“Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsinin qalibi olmuş hekayə

49 Baxış

^EBDE349F6AD8E852E42DF85F74C54EEF6845671CF00D7E5C25^pimgpsh_fullsize_distr

Dar ağacı – Rəşad Babalı

 

– Yoldaş Nəsib, bir bura bax.

Nəsib bəy atının başını gəncəli Ələsgərin dediyi tərəfə döndərdi. İki gündür yanan evlərin xarabalığından tüstülər qalxırdı. Bir qədər getdikdən sonra önündə üç meyit gördü. Onlardan birini görən kimi sifətinin rəngi dəyişdi. Yaxınlaşıb diqqətlə baxdı. Daha da əmin olmaq üçün Ələsgərdən meyiti arxası üstə çevirməyini istədi. Ələsgər ağırlaşmış cəsədi birtəhər çevirəndən sonra Nəsibdən qeyri-ixtiyari nalə qopdu:

– Aman Allah!

Gördüyü meyit atasının ailəvi dostu Mustafa dayının idi. Mustafa kişi həm də onun sevdiyi qızın atasıydı.

Nəsib bəy Şamaxının məşhur bəylərindən Şıxəli bəyin kiçik oğluydu. İki oğlu, üç qızı olan Şıxəli bəy böyük oğlunu özü kimi böyütmüşdü. Təsərrüfatını özündən sonra ona həvalə etmək fikrindəydi. Nəsibi isə oxumağa meyilli olduğundan əvvəlcə rus-tatar məktəbinə, sonra Tiflisdəki gimnaziyaya, oradan da Kiyevə göndərmişdi. Nəsib bəy Tiflisdən başlayaraq təlatümlü həyat keçmişdi. Gimnaziyada sol görüşlü müəllimlə və sinif yoldaşlarının təsiriylə sol ədəbiyyata meyil etmişdi. Bu kitabları hətta özüylə Şamaxıya belə gətirmişdi. Əvvəl eserlərə, müharibə başlayandan sonra isə bolşeviklərə qoşuldu. Gizli təşkilatlara üzv oldu. Hətta bir dəfə Kiyevdə polis onu yaxalayıb həbsə salsa da, atasının göndərdiyi pulla iki ay sonra azad olmuşdu.

Sosial siniflər arasındakı bərabərsizlik, əzən sinif, proletar, zəhmətkeş, yoldaş sözləri dilindən düşməzdi. Şamaxıda böyüdüyü dostlarıyla artıq sözü tutmurdu. Uşaq vaxtı atasının erməni çobanı Samveli necə döydüyünü xatırlayırdı: Şıxəli bəy atın üstündə qamçıyla dayanmadan Samveli döyür, “Heyvanlar hanı?” deyirmiş. Onda Nəsib bəy dörd-beş yaşındaydı. Sol görüşlü insanların propaqandasını əxz etməyində bu hadisə önəmli rol oynamışdı. Buna görə də atasına bir xeyli acığı da vardı.

Ələsgər atını gətizdirib Nəsib bəyin yanına yaxınlaşdı. Nə qədər tənbeh olunsa da, “Nəsibə bəy” deyə müraciət etdi:

– Bəy, gəl qayıdaq Bakıya. Şaumyanın dediyi kimi deyil bunlar. Qayıdaq orada araşdıraq. Ancaq müsəlmanları qırıblar. Sinfi mübarizə yoxdu burda.

Gördüklərindən dəhşətə gələn Nəsib bəy Ələsgərin sözünü hiddətlə dinləyib razılıqla başını tərpətdi. İkisi də yola düşdülər. Mərəzə yaxınlığında bir kənddə gecələyib, səhər üzü inqilab və qoxan şəhərə yollandılar. Aprel olsa da, dağların soyuğu hələ çəkilməmişdi.

Nəsib atasının can dostu Mustafanın qızı Nərgizi sevirdi. Atası bundan əvvəlcə xoşlanmasa da həm ailənin vəziyyəti, həm də qızın özünə görə razılıq vermişdi. Çünki Mustafa Şamaxı zəlzələsi zamanı Şıxəli bəyin ailəsinə çox böyük yardım etmişdi. Həm də özünü dürüstlükdə, etibarda yaxşı göstərmişdi. Zəhmətkeş, amma imkanlı kəndliydi. Kimsəyə ağız açmaz, əvəzində kömək etdiyi adamların sayı-hesabı yox idi. Elçilikdən sonra Nərgiz xəstələndi. Şıxəli bəy gələcək gəlinini həm qışı rahat keçirmək, həm də müalicə etdirmək üçün Göyçaydakı qışlağına göndərmişdi.

Nəsib bəy Bakıya çatan kimi özünü komissarlığın qərargahına yetirdi. Qabağına çıxan Əzizbəyovun az qala yaxasından yapışacaqdı. Özünü ələ almağa çalışsa da, yenə səsində qəzəb hiss olunurdu:

– Yoldaş Əzizbəyov, Şamaxıda baş verənlərdən xəbəriniz varmı?

– Bilirik, yoldaş Nəsib. Əks-inqilabçı ünsürlərin təhrikiylə ermənilərlə müsəlmanlar yenə bir-birilərini qırıblar.

– Yalan deməyin. Bakıdan ora köməyə xeyli erməni gedib.

– Onlar təkcə erməni deyildilər. Hər millətdən vardı.

– Ermənilər idi. Camaat deyir, bizi Bakıdan gələnlər qırdılar.

– Onlara inanmayın. Əlimizdə sənədlər var…

– Mən görüb gəlmişəm.

– Bura baxın, yoldaş Nəsib. Siz bizimləsiniz, yoxsa burjualarla?

– Mən haqqın yanındayam.

– İnanıram. Hə, yeri gəlmişkən, silahınızı təhvil verin. Sonra gördükləriniz barədə ətraflı məruzə edərsiniz.

Binadan çıxanda onları üç nəfər silahlı izləyirdi. Əllərindəki naqan və beşaçılanları təhvil versələr də, Ələsgərin çəkməsində bir revolver vardı. Onlar bundan xəbərsizdi.

Təqib edildiklərini və arxalarıyla gələnlərin sadəcə onları izləmədiklərini anlamışdılar. Atlarına minib sürətlə Dağlı məhəlləsinə tərəf getdilər. İzləyənlər də onları gözdən qoymamağa çalışdılar. İki həftə əvvəl baş verən qırğından sonra küçələrdə adamların sayı xeyli azalmışdı. Nəsiblə Ələsgər, demək olar, boş küçələrlə şəhərin yuxarı hissəsinə tərəf irəliləyirdilər. Nəhayət, Dağlı məhəlləsinə çatıb əyri küçələrə buruldular. Təqibçilər də gözdən qoymamağa çalışırdılar. Nəsib boz taxtalı evin yanına çatan kimi atdan düşdü. Ələsgərə də işarə edib, onunla gəlməsini işarə etdi.

Həyət geniş idi: kürsülü dörd otaqlı evdən və həyətdəki yardımçı otaqlardan ibarət idi. Nəsib otaqlardan birinə keçib, əlində tüfənglə çıxdı. Ələsgərə evə girib gizlənməyi tapşırdı, işarə verərsə birbaşa vurmasını dedi.

Təqibçilər əvvəlcə girməyə tərəddüd etdilər. Əvvəl birinin başı göründü. Sonra bədəni içəri girdi. Həyətdə sakitlik olduğunu görüb digərlərini də çağırdı. Birbaşa evə tərəf getdilər. Deyəsən, Ələsgər nəyəsə toxunub səs salmışdı. Qapını açmaq istəyirdilər ki, Nəsib birini vurdu. Qalan ikisi Nəsibə tərəf çevrilib atəş açmaq istəyəndə Ələsgər ikincisini vurdu. Üçüncüsünü isə ayağından yaraladı. Ağrıdan gah zarıyan, gah qışqıran təqibçi silahına əl atmaq istəyəndə artıq gec idi. Nəsib beş açılanı üzünə tuşlamışdı.

– De görüm, kimsən və səni kim göndərib?

Yaralının bu dildən anlamadığı hiss olunurdu. Nəsib rusca təkrar etdi. Adı Motvey olan bu əsgər Anadolu cəbhəsindən Rusiyaya qayıdanlardan idi. Aylardı çıxarmadığı şineli hisdən, kirdən rəngini itirmişdi. Əsgərdən dəhşət kir iyi gəlirdi. Sonuncu dəfə nə vaxt çimdiyini belə unutmuşdu. Qarsdan Bakıya qədər ətraf kəndlərdən çırpışdırdıqları ərzaqlarla dolanmışdılar. Bakıya düşəndən sonra ermənilər bir az normal yemək vermişdi. İki aydan çox idi ki, “bu gün-sabah” deyib onları gözlədirdilər. Motvey illərdi üzünü görmədiyi ailəsinə qovuşmağı arzulayırdı. Onun bəzi əsgər yoldaşları özbaşına yola düşsələr də, bu risk etməmişdi. Özbaşına deyəndə ki, onsuz da 1917-ci ilin fevral inqilabından və həmin ilin oktyabr çevrilişindən sonra orduda əməlli-başlı dərəbəylik hökm sürürdü. Əsgərlərə zabitlərinin əmrlərini yerinə yetirməməkdə sərbəst olduqlarını demişdilər. Müvəqqəti hökumətin bu dekretindən sonra bütün cəbhə boyu zabitlərin tabeçiliyindəki əsgərlər tərəfindən öldürülməsi halları çoxalmağa başladı. Eyni hal Qafqaz cəbhəsində də baş verirdi. Minlərlə əsgər silahlı-silahsız döyüş postunu atıb ya evlərinə gedir, ya bolşeviklərə qoşulur, ya da quldurluqla məşğul olurdu. Qatı provaslav olan Motvey quldurluğa gedən dostlarına qoşulmayıb evinin yolunu tutmuşdu. Amma hələ Bakıda yubanırdı. Daşnaklar onlara pul və qənimət söz vermişdilər.

– Mən, mən, məəəən günahsızam. Samvel komandir bizi sizin arxanızca göndərdi ki, izləyək, görək hara gedirsiniz.

– Hansı Samvel?

– Daşnakların komandirlərindən biridi. Mənimlə gələnlər yolda dedilər ki, bu müsəlman gizlətdiyi qızılların yanına gedir. Gedib qızılları gətirəcəyik. Sənə də pay düşəcək, dedilər. Sizi öldürmək istədiklərini bilmirdim. Müqəddəs Ruha and olsun!

Nəsib bəy silahı hələ də rus əsgərinə tuşlamış, Ələsgər də hər ehtimala qarşı əlini tətikdə saxlamışdı. Yaralı əsgərin artıq təhlükəli olmadığını görüb silahları endirdilər. Həyəcanları yatmışdı. Tuşlanan silahların aşağı endirildiyini görən Motveyin də həyacanı keçmişdi. Bu dəm ayağındakı yara yadına düşdü. Güllə budu dağıtmışdı. Sümüyə dəyməsə də, əti parçalamışdı. Ağrıdan inildəməyə, zarımağa başladı.

– Nəsib bəy, bunu neyləyək? Sağ qoysaq, bizi satacaq.

– Onsuz da bunların qayıtmadığını görüb arxalarınca gələcəklər. Qərargahda bizim evi bilənlər mütləq var. Əvvəl-axır gəlib çıxacaqlar. Gəl, belə edək. Gedib qonşudan arabanı alım, nə lazımlı, qiymətli şey varsa yığıb gedək.

Bunu deyən Nəsib çöl qapının arxasında itdi. Çox keçmədi, əsəbi halda geri döndü.

– Qonşu yoxdu, arabası da yoxdu. Yəqin, o da qaçıb. Yazıq neyləsin... Canlarını qurtarıblar.

– Bəy, bunu neyyək?

Nəsib yenə çölə çıxıb tez də qayıtdı.

– Bunların atları var. Yükləyək atlarına. Rusu da sal içəri, ağzını bağlayaq. Bəxti gətirsə onu tez tapacaqlar. Əvvəlcə əlini-ağzını bağlayaq.

Motvey nə qədər dilə-dişə tutsa da, yalvarsa da xeyri olmadı. Kəndirlə əl-ayağını bağlayıb, ağzına əski soxdular. Sonra evdəki əşyalardan qiymətli və atlara yüklənəcək nə varsa,yerbəyer elədilər. Bir saatdan sonra artıq yoldaydılar.

Üzü Gəncəyə yol aldılar. Əsas yollar bolşevik və daşnakların nəzarətindəydi. Bunda görə də məcbur olub aşağı yolla getdilər. Göylərçöl istiqamətindən keçib Ağsuya girdilər. Kiçik bir kənd olan Ağsu Şamaxıdan və Bakıdan olan qaçqınlarla doluydu. Əksəriyyəti orada çox da yubanmayıb üzü günbatanagedirdi. Yollarda arabalar, piyada, atlı insanların izdihamı vardı.

Nəsibgil iki gündü yol gedirdilər. Gecəni kiçik mağarada keçirmişdilər. Erməni-rus əsgərlərindən savayı qaçqınları qoymaqla məşğul olan xırda quldur dəstələri də vardı. Onlarla rastlaşmamaq üçün ehtiyatla gedirdilər.

Nəsib, nəhayət, özünü atasının Göyçaydakı qışlağına yetirdi. Atası Şıxəli ətrafındakı əlliyə yaxın silahlıyla hələ də Şamaxıda idi. Ermənilərin əlində olan sakinləri gecəylə hücum edib azad edirdilər. Bəziləri qisas almaq üçün erməni kəndlərinə soxulurdu.

– Oğlum, səndən nigaran qalmışdıq. Dedik, yəqin, hələ də oralardasan. Qardaşın o gün dedi ki, gəlmisən. Şükür, salamatsan.

Şükufə xanım oğlunu bağrına basdı, Ələsgərə də başıyla salam verdi.

– Ana, dostum Ələsgərdi. Gəncəlidi. Rusiyadan bir gəlmişik.

Nəsib “əqidədaşımdı” – demək istəsə də, dili varmadı. Artıq onun özünün də əqidəsinə baxışı qarışmışdı. Həm də əqidə indi düşünüləcək ən axırıncı şey idi. Eli-obası ölümdən dönmüşdü. Şıxəli bəy ailəsi və qohumlarını vaxtında çıxara bilmişdi. Digərlərinin onlar kimi bəxtləri gətirməmişdi.

– Ana, başqa kimlər xilas olub?

– Oğlum, Mustafa dayını öldürüblər. Meyitini atan dünən gətirdi. Deyirlər, onların kəndinə qapımızın iti hücum edib.

– Nə it, ana, qudurmuş itlər?

– Yox, ay bala, Samveli deyirəm. Dədənin erməni nökəri. Allah onun bəlasını versin!

Qadın bunu deyib ağladı. Nəsib eşiyə çıxanda gözləri Nərgizi axtardı. Qız görünmürdü. Ayrı vaxtı sevdiyi qızın adını valideynlərinin yanında çəkməkdən utanan Nəsib bu dəfə vəziyyətin ayrı cür olduğunu hiss edib, cəsarətləndi:

– Nərgiz hanı, ana, gözümə dəymir?

Şükufə xala elə bil sualı eşitmədi. Nəsib bir də təkrar etdi. İkinci dəfə ana gözlərini qoluna silib:

– Aşağıdakı evdədi. Atasının meyitini görəndən bəri özünə gələ bilmir. Yazıq qız üz gözünü nə günə qoyub, – dedi.

Nərgiz Nəsibin səsini eşidib otaqda olduğunu təsdiqlədi. Yanında kiçik bacısı da vardı.

– Xoş gəldin, Nəsib qardaş!

– Sağ ol, Mənzər.

– Gedim, su gətirim bacıma.

Mənzər nişanlıların qısa da olsa tək qalmasına bilərəkdən imkan yaratdı: uzun zamandır görüşməyən sevgililər ürəkdən salamlaşsınlar deyə. Ancaq bir az yubanmaqla qayıtsa da, Nəsib qapının ağzında qoyub getdiyi kimi qalmışdı. İkisi də başını aşağı salmışdı. Sonra Nərgiz baş verənləri bir-bir anlatdı. Ermənilərin Şamaxıya doğru gəlməsi barədə şaiyələr yayılmışdı. İnsanlar təşviş içindəydilər. Bəziləri ailələrini götürüb getməyə başlamışdılar. Beş gün sonra Şamaxıdan bir atlı gəlib ermənilərin şəhərdə qırğın törətdiyini bildirmişdi. Bunu deyəndən sonra yenidən çıxıb gedibmiş. Eyni xəbəri axşama yaxın başqa bir atlı da xəbər veribmiş. Artıq insanlar kənddə qalmağın təhlükəli olduğunu anlamışdılar. Atı, eşşəyi olan varını-yoxunu yığıb, tələsik yola düzəlmişdi. Az qisim insan inanmayıb kənddə qalmışdı. Nərgizgilin ailəsi də kənddən çıxanlar arasında olub. Şıxəli bəyin qışlağına üz tutublar. Mustafa kişi arvadını, iki oğlunu və iki nökərini qışlağa qoyandan sonra, geri qayıtmalı olub. Bibisi Sona xanımı da götürməliymiş: xəstəlikdən ayaqları tutulan arvadı heç kim götürməyibmiş. Mustafa kişi kəndə girəndə ermənilər artıq bir-bir evlərə girib talayır, qalanları öldürürmüşlər. Kəndə gedən yolda azı iyirmi meyit saymışdı. Kəndin küçələrində eləcə meyitlər vardı. Mustafa kişi bibisinin evinə çatıb qadını tez evdən çıxartmaq istəyib. Qadının xəstə halı onların yubanmasına səbəb olub. Həyətə girən ermənilər kandardakı arvadı vurublar. Bunu görən Mustafa tüfənglə ermənilərdən birini öldürüb, digərini isə yaralayıb. Amma həyətə soxulan ermənilər Mustafanı dəlmə-deşik ediblər. Sonra ikisinin də meyitini sürüyüb küçəyə atıblar. Bəstəboy bir erməni də qonşu Yavərin meyitini sürüyüb bunların yanına atıb. Mustafa kişinin ölməsini hadisədən iki gün sonra ora gedənlər görüblər. Kənddə qalanlardan, demək olar, kimsə xilas olmayıb.

Nəsib nişanlısının atasının meytini gördüyünü Nərgizə demədi. Onsuz da ağlamaqdan gözləri şişmiş, üzündə həyat əlaməti yoxa çıxmış qızın dərdini artırmaq istəmədi. Başını aşağı salıb səssizcə durdu. Nə deyəcəyini bilmədi. Təsəlli verməyə sözlər axtarsa da, seçdiyi kəlmələr beynində ələndikcə, ələnirdi. Sonda susmağa qərar verdi. Faciə istiydi, bir az soyumalıydı.

Aprel ayında aranda gündüz hava isti olsa da, gecələr soyuqlaşırdı. Nəsib Rusiyadan gətirdiyi dəri pencəyini çiyninə salıb, çölə çıxdı. Papirosundan götürüb həyətdə var-gəl etməyə başladı. Son həftədə gördüyü şeylər onu elə dəyişmişdi ki, baş verənləri anlaya bilmirdi. Tiflisdə başlayan solçu düşüncəsi Kiyevdə bolşevikliyə qədər varmışdı. Universitetdə özü kimi zadəgan ailələrinin uşaqlarının sol düşüncələri mənimsəməsi onun da bir solçu kimi yetişməsinə səbəb olmuşdu. Ali məktəbi bitirdikdən sonra kənddə az qalmış, geri dönüb orada işləməyə qərar vermişdi. Dayısı oğlunun toyunda uşaqlıqdan tanıdığı Nərgizi görüb aşiq olmuşdu. Ona elçi göndərib yenidən Kiyevə qayıtmışdı. Atası Şıxəli bəy oğlunu nə qədər dilə tutmuşdusa Nəsib bəy təməlli geri dönməyə razı sala bilməmişdi. Əlacsız qalan Şıxəli bəy oğluna iş qurması üçün müəyyən qədər pul da göndərmişdi. Ancaq üç ay keçməmiş Nəsib atasından yenə pul istəmişdi. Guya, dükanı zərərlə işləyirmiş. Müştəri yığmaq üçün vaxt lazım imiş. Əslindəsə o, atasının pullarını siyasi amalı uğrunda sərf edir, gizli yeraltı təşkilatlara verirdi.

1917-ci ilin fevral çevrilişindən sonra Nəsib açıq fəaliyyətə keçmiş, Partiya ona vəzifələr vermişdi.

Əvəlcə Rastova, sonra isə Dağıstana gedir. Müsəlman olmasına görə Şimali Qafqazda bolşevik ideyalarının yerli əhali arasında yayılmasında iştirak etməliydi. Ancaq uğursuz olur. Daha sonra Həştərxana üz tutur, ta 1918-ci ilin martına qədər orada işləyir. Martda Bakıda hadisələr qızğın hal alanda heç kimə demədən Ələsgəri də götürüb Bakıya gəlir. Özbaşına gəlsə də, kimsə ona irad tutmur. Ona görə ki, irad tutmağa macal yox idi. Bakıda qırğınlar təzə bitmiş, küçələrdə meyitlər qalmaqda idi. Bolşevik yoldaşları əsl səbəbi deməsələr də, Nəsib hiss edir ki, ondan həqiqətləri gizlədirlər. Erməni-müsəlman davası yox, müsəlmanların birtərəfli qırğını olub. Ata yurdu Şamaxıda da silahların dilləndiyini eşidən kimi ora getməyi qərara alır. Bakı komissarlığında birtəhər dilə tutub özünü bölgəyə gedən komissiyanın tərkibinə sala bilir.

Nəsib bütün bunları düşünə-düşünə inandığı ideyanı sorğulayırdı. Bütün şüurlu həyatı boyunca inandığı dəyərlər insan qırğınının qarşısını ala bilməmişdi. Sinfi mübarizədə mənsub olduğu zadəgan təbəqəsinə belə, qarşı çıxmağı gözünə alsa da, gördüyü mənzərələr onu sarsıtmışdı. Axı bu, necə ola bilərdi? İnsanlar əzənlər və əzilənlərdən ibarət deyildimi? Bəs ödürülənlər kimlər idi? Əzənlər, ya əzilənlər? Proletariat bunun harasındaydı? Düşünməkdən beyni az qala suluq bağlayacaqdı. Ard-arda üç papiros çəkib evə girdi. Səhərisi Ələsgərlə Gəncəyə getdilər.

Yay təzə girmişdi. Göyçayın düzü istidən burxar-buxar olmuşdu. Günəş var qüvvəsilə odunu ələyir, yeri əridib həlimə çevirmək istəyirdi. Kəndin sağ tərəfindəki təpəciklərdə yüzlərlə əsgər çadır qurub əmri gözləyirdi. İstiyə baxmayaraq silahlar təmizlənir, mərmilər paylanılır, topların əyri-əskiyinə baxılır və döyüşə hazır vəziyyətə gətirilirdi. Yerli əhali burada bu qədər əsgərin olmasını nə görmüş, nə də eşitmişdilər. Gələnlər dillərini başa düşdükləri Anadolu insanıydı. Ətraf kəndlərdən insanlar ora axışır, kimisi sadəcə maraq üçün baxır, kimisi də ərzaq və lazımı əşyalar gətirirdi. Marağa gələnlərin çoxalmasını görən yüzbaşı Mürsəl, nəhayət, onları oradan qovmaq qərarına gəldi.

– Hadi bakalım, işiniz-gücünüz yokmu sizin? Buralar çok tehlikeli. Ruslar ateş açarlarsa size de isabet ede bilir. Hadi, gidin burdan!

Lakin onun bu xəbərdarlığına çoxu məhəl qoymurdu. Sözünün keçməməsini görən yüzbaşı tapançasını çıxarıb, göyə atəş açmağa məcbur oldu.

– Hadi, gidin, dedim ya. Yararlı olacaksanızsa, gidin ailənizin yanına!

Güllə səsinə və yaxınlaşan əsgərləri görən tamaşaçılar uzaqlaşmağa məcbur oldular. Kənardan atın üstündə bu mənzərəni izləyən Nəsib bəy adını eşidib çevrildi. Yerli atlılardan ibarət dəstənin rəhbəri Hüseynəli bəy Qaraxanlı Osmanlı çadırlarının yanında silahdaşlarını başına yığıb təlimatlandırırdı. Nəsib bəy on nəfərlik kiçik qrupun rəhbəriydi. Nuru paşanın başçılığıyla yardıma gələn Osmanlı ordusuna yerli əhalidən də qatılanlar vardı. Onların bəziləri süvari birliklərdə idi.

– Nəsib, ermənilər Lahıc yolunda görünüb. Dağ istiqamətindən gələ bilərlər. Uşaqları hazırlamısanmı?

– Hamısı hazırdı, bəy. Güllələri də alıb çıxacıq.

– Lahıc yolunda sizi bir nəfər qarşılayacaq. “Axtardığınızı tapdınızmı?” – deyə soruşan olsa, bilin ki, həmin adamdı. O, sizə bələdçilik edəcək. Siz sadəcə kəşfiyyat aparın. Məcbur olmadıqca güllə atmayın. Haydı, yubanmayın! Gətirdiyiniz xəbər bizə hava-su kimi lazımdı.

Nəsib bəy başının dəstəsini işarəylə arxasınca səslədi. Atlar bir az aralıda ağaclara bağlanmışdı. İki nəfər güllələri yolda payladı. Hər kəs sursatını alıb, patrondaşlarına doldurdu. On dəqiqə sonra dəstə artıq yoldaydı.

Günortadan sonra xeyli yol qət etmişdilər. Bir bulağın yanına çatanda kiçik fasilə verməyi qərara aldılar. Əvvəlcə özləri içdi, sonra isə atlara su verdilər. Papiros çəkənlər kisələrini çıxarıb, tütün eşməyə başladı. Bu dəm gözətçi kimi qoyduqları Mərdan tez gəlib bəyə xəbər verdi:

– Bəy, bir nəfər bizə sarı gəlir. Yerli adama oxşamır. Geyimi ruslarınkındandı.

– Hazır olun. Baxın, görün ətrafda ondan başqa kimsə yoxdu ki?

Xrom çəkməli adam yaxınlaşmağa az qalmış uzaqdan qışqırdı:

– Axtardığınızı tapdınız?

Atlı dəstə rahatlandı. Hüseynəli bəyin dediyi adam buymuş, demək. Bələdçi yaxına gəlib özünü təqdim etdi:

– Qasımdı adım. Bahadır bəyin qardaşı oğluyam. Mənə dedilər, Lahıc yolunda sizinlə olacam. Erməni dəstələri hay salıblar buralara da. Xəbər göndəriblər ki, osmanlıları iti qovan kimi qovub, sizi də burdan sürgün edəcik. Millət qorxu içindədi. Kişilər silahlanıb, amma silah-sursat çatışmır. Qalmışıq belə. Bircə ümid qalıb bu türklərə.

– Bu gecə qalmağa yerimizi göstərərsən.

– Başü üstə, bəy. Yolumuzun üstündə kiçik kənd var. Hava qaralandan sonra gedərik. Malakanlarburalarda tez-tez olur. Onlar da ermənilərlə əlbirdilər. Şamaxıda çox hoqqalardan çıxıblar. Onların gözünə görünməyək. Ona qədər gedək, qarşıda bir yer var, yoldan görünmür. Axşama qədər vaxt keçirək, həm də məsləhətləşək, görək, necə edəcik.

Bir azdan dəstə tərpəndi. Yolboyu əkin sahələrində adamlar gözə dəymirdi. Ayrı vaxtı dağ yamaclarında otlayan mal-qoyundan da əsər əlamət yox idi. Dörd-beş arabada qız-gəlinlər üzü arana doğru gedirdilər. Nəhayət, gəlib deyilən yerə çatdılar. Onsuz da şər qarışırdı. Hava qaralan kimi kəndə girdilər.

Əlli-altımış evdən ibarət kənddə onların gəlişini ancaq bir-iki it hürüşməsi qarşıladı. Gecələyəcəkləri ev kəndin kənarındaydı. Yavaş-yavaş, bir-bir həyətə girdilər. Atları tez tövləyə salıb ağzını bağladılar ki, səsləri eşidilməsin. Evdə onları daha bir nəfər gözləyirdi:

– Xoş gəlmisiniz. Yeməyiniz hazırdı. Çay da var. Yuyunmaq istəyən, namaza duran varsa, bu otağa gəlsin.

Atlılar yeməklərini yeyib, yatmağa getdilər. Səhər gün doğmamış yola çıxmalı, ermənilərin hara gedəcəklərini bir-bir izləməliydilər. Elə həmin axşamı da geri qayıtmalıydılar – bu dəfə yubanmadan.

– Qasım, geyimin maraqlı gəldi mənə.

– Bəy, malakanlar məni kommunist kimi tanıyırlar. Keçən ilə qədər Rusiyada olmuşam. Atam ölən kimi gəldim təsərrüfat başına. Elə bu cür də geyinirəm. Öyrəşmişəm. Bu geyimlə onların etibarını qazana bilmişəm. Görək nolur.

Nəsib bəy səhərə qədər gözünü yummadı. Yenə eyni şeylər gözünün qabağına gəldi. İllərdi inandığı, heç nəyini əsirgəmədiyi ideologiya gözünün qarşısında sürətlə əriyirdi. Sinfi mübarizə onun nəzərində milli mübarizənin köksündə sönürdü.

Səhər namazından sonra dəstə həmən kənddən çıxdı. Gedəcəkləri yol bir saatlıq məsafədəydi. Nuxaya gedən karvan yolunun üstündəki qayalıqda pusqu qurub, yolu güdməliydilər.

Deyilən yerə çatıb mövqelərini tutdular. Atlarını yoldan aralı ağaclığa bağlayıb, yanına da bir nəfəri qoydular. Gözlər yoldaydı. Həyəcandan nəfəslərini içlərinə çəkmişdilər.

Birdən güllə səsi eşidildi. Sonra daha biri, ardınca üç-dördü birdən. Sonra beş atlı göründü. Gələnlərin erməni olduqları bilinirdi. Sərxoş idilər, deyəsən. Biri ucadan qışqırır, ermənicə şüarlar deyir, digərləri də təkrarlayırdı. Atlılar qayadan bir az kənarda dayandılar. Nəyisə bölüşürdülər, hətta mübahisə də etdilər. Sonra atları ağaca bağlayıb otluğa uzandılar. Gözətçi qoyduqları da bir azdan digərlərinə qoşulub yatdı.

– Nəsib bəy, deyirəm, bəlkə yatmışkən onları…

– Yox, Ələsgər, görək hara gedəcəklər. Onlardan birini diri tutmalıyıq. Danışsın, görək fikirləri nədi. Ona qədər gözləyək.

Çox keçmədi, yatanlar oyandı. Tez atlarına minib karvan yolundan arana gedən yola üz tutdular. Bu vaxt Nəsib onların nəyə görə belə tez getmələrini anladı. Uzaqdan üç araba görünmüşdü. Meşəlikdən düzlüyə çıxan arabalar canını qurtaran müsəlmanlardan başqası deyildi.

– Haydı, biz də gedirik. Akifin yanına gedib, atları gətirin.

Dəstə yubanmadan arabalar istiqamətinə götürüldü. Ermənilərə çatıb növbəti qırğının qarşısını almaq, üstəgəl, sağ ələ keçirib məlumat qoparmaq istəyirdi. Bu ikisini etməyin riskini yaxşı başa düşsə də başqa yol görmürdü.

Arabalar yenidən meşəliyə girmişdi. Erməni atlıları onlara yetişməkdəydi. Ərazinin meşə olması Nəsibgilin işinə yarayırdı. Ani hücum edə biləcəkdilər.

– Ara, musurman, dayan. Pastoy tı. Saxla heyvanı!

– Başuva dönüm, imkan verin, gedək. Biz dava istəmirik. Sadə rəiyyətik. Qiymətli heç nəyimiz yoxdu canlarımızdan başqa.

– Elə canınız bəsimizdi. Gedib türklərə bizdən xəbər vermək istəyirsiz? Onsuz da onları da məğlub edəcik. Amma siz onu görməyəcəksiz. Ara, Poqos, arabaları axtar. Qızıldan, puldan nəsə olmalıdı. Olmasa qızları götürərik. Bu qocanı da göndərərik o birilərinin yanına.

– Qadanızı alım, dəyməyin onlara. Hamısı mənə əmanətdi. Arvad-uşaqla nə işiniz var axı?! Onlar sizə neyləyib…

– Kəs səsini, qoca kaftar!

Bunu deyən erməni onu qorxutmaq üçün göyə bir güllə atdı. Ağsaqqal hirsindən qaralsa da, qəzəbini udmalı oldu. Bir az da söz güləşdirsəydi növbəti güllə ona dəyəcəkdi. Arabada gizlətdiyi tüfəngi götürməyə isə macal tapmayacaqdı. Ani bir hərəkəti erməniləri şübhəyə salardı.

Arabaları axtaran Poqos qiymətli bir şey tapa bilmədi. Qoca düz deyirdi, elə canlarını götürüb gedirdilər. Ancaq əllərinə bir şey keçməməyin acığını çıxmaq üçün qabaq arabadakı qızın əlindən tutub zorla düşürdü. Sürüyə-sürüyə meşənin dərinliyinə doğru aparmağa başladı. Digər qadınlar ağlayıb yalvarır, qıza toxunmamağı xahiş edirdilər. Ağsaqqal da dəstəbaşını dilə tutmağa çalışırdı. Lakin faydasız idi. Poqos müqavimət göstərən qıza qamçıyla iki-üç zərbə endirdi. Əlləri, ayaqları sustalan qız ancaq ağrıdan zarıya bilirdi.

Erməni ağacın dalına keçmək istəyirdi ki, qəfil açılan atəşlə yerə sərildi. İkinci, üçüncü güllə digərlərini yerə sərdi. Qalan ikisi nə baş verdiyini anlamamışdı, sərxoş başları vəziyyəti dərk edə bilmirdi. Özlərinə gəlməyə macal tapmamış, onlara tuşlanmış tüfəngləri gördülər.

– Silahı atın yerə! Nəsə başqa hərəkət olsa dəlmə-deşik olacaqsınız!

Nəsib bəy dediyini rusca da təkrar etdi.

Dəstə başçısı vəziyyətin çıxılmaz olduğunu görüb təslim oldu. O biri yoldaşı da beşaçılanı yerə atdı. İrəli atılan Ələsgər tüfəngin qundağıyla başçının qarnına bir zərbə vurdu. Erməninin başından papağı yerə düşdü, ağrıdan diz çökdü. Bir az dayanıb başını qaldırdı. Bu dəm Nəsiblə göz-gözə gəldilər.

– Samvel dayı.

– Hə mənəm, Nəsib bala. Şükür tanıdın məni. Atana qulluq etmişəm illərdi. Allah bu daşnakların evini yıxsın! Başımızı yedilər. Nolar, rəhm et mənə!

– Bakıda bizi öldürtmək istəyən sən idin?

– Yox, ay bala, mən elə burda olmuşam.

– Yalan deyirsən! Səni Bakıda görən olub həmin vaxtı.

– Kim deyibsə, yalan deyir. Elə şey olmayıb.

– Deyəcəksən hamısını. Əl-ayağını bağlayın bunun da, yanındakını da.

Samveli Ələsgərə təhvil verib digərinin yanına getdi.

– Adın nədi, ay erməni?

– Melkum, ağam.

– Haralısan?

– Şamaxıdanam elə, başuva dönüm. Vallah, mənim günahım yoxdu. Bu Samvel məni gətirdi. Hara gedib, məni də özüylə sürüyüb. Bax, yalan deyir, yazda Bakıdaydı.

– Ondan əvvəl bəs?

– Kəndlərə hücum edirdi.

– Qaraqayaya da bu getmişdi?

– Hə, bəy, Samvelin dəstəsiydi orda.

– Sən də ordaydın…

– Yox, vallah. Şamaxının özündəydim.

Bunu deyən Melkum başını aşağı saldı. Samvellə olmasa da Şamaxıda müsəlmanlara qarşı qırğın və soyğunda iştirakını gizlədə bilməyəcəkdi.

Nəsib atlılarından üçünü arabaların yanında qoyub onlara göz-qulaq olmasını və sağ-salamat arana qədər ötürmələrini tapşırdı. Əsirləri də alıb yubanmadan Qafqaz-İslam ordusunun qərargahına yollandı.

Səhərisi qərargahdakı sorğuda Samvel hər şeyi etiraf etdi. Əlavə olaraq da erməni cəza dəstələrinin nələr planlaşdırdıqlarını anlatdı. Sorğunun sonundasa həm Samvelin, həm də Melkumun üz-gözündə sağ yer, qabırğalarında salamat sümük qalmamışdı.

Axşama doğru erməni-bolşevik qüvvələrinin görə biləcəyi yerdə ağacdan iki kəndir sallandı. Düşmən türklərin nə edəcəyini maraqla izləyirdi. Əvvəl ancaq kəndir vardı, səhər isə ipdə iki cəsəd yellənirdi.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10