“Ustad” oxucularla görüşə hazırdır

105 Baxış

ustaddergiss

Yaxın günlərdə “Hədəf” nəşrlərinin təsisçiliyi ilə yeni bir jurnal oxuculara təqdim ediləcək. Jurnalın məsul katibi Müşfiq Xan yeni ədəbiyyat və sənət dərgisinin hazırlanması ideyasının reallaşdırılmasına ötən ildən hazır olduqlarını bildirib: “Təxminən bir il qabaq belə bir ədəbiyyat dərgisinin ideyası formalaşmışdı bizdə. Hətta onun biz materiallarını da hazırlamışdıq. Çapa da hazırlamışdıq. Müəyyən səbəblərdən biz onu çap edə bilmədik. Daha doğrusu etmədik. Jurnal çapa hazır idi. Əvəzində belə bir iş vəsilə oldu ki, biz elektron bir dərgi yaradaq.”  Bu, senet.az ədəbiyyat və sənət dərgisi oldu. Fevralın 2-də, saytın bir yaşı tamam olanda isə müasir və klassik ədəbiyyat, sənət nümunələrini özündə əks etdirəcək “Ustad” jurnalının oxuculara təqdim olunması nəzərdə tutulub. “Hədəf” nəşrlərinin təsisçiliyi ilə işıq üzü görəcək jurnalın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır. Artıq jurnalın ilk nəşri üçün son tamamlama işləri görülür.

Jurnalın baş redaltoru, Fil.ü.f.d., dos. Şəmil Sadiq: ” Bu arzu neçə illərdir ki, var. Mən bu yaxınlarda kiçik bir yazı da yazdım bununla bağlı.  “Yaşımız, başımız və aşımız.” İndi elə bilirəm bizim yaşımız da çatır. Belə bir jurnalın çıxarılmasına başımız da çatır. Şükür Allaha aşımız da çatır ki, bu milli aşımızla gənclərimizə yeni bir jurnal, dərgi bəxş edək. Çünki ədəbiyyat milləti yönləndirən bir sənətdir.”

Jurnalın məsul katibi Müşfiq Xan: ” “Ustad” “artıq oturuşmuş” bir təəssürat yaradır təbii ki, oxucularda, istərsə də müəlliflərdə. Bir özgüvən yaradır orada yazısı dərc olunan insanlarda. Bu çox müsbət bir haldır. Amma “Ustad” aylıq ədəbiyyat və sənət dərgisidir. ”

Ədəbiyyata xüsusi yer verilsə də jurnalda həm də kinonu, heykəltərəşlığı, rəsmi, musiqini, Azərbaycanın adət-ənənələrini, mədəniyyətini, ölkəmizlə yanaşı dünya tarixini özündə əks etdirən yazılar da olacaq, dünya ədəbiyyat inciləri Azərbaycan oxucusuna çatdırılacaq.

Jurnalın redaktoru, Fil.ü.f.d. Nərgiz Cabbarlı: “Bir zamanlar çəkilmiş, amma ekran həyatı yaşamamış bir filmlə- “Köpək” filmi ilə bağlı bir araşdırma var. Mənə elə gəlir ki, bu oxucuların çox diqqətini çəkəcək. Hətta bu filmi izləmək imkanı olmayan, təbii ki, geniş auditoriyadan söhbət gedir. Bəlkə internetdə kimlərsə baxa bilər. Amma bu film ekran həyatı yaşamamış bir filmdir. Və biz onu “bəxti gətirməyən filmlər” rubrikası adı altında təqdim etmişik.”

Bu cür yazıları təqdim etməkdə məqsəd üzərində zəhmət çəkilmiş əsərlər, sənət nümunələri barədə oxuculara məlumat verməkdir. İlk sayda oxucular “Dövlət himnimizin söz və mətninin müəllifliyi haqqında”, “Bir mahnının tarixçəsi və naməlum gəncin sevgi məktubu”, “Türk hökmdarlarının sözü və qılıncı” kimi yazılarla yanaşı məşhur dünya müəlliflərindən tərcümələrlə də tanış olacaqlar. Təxminən 200 səhifəlik jurnalda həm tanınmış imzaların, həm də gənc yazarların yazılarına, yerli yazıçılardan bədii nümunələrə, sənət söhbətlərinə də yer veriləcək.

Jurnalın redaktoru, Fil.ü.f.d. Nərgiz Cabbarlı: “Bizdə “Palemika” rubrikası var, “Tərcümə saatı” var. Şeirlər də təqdim olunacaq. “Yazıçı sözü” rubrikası var. “Arxivlər danışır” rubrikası var. Yəni çox fərqli… Bu ribrikalar standart rubrikalar deyil. Düzdür, müəyyən rubrikalarımız olacaq ki, biz onları davamlı olaraq izləmək fikrindəyik.”

Jurnalın əsas özəlliyi isə buradakı yazıların əvvəllər heç yerdə dərc edilməməsidir. Azərbaycançılıq, Türkçülük ənənələrinə xüsusi dəyər veriləcək dərgidə yazarlar üçün heç bir məhdudiyyət olmayacaq.

Jurnalın baş redaltoru, Fil.ü.f.d., dos. Şəmil Sadiq: “Biz elə bilirik ki, jurnal bu qarışıq dövrdə bir ortaq mövqe tutacaq. Həm sağçıları, həm solçuları birləşdirəcək. Həm yaşlıları, həm gəncləri birləşdirəcək. Burada qurplaşma və dəstəbazlıq olmayacaq. Jurnalın birinci nömrəsi çıxanda yəqin ki, oxucular bunu daha yaxşı hiss edəcəklər ki, burada ədəbi mühitdə iki bir-birinə düşmən olan şəxslərin yazıları gedir. Halbuki hər ikisinin də yazısı millətin ideologiyasına, düşüncəsinə dəstək verən yazılardır. Məqsəd millətdir, məqsəd Azərbaycandır, məqsəd dövlətçiliyimizdir, məqsəd sabahlara sağlam düşüncəli gənclərin formalaşdırılmasıdır. Məqsəd oxucuya daha obyektiv, daha düzgün, daha səliqəli yazıların təqdim olunmasıdır.”

500-1000 tirajla çap olunacaq “Ustad” aylıq jurnal olacaq. Yazılarını yeni nəşrdə görmək istəyənlər info@senet.az  e-mail adresi vasitəsilə müraciət edə bilərlər.