Üzeyir filmi – Pərvinin təqdimatında

10 Baxış

102501_zr7kdq1t8j

AZƏRBAYCAN KİNOSU-120

Kino yarandığı gündən populyarlıq etibariylə, insanlara təsir etmək baxımından başqa incəsənət növlərini kölgədə qoydu.

Çağdaş dünyanı kinosuz təsəvvür etmək olmaz. Həm də kino bir növ təbliğat vasitəsinə çevrilib. Amma bir az da geriyə, keçmişə boylananda kinonun lap elə ilk gündən geniş kütləyə təsirini, başqa sənət növləriylə müqayisədə daha geniş imkanlara malik olmasını görə bilərik. Təsadüfi deyil ki, Azərbaycanda da kino yaranan kimi çəkilən ilk qısametrajlı filmlər bir növ reklam xarakteri daşıyırdı. Neft milyonçuları, çağdaş dillə desək, sponsorluq edib “Balaxanıda neft fontanı”, “Bibiheybətdə neft fontanı” və digər bu kimi qısa kadrlar çəkdirirmişlər. Elə ilk tammetrajlı filmimiz də bu mövzuda, İbrahim bəy Musabəyovun eyniadlı əsərinin motivləri əsasında 1916-cı ildə rejissor Boris Svetlov tərəfindən ekranlaşdırılan “Neft və milyonlar səltənətində” filmi oldu.

Azərbaycanda Sovet Hökümətinin qurulması ilə isə Kino rejimin əsas təbliğat vasitələrindən birinə çevrildi. Və təsadüfi deyil ki, həmin dövr mədəniyyət tariximizə nəzər salanda təbliğat “maşınının” başqa sahələrlə yanaşı, kino istehsalatına da necə təsir etdiyini görürük. Beləliklə, ən adi və sadə misallar vasitəsiylə təsdiq edə bilərik ki, kinonun kütləyə və əslində, daha geniş, dərin anlamda xalqa təsiri danılmazdır.

Böyük rus rejissoru Andrey Tarkovski  “İncəsənət qeyri-milli ola bilməz” – deyirdi. Həmçinin, onu da əlavə edirdi ki, “əgər dünyada hər şey qaydasındadırsa, onun incəsənətə ehtiyacı qalmır”. Dünyada isə heç vaxt “hər şey qaydasında” ola bilməz. Ən azı ona görə ki, İnsan var, onun ən fərqli hissləri var və bu o deməkdi ki, incəsənətin mövzusu heç vaxt tükənməyəcək. Həmçinin, dahi sənətkarın dəqiq fikirlərini davam etdirərək, söyləmək olar ki, hansı rejimdə, şəraitdə yaranmasından asılı olmayaraq, incəsənət bilavasitə milli problemləri əks etdirməlidir, fərqi yoxdur, açıq yaxud gizli şəkildə… Bu mənada XIX əsrin sonlarından başlayan XX əsrin əvvəllərində zirvə nöqtəsinə çatan maarifçi dalğanın nümayəndələri xalqa təsir üçün ən müxtəlif vasitələrə əl atırdırlar. Teatrdan, səhnədən tutmuş “Molla Nəsrəddin” kimi dərgilərin səhifələrinə kimi, hamısı əlaqə idi, vasitə idi, bir növ tribuna idi. Sözünü demək, eşitdirmək üçün. Və heç şübhəsiz ki, böyük mütəfəkkirlərimizin, yazıçılarımızın, ziyalılarımızın bu çabaları öz bəhrələrini verdi və bu günün Azərbaycanı həm də onların əsəri, onların zəhmətinin nəticəsidir.

Sənətin maarifçi gücü, qüvvəsi danılmazdır. İntəhası burada kiçik bir incəlik, zərif bir “amma” da var. Sənət kütləni hansı yolla maarifləndirir? Həqiqəti söyləmək lazımdır ki, bəzən maarifçilik məqsədi ilə yazılmış əsərlərdə, xüsusən XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana çıxan əsərlərdə əsl sənət meyarlarının pozulmasını da müşahidə edirik. Bu da əlbəttə, təbiidir. Çünki xalqı maarifə, oxumağa, müasirləşməyə səsləyən, gözünü açmağa çalışan müəlliflər ağırlığı süjet incəliklərinə, qəhrəmanın xarakter özəlliklərinə, təsvirlərin dolğunluğuna, təhkiyənin, dilin zənginliyinə yox, digər tərəfə salırdılar. Məqsəd sadəcə nadanlığın gətirdiyi bəlaları göstərmək idi. Və bu əsərlərin xalqa çatdırdığı mesajları qısaca belə ifadə etmək olar: Filankəs oxumadığı üçün gülməlidi! Ona görə bədbəxtdi ki, savadsızdı! Bu faciə onun başına ona görə gəldi ki, nadandı!

Bu mahiyyətcə eyni olan mesajları sadaladıqca sadalamaq mümkündü. Bütün mesajların sonunda isə – Sən belə olma! – arzusu görünür. Ən müxtəlif sənətkarlar məhz maarifçilik yolu ilə xalqını, millətini işığa, inkişafa doğru aparmaq istəyiblər. Ona görə xüsusən o dövr incəsənətində, ələxüsus ədəbiyyatında mühiti, cəmiyyəti, mövcud ab-havanı nəzərə alaraq hansısa diktant intonasiyasını, gerçək və böyük sənətə uyğun olmayan elementləri məqbul saymaq, “bağışlamaq” olar. Amma əlbəttə, həm maarifçilik yolunu tutan, həm də sözün bütün mənalarında böyük sənət yaradan, sənət tariximizə öz möhürünü vuran, milli yaddaşımıza, özünüdərkimizə təsir edən sənətkarlarımız da az deyil. Mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi, dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadə, “Molla Nəsrəddin” kimi məktəb yaratmış Mirzə Cəlil Məmmədquluzadə, poeziyamızı ayrı bir mərhələyə yüksəltmiş, şeirlə tərbiyələndirməyi hamıdan yaxşı bacaran Mirzə Ələkbər Sabir, operamızın banisi Üzeyir bəy Hacıbəyli. Bu siyahını çox uzatmaq mümkündür. Hələ lap qədimdən də başlayıb ən müasir dövrə kimi gəlib çıxmaq olar. Amma niyyətim Üzeyir bəyin filmlərindən danışmaqdır… Daha doğrusu, Üzeyir bəyin tamam fərqli  janrda yaratdığı əsərlərin – operettaların ekranda necə görünməsinə diqqəti çəkmək.

lll

Çingiz Aytmatov müsahibələrindən birində kinonun insanlara təsirindən danışarkən bu sənət növünün üstünlüklərini vurğulayırdı, amma onu da xüsusi qeyd edirdi ki: “Dünya kinosunda yaranan ən yaxşı əsərlər bu və ya digər şəkildə ədəbiyyatla əlaqədardır. Kinematoqraf düşünən sənətdir, o, tamaşaçını ciddi problemlərə doğru aparır, həyəcanlanmağa, düşünməyə çağırır. Kinematoqrafdakı uğurların əksəriyyəti ədəbi materialların istifadəsinə əsaslanır”. Qısa şəkildə deyilmiş bu tezisi genişləndirmək, daha dərin qatlarına gedib izah etmək, ən gözəl romanların əsasında çəkilmiş yüzlərlə film misal göstərmək olar. Amma bununla belə, əsası söz olmayan, sözlə deyilə bilməyəni göstərən və əsl sənət əsəri kimi öz tamaşaçısının rəğbətini qazanan filmlərin də sayı-hesabı yoxdur. Məsələn, Fellininin məşhur  “8,5”-ini, yaxud “Amarkord”unu sözə çevirsək, nə alınar? Heç nə! Amma bu əsərlərin hər biri KİNOdu…

Bu mənada dəqiq bir resept, yol xəritəsi yoxdur. Sadəcə, incəsənət bilavasitə bu günün, indinin tələbinə cavab verməyə çalışır. Üzeyir bəyin isə bu günü, indisi çox qəliz idi. Ona görə hər üsula, hər vasitəyə, hər janra əl atıb xalqa təsir etmək, bir yandan maarifləndirmək, o biri tərəfdən estetik zövqünü formalaşdırmaq lazım idi.

Üzeyir bəy Hacıbəylinin Şərqdə ilk opera müəllifi olması, 21 yaşında gəncin bu məsuliyyəti boynuna götürməsi, Füzuli kimi dahi bir şəxsiyyətin “Leyli və Məcnun” poeması, bundan əlavə qəzəlləri ilə işləmək cəsarətini özündə tapması ayrıca bir mövzudur. Lakin bu ilklə yanaşı, dahi bəstəkarın çoxşaxəli fəaliyyətinin hər bir yönü mədəniyyət tariximizdə xüsusi hadisədir. Bu mənada kinematoqrafımıza “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi incilərin daxil olması da dahi bəstəkarın adıyla bağlıdır.

“Arşın mal alan” operettasını Üzeyir bəy Peterburqda Konservatoriyada təhsil alarkən, 1913-cü ildə yazır və elə həmin il əsər Bakıda  Hacı Zeynalabdin Tağıyevin teatrında səhnəyə qoyulur. Tamaşadan sonra ən müxtəlif və fərqli fikirlər, əsəri təqdir edənlər də, müəllifləri təhqir edənlər də, operanın dramaya qənim kəsildiyini iddia edənlər də, yaxud da bu yeni sənət növünün yaranmasına səmimi qəlbdən sevinənlər də vardı. Elə o dövrün mətbuatını vərəqləmək yetər ki, ən müxtəlif imzaların, yaxud şərti adlarla yazan müəlliflərin daban-dabana zidd fikirləri ilə tanış olaq. Həmçinin, Anarın “Üzeyir ömrü” filmində də bu məqamlar kifayət qədər yer alıb. “Düdük”, “Zilcovşən” və bu kimi imzalı, yaxud elə xislətli müəlliflərin məntiqsiz, məzmunsuz ittihamları yetərincədir. Amma bütün bu ittihamların, şər-böhtanların fövqündə duran Üzeyir bəy sənəti idi. Elə özü də bunu yaxşı bilirdi. Peterburqda “Arşın mal alanı” yazarkən Hüseynqulu  Sarabskiyə məktubunda bunu etiraf edirdi:

 “Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. Inşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.

…Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir.

Bəradərin Üzeyir. 30 iyul 1913-cü il. Peterburq”

Amma o zaman Üzeyir bəy bilmirdi ki, “Arşın mal alan”la təkcə teatrımızı yox, həm də kinomuzu tamam başqa ucalığa, səviyyəyə qaldıracaq. Operettanın ekranlaşdırılması isə bir neçə mərhələdən keçməli oldu.

İlk dəfə “Arşın mal alan” əsəri 1916-cı ildə səssiz filmə çəkildi. Doğrusu, Üzeyir bəyin bu əsərinin səssiz və musiqisiz formasını təsəvvürə gətirmək çətindir. Ona görə də bu filmin uğurundan, yaxud uğursuzluğundan danışmağa dəyməz. İkinci dəfə, 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov “Arşın mal alan”ı yenidən ekranlaşdırır. Lakin o, nə müəllifin icazəsini alır, nə də onunla məsləhətləşir. Ona görə də cəmi iki gün nümayiş etdirilən film ekrana buraxılmır. Üçüncü dəfə isə 1937-ci ildə ABŞ-da yaşayan R.Mamulyan adlı bir erməni rejissor “Arşın mal alan”ı Üzeyir bəydən icazə almadan ekranlaşdırır və titrdə müəllifin-bəstəkarın adını ümumiyyətlə  göstərmir. Bu da elə rejissorun soyadı və milliyyəti üçün tamam təbii bir hadisədir.

1941-ci ildə filmin çəkilişləri plana salınsa da, İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar çəkiliş təxirə salınır. Nəhayət, dördüncü dəfə operetta 1945-ci ildə ekranlaşdırılır. Onu da xüsusi qeyd etmək lazımdır ki, “Arşın mal alan” SSRİ-də “Silva”dan sonra ekranlaşdırılan ikinci operetta idi.

Rejissorlar Rza Təhmasib və Nikolay Leşşenkonun çəkdikləri bu filmin ssenarisini Üzeyir bəyin operettası əsasında Sabit Rəhman yazdı. Operatorlar Əlisəttar Atakişiyev və Muxtar Dadaşov dövrün məhdud texniki imkanlarına baxmayaraq, gerçək bir film ab-havası, görüntüsü yarada bildilər. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa ediblər.

Kinoşünas Aydın Dadaşov “Səsli kinonun yaranması və inkişafı” məqaləsində Üzeyir bəyin dramaturq kimi ustalığını xüsusi qeyd edir: “Ü.Hacıbəyovun yaratdığı ecazkar musiqidən başqa, dramaturji qanunlara cavab verən ədəbi material da professional ekran əsəri yaratmağa imkan verdi…” Librettoların da müəllifi olan Üzeyir bəy yenə Füzuli qəzəllərinə müraciət edərək ariyaların mətnlərini yazır və bu ariyaların sözləri qəribə və üzvü şəkildə əsərin dramaturgiyası və qəhrəmanların daxili aləmi ilə vəhdət təşkil edir. Bir sözlə, Üzeyir bəy dahi bəstəkar olmaqla yanaşı, həm də böyük ədib, dramaturq istedadını ortaya qoymuş olur.

Dünya kinosunda “myuzikl” janrının əsası 1866-cı ildə qoyulub, Nyu-York səhnəsində “Qara hiyləgər” adlı musiqili əsərə quruluş verilməsiylə. Burda söz, musiqi, rəqslər üstünlük təşkil edib və elə o vaxtdan tənqidçilər bu janrda əsərlərdə əsas ağırlığın musiqinin və rəqslərin üzərinə düşməsini, süjetin vacib olmamasını söyləyiblər. Üzeyir bəyin böyüklüyü bütün bunların vəhdətini – milli myuzikli  yaratması, həm də musiqi ilə kinonu, ədəbiyyatı eyni səviyyədə saxlamasıdır. Həmçinin, Üzeyir bəyin xarakter ustalığı, əsl azərbaycanlı xarakterlərini yaratması da xüsusi məqamdır. Əlbəttə, bu yöndən yanaşanda, məhz xarakter ustalığını təhlil edəndə “O olmasın, bu olsun” daha çox söz deməyə imkan verir. Qızını pullu kişiyə ərə verib müflislikdən can qurtarmaq istəyən Rüstəm bəy, heç kəsin başa düşmədiyi qəliz dildə danışaraq özünü ziyalı göstərməyə çalışan qəzetçi Rza, əvvəldə Məşədi İbadı ələ salan, amma sonra ona ərə getməyə də məmnuniyyətlə razılaşan qulluqçu Sənəm, pulunun gücünə hər şeyi ala biləcəyinə inanan tacir Məşədi İbad, ortada yeyib qıraqda gəzən quru bəylər, qorxaq qoçular və b. hamısı ayrı-ayrılıqda xarakterlərdir. Və Üzeyir bəy bu xarakterlərin hər birini son dərəcə dəqiqliklə, xüsusi ustalıqla qələmə alıb.

Anar “Keçən keçdi, olan oldu” romanında Rəsul Rzanın bir gənclik xatirəsini qələmə alır. Gənc Rəsulun böyük bəstəkara sualını yada salır. Bir dəfə Rəsul Rza Üzeyir bəylə dənizkənarı bulvarda gəzə-gəzə ondan – Nə üçün Məşədi İbad qoçuları Sərvərin üstünə hücum çəkəndə deyirlər:  Ey kimsən orda, aç qapını! Aç qapını, gələk səni öldürək! Adam öldürməyə gələn heç belə xəbərdarlıq  eləyərdi? – deyə soruşur: “- Bilirsənmi Rəsul – dedi-mən o sözləri bilə-bilə yazmışam. Bakı qoçularının adları çıxmışdı, onların “qoçaqlıqları” haqqında əfsanələr uydurulmuşdu. Əslində,  onlar qorxaq və xırda adamlardı. Məşədi İbadın qoçuları bu yağlı məşədini mümkün qədər soymaq istəyirlər. Onlar Məşədi İbad üçün qanlı vuruşmağa girmək, özlərini təhlükəyə salmaq fikrində deyillər… “aç qapını, gələk səni öldürək” – deyirlər ki, Sərvər məsələdən agah olub çıxıb getsin… Məntiq də elə burdadır”.

Bu cavabdan da Üzeyir bəyin yaratdığı xarakterləri necə dəqiqliklə işləməsi, düşünməsi görünür. Həmçinin, elə “Arşın mal alan”da süjetin axarı, hadisələrin necə inkişaf etməsi və düyünlərin açılması əsərin mahir bir dramaturq qələmindən çıxmasına şübhə qoymur.

Gənc və yaraşıqlı tacir Əskər evlənmək istəyir, amma “görməsə, sevməsə” olmaz. Dövr isə “görməyi və sevməyi” yüz faiz qadağan edib. Dostu Süleyman çıxış yolu göstərir, arşın malı satandan gizlənməz qadınlar, dalına bir topa parça at düş küçələrə… Zahirən çox sadə süjetin arxasında müəllifin mətnaltı eyhamları, həmçinin, insan xarakteri uzmanı olması görünür. Məsələn, Əsgər evlənmək niyyətini açan  kimi “Çadramı sallam başıma” deyib hay-küy salan xala nə qədər müasirdir, deyilmi? Yaxud Əsgərin qarşısına əsl sevgisini çıxarana qədər əvvəlcə gonbul, kifir, sonra yenə arıq, qara, eybəcər qızları çıxarması, sonra birdən-birə “Arşın malçı mal göstər, bir-bir yerə sal göstər” deyən qız topasının içinə atması Üzeyir bəyin priyomu deyilmi? Sanki Əsgər sevəcəyi, aşiq olacağı o zərifdən zərif Gülçöhrəyə qədər bu cür “sınaqlardan” çıxmalı imiş. Bütün bunlar  Üzeyir bəyin hərtərəfli istedadını, peşəkarlığını bir daha təsdiq edir.

“Arşın mal alan” filminin musiqisi təhvil veriləndə Üzeyir bəy orkestrovkadan  narazı qalıb: “Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur”. Baxmayaraq ki, bu orkestrovka Niyaziyə aid idi. Amma düzəlişlərdən sonra Niyazini öpüb “Sağ ol, qoçaq” – deyib. Bütün bu faktlar kinonun uğurunun sirləridir əslində. Üzeyir bəy başda olmaqla hər kəsin böyük istedadı, işinə tələbkarlığı, həmçinin, hər incəliyə diqqət və sevgiylə yanaşması “Arşın mal alan”ı kino tariximizdə ən uğurlu, dünyada kinomuzu ən çox təmsil edən filmə çevirdi.

Təkcə 1945-ci ildə bu filmə 16 milyon tamaşaçı baxıb. Film hələ Sovet dövründə 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə edilib.

Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə “Arşın mal alan” filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib. Həmçinin, “Arşın mal alan” 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə rəngli bərpa olunub. 19 sentyabr 2015-ci ildə isə  Hollivudda nümayiş olunub. Filmin nümayişi Üzeyir Hacıbəylinin anadan olmasının 130, görkəmli sənətkar Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub.

Əslində, məhz müharibənin bitdiyi 1945-ci ildə filmin ekranlara çıxması onun uğurunun – geniş tamaşaçı kütləsinin sevgisini qazanmasının müəyyən bir hissəsi idi. Müharibədən, itkilərdən, ölüm-itimlərdən yorğun insanlar üçün “Arşın mal alan” təmiz hava kimi idi, xoş xəbərə, qələbə sədasına bənzəyirdi…

1965-ci ildə isə “Arşın mal alan” musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Filmdə baş rolları Həsən Məmmədov, Murad Yegizarov, Nəcibə Məlikova, Leyla Şıxlinskaya ifa etdilər. Bu film də kino tariximizdə özünəməxsus iz buraxmış oldu.

“O olmasın, bu olsun” filmini rejissor Hüseyn Seyidzadə 1950-ci ildə Üzeyir bəyin operettası, Sabit Rəhmanın yazdığı ssenari əsasında ekranlaşdırdı. Filmdə rejissor ənənəyə sadiq qalmaqla yanaşı, müasir kinematoqrafın da imkanlarından istifadə etməyə çalışırdı. Ona görə Əliağa Ağayevin canlandırdığı Məşədi İbadın da obrazı, danışığı, davranışı xeyli “cavanlaşmışdı”, qıvraqlaşmışdı. Axı Üzeyir bəy özü də əlli yaşına çatanda “Məşədi İbada haqsızlıq etmişəm” demişdi… Bir sözlə, filmdə əlli yaşında cavanın gənc qıza meyl salmasından daha çox ümumi mühit, o illərin Bakısı, milli xarakterlər, kolorit qabardılıb. Və əlbəttə ki, Üzeyir bəyin musiqisi… O musiqi ki, filmin uğurunun rəhni idi. Amma bununla belə, film ekrana çıxarılandan sonra ölkə mətbuatında filmi tənqid edən yazılar da kifayət qədər oldu. “Müvəffəqiyyətsiz film” başlıqlı məqalədə deyilirdi: “Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küy… Eybəcər oyunbazlıqlar”…

Bu cür yazılarda “zövqsüzlük” və “hay-küy” kimi göstərilən məqamlar, əslində, filmin üstünlüyüdür. Elə bircə bazar səhnəsi, hay-küy düşən kimi arvad çadrasına bürünüb qaçan qoçu, yaxud Rüstəm bəyin evində toydan sonra düşən hay-küy, dava-dalaş dövrün koloritini göstərir, həmçinin, obrazların xarakterini dərindən açır. Daha əvvəldə vurğuladığım məqamları təkrar etmək niyyətim yoxdur. Lakin Üzeyir bəyin operettası əsasında çəkilmiş “O olmasın, bu olsun” filmi xarakterlərin zənginliyi baxımından “Arşın mal alan”dan da üstündür. Burada yenə də zahiri, sadə süjetin içərisində bir neçə qat, bir neçə hadisə gizlənir.

Anarın “Üzeyir ömrü” filmi Üzeyir Hacıbəyli dühasını anlamaq, dərinliyinə varmaq üçün açardır, deyə bilərik. 1981-ci ildə yazıçının ssenarisi əsasında elə özünün ekranlaşdırdığı film kinematoqrafımızda yenilik oldu. Burada bədiiliklə sənədliliyin vəhdəti, hadisələrin həm bədii səhnələr, aktyorlar vasitəsiylə, həm də real sənədlərlə göstərilməsi, təsdiqlənməsi əsas yenilik idi. Filmdə Hüseynağa Atakişiyev Üzeyir Hacıbəyli rolunu ifa edirdi. Həmçinin, o dövrdə Üzeyir bəyin yanında olan, onunla birgə mübarizə aparan doğmaları, bərabər çalışan qələm dostları, aktyorlar da filmdə yer alıblar. Xurşid Banu Natəvan, Məleykə xanım, Cabbar Qaryağdı, Qurban Pirimov, Əbdürrəhim Haqverdiyev, Müslüm Maqomayev, Həsən bəy Zərdabi, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Əhməd Ağdamski, Şövkət Məmmədova, Zülfüqar Hacıbəyov və daha kimlər-kimlər. Elə təkcə bu faktın özü, mədəniyyət tariximizdə yeri olan bu qədər insanın kinoya gətirilməsi xüsusi hadisədir. Anar “Üzeyir bəyin qəribə taleyi” adlı essesində yazır:

“Şübhəsiz, sovet vaxtında Moskvanın Mərkəzi Televiziyasının sifarişiylə çəkilmiş və ilk dəfə onun Birinci proqramıyla nümayiş etdirilmiş filmdə Üzeyir bəyin ictimai həyatı haqqında tam həqiqəti söyləmək mümkün deyildi…

Amma… müəyyən fənd işlədərək filmə hətta anonim şəkildə Ceyhun bəyin obrazını da salmışdıq. Məlum olduğu kimi, “Leyli və Məcnun”un ilk tamaşasında  İbn Səlam rolunu Ceyhun bəy ifa edib. Bizim filmdə də İbn Salam  rolunu oynayan  aktyor operanın yaranma prosesində başqa müəlliflər və aktyorlarla birlikdə adı çəkilmədən iştirak edir. Bunu yalnız Niyazi tuta bildi. “Üzeyir ömrü” kinolentinin  konsultantı kimi filmi ilk dəfə ona göstərdim. O səhnələr ekranda canlananda  qulağıma pıçıldadı: Bilirsən İbn Salamı kim oynayıb? – Bilirəm – dedim. Bundan sonra isə nə o, nə mən bu  barədə bir kəlmə də kəsmədik”.

Dövrün bütün məhrumiyyətlərinə, Sovet senzurasının “iti qayçısından” qaçmağın mümkünsüzlüyünə baxmayaraq, bu film Üzeyir bəyin bütöv bir sənətkar obrazını tamaşaçısına təqdim etdi. Filmdə Üzeyir bəyin geniş yaradıcılığı bütün yönləri ilə göstərildi. Hətta Üzeyir bəyin özünün çox da sevmədiyi “Ər və arvad” operettasından da bir ariya filmdə verilib. Anar bu hadisəni belə xatırlayır:

“Bir dəfə Şəmsi Bədəlbəyli mənə danışdı ki, Üzeyir bəy deyirmiş ki,  məndən sonra heç vaxt bu operettanı, “Ər və arvad”ı oynamayın. Şəmsi onu da deyirdi ki, Üzeyir bəyin elə bu bəyənmədiyi operettasında çox yaxşı ariyalar vardı. Mənim xahişimlə o ariyalardan birini Şəmsi müəllim zümzümə etdi, sözlərini də unutmamışdı. Filmin musiqi redaktoru Nazim Əliverdibəyovu çağırdıq, Şəmsi müəllimin oxuduğu melodiyanı nota saldı və filmdə səsləndirdik”.

Məhz “Üzeyir ömrü” filmi vasitəsiylə Mirzağa Əliyevin Məşədi İbadı, onun öz səsi ilə qorunmuş oldu. Belə ki, “Arşın mal alan” filmində (1945) Soltan  bəylə Məşədi İbad (Mirzağa Əliyevin ifasında) söhbət edirlər, sonra da Məşədi İbad Əsgərin toyuna qonaq gəlir. “Üzeyir ömrü” filmində həmin kadrlar Məşəd İbadın radio variantından Mirzağa Əliyevin səsiylə calanıb. Onu da qeyd etmək lazımdır ki, Hüseyn Seyidzadə “O olmasın, bu olsun”da Məşədi İbad roluna aktyor Mirzağa Əliyevi çəkəcəkmiş. Lakin çəkilişlər yenicə başlamışdı ki, aktyor dünyasını dəyişdi.

“Üzeyir ömrü”ndə də məhz Mirzağa Əliyevin Məşədi İbadının göstərilməsinin bir səbəbi də budur. Amma Anar “Keçən keçdi, olan oldu” romanında ayrı bir, şəxsi səbəbinin də olmasını söyləyir: “Arşın mal alan”ın çəkilişi vaxtı Rəsul Rza kino naziri idi. Mərdəkanda çəkilişə bir gün məni də apardı. Maşında arxada atamla mən, qabaqda Mirzəağa Əliyev oturmuşduq. O axşam həmin o kadrları – Məşədi İbadın toya gəlməsi səhnəsini bütün gecə çəkdilər. Mən də ilk dəfə film çəkilişində iştirak edirdim”.

Üzeyir bəyin bioqrafiyasını, zəngin yaradıcılığını əks etdirən “Üzeyir ömrü” filmi əslində ayrıca bir məqalə mövzusudur. Lakin Üzeyir bəyin filmləri haqqında yazımda bu faktları gətirməyimin də səbəbi var. Üzeyir bəy nəsil-nəsil insanların, ən adi adamların da, böyük sənətkarların da həyatına, dünyaya baxışına təsir etmiş mütəfəkkirdir. Və heç şübhəsiz ki, onun xidmətləri filmlərə, məqalələrə, cildlərə sığmayacaq dərəcədə böyükdür.

Üzeyir bəyin ekrandan, filmləri vasitəsiylə millətimizə bəxş etdiklərini göstərmək istədiyim bu essemin sonluğunda yenə “Üzeyir ömrü” filmindən bir kadrı yada salmaq istərdim. Lap sonda balaca Üzeyir Şuşada ağacların arasından boylanır və Niyazinin rəhbərliyi ilə simfonik orkestrin konsertini görür, yüzlərlə adamın onun musiqisini dinlədiyini, onun adıyla bir yerə toplaşdığını seyr edib heyrətlənir. Heç şübhəsiz ki, bu gün də Üzeyir bəy yenə də Şuşadan dünyanın istənilən yerinə boylansa, həm musiqisinin, həm də filmlərinin, sözünün təsirini görüb sevinə, qürur duya bilər. Bircə qalır bizlərin, hamımızın Şuşadan, ağacların arasından Üzeyir musiqisinə “boylanmağımız”.

KÖŞƏ YAZARLARI
TOP 10