Üzeyir Hacıbəyli Hüseyn Cavidin qızı ilə bağlı nəyi xahiş etmişdi?

154 Baxış

esasuzeyirSenet.az “XAN” nəşriyyatında “Xatirə ədəbiyyatı” seriyasından çapa hazırlanan tərcüməçi Hüseyn Şərifin “Xatirələr” kitabından seçməni təqdim edir:

 

Bu əhvalat “şəxsiyyətə pərəstiş” dövrünün müthiş günlərindən birində baş verdi.

O vaxtlar idi ki, imzasız yazılmış bir kağız parçasında – “düşmən”, “xalq düşməni”, “əksinqilabçı”, “satqın” adlandırılmış günahsız adamlar gecə-gündüz istintaqa çəkilir, axırda da ağır cəzaya məhkum edilib, məhkəməsiz-filansız sürgün edilirdilər. Bu hələ cəzanın yüngül forması idi.

Stalin hökmranlığının qanunsuzluqları, özbaşınalıqları haqqında çox yazılıb və hələ çoxda yazılacaqdır! Gələk mətləb üstə. Dahi sənətkarımız Hüseyin Cavidin qızı Turan 1942-ci ildə işə nə cür qəbul olunub?

Günlərin bir günü Üzeyir bəy mənə zəng etdi:

–Hüseyin, salam. Üzeyirdir danışan.

–Əleykumməsalam, Üzeyir bəy. Buyurun, mənə təəlluq qulluğunuz. Sizi dinləyirəm.

–Hüseyin sənin bir zaman dostluq etdiyin Hüseyin Cavidin qızı Turan yanımdadır. Vəziyyətləri ağırdır. Onlara kömək etmək lazımdır. Gərək onu işə götürəsən. Qoy sənin yanında işləsin.

Ömrümdə birinci və axırıncı dəfə Üzeyir bəylə rusca danışmalı oldum.

–Üzeyir bəy, – dedim, – Sizə çox böyük hörmət bəsləməyimə baxmayaraq, xahişinizi yerinə yetirə bilməyəcəyəm. Xüsusilə söhbət belə adamlardan gedirsə, heç yaxın durmaram. Sizdən son dərəcə təvəqqe edirəm, Üzeyir bəy, belə məsələlərlə bağlı mənə müraciət etməyəsiniz.

Üzeyir bəy bir neçə saniyə dinmədi. Mən bundan  istifadə edib əlavə elədim:

–Üzeyir bəy,  yeri gəlmişkən, bu gün saat 2-də “Bəddi Şura”nın iclası olmalıdı. Siz gələcəksinizmi?..

–Gələcəyəm! Mütləq! – dedi.

1942-1943-cü illər.. Stalin repressiyasının tuğyan etdiyi, özbaşınalıq və qanunsuzluqların hökm sürdüyü illər!. Məgər telefonda Cavidin adını çəkmək olardı?

Xalqını  misilsiz məhəbbətlə sevən böyük sənətkarımıza “xalq düşməni” kimi dəhşətli ad verilmişdi! Bu cür şəraitdə mən Üzeyir bəyə ayrı cür cavab verə bilməzdim! Həm də ki, Üzeyir   bəyin kabinetində həmişə bir neçə kənar adam olardı (mən bir neçə dəfə bunun şahidi olmu-şam).

Üzeyir bəy büllur kimi təmiz, ürəyiaçıq, xeyirxah, nurani, sadə insan idi. Müqəddəs şəxsiyyət idi. Mən Üzeyir bəyin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan gəncləri” qəzetinin 1984-cü il 22 sentyabr tarixli nömrəsində çap olunmuş xatirələrdə böyük sənətkarlarımızla ünsiyyətim haqqında yazmışam. Onun mənə ərki vardı… Telefonda dediyi sözlər də onun sadəliyindən irəli gəlirdi.

Sözün qısası, saat ikinin yarısında Üzeyir bəy gəldi Radio Komitəsinə. Mən cəld qalxıb onu qarşıladım. Qolundan tutub yer göstərdim. Qabaq-qənşər əyləşdik (kabinetimi də kilidləmişdim) Üzeyir bəy, – dedim, telefonda Sizinlə sərt danışdığım üçün məni bağışlayın. Mən ayrı cür hərəkət edə bilməzdim! Axı, Üzeyir bəy, siz özünüzü də zərbə altına salırsınız, məni də! Məgər telefonda Cavidin adını çəkmək olar? Mən başa düşürəm bu sizin xeyir-xahlığınızın, Cavid əfəndiyə bəslədiyiniz hörmətin nəticəsidir. Lakin bu barədə telefonda bir kəlimə də danışmaq olmaz. Bizi hər şeydən, vətəndaşlıq hüququndan da  məhrum edə bilərlər.

Üzeyir bəy bığını sığallaya-sığallaya fikrə getdi… Haçandanhaçana başını qaldırıb gözümün içinə baxa-baxa dedi:

–Ay Hüseyn, əksinə, sən gərək məni bağışlayasan. Bu heç mənim ağlıma gəlməyib… Necə deyərlər sən bilən yaxşıdır.

–Üzeyir bəy, bir daş altda bir daş üstdə. Bu barədə bizim aramızda heç bir söhbət olmayıb. Bəs qıza nə cavab verdiniz?

–Hə cavab verə bilərdim? Gözünü zilləyib məlul-məlul mənə baxırdı. Dedim ki, Hüseyin Şərifov razıdır. Belə məqamda ona ayrı cür cavab vermək olmazdı.

–Lap yaxşı edibsiniz!  Üzeyir bəy, yəqin ki, sizə məlumdur. Axı mənim böyük qardaşım Məhəmməd Azərbaycan KP MK-nın katibidir. Bu gün gedib onu da xəbərdar etməliyəm. Hüseyin Cavidin qızını işə götürməyimi o,  mütləq bilməlidir.

Üzeyir bəylə bu barədə söhbətimiz bununla da qurtardı.

İşin axırında getdim Mərkəzi Komitəyə. Qardaşım Məhəmmədi də Cavid əfəndi ilə tanış etmişdim.

Bir neçə dəfə mənim məclislərimdə Cavid əfəndi ilə həmsöhbət olmuşdu. Məhəmmədə dedim:

–Əhvalat belədir, Cavid əfəndinin qızını işə götürürəm. Hə deyirsən?

Məhəmməd təəccüblə üzümə baxdı. Bir az fikirləşib gülümsədi:

–Mütləq götür.

–Ancaq məsələ belədir, Məhəmməd. Mərkəzi Komitədə bu  barədə söhbət olsa, sənin bu işdən xəbərin yoxdur. Mən sənə heçnə deməmişəm.

Qız ertəsi gün işə başladısa da işə qəbul olunması barədə əmri üç gün sonra imzaladım.

On gün də keçməmiş Daxili İşlər Nazirliyinin leytenant rütbəli bir zabiti icazəsiz filansız girdi kabinetimə. Mən təəccüblə ona baxdım.

–Mənə görə qulluğunuz? – deyə soruşdum.

Bu hərif gözünü gözümə zilləyib həyasızcasına dedi:

–Sizdə xalq düşməninin qızı işləyir.

–Sizi başa düşmədim.

–Xalq düşməni Hüseyin Cavidin qızı sizdə işləyir.

–Hə, başa düşdüm, nə olsun ki?

–Təcili çıxarmaq lazımdır!

Hirsim məni boğdu. Amma, hər halda, özümü ələ alıb:

–Yaxşı, – dedim, – fikirləşərəm.

Getdi. Üç gün keçməmiş yenə gəldi. Salamsız – kalamsız oturdu.

Mən hökümət telefonu ilə danışırdım. Söhbəti qəsdən xeyli uzatdım. Dəstəyi yerinə qoyan kimi hərif dedi:

– Sizdə xalq düşməninin qızı işləyir.

Beşmi, yoxsa bilmirəm altı aymı ərzində mən qızı doqquz dəfə  müxtəlif vəzifələrə keçirməli oldum…

Axırda qız dilə gəldi:

–Bu nədir, siz məni top kimi vurub həftədə bir vəzifəyə atırsınız. Belə iş olar? Axı mənimlə niyə belə amansız rəftar edirsiniz?

Mən bu binəva qıza nə deyə bilərdim.

–Get, qızım, – dedim, – get başını sal aşağı işini gör.

Qız kabinetdən çıxdı. Bu əhvalat qanımı lap qaraltdı.

Bu dəm Mehdi Hüseyn kabinetə daxil oldu (Mehdi Hüseyn birinci müavin idi. Zarafatla bir-birimizə rəhbər deyə, müraciət edərdik).

–Ə, rəhbər, – dedi, – bu nədir, nə yaman dilxorsan, qanın niyə qaradır

Əhvalatı Mehdiyə danışdım. Xahiş etdim qızı çağırıb başa salsın, Daxili İşlər Nazirliyi nümayəndəsinin məni necə zinhara gətirdiyini qıza bildirsin.

Mehdi işin nə yerdə olduğunu qısa söyləyir.

Günün axırına yaxın binəva qız gəlib məndən üzr istədi. Onun heç ağlına da gəlmirmiş ki, məsələ gəlib belə şəkil alıb.

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10