“Ustad” dərgisinin 27-ci sayı işıq üzü gördü

33 Baxış

19

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 27-ci sayı nəşr olunub.

Redaksiya heyətindən Senet.az-a verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın aprel ayına təsadüf edən bu sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

 

Dərgi şef redaktor Müşfiq Xanın “Meybaz” adlı hekayəsinin davamı ilə başlayır. Ədəbi mətn müəlliflərindən Dürdanə Ramazanlı (“Xilaskar” hekayəsi), İvan Bunin (“Yüngül nəfəs” hekayəsi, tərc: Ceylan Mumoğlu), Əfsanə Nəsirova (“Gözəgörünməz qadın” hekayəsi), Şəfa Vəli (“Ölü doğulan şeir” hekayəsi), Ceylan Mumoğlu (“Skrinşot” hekayəsi), Aysel Fərzəliyeva (“24 saat” hekayəsi) və Xanım Anelanın tərcüməsində “Dünyanın ən qısa hekayələri” silsiləsi, araşdırma məqalə və esse müəlliflərindən Xanım Anela (“Oxumaq – beynin inkişafıdır” araşdırma məqaləsi), Xəyalə Murad (“Artur Konan Doyl və Spiritualizm” araşdırma məqaləsi), Nicat Həşimzadə (“Musiqinin Üzeyiri, Hacıbəylinin Azərbaycanı” məqaləsi), Aybəniz Həsənova (“Aleksandr Von Humboldt ilə təbiəti yenidən kəşf etmək” məqaləsi) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir. Bundan əlavə, kino və sənət haqqında yazılar – Nuranə Abbasovadan “Faciəyə qarışmış sevgi hekayəsi – Titanik” məqaləsi, Xanəmir Telmanoğludan “Maleviçin “Qara kvadrat”ı və yaxud başqa qara dairə” essesi və Xavər Zahirdən “Bauhaus: Dizayndakı inqilabın 100 ili” araşdırması dərgidə yer alıb.

 

Poeziya bölməsində Ələsgər Əhmədin silsilə şeirləri çap olunub.

 

Təsadüfən hansımızsa Oskar ala bilərik, amma davamlı olmayacaq” deyən rejissor Şamil Əliyev isə “Ustad”ın müsahibidir. Müsahibəni Cavid Qədir götürüb.

 

“Ustad” dərgisinin 27-ci sayını kitabevim.az mağazalar şəbəkəsindən əldə edə və ya “Hədəf” nəşrləri ilə əlaqə saxlayaraq abunə yazıla bilərsiniz.