Vətən

57 Baxış

Ilham Aslanov

Ilham Aslanov

 

Vətən, vətən deyirsən,

Söylə nədir bu vətən?

Hər an adı  gələndə,

Ürəyini titrədən?

 

Nədir səni bu qədər,

Valeh edən özünə?

Daim bir mövzu olan,

Söhbətinə, sözünə?

 

Haqqında danışanda,

Nağıllar yaradırsan.

Nədir axı sən onu,

Anana tay tutursan?

 

Deyim sənə qulaq as,

Ürəyimin səsinə.

Vətəndir daim çəkən,

Məni öz sinəsinə.

 

Torpaqdan yaranmışam,

Torpaq deməkdir vətən.

Kölgəsində yatdığım,

Yarpaq deməkdir vətən.

 

Təpələri, dağları,

Yaşıl meyvə bağları,

Füsunkardır,gözəldir,

Ilin hər bir çağları.

 

Cazib gözəlliyiylə,

Heyrət deməkdir vətən.

Hər qızına, oğluna,

Qeyrət deməkdir vətən.

 

Qışı, baharı, yazı,

Arpaçayı, Arazı,

Başqa bir hekayətdir,

Tarı, kamanı, sazı.

 

Muğanı,Şirvanıyla,

Kəpəzi, Şahdağıyla,

Gözəl Qarabağıyla,

Cənnət deməkdir vətən.

 

Bulaqları,gölləri,

Gül-çiçəkli çölləri,

Küriylə, Arazıyla,

Yaşadır könülləri.

 

Namusu,ismətiylə,

Ülvü məhəbbətiylə,

Könül sədaqətiylə,

Ana deməkdir vətən.

 

Vətən damardır, qandır,

Vətən ürəkdir candır,

Özü odlar diyarı,

Adı Azərbaycandır.

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10