Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub

9 Baxış

116556

İndiyə kimi kifayət qədər siyasi motivli məktublar dərc etmişik. Həmin məktubların mövzusu ya gözdən salınmış şəxslərin əf diləməkləri haqqında, ya da ki, siyasi intriqalardan bəhs edən məktublar olub. Həmin məktublardan dövrün siyasi gedişlərindən və siyasi rəhbərlərin bir-birinə olan rəftarlarından məlumatlı oluruq. Bunlar öz yerində… 

Ancaq bir peşə sahəsi də var ki, onların yazdığı məktublar daha maraqlı və yaradıcı olur. Belə məktublardan ara-sıra dərc etmişik. Bu dəfə də həmin tipli məktublardan birini hazırladıq. Bu məktubu Üzeyir Hacıbəyli 1913-cü il iyulun 30-da tələbə olarkən Peterburqdan Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazıb. Qeyd edim ki, məktub ilk dəfə 1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc olunub. Senet.az Üzeyir bəyin hər kəsin marağına səbəb olan məktubunu təqdim edir:

“BƏRADƏRİM HÜSEYN-QULU!

Əvvəla, səlamat olasınız və saniyən bu tərəfin əhvalını xəbər alsan, Allaha şükür sağ-salamat varıq və əlavə teleqraf vasitəsilə yüz manat göndərmişdin, gəldi çatdı və əlavə bu gün Müslümdən dəxi kağız aldım. Yazır ki, “Nicat” adamları köhnə kontraktı götürüb gedib polismestrə göstəriblər ki, guya mən yazdıqlarımı onlara satmışam. Polismestr də Müslümün cavabını biləndən sonra, onlara deyibdir ki, gediniz Müslümbəy ilə bir növ barışıq ediniz və bir də Müslüm mənə yazır ki, onu Tiflis Cəmiyyəti-xeyriyyəsi qışda qastrola çağırıbdır. Tiflisdə onlar üçün üç dənə oyun versin. Bu da çox yaxşıdır. İnşallah qışda oraya gedərsiniz.

Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyarsınız. Amma “Əsli və Kərəm”i gündüz oynamaqda böyük səhv edibsiniz, mən bu barədə Müslümə dəxi yazmışam.

O ki, qaldı pul işinə o barədə mənim işim yaşdır, çünki göndərdiyin pulun yarısı müəllimə və dərs işlərinə gedib, qərəz bu halda pula böyük ehtiyacım vardır. Sən görünür ki, pulun hamısını bir yerdə göndərə bilməzsən, elə olan surətdə çox təvəqqə edirəm ki, yəni iki yüz manatını indi və iki yüz manatını da avqustda. Amma bir də artıq təvəqqə edirəm ki, bu iki yüz manatı mümkün olsa kağız alan günü göndərəsən ki, pulun gec gəlməsi dərsimə xələl yetirməsin. İnşaallah mən konservatoriyaya girəndən sonra Bakıya gəlib işlərə bir baş çəkmək fikrim dəxi vardır. Onda işlər hamısı asan olar və onu da bil ki, sənin zəhmətin mənim yadımda heç vaxt hədər getməz, çünki hər halda biz bir-birimizə lazım olan adamıq və mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun.

Ançaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir. Çox şadam ki, satmadım, indi hələlik xudafiz, əlbəttə pulu tez göndər ki, arada məətəlçilik olmasın. Bədd ərzi-salam.

30 iyul, 1913-cü il.

Peterburq Bəradərin. Üzeyir.”

Təqdim etdi: Rəşad Sahil 

KÖŞƏ YAZARLARI
TOP 10