Vəzirin şahlığı, yaxud müqəddəs həsrət – Barat Vüsal

33 Baxış

17028729_1195767653804690_1446232460_n

“cam içmişəm,
mən məstanə gəlmişəm”.
Molla Pənah Vaqif

Böyük şairlər və aşıqlar hamısı aşiq olublar. Aşiq olmasaydılar eşqin qüdrətini bu dərəcədə duyub qiymətləndirə bilməzdilər.

Aşiqlik və şairlik qoşa qanaddır.

Belə qoşa qanadlı sənətkarlardan biri də Azərbaycanın böyük, qüdrətli və “ilk milli şairi” (F. B.Köçərli) Molla Pənah Vaqifdir.

…Aşiqlik Ordan başlayır-Ruhlar aləmindən!

Aşiqlərə cam içirdirlər…

Ney oxumur!

Həsrət çəkir sərxoş-sərxoş.

Kəsilib gəldiyi yerin həsrətini.

C.Rumiyə görə Ney -İnsanın rəmzidir.

“Bəzmi-Əzəl”i-Əzəl Məclisini yada saldıqca həsrətdən nalə çəkir, inləyir.

Ənəlhəq deyənlər də cam içib gələnlərmiş Yoxsa “Ənəlhəq” deyə bilməzlərmiş…

Hər bir səri-mu Mənsur olub söylər
Ənəlhəq,
Haqqa, mey içənlər irişərlər bu xəyalə.
(Nəsimi)

Vaqif də Cam içmişdi.

Yoxsa bu qədər aşiqanə və həsrətlə dolu şeirləri hardan yazardı!?

Bu fikir öz təsdiqini Mirzə Camalın yazdığı “Qarabağnamə” adlı tarixi əsərdə belə tapmışdır: “Molla Pənah tədbirli və kamallı məşhur vəzir idi. Onun türkcə yazdığı aşiqanə şeirləri indi də dillər əzbəridir”.

Bu da məlum bir faktdır ki, aşiqanə mövzuda yaradılmış nə qədər dastanlar olsa da,xalq hər adam haqqında dastan yaratmır!

Vaqif qeyb aləmi ilə (Ruhlar aləmi ilə) bağlı adam idi. Çox şeydən vaqif olmaqla müasirlərindən fərqlənirdi, görücülüyü və münəccimliyi ilə çoxlarını heyrətə gətirirdi. Haqqında yaradılmış “Vaqif dastanı” bir daha sübut edir ki, o, doğrudan da şairdən çox aşiq olub.

Gözələ və gözəlliyə vurğunluğunu, Ərşdən-Gürşdən vaqifanəliyini kölgədə buraxıb onu “eyş-işrət”də günahlandırmaq istəyənlər yanılırdılar və indi də yanılanlar az deyil…

Aşiqlərin göz evi bağlı, könül gözü açıq olur, deyirlər. Belə ki, könül gözü görməyənin gözləri heç nəyi görmür.

Haqqında yaradılan dastanda Vaqifi sınağa çəkirlər. Bir dəstə qızın içindən heç vaxt üzünü görmədiyi bir qızı seçib tapmalı olur və tapır.

Bu da aşiqlərə məxsus xüsusiyyətdir!

Onlar hər şeydən (hər gizlindən!) halı olurlar.

Aşiqlər Eşq əhli olanlardır.

Bu gün bir mənalı şəkildə deyə bilərik ki, Vaqif Eşq əhli olmuşdur.

Vaqifin sirri aşiqliyindədir.

Aşiqliyin bir sirri də Vaqifdədir.

Vaqif də öz canını canana (həm hərfi, həm də məcazi mənada) qurban verənlərdəndi.

Eşqdə hər bülhəvəs laf-gəzaf etməsin,
Canını cananına əhli-dəyanət verir.

Zülalinin bu misralarından aydın olur ki, Canana (Allaha) öz canını canla-başla təslim etmək üçün dəyanət əhli olmalısan.

Vaqif şairdən, vəzirdən çox aşiq olduğu üçün “Görmədim” şeirini yazana kimi Allahdan başqa heç kimdə lütfi-inayət görməyənə qədər hamıya, hər şeyə, hətta sonralar onu öldürtdürən kəsə də inanmışdı.

Çünki aşiqliyin əsas əlamətlərindən biri də inanmaqdır. Başqasını öldürmək yox, yeri gəlsə, başqasının yerinə ölməkdir.

Aşiq ölməkdən, öldürülməkdən qorxmur.

Aşiq öldürməkdən qorxur!

Vaqifi Xan sarayı yox, Könül sarayı maraqlandırırdı. Vəzirliyi müvvəqəti olaraq Vaqifi saraya doğru çəksə də, aşiqliyi göylərə, əsl Saraya-Haqq məkanına doğru çəkirdi. Bir də ki, “Saray Vaqifi deyil, Vaqif Sarayı ələ keçirmişdi.(S.Mümtaz)

Vaqif Qazaxdan Qarabağa üz tutanda indən belə ha tərəfə gedəcəyini hələ də bilmirdi.

Vaqif Qarabağda-bu cənnət məkanda ha tərəfə istəsə gedirdi, gedə bilərdi.

Cəhənnəmə belə!

Çünki daha aşiqdi!

Cəlaləddin Rumi 26 min beytdən ibarət özünün 2-ci “Quran” hesab edilən “Məsnəvi”sini yazandan sonra demişdi:” “Mən daha şair deyiləm, mən daha haqq aşiqiyəm!”

Bu mənada Vaqifin də şairliyi aşiqliyinə bir vəsilə idi.

Şair Vaqifdən-bugünkü mükəmməl və poetik dilimizin banisindən çox yazıblar. Mən Aşiq Vaqifdən yazıram.

Mən öz Vaqifimdən yazıram.

Vaqifin böyük şair olduğunu təsdiq edən sənədlər (cünglər, təzkirələr, tarixi xronikalar, kitablar, monoqrafiyalar, məqalələr) çoxdur.

Vaqifin aşiqliyi haqda isə az qala öz şeirlərindəki işarətlərdən başqa ya heç nə yoxdur, ya da bu məqama o qədər də diqqət yetirilməyibdi…

Aşiqliyə gedən yol yer gözəllərinə vurğunluqdan keçir. Necə ki, Məcnunun (məcnunluğun) yolu Leylidən keçirdi. Vaqif kimi şairlər də burdakı yollara yolçuluq etməzdən əvvəl “Qalü-Bəla” məqamındakı yoldan keçib gələnlərdi. Zahirdən çox batini anlayan (və anladan) Sufi düşüncəli yolçulardır. Eyni Ruhun və eyni yolun daşıyıcılarıdır. Ölümü həyat sananlardır.

C.Rumi aşiq olduğu üçün ölümünü “Şəbr-Ərus”-vüsal (toy) gecəsi adlandırırdı.

Vaqif “Toy-bayramdı bu dünyanın əzabı, əqli olan ona gətirər tabı” deyəndə həmin düşüncəni bir daha dilə gətirmirdimi?

Özü də təkcə şair olduğuna görə yox, aşiqliyi üzündən!

Yaxud çox-çox sonralar Vaqif ədəbi məktəbinin ən mötəbər davamçılarından biri olan Hüseyn Arif yazanda ki: “Arif ölüb , dedilər, Ölümə qurban olum!” bəs bu düşüncə hardan qaynaqlanırdı?

Əlbəttə, həmin ruhi yaxınlıqdan, həmin süfiyanə düşüncə qohumluğundan!

Şairlərin yaradıcılığı bu baxımdan dönə-dönə araşdırılmalı və ortaya çıxarılmalıdır. Müxtəlif formada olsa da eyni olan ruhların səsi ilə bağlı daha bir məqama diqqət edək. Gəlin Nəsimiyə qulaq asaq:

Yer ilə Göy yaradılmazdan öncə,
Nəsimi aşiq idi ol Cəmalə”.

Gəlin, görək Vaqif nə deyib:

Mən canımı sana qurban demişəm,
Ol zaman ki, oldu “Qalü-bəla”, qız!

Bəs Səməd Vurğunun yuxarıdakı beytlərlə səsləşən bu misralarına nə deyək:

Mən sənə bağlıyam, bax,
Səni görməzdən qabaq!

Mən hələ üç şairdən misal gətirdim.

Mən hələ eyni bir ruh olan üç ruhdan danışdım.

Axtarılsa, nə qədər eyni ruhların səsini eşidə bilərik. Eyni şairə (aşiqə) qulaq asa bilərik. Bir şərtlə, özümüz də şairdən, oxucudan, tənqidçidən daha çox, aşiq ola bilsək! Aşiqlik dünyasının sirlərindən azacıq da olsa hali olsaq!

Məsələ heç də tamamilə kiminsə (hansı sənətkarınsa, şairinsə, aşığınsa) aşiqliyi ilə bağlı deyil, həm də bizim aşiqanə yanaşmağımız, aşiqanə nəzərimiz və düşüncəmizlə bağlıdır!

Məsələ bundadır ki, bir yolluq anlaya bilək: Xalq hər şairinəmi “Hər oxuyan Molla Pənah olmaz” deyib.

Xatırlasaq ki, “Kitab eşqin kitabıdır” (Y.İmrə) deyilibsə, biz hələdəmi elə hesab edirik ki, Vaqifə- bu “Qarabağ İçrə bir şairə-kəlimullah Musaya” xalqın verdiyi qiymət təkcə onun böyük elm sahibi olmasıyla bağlıdır?

O qiymət həm də onun Eşq sahibi olmasıyla əlaqədardır. Qeyb aləmini yaxşı bilməsiylə ilgilidir. Yoxsa Eşqin nə olduğunu bilən hali kəslərə “Haliya mülki-məlahətdə mənəm Mahmudu-eşq, həqq mənə etmiş müsəlləm çünki hər mövludu-eşq” ismarıcını göndərə bilərdimi?!

Vaqifə o sözləri, misraları dedirdən Eşq idi! O, “Qalmışam hicrində gülzari-vəslin istərəm” deyə-deyə Misaq gününün- “Gülzarı-vüsal”ın həsrətiylə yazıb yaratmışdır.

Vaqif yerdə ömrü boyu Orda-Ruhlar aləmində, “Qalü-bəla” da gördüyü, canını canına qurban dediyi gözəli axtarmış, tapmamış, onun həsrətiylə ölən günə qədər yanıb-yaxılmışdır.

Ona görə də Vaqifin poeziyası həsrət notlarıyla doludur, çox zəngindir.

Ney yaradanı xatırlayıb, kəsilib gətirildiyi bir qamışa üz tutub nalə etdiyi kimi. Vaqif də bütün şeirlərini gözəllərin timsalında bir gözələ (İlahi camala) üz tutub yazmışdır.

Yoxsa “Heç aşiq olmaz mən kimi” misrasını yazmaq olardımı? Demək olardımı ki:

Hər kəsin dünyada bir qibləsi var,
Mən də yönüm sənə sarı tutmuşam!

Vaqifin adında Molla sözünü g örüb mollalıq qaydaları gəzənlər səhv edirdilər. Vaqifdə nə varsa aşiqliklə bağlıdır. Vaqif Cunun (dəli) olduğunu gizlətmirdi:

Vaqifəm, yarıdım dosta, düşmənə,
Ta ki, Cunun oldum, yetişdim sənə!

Vaqifin əlindən əqli-kamalını üz (yanaq) və xal almışdı. O, deyirdi ki, yanağını və xalını görməsəydim indi əməlli-başlı, ağıllı-kamallı bir adamdım!

Valeh olmasaydım yanağa, xala,
Əlbəttə, yetərdim əqlü-kamala!

Bu fikirləri yaza-yaza düşünürəm: Böyük şairlərin bu bəla əhli olanların ən ağır bəlası, ən böyük faciələri heç də dara çəkilmələri, vaxtlı -vaxtsız öldürülmələri deyil. Onların ən böyük faciəsi sadəcə hərdənbir necə gəldi, oxunaraq, üstlərindən keçilməsidir, lazımınca tədqiq olunmaması, öyrənilməməsidir.

Bu baxımından götürdükdə Vaqifin yaradıcılığı da zaman-zaman yenidən tədqiq olunmalıdır. Onun poeziyası ilə daha ətraflı, daha dərindən tanış olduqca aydın olur ki, bu poeziya az qala başdan-başa həsrətdən yoğrulmuşdur, həsrətdən doğulmuşdur.

Vaqif yara (istədiyi gözələ) həsrət qalmasaydı həsrət dolu şeirlər hardan meydana çıxardı:

Bir sənəmin sinəsinə müştaqəm,
Çox çəkirəm ahu-zarı şamama!
…Mən ha qaldım həsrət, əlim yetişməz,
Sən get, gör cananı barı, şamama!

 … Həsrətindən yandı canı Vaqifin,
Nolur ki, gələsən burayə, Zeynəb!

… Eşq oduna canım yandı sər bəsər,
Allaha bax, ey zalimu sitəmkər!
Aşiqinə qanlar ağladan dilbər,
Rəhmə gəlib göz yaşımı silməzmi?

Deyirlər ki, Kəbəni ziyarət eyləmək Allahla, ruhlar aləmiylə bağlanmış əhdi təzələməkdir.Vaqifə görə imanın təzələnməsi gözəli (gözəlliyi) bir də görməkdir:

Həqdir, gözəl çoxdur cahan içində,
Didarını görmək iman təzələr.

…Çoxdan bəri yarın fərağındayam,
Nə olaydı, bir buraya gələydi.

Vaqif yarla görüşdüm demir, yarın didarını (görüşünü) görmək istəyir, “Buraya gəldi” demir, “bir buraya gələydi” deməsi onu göstərir ki, fəraq içindədir.

Vaqifin yazdıqları adi sözlər, qoşqular deyil, aşıq sözləridir.

Aşiqlik bir məktəbdir!

Aşığı aşıq edən, şairi şair edən heç də çaldığı saz havaları, yazdığı şeirlər deyil, aşiqliyidir!

11 uşaq doğmuş Lauraya yazdığı sonetlər Petrarkanın guya elə hər gün onunla oturub- durmasıylamı bağlı olub ki?! Halbuki italyan şairi onu cəmi bir dəfə ikicanlı halda, kilsəyə girdiyi zaman görmüşdü.Və bundan sonra onun həsrətiylə yanıb-yaxılmış, bütün yaradıcılığını ona həsr etmişdi. Vaqifin də axtardığı gözələ həsrət qaldığı onu nə vaxt, necə görəcəyi haqda arzu-istəkləriylə sıx bağlıdır:

Bulud zülflü, ay qabaqlı gözəlin,
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, səntək gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək!

Vaqif düz deyirdi.

Vaqif arzuladığı gözəl hamının arzuladığı gözəldi:

Vaqif istər isən görəsən ləzzət,
Gəl sev bir dərd bilən əhli-məhəbbət!

Burda söhbət yalnız cismani deyil, mənəvi ləzzət verən Əhli-məhəbbətdən gedir.

Kür qırağının əcəb seyrangahı var,
Yaşılbaş sonası hayıf ki, yoxdur.

Vaqif nəinki gözəlin əhli-məhəbbət olmasını arzulayırdı, nəinki yaşılbaş  sona axtarırdı, hətta qafiyədən, şeirdən başı çıxmayan gözəli də gözəl saymırdı.

Vaqif bax, belə dərd, belə həsrət içindəydi!

Vaqifin qibləsi gözəldi, gözəllikdi. Bu, əsl şairlərin (aşiqlərin) hamısı üçün bir ölçü vahidi olmayıbmı?

Belə bir fikir var ki, dünyada nə varsa Hüsndən (gözəllikdən) əmələ gəlib. Bunu H. Cavidin “Mən Hüsn-Xuda şairiyəm” deməsi də təsdiqləyir.

İlk gözəl Yaradanın özüdür. Kəbəyə qiblə deyib ziyarətə gedənlər əslində məcazi mənada həmin ilk gözəli (Gözəlliyi, Hüsnü) təvaf etmirlərmi?

Gözəl və gözəllik şairi olan Vaqif də bu yolda nəinki din-imanından, ad-sanından da keçdiyini yazırdı:

Xublara vermişəm din-imanımı,
Şövkətü-şanımı, adı- sanımı!

Azmı gözəl və gözəllik var ki, baxırıq, görürük,özümüzünkü edə bilmirik? Çox vaxt da üzünü görməyə həsrət qalırıq. Vaqif də belədir, o da çox vaxt gözləriylə gördüyünə həsrət qalmışdı. Dərdini yazdığı həsrət dolu şeirlərlə ovutmağa çalışmışdı:

Əlim yetməz, namə yazıb dərdimi,
Göndərirəm badi-səbadan sənə!
Neçin incidirsən bunca Vaqifi,
Nə hasil bu cövrü-cəfadan sənə?

Təkrar edirəm: Vaqif heç vaxt vəsf etdiyi gözələ “səni qucdum, öpdüm” demir. Deyir ki:

Əldə ayna, gözə sürmə çəkəndə,
Ala gözün bulağından öpəydim.

Vaqif gözəli elə təsvir edir ki, o dəqiqə bilirsən: bu, Vaqifin gözəlidir! Yaxud hər şeirində şairin öz siması da elə apaydın görünür ki, deməyi özünə borc bilirsən: “Bu gözəlin vaqifidir!”

Vaqifin nəzərində bülbüllər də aşiqdirlər “Hüsnün kitabını bülbülər oxur…”

Vaqifə görə kimin özü bir yana qalsın, əgər xəyalı belə yardan xəbərsizsə onda o, bu dünyaya nahaq gəlibdi!

Yarlıqdan ki, yoxdur xəyalın sənin,
Bəs dünyada yaranmağın nədəndir?

Vaqifin (aşiqin) qiyaməti gözündən gözəl yayındığı vaxt başlaya bilərmiş:

Şol qamətin yayınanda gözümdən,
Sanasan ki, həşri-qiyamətimdir.

Vaqif çox sirlərdən vaqif, hali olduğu kimi öz aşiqliyindən də yaxşı halıydı, özünün gövhər kanı olduğunu yaxşı bilirdi.

Əlbəttə, kimlərsə irad tuta bilər ki, Vaqifi bu qədər ideallaşdırmaq olmaz.

Onun da həsrətiylə yanaşı vüsal dəmləri heç də az olmayıb.Məsələn:

Sən gəldin, nur doldu evə-otağa,
Gəldiyin yollara canım sadağa!

Aşiqlərdən bəhs edən əsərlərdə aşiqlə məşuq cismani hissərdən məhrum təsvir olunmur ki! Əl-ələ tutub, busə verib almayıblarmı?! Söhbət bu vəsldən getmir. Vaqifin dediyi “Gülzarı-vəsldən” gedir. O vəsl ki, “hicranının altında” şair inir-inir inildəməkdən elə cana doyur ki, dili deməyə gəlməsə də, qələmi deməyə məcburdur:

Dözmürsən döz, bu ayrılıq dağına,
Mən dayannam, amma sən dayanmazsan!
… Qoymazsan baxmağa xəttü-xalına,
Gecə-gündüz məni təşnə qoyubsan.

Kimsə körpəliyində ana südündən yarımır, doymur, yanıq qalır. Vaqif üçün əsl yanıqlıq yar yanıqlığıdır:

Vaqif, yar yanığı yaman afətdir,
Ayrılıq zülümdür, bir qiyamətdir.

Mən bu dərd ilə ölsəm məzara qoymayın,
Üstümə tuti dilli şux nigarım gəlməmiş.

Vaqifin yarı elin toyunda oynayır,özü haqqa uzanan yolun toyunda!

Və bu necə toydu ki, şair yenə həsrətdən danışır: “Nə müddətdi ona güvənən bizik, Həsrətin çəkməkdən canımız üzük”.

… İntizar çəkməkdən, yol gözləməkdən,
Könlümün nə tabı, nə taqəti var.
… həsrətin çəkməkdən olmuşam xəstə.
… həsrətin çəkməkdən öldüm, dirildim.

Füzuli yazırdı: “ Hicranını görən iman əhli olar”. Vaqif yazırdı ki: “ Bir ləhzə hüsnünə etdim tamaşa, Behəmdullah, din-imana yetişdim”.

1968-ci ildə Araz Dadaşzadə “Molla Pənah Vaqif” adlı bir monoqrafiya yazmışdır. Orada Vaqifin adı dünyanın ən böyük şairləri ilə bir sırada çəkilmiş, görkəmli ədəbiyyatşünas qeyd etmişdir ki, “Vaqifin coşqun,duyğulu və insanı vəcdə gətirən lirik şeirlərini oxurkən dünya ədəbiyyatının Anakreont, Petrarka, Xəyyam, Hafiz, Füzuli, Müsse, Bodler, Lermantov kimi başqa eşq şairləri həmən ağıla gəlir”.

Vaqifin əsərlərinin hamısı dövrümüzə gəlib çıxmamışdır. Məmməd Bəy Cavanşirin adamları tərəfindən məhv edilmişdir. Bu fakta əsaslansaq, deyə bilərik ki, onda görün onun nə qədər aşiqanə, ürfani şeirləri yoxa çıxmış, tapılıb nəsillərə çatdırılmamışdır.

Vaqifi ürfan əhli olmamaqda, bəzən də dinsizlikdə günahlandırmağa çalışanlar özlərini nahaq yerə yormasınlar.

Dini eşq olanların dini olmur! Aşiqlər daim namazdadırlar!

Vaqif şairliyi üzündən diqqəti çəkmişdi, vəzir olmuşdu.

Aşiqliyi onu şahlıq mərtəbəsinə qaldırmışdı. Bunu Xalq şairi Məmməd Araz daha gözəl ifadə etmişdir:

Hündürlər çox oldu Vaqif dağından,
Sənət ucalığı uca dağ oldu.
Sözü ayaqlara salmadığından,
Özü vəzir oldu, sözü şah oldu!

Vaqifin vəzirliyindən hamı halıydı. Vaqifin şahlığından çoxlarının xəbəri yoxdu.

…Bir gün Vaqifi öldürdülər.

Bir gün də zaman şahı (xanı) taxtdan saldı, öldürdü. (öldürtdülər!)

Taxtı devirə bilmədilər.

Taxta Vaqifin – aşiqin ölməz ruhu çıxdı!

Bəli, Vaqif aşiqdir!

Biz aşiqin aşiqiyik!

Biz Vaqifin özünün, sözünün həsrətindəyik. Vaqif gözəlin, gözəlliyin!

Vaqif gözələ (gözəlliyə) “Gülzari vəsl” deyib. “Gülzari-vəsl” isə daim yarı (hər iki anlamda) axtarmaqla, ona həsrət qalmaqla mümkündür!

Və bu, dünyanın ən müqəddəs həsrətidir!

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10