrika yəqin ki, “Uşaq yazıçılar”dır. Burada Nilufər, Ülvi, Nərmin kimi balaca qələm dostlarımızın yazıları yer alıb.

Çevirmə yerində İ.S.Turgenev, Əziz Nesin, Umberto Eko, Madonna, L.Frank Baum  kimi yazarların uşaqlar üçün yazdığı hekayələr, eyni zamanda  müxtəlif ölkələrin xalq nağılları verilib.

“Təbriklər” bölümündə müxtəlif məktəb və bağçalardan olan uşaqlar dərginin əlavəsinin ilk sayını təbrik edirlər.

“Rəssam uşaqlar” rubrikasında Maya, Nərmin, İzel, Rəşidin rəsmləri çap olunub. “Yeni nəşrlər” bölməsində Kitabsevərlər qrupunun senzor.orq saytı ilə birgə çap etdikləri  “Gəlincik evi” kitabı  (dünya uşaq ədəbiyyatından seçmələr) haqqında yazı  yer alıb. İlk iri həcmli – 144 səhifəlik – uşaq dərgisində adını çəkə bilmədiyimiz digər maraqlı yazılarla da tanış olmaq mümkündür.

“Yemilik”də dərc olunan rəsmlərin bir çoxunun (üz qabığı da daxil) müəllifi tələbə rəssam Gülbəs Ayvazdır.

“Yemliy”i həftənin sonunda Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10