Vəhdət

76 Baxış

anamin kitabi

Senet.az “Anamın Kitabı” Ədəbi müsabiqəsinə göndərilən Nəsirov Turalın “Vəhdət”  peysini təqdim edir:


bir pərdəli tragikomediya

 

İŞTİRAK EDİRLƏR
Sədr-vəhdət konfransının sədri, 45 yaşında

Müfti-sünni ruhanisi, 55 yaşında

Şeyx-şiə ruhanisi, 60 yaşında

Digər müftilər və şeyxlər

 

BİRİNCİ PƏRDƏ

 

21-ci əsrin əvvəllərində müsəlman ölkələrindən birinin paytaxtında məzhəblərarası vəhdət məzmunlu bir konfrans keçirilir. Konfransı sədr idarə edir, iştirakçılar isə müxtəlif müsəlman ölkələrindən gəlmiş müftilər və şeyxlərdən ibarətdir. Konfransda məzhəblər arasında ixtilaflı olan kəlami[1],fiqhi[2] və digər mövzular müzakirə edilir və müftilərlə şeyxlər vəhdət əldə etməyə çalışaraq bu mövzularda əldə edilmiş yekdil görüşləri əhatə edəcək elmi-tədqiqat əsəri hazırlamağı qarşılarına məqsəd qoyurlar. Bir aya yaxın davam edən müzakirələrdə iştirakçılar ixtilaflı mövzuların heç birində vəhdət əldə edə bilmirlər. Konfransın son günündə ixtilaflı mövzulardan biri olan Məhəmməd peyğəmbərin meracı[3] mövzusu müzakirə edilir və müftilərlə şeyxlər merac haqqındakı hədislərdə[4] də ortaq məxrəcə gələ bilmirlər.

 

Sədr. Əziz konfrans iştirakçıları, əziz müftilər və şeyxlər, bu gün-konfransın son günündə merac mövzusunu müzakirə edəcəyik, bu mövzuda ortaq məxrəcə gəlməyə çalışacağıq, inşallah. Allah özü bu işdə bizə uğur nəsib etsin, asanlaşdırsın, çətinləşdirməsin və xeyirlə tamamlasın!

Müftilər və şeyxlər. (bir ağızdan) Amin!

Sədr. Buyurun, müfti əfəndi, əvvəlcə siz merac haqqındakı görüşlərinizi çatdırın.

Müfti. Bismillahir-rəhmanir-rəhim! Əlhəmdü lillahi rəbbil-aləmin! Əssalatu vəs-salamu əla seyyidina Muhəmmədin və əla alihi və əshabihi əcməin! Əmma bəd[5]. Cənab sədr, möhtərəm müftilər və şeyxlər! Sizə xatırladım ki, bizim rəvayətlərdə[6] buyrulur ki, meracda Həzrət Cəbrail[7] əleyhissalam[8] Həzrət Peyğəmbərimiz[9] səllallahu əleyhi və səlləmə[10] buyurur ki,…

Şeyx. (çığıraraq) A kişi, “səllallahu əleyhi və alihi və səlləm”[11] de! “Və alihi”[12], “və alihi”, “və alihi”! Başa düşdün, ay imansız? Salavat oxuyanda Əhli-beyt[13] əleyhimüssalam[14] da yad olunmalıdır. Bu barədə buyrulub ki,…

Sədr. Şeyx həzrətləri, xahiş edirəm, müfti əfəndinin sözünü kəsməyin, müdaxilə etməyin, qoy sözünü desin. Bu, sizə ilk xəbərdarlığımdır. Müfti əfəndi, buyurun, davam edin. Cəbrail əleyhissalam nə buyurur?

Müfti. Həəə, onu deyirdim axı. Cəbrail əleyhissalam buyurur ki, ya Rəsulallah[15], heç kəs sənin meracını təsdiq etməyəcək, yalnız Həzrət Əbu Bəkr[16] radiyallahu anhu[17] təsdiq edəcək.

Şeyx. (çığıraraq) Allah Əbu Bəkrə lənət eləsin min dəfə, milyon dəfə!!![18]

Sədr. (əsəbiləşir) Şeyx həzrətləri, axı mən sizə az öncə xəbərdarlıq etdim və dedim ki, müftiyə mane olmayın, qoy fikrini tamamlasın. Xahiş edirəm, dialoq normalarına riayət edin. Bu, mənim sizə növbəti xəbərdarlığımdır. Buyurun, müfti əfəndi, daha nə sözünüz var, deyin.

Müfti. Daha sözüm yoxdur. Rəvayəti sona qədər nəql elədim.

Sədr. Çox gözəl! İndi isə siz buyurun, şeyx həzrətləri, meracla bağlı görüşlərinizi çatdırın.

Şeyx. Ağayi-sədr[19], əziz müftilər və şeyxlər, bizim rəvayətlərdə isə buyrulur ki, Allah-Təala[20] meracda Rəsuli-əkrəm[21] səllallahu əleyhi və alihi və səlləmlə Həzrət Əli[22] əleyhissalamın səsi ilə danışırdı.

Müfti. (çığıraraq) A kişi, nə sarsaqlayırsan? Ağzından çıxanı qulağın eşidirmi? Danışdığın uydurma rəvayətdir, səhih[23] deyil, yox bir, (şeyxi yamsılayaraq) Həzrət Əlinin səsi ilə danışırdı, ay nə bilim nə! Daha nə uydurman var, de gəlsin.

Sədr. Müfti əfəndi, xahiş edirəm, müdaxilə etməyin, qoy şeyx sözünü desin.

Müfti. Sən bundan sonra hədis deyəndə səhih mənbələrə istinad elə.

Şeyx. Soruşmaq eyib olmasın, hansı mənbələri nəzərdə tutursan?

Müfti. Əlbəttə ki, “Səhihi-Buxari” və “Səhihi-Müslim”i[24].

Şeyx. Həəə, sən onu öləndə görərsən! Allah vurub sənin mənbələrini! Mənim öz mənbələrimə nə gəlib! Ağlı olan “Üsuli-kafi”ni[25] qoyub “Səhihi-Buxari” və “Səhihi-Müslim”ə istinad eləməz.

Müfti. (çığıraraq) Ağılsız sənsən, bidətçi[26] şiə!

Sədr. (çığıraraq) Bəsdir! Yetər! Səviyyəniz olsun! Sözünüz var, söz deyin, daha konfrans salonunu küçə və məhəlləyə, konfransı isə küçə və məhəllə söhbətinə çevirməyin. Sonuncu dəfə hər ikinizə xəbərdarlıq edirəm. Özünüzü yaxşı aparın! Müfti əfəndi, buyurun, son sözünüzü deyin.

Müfti. Mən şeyxin nəzərinə çatdırmaq istəyirəm ki, Əbu Hüreyrə[27] radiyallahu anhu buyurur ki,…

Şeyx. (çığıraraq) Ay nasibi[28], məgər bilmirsən ki, Əbu Hüreyrədən hədis nəql eləmək caiz[29] deyil?

Müfti. (əsəbiləşir) Niyə, balam? Niyə Əbu Hüreyrənin dırnağı gözünüzə girir?

Şeyx. Çünki Əbu Hüreyrə yalançı olub, kəzzab[30] olub, Əhli-beyt düşməni olub, yalan hədislər uydurub. Allah ona və cəmi-Əhli-beyt düşmənlərinə lənət eləsin!

Müfti. (çığıraraq) Ay rafizi[31], məgər bilmirsən ki, səhabəyə[32] dil uzatmaq, lənət oxumaq haramdır və bunu eləyənin tövbəsi qəbul olunmaz? Sən nə murdar adamsan! Müşrikin[33] biri müşrik! Allah sənə və cümlə[34] bidətçilərə lənət eləsin!

Sədr. (daha dözə bilməyib var gücü ilə çığırır) Di rədd olun hamınız bu salondan, ədəbsizlər, utanmazlar! Bu ümmətin[35] başı xarabdır ki, məzhəblərarası vəhdət kimi ciddi və önəmli bir məsələnin müzakirəsini sizlərə həvalə edib. Siz bu cür önəmli konfransda iştirak etməyə layiq deyilsiniz. Eyib olsun sizlərə min dəfə! Təcili olaraq salonu tərk edin!!!

 

Müftilər və şeyxlər utanaraq təlaş içində basabasla salonu tərk edirlər. Salonu tərk etdikdən sonra konfransda şeyxlə mübahisə edən müfti halallaşmaq və sağollaşmaq üçün əlini ona uzadır.

 

Şeyx. (ikrah və qəzəblə müftinin üzünə baxaraq) Rədd ol, mürtəd[36] oğlu mürtəd! Şiənin sünniyə toxunması caiz deyil, çünki sünnilər nəcisdirlər[37].

Müfti. (özündən çıxaraq çığırır) Nəcis özünsən,rafizi köpəyi!!!

 

Müfti bu sözü deyib şeyxə hücum edərək onu vurmaq istəyir, amma digər müftilər və şeyxlərin müdaxiləsi ilə savaşın qarşısı alınır və hərə öz ölkəsinə qayıtmaq üçün hava limanına tələsir. Sədr isə konfrans salonunda başını əlləri arasına alaraq yalqız qalır. Qəmli musiqi səslənir. İşıq konfrans salonunun üzərinə düşür.

 

Sədr. (təəssüflənərək, köks ötürərək böyük hüznlə) Aman Allah! Nə qədər ki bu ümmətə bu cür din adamları rəhbərlik edəcək, bu ümmətin vəhdəti baş tutmayacaq. Min dəfə təəssüf!!!

 

PƏRDƏ

 

[1] Kəlam dini elmlərdən biri olub islamın inanc əsaslarından bəhs edir.

[2] Fiqh dini elmlərdən biri olub islamın ibadət və hüquqi normalarından bəhs edir.

[3] Merac islam inancına görə, Məhəmməd peyğəmbərin göyə yüksələrək metafiziki aləmə etdiyi səyahətdir.

[4] Hədis Məhəmməd peyğəmbərin sözlərinə deyilir.

[5] Hər xütbədən öncə oxunan duadır. Mənası: “Mərhəmətli Allahın adı ilə! Həmd (tərif və təşəkkür) olsun aləmlərin sahibi olan Allaha! Salam və dua olsun rəhbərimiz Məhəmməd peyğəmbərə, onun ailəsinə və bütün səhabələrinə! Sonra isə (beləliklə)…”

[6]Rəvayət hədis mənasındadır.

[7]Cəbrail islam inancına görə, peyğəmbərlərə vəhy gətirən mələyin adıdır.

[8]Dini ədəbiyyatlarda mələklərin, peyğəmbərlərin və imamların adlarından sonra yazılan duadır. Mənası: “Ona salam olsun!”

[9]Məhəmməd peyğəmbər nəzərdə tutulur.

[10]Sünni dini ədəbiyyatında Məhəmməd peyğəmbərin adından sonra yazılan duadır. Mənası: “Ona dua və salam olsun!”

[11] Şiə dini ədəbiyyatında Məhəmməd peyğəmbərin adından sonra yazılan duadır. Mənası: “Ona və ailəsinə dua və salam olsun!” Ümumiyyətlə, şiələr hesab edirlər ki, Məhəmməd peyğəmbərin adı çəkilərkən və ya yazılarkən onunla yanaşı onun ailəsinə də salavat (salam və dua) oxunmalıdır.

[12] Mənası: “… və ailəsinə”.

[13] Əhli-beyt ev sakinləri deməkdir. Bu ifadə ilə Məhəmməd peyğəmbərin ailə üzvləri sayılan Fatimə, Əli, Həsən və Hüseyn nəzərdə tutulur.

[14]Dini ədəbiyyatda mələklərin,peyğəmbərlərin və imamların adlarından sonra yazılan və cəm şəkilçisi ilə işlənən duadır. Mənası: “Onlara salam olsun!”

[15] Yəni: “Ey Allahın peyğəmbəri (Məhəmməd peyğəmbər nəzərdə tutulur)!”

[16] Əbu Bəkr Məhəmməd peyğəmbərin vəfatından sonra hakimiyyətə gəlmiş dörd raşidi xəlifədən birincisidir.

[17] Sünni dini ədəbiyyatında səhabələrin adlarından sonra yazılan duadır. Mənası: “Allah ondan razı olsun!”

[18] Şiə inancına görə, Əbu Bəkr Əlinin xəlifəlik haqqını qəsb etdiyi üçün lənətə layiqdir deyə həmişə onu lənətlə yad etmişlər və edirlər.

[19] Yəni cənab sədr.

[20] Yəni uca Allah.

[21] Yəni ən hörmətli peyğəmbər (Məhəmməd peyğəmbər nəzərdə tutulur).

[22] Məhəmməd peyğəmbərin vəfatından sonra hakimiyyətə gəlmiş dörd raşidi xəlifədən dördüncüsü və şiələrin birinci imamıdır.

[23] Yəni doğru, mötəbər.

[24]“Səhihi-Buxari” və “Səhihi-Müslim” sünnilərin ən mötəbər hədis qaynaqlarıdır.

[25] “Üsuli-Kafi” şiələrin mötəbər hədis qaynaqlarından biridir.

[26]Bidətçi ortodoksal dinə yeniliklər qatan şəxsə deyilir.

[27] Əbu Hüreyrə Məhəmməd peyğəmbərin səhabələrindən biridir.

[28]Nasibi ifrat sünniliyin qollarından biri olub Əhli-beyti lənətləməklə tanınan nasibiliyin nümayəndəsinə deyilir. Şiələr son zamanlaradək mötədil sünniləri də nasibi adlandırırdılar.

[29] Caiz dini-fiqhi termin olub icazəli, halal, qanuni, şəriətə uyğun deməkdir.

[30] Kəzzab ərəbcə yalançı deməkdir.

[31] Rafizi ərəbcə dinə dönük çıxan, azğın deməkdir. Sünnilər son zamanlaradək şiələri rafizi adlandırırdılar.

[32] Səhabə Məhəmməd peyğəmbəri görən, onun gətirdiyi islam dinini qəbul edən, onunla yoldaşlıq edən və döyüşə qatılan şəxsə deyilir.

[33] Müşrik Allahın birliyinə şərik qoşan şəxsə deyilir. Son zamanlaradək həm sünnilər şiələri, həm də şiələr sünniləri müşrik hesab edirdilər.

[34] Yəni bütün.

[35] Yəni müsəlmanlar.

[36]Mürtəd dinə dönük çıxan şəxsə deyilir.

[37] Nəcis dinən murdar hesab edilənlərə deyilir. Ümumən kafirlər də nəcis hesab edilirlər. Son zamanlaradək şiələr sünniləri kafir və nəcis hesab edirdilər.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10