“Uzuncorab Pippi” ilk dəfə Azərbaycan dilində

5 Baxış

“Uzuncorab Pippi” ilk dəfə Azərbaycan dilində nümayiş etdirildi.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç uşaq ədəbiyyatının məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” romanı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Teatrın mətbuat xidmətindən Senet.az saytına bildirilib ki, tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və Azərcell şirkətinin birgə layihəsi əsasında hazırlanıb. Eyniadlı romanının motivləri əsasında Stafan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), oranjemançı Rüfət Ramazanov, məsləhətçi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu və Ramil Məmmədov ifa ediblər.

Anasız Peppinin atası dənizdədir. O, tənha qalıb. Belə bir vaxtda onun ən yaxın dostu meymun, bir də atdır. Buna baxmayaraq, o, özünə yeni dostlar da tapır. Lakin bu dostların anası və ətraf  Peppinin sərbəstliyini, qeyri-adi hərəkətlərini anormal sayırlar.

Sosial təminat şöbəsi isə onu uşaq evinə göndərmək üçün çalışır. Son anda atası gəlib qızını onu anlamayan insanların əlindən qurtarır.

Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə çoxlu fikirlər səslənir.

Gənc tamaşaçılar üçün böyük tərbiyəvi əhəmiyyəti olan bu tamaşa aktyor oyunu, gözəl dekorasiyası və bir sıra yaxşı məziyyətləri ilə maraqla baxılır.

Qeyd edək ki, sözügedən teatr layihəsi bu ilin əvvəlində Səfirlik, Azercell şirkəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə kitab layihəsinin davamı olaraq təqdim olunur. Belə ki, qeyd olunan kitab layihəsi çərçivəsində Astrid Lindqrenin əsərlərindən ibarət  9 ədəd uşaq kitabı azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş və 610 qaçqın məktəbinin kitabxanalarına hədiyyə edilib.

Bölmə : Bölməsiz