Üzeyir Hacıbəylinin Fransada olan qardaşına məktubu – Məhəmmədəmin yalnız məqalə yazır, ağır iş mənim öz boynumdadır…

19 Baxış

140167

Üzeyir bəy Hacıbəylinin qardaşı, “Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəyli Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya yola düşür. Ceyhun bəy getdikdən sonra qəzetə rəhbərlik müvəqqəti olaraq Üzeyir bəyə tapşırılır. Ancaq Üzeyir bəyin öz işi də olduğundan qəzet işi onun çox vaxtını alır. Bu barədə Ceyhun bəyə məktublarında da qeyd edir. Bu gün təqdim edəcəyimiz 1919-cu il 19 mart tarixli məktubda da Üzeyir bəy bir sıra işlərindən -  ailə məsələlərindən, hökumət və qəzetin işlərindən yazaraq Ceyhun bəyi hali edir. Senet.az, enter.news saytına istinadən həmin məktubu təqdim edir:

“Nuri-didələr: Ceyhun, Zurya və Ceycik!

Salam-dua bədində sizdən çox nigaran idik, lakin kağızlarınız yetişdikdən sonra arxayınlıq hasil oldu; axır ki, kağızınızda Ceycikin şəklini göndərmişdiniz gəldi çıxdı və çıxmaqla Ceycikin şəkli əldən-ələ gəzib, görən öpürdü. Qərəz, çox şad olduq.

Hərdənbir özünüzün və Ceycikin şəklini çəkdirib göndərin.

Gələk bizim işlərə.

Əvvəla, hamımız, bizlər və Zuryanın da yeni evləri də sağ və salamatdırlar. Aişə xanım həmçinin sağ və salamat olub, genə öz işindədir. Bir neçə gün əvvəl mənimlə görüşdü və kağız yazıb verəcəyini vəd etdi. Bu günlərsə bir qədər nənəmin keyfi yox idi. Başı gicəllənirdi; Əbdülxalıqı gətirdim dava yazdı, dedi qocalığındandır; davadan bəridir ki, yaxşıdır. Özü də bizdə olur, yəni biz sizdən köçdük, öz evimizdə, köhnə evimizdə oluruq. Və bir də sizdən köçərkən təsadüfi olaraq evinizdə bir telefon aparatı tapdıq. Mən bu işə çox sevindim, aparatı siz gələnə qədər rekvizit edib evimizdə telefon çəkdirdim. Camalgil də sizdə olurlar. Naibə xanım və Sara dəxi salamətdirlər; Sura öz evlərində olur; Ziba xamının əri gəldi, evlərində başqa adamlar da olur.

Zurya hər nə Məleykəyə yazmışdı, hamısına əməl olundu.

Qəzetəni idarə davam edirəm, ancaq iş çox olduğuna görə yoruluram. Xeyli şirift gətirdik. Bu günlərdə qəzetəni böyüdəcəyik. Qərəz hər bir şey öz yerində sazdır, lakin sizin bir qədər keyfinizi pozacaq əhval budur ki, qəzetə mədaxili işi, siz zənn edən kimi olmadı. Böylə ki, “Bakinski islov” qəzetəsindən yalnız bir kərə Şəfi bəy mənə doqquz yüz manat pul verdi, vəssəlam, mən də Nəsib bəyin “İqla”dan narazılığına görə “Bakinski islov” bizim mətbəəmizdən köçdü və köçməklə də, deməli, “İqla” qəzetənin yeganə sahibi oldu. Bu xüsusda Şəfi bəy də bir tədbir görmədi, daha doğrusu, görə bilmədi. İnşallah, sən qayıdandan sonra əhvalatı özü sənə nəql edər. Bədə bizim qəzetədən sənə hər ay məvacib çıxmaq məsələsi də baş tutmadı. Çünki səndən sonra Nəsib bəy mənimlə görüşüb dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al və Məhəmmədəmin də məvacibini alsın; deməli daha sənə xüsusi məvacib yeri qalmadı və smeta dəxi öylə də yazıldı. Lakin Məhəmmədəmin yalnız məqalə yazır, ağır iş mənim öz boynumdadır. Bu xəbərləri piş əz vəxt yazıram ki, Bakıda mədaxilinizə ümidvar olmayasınız ki, sonra məyusluq əmələ gəlir. Hər halda bununla keyfinizi pozmayınız, sağlıq olsun. İnşallah, qayıdandan sonra əvvəlkindən daha artıq qazanarsınız. Təki can sağlığı olsun. Bir də ümidvaram Yevropadan o qədər material gətirərsən ki, səndən ötrü böyük bir mənbeyi-mədaxil olar. Orası da məxsusi qalmasın ki, “Bakinski islov” indi mənfəət verirsə də cüzidir. Məsələn, yüz, iki yüz, çünki bu səat Bakıda igirmidən çox qəzetə çıxıyor. “Kaspi” pulsuzluq üzündən bağlandı.

Əlavə ev əhvalatından onu xəbər verirəm ki, Cəmalı evləndirmək istəyirik. Özü də Ayulduzu almaq istəyir. Bu günlərdə nişan taxılacaqdır.

Bakı həyatından şayani-diqqət olan bir şey varsa, o da tez-tez tərtib verməkdə olan “veçer”lərdir ki, hamısı yay klubunun zalında olur. Lakin indi veçerlər ilə keçənkilərdə təfavüt vardır. İndi içki işi azad olduğuna görə veçerlərdə hamı kefli olur. Mən də hər dəm keflənirəm.

Azərbaycan işinə gəldikdə Xan Xoyski hökuməti istefa verdi. Səbəbi “İttihadçı”lar oldu. Yeni kabinə işi Nəsib bəyə həvalə olundu. Yəni Baş vəzir oldu. Lakin hələ hökumət düzəlməyibdir. Yəqin sabah düzələcəkdir. Hər halda işimiz yaxşıdır. Könüllüləri və sairləri şəhərdən qovduq, ingilis polisasına da ehtiyac qalmadı; bu günlərdə öz qoşunumuz gəldi. Flot dəxi tərksilah etdirildi.

Badə nə yazım. Bizi maraqlandıran sizin əhvallarınızdır. Sən də ki, o barədə bir söz yazmırsan. Əz cümləsi bir şey yazıb göndərmişsən, lakin götürən adam yolda obskdan qorxub, cırıbdır. Deməli, əlimizə çatmadı. Qərəz arzumuz budur ki, tez işlərini qurtarıq qıyıdasınız ki, tezlik ilə görüşək. Hamımız hamınızı çox-çox öpürük ba xüsusi Ceyçik!

Heyfslənirik ki, yəqin Ceycik qayıdandan sonra bizi tanımayacaqdır.

Zərər yoxdur, sağ və səlamət qayıdın, sonra tanıyar. Baqi salamat olasınız, ümuməqrəba və dost-aşnalardan səlam-dua!

Bəradərin Üzeyir. 19 mart, 1919. Bakı”

Təqdim etdi: Rəşad Sahil