Vətənin Elçini – Azər Turan

14 Baxış

photo_1780

“Ədəbiyyat qəzeti”nin özəl sayını xalq yazıçısı Elçinə həsr etdik. Çünki Elçin təkcə ədəbiyyatımızın deyil, həm də millətimizin dəyəridir. Çünki yeni yüzildə Azərbaycan ədəbiyyatının modern roman dövrü Elçinlə başlayır. Çünki Elçin Vətənin yüzillik ağrılarını XXI əsrdə “Baş” romanı ilə ədəbiyyatlaşdırır… Çünki Elçin Azərbaycanın öz dili, öz üslubu, öz paradiqmaları olan ədəbi-tənqid estetikasını yaradır…

***

Səlim Turanla Pikassonun birgə çəkdirdiyi foto-şəkli görüb xeyli fikirləşdim. Bilirdim ki, Səlim Pikassonun xanımı Fransuaza Jilonun sənət müəllimi olub. Pikasso ilə, Mark Şaqalla dostluq edib. Amma bu şəkildə onlar -  Səlimlə Pikasso bir-birinə daha məhrəm görünürdülər. Şəkil Cümhur Turandadır. Türkiyədəki əməkdaşımıza Cümhur Turanla görüşüb bu şəkil barədə danışmasını rica etdim. Görüşüb danışdılar. İndi bu yazını yazarkən mənim üçün daha önəmli olan Cümhur Turanla əməkdaşımızın mükaliməsindəki aşağıdakı ilginc məqamlardır:

“- Səlim Turanı hardan tanıyırdınız?

- Bu adamın adını ilk dəfə yazıçı Elçindən eşitdim. Az qala pıçıltı ilə belə bir dəyərimiz olmalıdır, onu tap, dedi. İlk dəfə görüşürdüm və hər addımımızın izləndiyini düşünün, bir Azərbaycan aydını mənə onu tapmağı məsləhət görür…”

İstanbulda Füzulinin tunc heykəli var. Bədrəddin Dalanın bələdiyyə başqanı olduğu 1986-cı ildə ucaldılıb. Və İstanbulda Füzuli heykəlinin qurulmasını da elə həmin il Bədrəddin bəyə onun evində qonaq olan 43 yaşlı Azərbaycan yazıçısı Elçin tövsiyə edib.

Otuz beş ildir ki, bütün milli məsələlərin fonunda Elçinin adı, sözü və izi bu və ya digər şəkildə görünür… Sovetlər dönəmində Türkiyəyə gedir, İstanbul bələdiyyə başqanına Füzuli heykəlinin ucaldılmasının vacibliyini xatırladır, elə həmin gün başqa bir türk aydınına Səlim Turanı tapmağı tapşırır.

***

Amma mən yenə də Parisə və Pikassoya qayıdıram. Elçinin tənhalıq ağrıları ilə dolu və Azərbaycan ədəbiyyatında modernizm estetikasını  qabardan hekayəsinə – “Qatar. Pikasso. Latur. 1968″ə qayıdıram. Ekfrasisin süjetə daxil olduğu ən uğurlu mətnlərdəndir. Pikassonun 1904-cü ildə çəkdiyi “Le Repas Frugal”dakı kişi mətnə daxil olur. 25 yaşlı Elçinin interpretasiyasında sirkin şikəst canbazı Etyen Rasnyor azərbaycanlı sənətşünasın (yazıçının) qapısını döyür və öz taleyini danışır. Rasnyor  Azərbaycan dilini bilirmi? Bilmir. Bəs onda fransızca bilməyən azərbaycanlı sənətşünas Rasnyorla hansı dildə danışır? “Hərəmiz öz dilimizdə danışırdıq, fəqət mən onu azərbaycanca eşidirdim, o isə məni fransızca eşidirdi…”

Hekayənin cazibəsi təkcə bir rəsm əsərinin bədii mətnə ilham qaynağı olmasında deyil, ona qalırsa dünya ədəbiyyatında Kitsdən, Dostoyevskidən Coysa, Brauna qədər bunun gizli-aşkar saysız örnəkləri var. Elçinin hekayəsindəki keçid – rəsmdəki obrazların mətnə daxil olması isə başqa aspektdə düşündürür. Doğrudur, bunun bənzərini, bir az fərqli şəkildə, Qoqolun “Portret”ində, Tanpınarın “Abdullah əfəndinin röyaları”nda da müşahidə etmək olur. Amma Tanpınarda süjetə sirayət edən bir rəsm əsəri deyil, Abdullah Əfəndinin röyalarıdır. Bu məqamda, yəni, Elçinin hekayəsi baxımından isə daha önəmli olan XX yüzildə Parislə Bakının avanqard düşüncə çevrəsinin bunca oxşarlığı və yaxınlığıdır.

Və həm də təkcə bu deyil.

“Həmişə mənimlə olan bayram”dan – Parisdən yansıyan absurd ruzigarları da ədəbiyyatımıza ilk dəfə onun yaradıcılığından əsib.

***

Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun fikir həyatımıza qayıdışı da sistemli şəkildə ilk dəfə onun 1984-cü ildə tərtib etdiyi “Fikrin karvanı” kitabında gerçəkləşib.

Modern ədəbiyyatımızın qapıları Quran ayələrinin üzünə ilk dəfə 1983-cü ildə “Mahmud və Məryəm” romanı ilə açılıb…

Hər dəfə fikirləşirəm, qələmi ədəbiyyatın sosrealizm epoxasında gəlişmiş Elçin necə olub ki, məzmunca sosialist qəlibindən sərf-nəzər edə bilib? Yaradıcılığının bəzən ekzistensial, bəzən sürreal, bəzən absurd azadlığını necə qoruya bilib? Ekzistensial içərikli “Bozluq içindəki iki nəfər”i, sosrealizmə  təpki kimi doğulan üsyankar “Abşeronçu” nonkonformistlərin üslubunda “Baladadaşın ilk məhəbbəti”ni, sürreal cizgilərlə dolu “Qırmızı ayı balası”nı necə yazıb? Hətta, necə olub ki, “Mahmud və Məryəm”də təpədən-dırnağa milliyyətçi ovqata köklənmiş Sarışın Oğlan obrazını yarada bilib? Millətin fövqündəki bəşərilik fəlsəfəsinə üsyan qaldıran, “Səadətin altı guşəli qəsri”ndəki “insan gərək öz millətini başqa millətlərdən daha üstün bilsin” deyə təlim edən Cəmaləddin Əfqaniyə bənzər Sarışın Oğlan (Süleyman Paşa) obrazını o illərin siyasi ortamında hansı şövqlə yarada bilib? Axı Sarışın Oğlana görə, millətin fövqündə insanlıq yox idi, türklər insandan fövqanəydi. Dövrün Kommunist Partiyasının manifestindən gələn ənənəvi şüarını – “Bütün ölkələrin proletarları birləşin”i Elçinin Sarışın Oğlanı “Bütün dünyanın türkləri birləşin!” çağırışı ilə əvəzləyirdi. Qəribədir ki, Elçin bu Sarışın Oğlanı onun ifrat şovinist baxışlarına rəğmən, heç zaman tərk etmədi. Onu ilk romanı “Mahmud və Məryəm”dən hələlik son romanı olan “Baş”a qədər gətirə bildi. Tənqidçilər “Baş”dakı Mahmuda birmənalı yanaşmadılar. Hətta, Elçin milli düşüncə qəhrəmanı ola biləcək bu fəci taleli obrazı niyə vəliəhd Abbas Mirzə tərəfindən belə aşağılanmış duruma gətirir deyə təəssüflənənlər (E.Akimova), hətta Abbas Mirzəyə “əyyaş” deyənlər də (N.Şəmsizadə) oldu. Məncə, Elçin Abbas Mirzənin əyyaş olmadığını, zəki bir dövlət adamı olduğunu yaxşı bildiyindən, özü demişkən, burdakı Abbas Mirzə “müəllifin gördüyü gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacar” olduğundan, ona çadırında eşqanə dəmlər yaşatmaqla vəliəhdin əyyaş obrazını deyil, gənc obrazını, Abbas Mirzə ilə Sarı Çoban qızının çadırdakı gecə vüslətinin timsalında isə modern ədəbiyatımızın ən gözəl erotik səhifələrini də yaratmağa nail oldu… Yenə də Mahmuda qayıdıram. “Türk gərək təmiz türk olsun, təmiz olmayan türk türkə xidmət edə bilməz. Söhbət böyük xidmətdən gedir, söhbət nəhəng türk dövlətindən gedir, o dövlətdən ki, başqa millətlər – rusundan, ingilisindən tutmuş farsına, ərəbinə, həbəşinə kimi – türklərə nökərçilik etsin”- deyən Mahmud müəyyən mənada vaxtilə, “Milliyyət xaricində səadət yoxdur” deyən, sonra da Nəsrəddin şahın eşşəyin qarnına bağlatdırıb İran sərhədindən çıxardığı Cəmaləddin Əfqanini xatırlatmırmı?

Mahmud işğalçını qətlə yetirir. Sisianovun yerə dirənmiş  ağzına Bakının torpağı dolur və “onun sönməkdə olan fikrindən keçdi ki, torpaq necə də dadsızdır…” Sonra Sisianovun başı kəsilir. Və bundan sonra Elçin Şərq eskatolojisindəki bərzəx anlayışına referens edərək Sisianovun kəsilmiş başının timsalında Ruhun obrazını yaradır. Önəmli olan bu ruhun şərə, yoxsa xeyrə aid olması deyil, onun sırf bədii-estetik tərəfidir…

***

Yazını tamamlamaq istəyirəm. Amma Elçindən ayrılmaq çətindir.

Elçini ilk dəfə görəndə və onunla ilk dəfə söhbət edəndə mənim 6 yaşım olub. Üstündən illər keçdi. Elçin böyük yazıçı oldu. Dövlət rəsmisi – Baş nazirin müavini kimi yenə də o əyalət qəsəbəsindəki gözəl həyətimizdəki evimizin qapısını açdı, atama – Elçin müəllimin təbirincə, “Azərbaycan maarifçiliyi, ziyalılığı ənənələrini davam etdirən, ədəbi (və əxlaqi!) estafeti o rəhmətliklərdən qəbul edib, həmin ənənələri qoruyaraq XXI əsrə gətirən… görkəmli ədəbiyyatşünas alim” İmamverdi Əbilova baş çəkməyə gəldi. Atamın 89 yaşında, ömrünün son günlərində oxuduğu son kitab Elçinin “Baş” romanı oldu, yazdığı son məktub “Baş” romanı ilə əlaqədar Elçinə ünvanlandı, “Ədəbiyyat qəzeti”ində dərc olunan son yazısı “Baş” romanı ilə bağlı qələmə aldığı məqaləsi oldu. Və ömrünün son günlərində aldığı son məktub da Elçinin məktubu oldu…

***

Yazmadığım çox mətləblər qaldı. Elçinin 1987-ci ildə qurduğu “Vətən” Cəmiyyəti barədə də yazacaqdım. Yazmadım. Çünki bayaqdan elə Vətənin Elçini barədə yazıram…

3 may 2018

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10