“USTAD” ədəbiyyat və sənət dərgisinin təqdimatı keçirilib- FOTO

131 Baxış

ustad teqdimat30

Mətbuatımıza yeni bir dərgi qədəm qoydu. “Ustad”… Dərginin yaradıcı kollektivi özünü şagird adlandırmalı idi, ancaq adlandırmadı. Çünki qarşıdakı məqsədləri çox böyük böyük idi, yüksəlmək, ucalmaq, “Ustad”lığa doğru addımlamaq. Elə baş redaktor Fil.ü.f.d Şəmil Sadiqin jurnalın ön sözündəki “Bacarıqlı şagird mütləq bir gün USTAD olacaq” yazısında bu barədə daha geniş məlumat verilib.

Bu ad onları hər zaman məsuliyyətli olub, daim məqsədləri üzərində daha çox çalışmağa sövq edəcək. “Kitabevim.az” kitab marketində “Hədəf Nəşrləri”nin təsis etdiyi “Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayının təqdimatı mərasiminə toplaşanlar, dərginin ilk sayında yazılanlarla tanış olanlar da bu fikirdə, bu arzuda idilər. Belə bir jurnalın işıq üzü görməsinin ehtiyacdan doğduğu vurğulandı.

ustad teqdimat29Jurnalın ilk sayında fərqli qələm, düşüncə sahiblərinin yazıları dərc edilib. “Ustad” ədəbiyyat və mədəniyyət insanları üçün ortaq mövqedə duran bir jurnal olacaq. Jurnalın baş redaktoru, Fil.ü.f.d Şəmil Sadiq də çıxışında “İlk sayımız çox böyük alimimiz, akademikimiz İsa Həbibbəylinin xeyir-duası, mənim müəllimim Nizami Cəfərovun yazıları ilə başladı. Sıralama ilə tanış olduqda burada Jurnalistika fakultəsinin III, IV kurs tələbələrinin də yazılarının olduğunu görərsiniz. Oxuduqca həmçinin müşahidə edəcəksiniz ki, ədəbiyyat sahəsində fikir olaraq bir yerə gəlməyən insanlar bu jurnalda bir yerdədir.”- deyərək, əsas məqsədlərinin milli ideologiyaya xidmət edəcəyini bildirib.

Bəli, ilk sayda dərc edilən İsa Həbibbəylinin “Ustadlığa doğru”, Nizami Cəfərovun “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Qan Turalının “Ustad”, Elxan Nəcəfovun “Sufilikdən bir az” məqalələrinin jurnalla ilk tanış olanlarda yaratdığı müsbət rəy onun gələcəkdə uğurlu bir dərgi olacağından xəbər verir.

ustad teqdimat31Jurnalın redaktoru Nərgiz Cabbarlı da “Ustad”ın öz oxucusunun olacağına inandığını dilə gətirib: “Gənc nəslin içərisində də, yaşlı nəslin içərisində də, ədəbiyyatsevərlərin içərisində də özümüzəməxsus oxucularımız olacaq. Digər jurnallar içərisində bizim də “Ustad”ımızı axtaranlar olacaq”.

Jurnalın ilk sayında yazıların rəngarəngliyi də onu göstərir ki, hər kəs burada özü üçün maraqlı yazı ilə tanış ola və öz yazılarını dərc edə bilər.

Belə ki, jurnalda həmçinin Nərgiz Cabbarlının Rübabə Muradova haqqında “Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu”, Şəmil Sadiqin “Türk hökmdarlarının sözü və qılıncı”, Dilqəm Əhmədin “Kəmalüddövlə tvitləri”, Salvador Dali “Rənglərin söhbəti”, Fərid Hüseynlinin “Cizgi roman nədir“, Səma Fuadqızının “İtkin düşmüş “Köpək””araşdırma və təhlil yazıları dərgidə yer alıb.

“Ustad”ın ilk sayının ədəbiyyat bölümündə Aslan Quliyevin “Gülümsəyən qız”, Kənan Hacının “Siçovullar üçün darıxan gəmi”, Müşfiq XANın “naŞİR”, Cəlil Cavanşirin “Əyyubun səbri”, Azad Qaradərəlinin “Tanış olmayan yazı” yeni hekayələri, Andre Moruadan “Yaşamaq elmi haqqında gənc dostuma məktub”, Haruki Murakamidən “Yeddinci adam”, Viktorin Orinin “Diş ağrısı, yaxud zavallı Matoren” yeni tərcümələr; Məmməd Arif Şahmar Əkbərzadənin “Səməd Vurğun haqqında dərc olunmamış xatirələr”, Elxan Zalın “Böyük çölün böyük oğlu”, Rəsmiyyə Sabirin yeni şeirləri, Vidadi Babanlı ilə müsahibə “Mən sovet dövrünün yazıçısıyam!” yazıları çap edilib.

Təqdimat mərasimi iştirakçıları qarşısına böyük məqsədlər qoymuş jurnalın kiçik kollektivi ilə də tanış oldular. Gələn qonaqlara jurnalın ilk sayı və Fil.ü.f.d Şəmil Sadiqin yeni çapdan çıxmış “Yuxu maşını” kitabı hədiyyə edildi.

Təqdimat mərasimi iştirakçıların maraqlı fikirləri, “Ustad”ın gələcəyinə böyük ümidlərin olmasının dilə gətirilməsi ilə, xoş arzularla yadda qaldı.

Sonda “Ustad”ın yaradıcı kollektivi ilə fotolar çəkdirildi.

Həyata yeni qədəm qoyan “Ustad” ədəbiyyat və sənət dərgisinin kollektivini isə qarşıdakı böyük məsuliyyət tələb edən gərgin iş gözləyir. Sizdən isə heç yerdə (sayt, dərgi, kitab) yayımlanmayan əsərlərinizi info@senet.az e-mail ünvanına gördərməyiniz xahiş olunur.