“Ustad” dərgisinin ikinci sayı işıq üzü görüb

94 Baxış

ustad yeni“Hədəf Nəşrləri”nin təsisçiliyi ilə çap edilən “Ustad” jurnalının ikinci sayı dərc olunub. Bu sayda Şəmil Sadiqin “Ədəbiyyatın onları”, Müşfiq XANın “Nədən və necə yazmalı?”, Asifə Əfəndinin “Bill Klinton, Marqaret Tetçer və..” yazısı, Aygün Bünyadzadənin “Mən də indi cəngavərəm” təəssürat-məqaləsi, Məmməd Məmmədovun “Kosa və Keçələ fərqli baxış”, Vüqar Zifəroğlunun “Qloballaşma adlı nəsnə və Babil sindromu”, Aytəkin Mirişovanın “İnadkar qadın – çiçək rəsmləri və heyvan kəllələri çəkməyi sevən rəssam”, Yusif Əli Əfşarın “Dünyanın keçilməz məkanı – Çanaqqala”, Elçin İbrahimovun “Bir əsrdə üç əlifba” kimi müəllif yazılarını oxuya biləcəksiniz. Jurnalda dünyanın müxtəlif yerlərindən yazan müəlliflərin məqalələri də yer alıb. Fərqli və maraqlı mövzularda yazılmış bu məqalələr sırasında Dimes Hak Alerlinin (Türkiyə) “Türk İrfan idrakı işığında Şah Xətayi və qızılbaşlıq”, Atacan Taqanın (Türkmənistan) “Qaraberetli Fikrət Qocanın tələbəliyi”, Orhan Arasın (Almaniya) “Sən hardasan, Çiçero?” yazıları var.

        Jurnalda maraqlı müsahibləri də olub. Türk yazıçısı Canan Tanla müsahibəni Tamerlan İsmayılzadə təqdim edib. “Qadın yazar kimi maneələri çoxdan aşmışam” deyən yazıçının fikirləri bir qələm sahibi qadının yazıçı olaraq tanınmasının və sevilməsinin hansı yollardan keçdiyi haqda maraqlı təsəvvürlər yaradacaq.

“Ustad” dərgisi ikinci sayında təqdim olunan müzakirə və sorğularla da diqqətinizi çəkəcək. “Ədəbiyyat və ideoloji mahiyyət” mövzulu sorğuda Niyazi Mehdi, Sabir Rüstəmxanlı, Əkbər Qoşalı, Fazil Mustafa,  Saadettin Yılmaz kimi fikir adamları iştirak ediblər. “Ədəbiyyatımız və mətbuatımız“ müzakirəsində isə ədəbiyyat təqdim edən mətbuat orqanlarının rəhbərləri və məsul simaları iştirak ediblər.

        Jurnalın “reportaj bölümü”nü Səma Fuadqızı və Aytəkin Mirişovanın rəssam elamatxanasından hazırladıqları “Ermənilərdə keramika sənəti yoxdur, çünki onlar gəlmədirlər” adlı reportajı bəzəyir.

        “Ustad” Cənubi Azərbaycan ədəbiyyatını hər zaman gündəmdə saxlamağa çalışdığından bu sayında Məhəmməd Tağı Zehtabinin “Su deyibdir mənə əvvəldə anam, ab ki yox” başlığı ilə təqdim olunan şeirlərini və Pərvanə Məmmədlinin “Çağdaş Güney nəsrində milli kimlik axtarışları” məqaləsinin təqdimatı ilə Toğrul Atabayın “Manqurt” hekayəsini təqdim edib.

        Jurnal hər zaman olduğu kimi bədii mətnlərə də yer ayırıb. Bu dəfə “keçmişdən salam” rubrikasında gözəl şeirlər müəllifi olan, amma geniş oxucu auditoriyasının bir o qədər da tanımadığı Hüseyn Əfəndinin şeirləri “Səni yaşayıram ömür yerinə” adı ilə təqdim edilib. Bundan başqa, Dilqəm Əhmədin “Cuhud Yaqub” hekayəsini, Kənan Hacının əvvəli ötən sayımızda olan“Siçovullar üçün darıxan gəmi” povestinin davamını oxuya bilərsiniz.

        “Ustad”görüşünüzə tərcüməsiz də gəlməyib. İkinci sayında Səbuhi Şahmursoyun tərcüməsində Q.Kosikovun “Sülli Prüdom yaradıcılığı” məqaləsi və Rövşən Danyerinin tərcüməsində Selincerin özünün dərc olunmasını qadağan etdiyi “Paula” hekayəsi – ilk dəfə olaraq təqdim edilib.