Ustadlığa doğru

26 Baxış

isahebibeyliSenet.az Azərbaycan Milli Elmlər Aklademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin  “Ustad” jurnalının ilk sayında dərc edilən məqaləsini təqdim edir.

İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Aklademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik)

Ustadlığa doğru

Azərbaycan ədəbi mətbuatının zəngin ənənələri və hazırkı fəal mövqeyi fonunda yeni mətbu nəşr yaratmaq şərəfli olduğu qədər də məsuliyyətli işdir. Çünki meydana çıxacaq yeni nəşrdə mövcud ənənəni qorumaqla yanaşı, həm də novator, müasir olmaq vəzifələrini formaca da, məzmunca da yerinə yetirmək lazımdır. Bu isə kifayət qədər yüksək dünyagörüş, bədii zövq və mükəmməl naşirlik bacarığı tələb edir. “Ustad” jurnalının təsisçilərinin və naşirlərinin ədəbi-elmi mühitdə yeni nəsli məsuliyyətlə təmsil etmələri, müşahidə etdiyim intellektual səviyyələri bu nəşrin özünəlayiq yer tuta biləcəyinə inam yaradır.

Ustad sözü – professionallıq və kamillik mənalarını özündə birləşdirir. İndi ədəbiyyatımızın da, elmimizin də ustad səviyyəsində yetkin, hazırlıqlı, dünyagörüşlü və səriştəli qələm sahiblərinə ehtiyacı var. Son illərdə yeni nəsil yaradıcı simaların – yazıçı və şairlərin, cavan ədəbiyyatşünasların ədəbiyyat və elm meydanında sürətlə artan fəallığı hətta ən yaxın gələcəyə də böyük ümidlə baxmağa imkan verir. Ədəbiyyatımız və ədəbiyyatşünaslıq elmimiz yüksək professionallığa doğru hərəkatın içərisindədir. Düşünürəm ki, “Ustad” jurnalı bu şərəfli və məsuliyyətli magistralın istedadlı, iradəli və zəhmətkeş yolçularına yeni üfüqlər açacaq, dəstək olacaqdır.

Həm də “Ustad” dərgisində ədəbiyyatın, sənətin və mədəniyyətin bir yerdə, vahid sistemdə təqdim olunmasının nəzərdə tutulması yeni və əlamətdar hadisədir. Ədəbi zövq və dünyagörüşlə kulturoloji baxışların üzvi sintezi və vəhdəti mahiyyət etibarilə forma və məzmun baxımından yeni keyfiyyətdə ədəbiyyatın və sənətin formalaşmasına, daha çox isə hər iki qanadı özündə birləşdirən müasir yaradıcı insanın meydana çıxmasına təkan verə bilər. Bütün bunlar isə yeni nəsil azərbaycançı ziyalılığın inkişafı üçün zəruridir.

Bu şərəfli və məsuliyyətli yollarda “Ustad”a və ustadçılara uğurlar arzulayıram.