Üz cizgilərində ölüm izi…

200 Baxış

Cəfər KəngərliCəfər Kəngərli

Üz cizgilərində ölüm izi… 

Yuxudan yenə yorğun və halsız bir şəkildə öskürəklərlə oyandım. Bakı hər zaman olduğundan daha solğun idi bu səhər. Uğultulu səslə pəncərəmdən küləklər içəri dolurdu. Otaq soyuq idi, ruhumsa daha soyuq. Ağır addımlarla mətbəxə keçərkən, dəhlizdəki aynada özümə baxdım. Saç saqqal üzümü tutmuşdu. Çiyinlərim yerə dəyəcəkmiş kimi aşağı sallanırdı. Gözlərim içəri doğru çökmüş və qaralmışdı. Saçlarımı arxaya atıb dik durmağa çalışdım. Bir anlıq yaxşı olduğumu düşünmək istədim. Heç bir problemin olmadığını düşünməyə çalışdım, amma olmadı. Yenə də aynadan o bədbəxt adam gözlərini zilləyib mənə baxırdı. Həmişəki kimi səhər yeməyi yerinə bir kofe hazırladım və paketdən bir siqaret götürüb pəncərənin kənarında dayandım. Bir az kücəni izlədim, bir az insanları, onların gülüşlərini və səslərini dinlədim. Çox qəribə idi. Son dəfə nə vaxt güldüyümü xatırlamıram. Saata baxdım, 3 saat sonra evdən çıxmalı idim. Yuxusuz gözlərimi ovuşduraraq salona keçdim. Masanin üzərində 3 kitab var idi. Tolstoyun “DİRİLİŞ” kitabın gotürüb oxumağa başladım. Sona doğru həyacanla nə baş verəcəyini gözləyirdim. Kitabı bitirdim, kitabdakı son  cümlə diqqətimi cəlb etdi. “Sabahdan etibarən geniş, dərin, yüksək duyğularla dönüb yeni bir həyata başlayacaqdı”. Bu cümlə məni sevindirdi. Daha doğrusu daim yeni bir həyata başlaya biləcəyim fikri məni sevindirdi. Kitabı masaya qoydum. Başımı qaldıraraq divardakı saata baxdım, saat 10:57 idi. 3 dəqiqə sonra evdən çıxmalı idim. Tələsik üzərimi dəyişdim və qapını bağladım, pilləkənləri sürətlə enməyə başladım.

Beynimdə gedən fikirlər müharibəsi ilə addımlarımı sayaraq irəliləyirdim. Bir az sonra  metroya çatdım. Qatarın nə vaxt gələcəyini öyrənmək üçün tunelin üzərindəki göstəriciyə baxdim. Qatar bir neçə saniyə öncə getdiyinə görə gözləməli olacaqdım. Qatara mindikdə vaqonun sonuna doğru yeriyib, küncdə bir oturacaqda oturdum. Kapşonumu başıma keçirdim qulaqcıqları taxdım. Bu qədər insanın içində Bethovenin “Moonlight Sonata” əsərini dinləyərək yalnız qalmışdım. Bunun səbəbi insanları çox sevməməyim, hətta onlarla göz-gözə gəlmək belə istəməməyim idi. Bunun üçün yol boyu ayaqqabılarıma baxdım. Metrodan çıxdıqda qaça-qaça xəstəxanaya doğru irəliləyirdim. Gecikdiyim üçün tələsmirdim, mənə nə oluğunu öyrənmək üçün tələsirdim. Xəstəxanaya daxil olub, liftin önünə gedib düyməyə basdim. Lifti gözlədiyim o saniyələr saatlara, o saatlar isə günlərə dönməyə başlayırdı. Həkimin otağı 3-cü mərtəbədə idi. Liftin qapısı bağlanacaqdı ki, biri əlini qapının arasına salıb məndən üzr istəyərək içəri daxil oldu. İlk başdan içimdə onu söyməyə başladım, hətta məni gecikdirdiyi üçün onu yumruqlaya da bilərdim. Sonra onun simasına diqqət yetirdikdə fikrimi dəyişdim. Çox arıq biri idi. Üzərindəki paltarlar üzərinə həddindən artıq böyük idi. Ya paltarları başqasının idi, ya da çox arıqlamışdı. Dərisinin rəngi sap-sarı idi və gözləri içəri doğru çökmüşdü. Başını qaldıraraq mənə baxdı və üzündə zorla bir təbəssüm yaradıb salam verdi. Durmadan öskürməyə başladı. İkinci mərtəbədə liftin qapısı açıldı və o endi. Tələsik liftin 3 düyməsini bir neçə dəfə basdım. Əslində “3” mənim uğurlu rəqəmim idi. Anamin dediyinə görə mən gecə saat 3-də dünyaya gəlmişdim. İlk dəfə 3-cü sinifdə yazdığım hekayə məktəb qəzetində dərc olunmuşdu. Hətta universitetə 300 balla daxil olmuşdum və evim binanın 3-cü mərtəbəsində yerləşirdi. Həkimin otağının qabağında bir neçə adam var idi. Bir az növbə gözlədikdən sora qapını döyərək içəri daxil oldum. Həkim masanın arxasında oturmuşdu ve əlindəki vərəqlərdən nəsə oxuyurdu. İlk öncə eynəyini burnunun yuxarı hissəsinə qaldıraraq mənə bir saniyəlik baxdı və yenə vərəqlərə baxmağa davam etdi. Bir az sonra sanki nəsə xatırlayaraq yerindən sıçrayaraq ayağa qalxdı. Əvvəlki sərt ifadəsinin yerini saxta bir təbəssüm almışdı. Mənlə salamlaşdıqdan sonra yer göstərərək əyləşməyimi xahiş etdi, özü də əyləşdi. Dirsəklərini masaya dayayaraq əllərini üzünün önündə birləşdirdi. Nədənsə çəkinirmiş kimi üzünü gizlətməyə çalışırdı, azacıq tərləmişdi. Bir neçə dəqiqə sakitlikdən sonra sözə başladı.

Necə deyim bilmirəm.

Bunu dedikdən sonra gözümün içinə baxdı və tez baxışlarını qaçırdaraq bir dəfə udqundu.

Mən təlaşlı bir şəkildə soruşdum:

-    Nəyi həkim?

Nəsə bəd xəbər verəcəyindən artıq əmin idim. Bir dəfədə udqundu və dedi:

-    Bilirsən Altan ciyərindəki xəstəlik çox irəliləyib.

-    Necə yəni? Əməliyyat lazımdı?

Həkim daha çox tərləməyə başladı.

-    Yox, Altan, əməliyyat lazım deyil.
-    Onda müalicə ?
-    Yox, Altan, müalicə də fayda verməyəcək.
Mən artıq çox qorxmuşdum. Xəstəlik irəliləmişdi, əməliyyat və müalicədə olmayacaqdımsa necə sağalacaqdım? Həkimin bundan sonra nə deyəcəyini gözləyirdim, amma çox qorxurdum eşidəcəklərimdən. O, mənə baxırdı, sanki gözlərində bir hüzn var idi. Sanki mənə yazığı gəlirdi. Gözləri ilə məni bir dəfə süzdü və sözə başladı:

-    Altan, çox az bir ömrün qalıb.

Bunu dedikdən sonra üzünü başqa tərəfə döndərdi. Mən yerimdəcə donub qalmışdım, heç nə düşünə bilmirdim, nə deyəcəyimi bilmirdim. Bütün bədənim tir-tir əsirdi, sürətli ürək döyüntülərimi eşidə bilirdim. Sadəcə tək bir şey soruşdu:

-    Nə qədər?

Həkim sakit bir tonla dedi:

-    3 ay.

Qulağıma inanmadım və bir də soruşdum, yenə də 3 ay deyərək cavabladı. Daha heç nə eşitmirdim. Həkim önümdə nəsə danışırdı, amma əvvəllkindən daha rahat idi. Sanki o bayaqdan mənim öləcəyimi yox, ölüm xəbərimi necə verəcəyini düşünürdü. Mənim ölməyim yox, sadəcə bu ağır xəbəri vermək ona çətin idi. O da hamı kimi məni önəmsəmirdi. Əminəm ki, artıq vecinə belə deyildim.

Ömrümə 3 ay qalmışdı. Axı “3” mənim uğurlu rəqəmim idi, o mənə belə bədbəxtlik gətirə bilməzdi. 3 ay sora öləcəyimi bilə-bilə indi necə yaşaya bilərdim axı? Ölüm burnumun dibindəykən necə yaşaya bilərdim? Fərqində olmadan bu sualları səsli vermişdim özümə. Həkim bu vaxtı mənə ailəmlə və yaxınlarımla keçirtməyi məsləhət gördü, ancaq mənim heç kimim yox idi. Heç dostum yox idi. Ailəmi isə 2 il bundan öncə maşın qəzasında itirmişdim. Tək öləcəkdim mən. Tək ölməyə məcbur idim.

Eyni öskürəklərlə yuxudan oyandım yataqdan çıxmaq belə istəmədim. Bakı binaları yerindən sökəcəkmiş kimi küləkli idi. Pəncərəni açıb ölüm havasını doldurdum otağa, bir siqaret yandırıb mətbəxə keçdim. Yenə özümə bir kofe hazırladım, pəncərənin önündə dayandım. Tək öləcəyim fikri məni yeyib bitirirdi. Durmadan bunu düşünürdüm və düşündükcə də əsəbdən və çarəsizlikdən nə edəcəyimi bilmirdim. Saata baxdım, saat 3 idi. Artıq bu rəqəmə nifrət edirdim. Əlimdəki fincanı saata tərəf tulladım. Saat yerə düşdü və fincanın qırıqları bütün otağa yayıldı. Yerə əyilib qırıqları toplamağa başladım. Şüşə parçalarından ən böyüyünü əlimə aldım və biləyimə doğru yaxınlaşdırdım. Əgər tək öləcəkdimsə indi ölməyimin də heç bir fərqi yox idi. Bu əzabı uzatmağın mənası yoxdu, deyə düşündüm. Ya indi ölüm, ya da 3 ay sonra. Nə fərqi var idi, axı?

Bir az da düşündükdən sonra fikrimdən yayındım. Sanki “3” rəqəminə yenə də güvənirdim. Bir tərəfim hələ də onun uğurlu rəqəmim olduğuna inanırdı sanki. Mətbəxi təmizlədikdən sonra salona keçdim, gözüm masanın üzərindəki kitaba sataşdı. Dünən bitirdiyim kitaba… Onu əlimə aldım və yenidən vərəqləməyə başladım. Son sətrini bir daha oxudum. “Sabahdan etibarən geniş, dərin, yüksək duyğularla dönüb yeni bir həyata başlayacaqdı”. YENİ BİR HƏYAT. Artıq mənim ücün bu cür bir ehtimal yox idi! Mən ÖLƏCƏKDİM! Seçim şansım yox idi.

Evdən çıxmağa qərar verdim. Bu gün Bakını gəzəcəm. Son günlərimdə bu şəhəri sevməyə çalışacam. Evdən çıxdım, ayaqlarım yorulana qədər durmadan küçələrdə yeridim, daha çox İçəri Şəhərdə gəzdim. Yerimək yorucu da olsa buranın küçələrini çox sevirdim, həmişə burda bir evim olsun istəmişəm. Bir az da gəzdikdən sonra halsız düşüb dincəlməyi qərara aldım. Bir kafe tapıb içəri daxil oldum. Bura kafedən çox kitabxanaya bənzəyirdi. Divardakı rəflər kitablarla dolu idi. Hətta tavandan iplə bir neçə kitab da asılmışdı. Həmişəki kimi küncdə pəncərənin yanında çox da diqqət çəkməyən bir yer tapıb oturdum. Kofe sifariş verdim, kafedə demək olar ki heç kəs yox idi. Asta tonda səslənən Beethoven-nin “Moonlight Sonata” əsərini saymasaq məkan səssizliyə bürünmüşdü. Bura çox xoşuma gəldi. Bir az keçdikdən sonra ön masada iki qız gəlib əyləşdi. Onları önəmsəməyərək başımı pənçərəyə tərəf çevirərək küçəni izləməyə davam etdim. Amma onların danışıqlarını eşidirdim. Arxası mənə dönük olan qız bir şeir haqda danışırdı. Dediyinə görə şeiri yazan çox qəribə bir adam idi.  O, adamla tanış olmaq istədiyini də dedi. Sonra söhbət əsnasında şeirin adını dedi.

“ Üz Cizgilərində Ölüm Var”

Yaşamaq ölmək üçündür, ancaq

Budur tək məqsəd:

Ölməkdir.

Onun üçün üz cizgilərimdə ölüm var

Hər şeyini götürüb, hər şeyi geridə qoymaqdır.

Ölüm anlatmaqdır insana dəyəri.

Yaşayana dəyər verməyi

Onun üçün üz cizgilərimdə ölüm var.

Bax üzümə

Ölümü hiss et, ruhunu sökərkən

bədənindən.

Ölüm budur

Gülərkən də üz cizgilərində ölüm var,

Çünki üz cizgilərimdə ölüm var.

Bu şeir mənim şeirim idi. 2 ay öncə yazmışdım. Amma bu şeirdən heç kəsin xəbəri yox idi, heç kəs oxumamışdı. Bəs bu qız necə oxuya bilmişdi. Yanına gedib soruşmaq istədim, amma edə bilmədim. Həm də haradan tapmışdısa tapmışdı, bunu fikirləşəcək vəziyyətdə deyildim. Amma soruşmasaydım da maraqdan öləcəkdim. Ayağa qalxdım və onların masasına doğru yeriməyə başladım. Masanın yanında dayanıb, başımı aşağı salaraq ona baxdım. Üzünü ilk dədə idi görürdüm. Nə deyəcəyimi unutdum. Sadəcə ona baxırdım, danışa bilmirdim, dilim tutulmuşdu sanki. Ürəyim çox sürətlə döyünürdü. Uzun saçları, qıyıq gözləri və balaca dodaqları ilə çox gözəl görünürdü. O, an mənə bir şey oldu. Onun gözlərinı baxdıqda öləcəyimi belə unutdum. O, təəcüblə mənə baxırdı, mənsə heyranlıqla ona. Qaşlarını qırışdıraraq dedi:

- Bağışlayın sizə nəsə lazım idi?

Kiçik bir təbəssümlə ona baxdım. Əlini üzümə yaxınlaşdırıb sağa-sola salladı:

- Hey burdasan?

Əlimlə qızın önündəki vərəqi işarə etdim və soruşdum:

- Onu hardan tapmısan?

- Metroda oturacağın üzərindəki boş bir dəftərin içində idi. Niyə soruşursan ki?

Sözlər ağzımdan çətinliklə çıxırdı. Gülümsəməyə nə qədər çalışsam da üzümdən getmirdi. Qızın qolundakı saata gözüm sataşdı. Saat 3 idi. Bu da təsadüf idi, görəsən? Bu qədər təsadüf ola bilməz axı. Hələ də anlamırdım “3” mənə uğur, yoxsa ugursuzluq gətirirdi? Təəccüblə qalxmış qaşlarımı endirib gülümsəyərək dedim:

- Mənlə danışmaq istəyirdin?

- Bu nə deməkdi?

Gözlərini bir az da qıyıb heç nə anlamamışcasına soruşdu:

- Sənlə danışmaq?

- Aha…

Bir az da düşündü və sonra əlindəki şeir yazılı olan vərəqə baxdı. Nə demək istədiyimi axır ki anlamışdı.

- Hə, bu şeiri sən yazmısan?

- Hə. Mən yazmışam.

- Buna necə əmin ola bilərəm?

Bir neçə saniyəliyinə duruxdum, şeiri tam yadıma salıb başdan sona qədər oxumağa başladım. Beethoven pianoda ifa edir, mən isə üzərinə şeiri oxuyurdum. Onun baxışları artıq dəyişmişdi. Gülümsəyərək dinləyirdi məni. Şeir bitdikdə məni onlarla oturmağa dəvət etdi. Mən də qəbul etdim. Onunla uzun-uzun, axşama qədər söhbət etdik. Hər şeydən danışdıq. Kitabdan, şeirdən, filmdən, ağla gələ biləcək hər şeydən. Öz həyatımızdan danışdıq. Ailəmin öldüyün deyəndə gözləri doldu. Ağlamamaq üçün zorla dayanmışdı. Əlimi tutdu təsəli vermək üçün. İnsanların mənə təsəlli verməyindən nifrət edirdim, amma bu dəfə elə olmadı. O danışdıqca, ona qulaq asdıqca daha da rahatlaşırdım. Bir anlıq öləcəyimi unutmuşdum. Ölüm haqqında fiirləşmirdim. Fikirləşdiyim sadəcə o idi. Sadəcə o idi.

Artıq axşam olmuşdu. Evə gətməli olduğunu dedi. Onu evə ötürməyi təklif etdim, amma qəbul etmədi. Qapıdan çıxarkən onu izələyirdim. Hər addımını sayırdım. Qapıdan çıxdı, bir neçə dəqiqə keçdi. Nömrəsini almadığımı xatırladım və tələsik cibimdəki pulları masaya tullayıb qaçaraq kafedən çıxdım. Ətrafa baxdım, küçələri dolandım bir az. Amma onu tapa bilmədim. Küçədə bir daşın üzərində oturdum. Bakının ulduzsuz, qaranlıq göylərinə baxdım. Düşündüm, bu qızın arxasınca niyə qaçdığımı düşündüm. Onu niyə bu qədər önəmsədiyimi düşündüm. Bütün bu suallara tək bir cavab çıxırdı: o qadını sevirdim. Mən həyatımda ilk dəfə idi ki sevirdim və 3 ay ömrüm var idi. 3 ay ömür. Lənətə gəlmış 3 ay. Ölmədən öncə bunu ona deməli idim. Amma onu sevdiyimi desəm, 3 ay ömrümün qaldığını deməyə məcbur idim. Mən öləcəkdim, amma yaxşı tərəfdən baxmaq olar, sevərək öləcəkdim. Amma öldükdən sonra, sevginin nə mənası var axı. Hər nə olur olsun ona hər şeyi danışacam.

Səhər ölü öskürəklər içində oyandım. Bu gün Bakı günəşli idi. Pərdələri çəkib pəncərini açdım. Otaq sanki ona ruh verilmişcəsinə canlandı. Mətbəxə keçərkən dəhlizdəki aynada özümə baxdım. Üzümü saç-saqqal örtmüşdü. Çiyinlərim yenə aşağı sallanmışdı. Tək dəyişiklik üzümdəki təbəssüm idi. Bu təbəsüm ya dəliliyin, ya da sevginin əlaməti idi. Mətbəxə keçdim. Həmişəki kimi özümə bir kofe hazırladım. Bir siqaret yandırıb pəncərənin kənarında dayandım, insanlara baxdım. Məndən daha uzun yaşayacaq insanlara. Bir siqaret də yandırıb ayaqlarımı sürüyərək salona keçdim. Tolstoyun kitabı hələ də masanın üzərinda idi. Kitabı əlimə aldım, son səhifədəki cümləni bu dəfə yükək səslə oxudum. “Sabahdan etibarən geniş, dərin duyğularla yeni bir həyata başlayacaqdı” və bir də təkrarən oxudum daha yüksək səslə. Gülməli idi bu cümlə. Hər sabah başqa məna verirdi. 3 ayda yeni bir həyata başlaya bilərdim. 3 ay sonra öləcəkdim düzdü, amma bu vaxt yeni bir həyat üçün kifayət edirdi.
Evdən çıxıb dünənki kafeyə getdim. Aygünün yenidən ora gələcəyini güman edirdim. Başqa çarəm yox idi. O, gələnə qədər gözləyəcəkdim. Artıq 5 saat idi ki burada idim. Aygün hələ də gəlməmişdi. Mən də ümidi üzmüşdüm artıq. Ayağa qalxıb stulun üzərinə asdığım qara uzun paltomu götürüb geyindim. Bu zaman arxamda qapının açıldığını eşitdim və döndükdə Aygünü gördüm. Qapının yanında dayanıb o gözəl gözləri ilə mənə baxırdı. Təsadüfən rastlaşmışıq kimi edib yanına yaxınlaşıb salam verdim. Bir-birimizə çox yaxın dayanmışdıq. Gözlərimə baxırdı gülümsəyərək. Qolumdan tutub məni kafedən çıxartdı. Nə etmək istədiyini anlamırdım. Sakit və qaranlıq  küçəyə keçib dayandıq. Bu an onu sevdiyimi demək üçün ən yaxşı vaxt idi. Hər deyəcəyim cümləni gün boyu milyonlarca dəfə fikirləşmişdim. Heç birimiz danışmırdıq sadəcə bir birimizə baxırdıq. Onun da mənə nəsə deyəcəyini anlamışdım artıq. İkimiz də eyni anda sözə başladıq.

- Danışmalıyıq.

- Danışmalıyıq.

Gülüşdük. Nə deyəcəyini həyacanla gözləyirdim. Ona görə ilk onun sözə başlamağını istədim.

- Eşidirəm.

- Yox, sən danış, mən deyəcəm.

- Necə deyim bilmirəm. (üzündən sıxıldığını hiss etdim və istəksiz bir şəkildə dedim.)

- Səndən xoşum gəlir və deyəsən səni sevirəm.

Bunun arxasınca 3 ay sonra öləcəyimi deyəcəkdim, amma deyə bilmədim. Başını qaldırıb mənə baxdı və şirin bir gülümsəmə ilə dedi:

- Mən də.

Nə dəmək istədiyini başa düşürdüm, amma yenə də soruşdum:

- Mən də nə?

- Mən də səni sevirəm.

Sevincimdən nə edim bilmədim. Aygünü qucaqladım, qollarımın arasına alıb dönməyə başladım. Bu sözü heç sevməsəm də, həqiqətən də həyat qəribə idi. Onunla məni bir ölüm şeiri birləşdirmişdi. Belə görünürdü ki, ölüm də ayıracaqdı. Həmin axşam saatlarca gəzdik. Bir neçə dəfə həqiqəti deməyə cəhd etdim, amma bacarmadım. O, gülən gözlərlə mənə baxarkən, öləcəyimi deyə bilməzdim. O, buna layiq deyil.

Son nəfəsimi verirmiş kimi öskürəklərlə yuxudan oyandım. Dəhlizdən ayaq səsləri eşidilirdi. Bu Aygün idi. Qaçaraq mənə su gətirdi. Ölümümə çox az qalıb. Öskürəklər dayanmaq bilmir. Öləcəyimi hələ də Aygünə deməmişdim. Məni bir neçə dəfə həkimə aparmaq istəmişdi. Hər gün bir bəhanə uydururdum. Durmadan soyuq su içirdim ki, elə bilsin öskürəklərim bu səbəbdəndir. Mənim üçün çox narahat olurdu. Amma ona həqiqəti deyə bilməzdim. Bu onun üçün çox ağır olardı. Onu özümdən uzaqlaşdırmağı qərara aldım. Ondan ayrılmaq tək çıxış yolum idi. 2 ay məndən uzaq qalsa, ölümümə o qədər də üzülməz. Bəlkə də heç xəbəri belə olmaz. Bunu edəcəkdim. Başqa heç bir yolu yoxdur. Artıq xəstəlik çox irəliləmişdi. Həddindən artıq çox arıqlamış və gücsüzləşmişdim. Həkimin verdiyi dərmanlar da artıq kar etmirdi. Bədənimdəki ağrılar sakitləşmək bilmirdi. Aygünə bildirməməyə çalışırdım, amma mənə nəsə olduğunu o da anlamağa başlamışdı sanki.

Evdən çıxdıq. Gəzib bir az hava alacaqdıq. Bu gün ayrılacaqdım ondan. Bu işi yubatmaq lazım deyildi.

Artıq bir neçə saat idi ki gəzirdik. Evdən çıxandan heç danışmırdıq. Sanki Bakının bütün səs-küyünə inad susurduq. Sadəcə ona deyəcək son sözlərimi fikirləşirdim. Bu ölüm səssizliyini pozacaq, ondan ayrılacaq və əbədi susqunluğum üçün gün sayacaqdım. Bir az da gəzdikdən sonra daha öncə getmədiyimiz bir küçəyə getdik. Ölüm səssizliyi burda da hökm sürürdü. Saçlarını oxşayıb onu opmək istəyirdim. Amma eyni vaxtda ona nifrət etmək istəyirdim. Əgər ona nifrət edə bilsəydim ayrılmaq da o qədər çox əzab verməzdi. Qolundan tutub onu saxladım və “danışmalıyıq” dedim. Əslində onun da bu sözü deməyini istəyirdim. İlk dəfə ona sevgimi etiraf etdiyimdə olduğu kimi. İstəyirdim ki o da məndən istədiyini desin. Amma o sadəcə mənə baxırdı. Qorxduğunu gözlərindən hiss edə bilirdim. Sanki çətin də olsa, bütün cəsarətini toplayıb cavab verdi.

- Nə haqda danışmalıyıq?

Bunu dedikdə səsi titrədi. Bu susqunluğum onu daha çox qorxudurdu. Artıq sözə başlamalı idim.

- Aygün!

- Hə eşidirəm .

- Mən ayrılmaq istəyirəm.

Sözümü bitirdikdın sonra mənə bir sillə vurdu. Ağlayırdı və göz yaşları qəlbimə axırdı, soyuqdan çiyinlərini qısmışdı. Heç üşüməyə qoymazdım onu. Həmişə zorla da olsa paltomu ona verərdim. İndi isə onu bir dəfəlik tək qoyuram. Ən ağırı onu qucaqlamaq istəyərkən, bunu edə bilməmək idi. Getməyini istəyirdim, bir az da burada qalsa “zarafat edirəm” deyib boynuna sarılacaqdım. Bu dəfə ucadan qışqırdım:

- Biz ayrılmalıyıq. Mən sevmirəm səni! Basa düşürsən? Sevmirəm səni!

Onu bu qədər üzdüyüm üçün özümə nifrət edirdim. O qədər nifrət edirdim ki özümə, öləcəyim günü artıq səbirsizliklə gözləyirdim. Başını qaldıraraq son dəfə mənə baxdı. Sanki son ümidlə baxırdı. Sanki bu dəqiqə onu sevdiyimi desəm, hər şeyi unudub yenidən boynuma sarilacaqmış kimi baxırdı. Əllərimdən çıxıb qaçaraq uzaqlaşdi ordan və daha görə bilmirdim onu. Arxada buraxdığı sadəcə bir cəsəd var idi, yaşayan bir cəsəd.

Həyat sadəcə ölmək üçündür və mən də ölmək üçün yaşayıram. Hər kəs bunun üçün yaşayır. Məni onlardan ayıran bir tək fərq var. Mən nə vaxt öləcəyimi bilərək yaşayıram. İnsanlar bir gün öləcəklərini bilirlər, amma bilmədikləri bunun nə vaxt olacağıdır. Bunun üçün çox önəmsəmirlər ölümü, bəzən hətda unudurlar ölümü. Mən isə hər an ölümlə burun-buruna yaşayıram. Hər saniyə hər  dəqiqə hər saat hər gün keçdikcə önümdə dayanan ölümü daha aydın görürəm, ona bir addım daha yaxınlaşıram. Amma məni narahat edən bu deyil Aygündü. Durmadan onu fikirləşirəm. 1 aydır hər gün o kafeyə gedirəm. Bəlkə onu görərəm deyə, amma ora heç gəlmir. Deyəsən istədiyim oldu. Məni tam unutdu.

Yuxudan oyandım. Həmişəki öskürəklər boğazımda kəndir olub məni asır. Sinəmdəki ağırlıq heç keçmir, bədənim çox gücsüzdür. Yatağımda uzanmış halda boş-boş tavana baxıram. Yataqdan zorla qalxdım. Salona keçib bir siqaret yandırdım. Tolstoyun kitabını əlimə aldım. O son cümlə artıq mənim üçün mənasını itirmişdi. Onun üçün kitabı heç açmadan, divara çırpdım. Kitab parçalandı, sözlər otağa dağıldı. Bir boşluqdan asılmışdım, boğulurdum. Bu qədər böyüklükdə bir dünyada nəfəs ala biləcəyim tək bir yer qalmışdı. O da Aygünün yanı idi. Dünən həkimin yanına getmişdim. Dediyinə görə, bəlkə də ömrümə bir aydan da az qalıb. Artıq tək yaşamamalı olduğumu, öldükdə yanımda birinin olmalı olduğunu bildirdi. Yoxsa insanların öldüyümdən xəbəri belə olmayacaqdı. Evin içində cəsədim aylarca qalıb çürüyə bilərdi. Amma mənim heç kimim yox idi və yalnız öləcəkdim.

Qapı döyülməyə başladı. Yarı yuxulu halda ayağa qalxıb qapıya doğru halsız bir şəkildə yeriməyə başladım. Qapıya yaxınlaşarkən öskürməyə başladım. Qapının arxasında biri hönkürtülü şəkildə qışqırırdı. Bu Aygünün səsi idi.

- Altan, nə olar aç qapını.

Qapını aça bilməzdim. İstəmirdim məni bu vəziyyətdə görsün. Hönkürtülər içəndə danışmağa başladı.

- Altan, xahiş edirəm, aç qapını. Hər şeyi öyrənmişəm. Səni xəstəxanaya girərkən görmüşəm dünən. Sonra həkiminlə danışdım, mənə öləcəyini dedi. Bunun üçün ayrıldın, hə, Altan? Öldükdə belə məni düşündüyün üçün ayrıldın.

Hər şeyi öyrənmişdi, çünki dünən ayın 3-ü idi. Anlamırdım, bu uğurum idi, yoxsa uğursuzluğum?

Ona bir neçə dəfə “çıx get buradan” dedim, amma heç yerə getmədi. Sonra məcbur qalıb qapını açdım. İlk öncə qapını azacıq araladım. O, gözəl gözləri yaşla dolmuşdu. İçəri girib məni qucaqladı. Mənsə əllərimi yanıma salıb dayanmışdım. Sonra əllərimi yavaşca belində birləşdirdim. Onu özümə sıxdım. Başımı çiyninə dayayıb ağlayırdım. Artıq nəfəs ala biləcəyim tək yerdə idim.

Ömrümün son günlərinə doğru yaxınlaşırdım. Hər sabah yuxudan oyandıqda, görəsən bu gün öləcəm deyə özümdən soruşurdum. Artıq  yaşamaq işgəncəni uzadırdı. Yaşamaq çox çətin idi. Ölmək üçün tələsirdim. Ölümə çatmaq üçün tələsirdim. Bunu da bilirdim ki, Aygün üçün çox ağır olacaq. Amma bu qaçınılmaz SON idi. Aygün məni tək qoymurdu. Hər zaman yanımda olurdu. Bəzən məndən gizlin bir kənara çəkilib ağlayırdı, bəzən məni güldürməyə çalışırdı, bəzən birlikdə ağlayırdıq, bəzən isə birlikdə gülürdük. Həyatımın ən gözəl anlarını yaşayırdım və əlbəttə ki bu həyatımın son anları idi.

Yuxudan oyandım. Gülümsəyərək yanımda uzanan Aygünün saçlarını öpüb qoxladım. Buna həsrət qalacaqdım. Bu gün son gün idi. Bu gün 3 ay tamam olurdu. Təxminimdən daha çox yaşamışdım. Aygünə görə yaşamışdım. Amma bu gün öləcəyimə əmin idim artıq. Bunu hiss edə bilirdim. Ruhumun bu bədəndəki son gün idi. Bütün bədənim ağrıyırdı. Çox çətin nəfəs alırdım. Şüurum yarı qapalı idi sanki. Saçlarını oxşayarkən Aygün oyandı. Gözlərimin içinə baxdı və ölümü gördü orda. Bu günün son gün olduğunu anlamışdı. Heç nə danışmadıq, bir müddət bir-birimizi izlədik. Sona doğru çatırdıq. Çox az bir vaxt qalıb. Bir azdan gözlərim əbədi olaraq yumulacaqdı. Aygün artıq ağlamağa başlamışdı. Mən ağlamırdım. Bu günə artıq 3 ay idiki hazırlaşırdım. Sadəcə bir neçə cümləm var idi deyəcək. Başqa heç nə. Son sözlərimi deyib öləcəkdim.

- Aygün, səni sevirəm. Səni hər şəydən çox sevirəm. Sən məni öləcəyimi bilə-bilə xoşbəxt etdin.

Aygün ağlayırdı. Əlləri əlimdə tir-tir əsirdi. Sözümə davam etdim:

- Mən gedirəm və ruhumu sənə bağışlayıram. Sənsə yaşayacaq və mənim də ruhumu yaşadacaqsan. Xoşbəxt olacaqsan, bir də sevəcəkən. Həyatına davam edəcəksən, ruhumuz bir olacaq hər zaman.

-Səni sevirəm

Bədənim artıq keyimişdi. Heç nə hiss etmirdim. Çox çətinliklə hərəkət edirdim. Üzərimdə çox ağır bir qaya vardı sanki və indi həqiqətən üz cizgilərimdə ölum var idi. Aygünün göz yaşları üzümə düşərkən o şeir ağlımda təkrarlanır və gözlərim yavaş-yavaş qapanırdı…

“ Üz Cizgilərində Ölüm Var”

Yaşamaq ölmək üçündür ancaq

Budur tək məqsəd:

Ölməkdir.

Onun üçün üz cizgilərimdə ölüm var

Hər şeyini götürüb, hər şeyi geridə qoymaqdır.

Ölüm anlatmaqdir insana dəyəri.

Yaşayana dəyər verməyi.

Onun üçün üz cizgilərimdə ölüm var.

Bax üzümə,

Ölümü hiss et ruhunu sökərkən

bədənindən.

Ölüm budur

Gülərkən də üz cizgilərində ölüm var,

Çünki üz cizgilərimdə ölüm var.