“Ustad” dərgisinin 26-cı sayı işıq üzü gördü

22 Baxış

ustad paylsim

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 26-cı sayı nəşr olunub. Redaksiya heyətindən senet.az-a verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın Novruz əhval-ruhiyyəli budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

 

Dərgi baş redaktor Şəmil Sadiqin “Dəvətnamə” adlı hekayəsi ilə başlayır. Ədəbi mətn müəlliflərindən Müşfiq XAN (“Meybaz” hekayəsinin davamı), Xanım Anela (“Yadlıq” hekayəsinin davamı, “Hərraclarda misli görünməyən məbləğə satılan 5 nadir kitab” və “Son illər kitablar əsasında çəkilmiş ən keyfiyyətli 7 film” məqalələri), Fərid Məmmədov (“Absurd etüdlər” hekayəsi), Fəriba Vəfi (“Okeana baxan daxma” hekayəsi, tərc: Ceylan Mumoğlu), Şəhla Aslan (“Bu cavanlar niyə fışqırıq çalmır?” hekayəsi) və Nəcib Məhfuz (“Şəhrizad” hekayəsi), araşdırma məqalə və esse müəlliflərindən Ceylan Mumoğlu (“Buta”), Xanəmir Telmanoğlu (“Yaz”), Sərxan Əziz (“Qeyri-qanuni ədəbiyyat”), Xəyalə Murad (“Yeyilən kitablar və ya dünyanın ən qeyri-adi kitabları”) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir. Bundan əlavə, kino və sənət haqqında yazılar – Nicat Həşimzadədən “Torpaq, dəniz, od, səma” və Nəcəf Əsgərzadədən “Rasim niyə Felliniyə çevrilə bilmədi?” yazısı, Xavər Zahirdən “Sandro Bottiçelli: Baharın gizlədiyi sirlər” araşdırması dərgidə yer alıb.

 

Poeziya bölməsində Səbuhi Şahmursoyun şeirləri çap olunub.

 

“Qol qoyduğum işlər hər zaman öz sektorlarında ən yaxşılardan olublar” deyən aktrisa Zülfiyyə Qurbanova isə “Ustad”ın müsahibidir. Müsahibəni Cavid Qədir götürüb.

 

Dərginin 26-cı sayında, həmçinin “ÜstAd” uşaq yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblərin və münsiflərdən yüksək bal almış uşaqların yazıları dərc olunub.

 

“Ustad” dərgisinin 26-cı sayını kitabevim.az mağazalar şəbəkəsindən əldə edə və ya “Hədəf” nəşrləri ilə əlaqə saxlayaraq abunə yazıla bilərsiniz.