Vəzifə

87 Baxış

novruzNovruz Gəncəli

 

 

            Azərbaycan

 

Könül necə sussun gələndə adın,

Mənim həyatımdır sənin həyatın.

Sevincin, kədərin, alovun, odun

İlhama nur verir, nur Azərbaycan,

“Mahur” Azərbaycan, “Şur” Azərbaycan!

 

 

Bir cüt hörüyündür Araz ilə Kür,

Gözlərin Göy-göldür, hər zaman gülür,

Bu hüsnü görməyə dünyalar gəlir,

Dəyməsin hüsnünə göz Azərbaycan,

Vəsfinə tapmıram söz, Azərbaycan!

 

Qoynunda qaynayan bulaqlar şəfa,

Çəmənlərin şəfa, yaylaqlar şəfa!

Yaşıl bağlarında yarpaqlar şəfa!

Şəfadır gül-çiçək, şeh, Azərbaycan,

Səhər-səhər əsən meh, Azərbaycan!

 

Boylu çinarların şah vüqarındır,

Dağların ağ saçı e”tibarındır,

Yüksələn qalalar nağıllarındır ,

Pıçıldar, danışar, Kür, Azərbaycan,

Gah susar, gah coşar Kür, Azərbaycan!

 

Axır aram-aram, axır durmadan,

Bir an dincəlməyir o təb”i rəvan,

Odur ən müqəddəs əsər yaradan,

Boyası Günəşdən dürr, Azərbaycan,

Əbədi rəssamdır Kür, Azərbaycan!

 

 

Burda millətlərin ülfəti mayak,

İnsanın insana hörməti mayak,

Keçdiyin yolların şöhrəti mayak,

Mayak Azərbaycan, – dan Azərbaycan,

Günəş ol, göylərdə yan, Azərbaycan!

 

Qızıl şəfəqlərin saçsın  hər yana,

Qüdrətın dillərdə dönsün dastana;

Yaxınlar, uzaqlar göz dikir sana,

Boyansın bayraqlar al, Azərbaycan,

Arzuna düşməsin xal, Azərbaycan!

 

Gözündə qalmasın xoş arzuların,

Açılsın Cənuba gedən yolların.

Arazda bənd quran mərd oğulların

Olsun şəfəqlərə qərq, Azərbaycan!

Qoşulsun dostluğa Şərq, Azərbaycan!

 

Araz Araz deyil, candır, ürəkdir,

Araz Günəş olub nur səpəcəkdir,

Sağı da, solu da bəzənəcəkdir:

Açacaq sahillər gül, Azərbaycan!

Sevin Azərbaycan, gül, Azərbaycan!

 

 

Oyanar Babəklər, qoç Koroğlular,

Çəkər qılıncını Murovla Qoşqar,

Şah dağı hayqırar, Kəpəz hayqırar

Başından əksilsə, tel, Azərbaycan,

Durur keşiyində el, Azərbaycan!

 

Durur keşiyinde yeddi qardaşın,

Yeddi silahdaşın, yeddi sirdaşın,

Vəfada, ilqarda ucadır başın,

Al, əsrin əzmindən güc, Azərbaycan,

Zəfərdən zəfərə uç, Azərbaycan!

 

 

 

 

 novruz 2Bilinməz

 

Necə yaranıbdır qoca kainat,

Xəlbiri, ələyi, nədi bilinməz.

Tutub mayasını qəmdən, sevincdən,

Nənnisi, bələyi nədi, bilinməz

 

Yaradar, bəsləyər, sonra soldurar,

Bir yandan uçurar, bir yandan gurar.

Yorulmaz, usanmaz, axtarar, arar,

Arzusu, diləyi nədi, bilinməz.

 

 

Gəncəli, dostların baş alıb gedir,

Çevrilir torpağa, daş olub gedir,

Ətrafın günbəgün boşalıb gedir,

Fələyin ürəyi nədi, bilinməz!

 

 

 

 

 

 

    Vəzifə

(karyeristin dilindən)

Duymuşdum onun ətrini mən dadmamış idim,

Altında o barlı ağacın yatmamış idim,

Vallah, belə bir mərtəbəyə çatmamış idim,

Bəh-bəh! Nə səfalı, necə yaylaqdı vəzifə!

Baldı, kərədi, dadlıca qaymaqdı vəzifə!

 

 

Həsrətdim ona, qurd quzuya həsrət olan tək,

Həsrətdim ona, şaxtada, çovğunda galan tək,

Qışda yuxuda isti görən gürzə ilan tək,

Ətdir, fərədir, canlı toyuq, yağdı vəzifə,

Hörmətlə zərif canları almaqdı vəzifə.

 

 

Bir taxtdır vəzifə burada məst olur insan,

Hamı görünür gözlərinə bir sürü şeytan,

Əlbəttə,  şefi söyləmirəm, can ona qurban,

Arxamdı, veribdi bu yeri, dağdı, vəzifə,

Dəryada balıq tutmağa qarmaqdı vəzifə.

 

Bir pillə də yüksəlmək üçün min sifət allam,

Dalda şefimə böhtan atıb, kamiyab ollam,

Gördükdə öpüb, qollarımı boynuna sallam,

Öpmək ilə, qucmaq ilə yıxmaqdı vəzifə,

Yıxmaq ilə yüksəkliyə qalxmaqdı vəzifə.

 

 

Məndən asılı kəsləri qırxdım neçə illər,

Yüzlükləri yastıqlara yığdım neçə illər,

Bu minval ilə ağ günə çıxdım neçə illər.

Əfsus ki, belə bilmədim heç, haqdı vəzifə,

Saflıqdı, ədalətdi, düz olmaqdı vəzifə,

Düz olmayanın başına toxmaqdı vəzifə!

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10