Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri

4 Baxış

142062_pg2g7ftvli

Dahi bəstəkar, ictimai xadim, alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılıq fəaliyyətinin mühüm bir hissəsini onun elmi irsi təşkil edir. Bütün ömrünü mədəni tərəqqiyə, maariflənməyə həsr edən bəstəkar Azərbaycan musiqi elminə də ciddi və mənalı işlərilə böyük töhfələr verib.

Ü.Hacıbəylinin elmi irsi, xüsusən də, musiqinin tarixi və nəzəri məsələlərini əks etdirən dəyərli işləri hər zaman musiqişünaslar üçün proqram əhəmiyyəti daşıyıb. Musiqişünaslar daima xalq musiqisinin, musiqi mədəniyyətinin tədqiqi ilə bağlı ən müxtəlif problemlərin araşdırılmasında Ü.Hacıbəylinin dərin və mənalı elmi müddəalarına istinad edərək musiqi elminin inkişafına çalışıblar. Ona görə də Ü.Hacıbəylinin elmi irsinə müraciət etmək, onu öyrənmək və təbliğ etmək hər zaman, müxtəlif dövrlərdə vacib və aktualdır.

Bütün bunları nəzərə alaraq Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, Azərbaycan musiqisi üzrə bir çox internet-layihələrin müəllifi və rəhbəri, “Musiqi dünyası” jurnalının baş redaktoru və naşiri, professor Tariyel Məmmədovun tərtibçisi olduğu “Ü.Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları”  layihəsinin hazırlanması çox önəmlidir. Belə bir fundamental elmi işin yenidən çap edilməsinə hər zaman ehtiyac olduğundan onun işıq üzü görməsi musiqisevərlər üçün əlamətdar hadisədır. “Şərq-Qərb” mətbəəsində nəfis şəkildə çap edilən, 360 səhifədən ibarət olan kitabın redaksiya heyətini – Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli (sədr); Layihənin elmi redaktoru Azərbaycanın bir çox görkəmli incəsənət xadimləri haqqında dərin və mənalı əsərlərin müəllifi olan akademik, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynov (elmi redaktor); Xalq artisti, professor Arif Məlikov; Bakı Musiqi Akademiyasının tədris üzrə prorektoru, professor Nərminə Quliyeva; Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova; Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Şəhla Həsənova; sənətşünaslıq elmləri doktoru, professor Gülzar Mahmudova; sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova; sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədova təmsil edir. Kitaba Xalq artisti, professor Tofik Bakıxanov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aida Tağızadə rəy veriblər.

Ü.Hacıbəylinin zəngin elmi irsi toplanan bu kitab öz quruluşuna görə diqqəti cəlb edir. Kitabda Ü.Hacıbəylinin elmi fəaliyyətinin göstəriciləri toplanaraq tam halda nümayiş olunur. Belə ki, burada alimin həm fundamental əhəmiyyətə malik irihəcmli elmi tədqiqat işi olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri, həm də çox sayda müxtəlif musiqi – mədəni problemlərə həsr edilən məqalələri vəhdətdə oxuculara təqdim edilir.

Məlum olduğu kimi, Ü.Hacıbəylinin 20 illik dərin elmi araşdırmaların nəticəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri dəfələrlə çap edilib. Lakin bu sonuncu nəşrdə belə bir fundamental elmi-nəzəri tədqiqatın alimin digər elmi məqalələri ilə birgə toplu halında dərc edilməsi onun elmi irsinə kompleks halında, bütöv tam şəkildə baxmağa imkan verir.

Kitabın səhifələrini vərəqlədikcə Ü.Hacıbəylinin müxtəlif illərdə üzərində çalışdığı elmi məqalələri əlifba sırası ilə düzülərək bir-birini maraqlı və bu gün də aktual olan mövzularla əvəz edir. Onun XX əsrin 10-cu illərindən başlayaraq dövri mətbuatda çap etdirdiyi ilk məqalələrindən olan – “Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında”, “Opera və dramın tərbiyəvi əhəmiyyəti” adlı nəşrlərində mədəni maariflənmə məsələlərindən başlayaraq getdikcə musiqi sənətinə dair bir sıra vacib məsələlərin daha da dərinləşməsi onun “Vəzifeyi-musiqiyyəmizə aid məsələlər”, “Azərbaycan türk xalq musiqisi haqqında”, “Xorun yaradılması”, “Musiqidə xəlqilik”, “Musiqidə tərcümə”, “Aşıq sənəti”, “Muğamat və xalq mahnılarının ifası haqqında”, “Leyli və Məcnun”dan “Koroğlu”ya”, “Tarın səsqatarının rekonstruksiyası”, “Oxuma mədəniyyəti haqqında” və s. məqalə və məruzələrində öz əksini tapır.

Çoxsaylı məqalələrin mövzu dairəsinin genişliyi və müxtəlifliyi alimin daima axtarışda və fəaliyyətdə olduğunu göstərir. Bu, bir daha onu düşündürən və həllini gözləyən problemlərin aktuallığını sübut edir. Burada Azərbaycan xalq musiqi janrları, onların təsnifatı, ifaçılıq xüsusiyyətləri, folklor nümunələrinin və şifahi ənənəli professional musiqinin toplanması və nota alınması kimi vacib nəzəri məsələlərlə yanaşı, həm də musiqi təhsili ilə bağlı problemlər, bəstəkar yaradıcılığına aid olan vəzifələr, həmçinin, Azərbaycan musiqi mədəniyyətinin inkişafının əsas istiqamətləri haqqında mülahizələr öz əksini tapıb.

Bundan əlavə, Ü.Hacıbəyli ənənələrinin davamçılarının və tələbələrinin, Azərbaycan musiqisinin görkəmli nümayənlərinin öz müəllimi və pərəstişkarı olduğu ölməz sənətkar haqqında söylədikləri xatirələri də kitabda yer alaraq onu daha da maraqlı edir. Burada ilk öncə Ulu öndər Heydər Əliyevin Ü.Hacıbəyli yaradıcılığına verdiyi qiymət və dəyərin ifadə olunduğu dərin məzmunlu fikirləri maraq doğurur. Məlum olduğu kimi, Ümummilli liderimiz H.Əliyev Ü.Hacıbəyli irsini, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolunu yüksək qimətləndirərək daima öz çıxışlarında bunu vurğulamışdır. Dahi bəstəkarın 110 illiyinə həsr edilmiş yığıncaqda Ulu öndərin çıxışı xüsusilə yaddaqalan olub. O, Ü.Hacıbəylinin bütün əsərlərinin mədəniyyətimizin inkişaf etməsinə xidmət göstərdiyini və bu xidmətlərin unudulmaz və əvəzsiz olduğunu nəzərə alaraq dahi bəstəkarın adını əbədiləşdirmək məqsədilə onun doğum gününün respublikada Musiqi bayramı kimi qeyd edilməsi ideyasını irəli sürüb.

Heydər Əliyev bəstəkarın XX əsrin əvvəllərində Azərbaycan milli musiqisinin dünya professional musiqi sənəti ilə qovuşması yolunda misilsiz xidmətini və bu yolda onun nə dərəcədə uzaqgörən, doğru olduğunu çox dəqiqliklə göstərib. Həqiqətən, 1999-cu ildən bu günədək sentyabrın 18-inin Musiqi bayramı kimi qeyd edilməsi bir ənənə halını alaraq Azərbaycan mədəniyyətini əlamətdar hadisələrlə zənginləşdirib.

Kitabda Ü.Hacıbəylinin müasirlərindən olan Bülbülün, Şövkət Məmmədovanın, Əfrasiyab Bədəlbəylinin, Kövkəb Səfərəliyevanın, Səid Rüstəmovun, Həqiqət Rzayevanın, tələbələrindən – Qara Qarayevin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Şəfiqə Axundovanın, Ağabacı Rzayevanın, Məmmədsaleh İsmayılovun, Adilə Hüseynzadənin və başqalarının dahi sənətkar, ustad, vətənpərvər şəxsiyyət, qayğıkeş müəllim, sadə və xeyirxah insan haqqında səmimi xatirələri də diqqəti çəkir. Məlumdur ki, Üzeyir Hacıbəyli haqqında bir çox görkəmli incəsənət xadimləri və alimlər yüksək fikirlər söyləmiş, onun sənətini dəyərləndirmişlər. Lakin kitabda məhz Üzeyir Hacıbəyli ilə sıx yaradıcı təmasda olan, bilavasitə onun himayəsi altında yetişən və sənətə yol açan sənətkarların xatirələrinin yer alması onların yaxın və işgüzar münasibətdə olmalarından xəbər verir.

Bütövlükdə belə bir kitabın işıq üzü gösməsinin  Üzeyir Hacıbəyli dühasına dərin ehtiram və hörmət əlaməti olaraq onun elmi irsinin həm mütəxəssislərə, həm də genişoxucu kütləsinə çatdırılmasında böyük rol oynayacağına ümidvaram. Bu, bir daha Üzeyir dühasının təntənəsidir.

Rəna MƏMMƏDOVA
AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10