Üzeyir Hacıbəylinin Şuşada yox, Ağcabədidə doğulmasının maraqlı tarixçəsi

3 Baxış

uzeyir1505710310

Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum tarixidir.

Senet.az-ın məlumatına görə, Ü.Hacıbəyli 18 sentyabr 1885-ci iləd Ağcabədidə doğulub. Kənd mirzəsi ailəsində doğulan Üzeyirin iki qardaşı, iki bacı da olub. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının öz tarixçəsi var.

Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirmiş. Ona görə də ilin çox hissəsini orda keçirirmiş. Anası Şirin xanım Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra buradakı zəngin musiqi-ifaçılıq ənənələri Üzeyirin musiqi tərbiyəsinə müstəsna təsir göstərib.

Üzeyir Hacıbəyli Azərbaycan tarixinə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi kimi düşüb. O, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.
Ü.Hacıbəyli 23 noyabr 1948-ci ildə vəfat edib.

Üzeyir bəyin həyat oldaşı Məleykə Terequlova-Hacıbəyovanın adı pedaqoq, maarifçi, musiqişünas kimi mədəniyyət tariximizə düşüb. Məleykə xanım məşhur Terequlovlar ailәsindәndir.

Terequlovlar ailәsi әslәn Volqaboyu tatarlarındandır. Ailə 1845-ci ildә Tiflisә köçüb. Tiflisdә ilk dәfә olaraq qızların vә oğlanların birgә oxuması üçün nәzәrdә tutulan rus-tatar mәktәbini də onlar açıb, xeyriyyәçiliklә dә mәşğul olublar..

Məleykə Terequlova-Hacıbəyli 1893-cü ildə Tiflisdә doğulub. Buradakı Birinci Qızlar gimnaziyasında oxuyub, pedaqoji fәaliyyәt göstәrib. 1910-cu ildә Üzeyir bəyə әrә gedib vә Bakıya köçüb. Burada da pedaqoji fәaliyyәtini davam etdirən Məleykə xanım Azәrbaycanda Konservatoriya tәşkil olunanda ora daxil olub, nәzәri biliklәrә yiyәlәnib. Üzeyir bәyin ölümündәn sonra bәstәkarın “Arşın mal alan” musiqili komediyasının klavirinin Bakıda, “Koroğlu” operasının klavirinin isә Moskvada nәşr olunub işıq üzü görmәsindә onun böyük әmәyi vә xidmәti olub.

Məleykə Terequlova-Hacıbəyova 1966-cı ildə vəfat edib və onu vəsiyyətinə uyğun olaraq Üzeyir bəyin dəfn olunduğu Fəxri Xiyabanda torpağa tapşırıblar.

KÖŞƏ YAZARLARI
TOP 10