Vətənə doğru

146 Baxış

xülyaXülya

Vətənə doğru

Bir günahı iki dəfə törətsən,

artıq sənin gözündə günah olmaqdan çıxacaqdır.

Talmud

Aaron təyyarədən enib onu gözləyən xüsusi avtomobilə əyləşmədən öncə bir anlıq dayanıb Bakının küləkli havasını ciyərlərinə çəkdi. Sonra isə vaxt itirmədən yola qoyuldu.

Pəncərəni açıb ilıq yaz havasının içəriyə dolmasına izin verdi. Yol boyu boz asfaltı müşayiət edən meşələrə, dağlara, dərələrə tamaşa edirdi. İlk dəfə gəldiyi bu əcnəbi ölkənin təbiətinin saflığı onu heyran qoyurdu. Bu gözəlliyi seyr etdikcə «Əcdadlarım ağızlarının dadını yaxşı bilirmişlər» deyə ağlından keçirdi.

Boynundakı şərfi çıxarıb kənara qoydu. Paltosunun düymələrini açdı. «Görürsən, qocalıq belə bir şeydir. Bilmirsən necə eləyəsən ki xəstələnib vaxtından tez o dünyaya köçməyəsən» – vaxt tez keçsin deyə bir az sürücü ilə söhbətləşmək qərarına gəldi. Amma cavan oğlan güzgüdə onunla göz kontaktı qurub gülümsəməklə kifayətləndi.

«Özün Bakıdansan?»

«Xeyr. Qubadanam.»

«Ooo… Deməli, ikimiz də Vətənə gedirik», – Aaron gülümsəyərək cavab verdi.

«Siz də Qubadansınız? Orada yaxınlarınız varmı?»

«Mənim əcdadlarım Qubada böyüyüb boya-başa çatıblar. Amma indiyə heç kəs qalmayıb.»

Sürücü verdiyi suala görə azca pərt oldu. Vəziyyətdən çıxmaq üçün daha bir sual verdi: «Deməli, gəzməyə gedirsiniz? Bizim Quba elə gözəldir ki!»

«Hə, əlbəttə gəzmək fikrim də var. Amma əsas məqsədim nənə-babamı ziyarət etməkdir. Onların qalıqları Quba kütləvi məzarlığındadır.»

Oğlan bu dəfə deyəsən kövrəldi: «Allah rəhmət eləsin. O vəhşiliyə baxanda adamın lap nitqi tutulur. Axı insan da insana bunu eləyər?»

«İnsan da insana bunu eləyər?» Bu sözlər Aarona tanış gəldi. Atası da həmişə bu cavabsız sualı verərdi öz-özünə. Sadəcə köks ötürüb başını yelləməklə sürücünün sualını cavablandırdı.

Pəncərəni bağladı. Əlini paltosunun iç cibinə saldı və köhnə dəftərçəni çıxardı. Bu dəftərçə Aaron üçün malik olduğu hər şeydən – dəbdəbəli malikanələrdən, son model maşınlardan, ləl cəvahiratdan, var-dövlətdən – daha dəyərli idi. Bu balaca dəftərə atası sanki bütün dünyanı sığdırmışdı. Astaca dəftərin təsadüfi vərəqlərindən birini açdı və əzbər bildiyi cümlələri oxumağa başladı: «Qubanı dumanlı şəkildə xatırlayıram. Lakin bu, ona olan sevgimə zərrəcə təsir eləmir. Quba mənim dünyaya göz açdığım yer idi. Ömrümdə başqa heç bir yeri görməmişdim deyə, hələ o vaxtlar onun təmiz havası, gözəl təbiəti mənə adi görünürdü. İnsanları o qədər mehriban, səmimi idilər ki… Azərbaycanlılar, yəhudilər, tatlar, ləzgilər, qrızlar, buduqlular və digər xalqlar burada birlikdə dost-qardaş kimi yaşayırdılar. Diskriminasiya, nifrət, qəbul etməmə kimi anlayışlar hamıya yad idi…»

Aaron hər dəfə bu cümlələri oxuyarkən, xəyalında Qubanı canlandırmağa çalışardı. İndi isə bu qoca vaxtında ən çox görmək istədiyi həmin məkana addım-addım yaxınlaşmaqda idi. Həyəcanı da getdikcə artırdı. Ona görə də başqa bir səhifəyə keçdi: «Doğurdan da insan ən vəhşi heyvan imiş. Bilmirəm bu vəhşətlərdən sağ qurtulmağım Tanrının lütfkarlığı idi, yoxsa cəzası. 1918-ci il həyatımın ən dəhşətli ili oldu. Ermənilər və bolşeviklər Qubada insanlara elə divan tutdular ki, ən vəhşi heyvan belə bunu etməzdi. Xoşbəxtlikdən, həmin gün əmimgillə birlikdə Qusara getmişdim. Yüzlərlə insan dəhşət dolu soyqırımdan öz nəsibini alarkən, mən xilas olmuşdum.»

Aaronun çöhrəsinə kədərli bir təbəssüm qondu. Hər dəfə bu misraları oxuyarkən, qərar verə bilmirdi ki, insanlara tutulan divana görə hiss etdiyi qəzəb daha güclüdür, yoxsa atasının möcüzə nəticəsində xilas olmasına görə duyduğu sevinc hissi. Davam etdi: «Quba soyqırımından sonra əmimgillə birlikdə Almaniyaya üz tutduq. Valideynlərimin itkisi məni dərindən sarsıtdı. Lakin indi sarsılmaq vaxtı deyildi. Necəsə silkələnib özümə gəlməli və həyata davam etməli idim.»

Aaron burada fasilə verdi. Yenidən yol boyu uzanan meşələrə, dağlara nəzər yetirdi və fikrə getdi. «Görəsən bu füsunkar gözəlliyin altında hansı sirr gizlənib?» – deyə ağlından keçirdi. Çünki Aaronun yəhudilərə xas olan iti zəkası onu hər zaman daha dərindən düşünməyə, axtarmağa, kəşf etməyə vadar edirdi. Onun fikrincə, təbiətin romantikasında belə əvvəlcədən müəyyən sirrlər proqramlaşdırılmışdı. «Axı Tanrı lüzumsuz əsər çəkməz» deyə özlüyündə qət etdi.

Gözlər yenidən dəftərə tuşlandı. Vərəqləri tələsik ötürüb ən çox sevdiyi cümlələri tapdı: «Arellanı ilk gördüyüm anda anladım ki, axtardığım qadın məhz odur. Bu qərib ölkədə bir-birində sığınacaq tapan iki sadəlövh yəhudi gənc idik. Vaxtı uzatmadan evləndik. Tezliklə həyatımızın işığı – sən doğuldun!»

«Həqiqət nə qədər ağır olursa olsun, insan haradan gəldiyini bilməlidir. Əks təqdirdə xoşbəxt ola bilməz. Ona görə də bu kiçik dəftərçədə sənə həyatımın qısa xülasəsini yazmışam. Oxuduqca haradan gəldiyini xatırla. Özünü axtarmaqdan heç vaxt yorulma» – atası dəftəri ölmədən əvvəl ona verəndə məhz belə demişdi. Cəmi bir neçə aydan sonra Aaron qərarını verib yola qoyulmuşdu. Özünü axtarmağa Qubadan başlayacaqdı…

«Bu dəfəki vəhşətdən qurtulmağım Tanrının ən böyük cəzası idi! Auşvitz təsəvvür edə biləcəyin ən böyük cəhənnəm idi. Milyondan çox günahsız insanı özbaşına cəzalandıran, Tanrısı olmayan bir cəhənnəm! Qırmızı kərpicli girişdən içəri keçdiyim anda oranın vəhşət yuvası olduğunu anlamışdım. Bu cəhənnəm Arellamı məndən aldı. O, qaz kameralarından birində əzab çəkərək dünyasını dəyişdi. Onun həmin insan selinin arasında son nəfəsini verərkən nə qədər tənha olduğunu düşündükcə, hələ də özümü günahkar hiss edirəm.»

Aaron dəftəri örtdü. Gözləri yaşarmasın deyə pəncərəni açıb küləyin üzünə doğru əsməsinə imkan verdi. «Qəddarlığın, vəhşiliyin, terrorun vətəni yoxdur» – deyə ağlından keçirdi. «Dünyada cəmi iki millət var: yaxşı və pis insanlar.»

Yox, dəftəri tam bağlamayıbmış. Barmağı ilə saxladığı vərəqdən oxumağa davam etdi: «Artıq həyatda səndən başqa yaşamaq üçün heç bir səbəbim qalmamışdı. O qədər balaca, məsum idin ki səni vəhşilərin qaynaşdığı bu dünyada tənha qoya bilməzdim. Səni götürüb İsrailə pənah gətirdim.»

Aaron atasının həyatını Arieldə necə sıfırdan qurduğu, onu nə cür çətinliklərlə böyüdüb boya-başa çatdırdığı ilə bağlı etdiyi söhbətləri yada saldı. Nəticədə, həyat bu zəhmətkeş qocanı oğlunun diqqət və qayğısı, sevgisi ilə mükafatlandırmışdı. Qoca son nəfəsinə qədər oğlu ilə fəxr edirdi. Bəlkə də bu hiss həyat yoldaşını və valideynləri itirməyin gətirdiyi ağrını qoca vaxtında az da olsa azalda bilmişdi.

«Nə qədər vaxta çatarıq?» – Aaron nəhayət ki sürücünün mövcudluğunu xatırladı.

«Çox çəkməz. Təxminən 40-45 dəqiqəyə orada olarıq.»

«Vaxt necə də tez keçdi.»

«Doğrudur, müəllim. Bu yollarda adam vaxtın necə keçdiyini bilmir.»

Barmaqları sonuncu səhifəyə tələsirdi. Nəhayət beyninə qazıdığı son sözləri tapıb pıçıltı ilə oxudu: «Qoy mənim həyatımın sonu sənin ömründə yeni bir başlanğıc olsun. Unutma: insanı alçaldan da, ucaldan da onun özüdür. Ona görə də özünü axtarmağa davam et. Bacardığın qədər dərinlərə en. Səndən bir parça daşıyan hər şeydə – hər bir əşyada, insanda, məkanda – özündən bir zərrə görəcəksən. O zərrələri topla və birləşdir. Beləcə, özünü tapacaqsan.»

Aaronhəminzərrələrdənbirinimaşındanyerə enənkimi özdaxilində kəşfetdi. Heç vaxtolmadığı bu şəhəronailkbaxışdandoğmagəldi. Birbaşanənə-babasınınziyarətinə getdi. Üst-üstə qalanmış insanskeletlərinigördükdə ürəyisızıldadı.

«Boztorpaqlaqucaqlaşanbuqalıntılarındiliolsaydı, görəsənnələrdanışardı? Sağdakı bu kəllənin sahibi görəsən necə ölüb? Ortadakı qol qadına məxsus olub yoxsa kişiyə? Bəlkə bu, elə nənəmin qoludur? Bəlkə aralıqdanboylananokəllə buqalağıniçinə atılandahələ sağ imiş? Görəsənhərtərəfinibürüyəncəsədlərə baxaraq, azsonra özünündə onlardanbirinə çevriləcəyinibilməknecə birhissdir?» Lakin sümüklərin dili yox idi…

Aaron nənə-babasını tanıya bilməsə də, daxilən rahatlıq hiss edirdi. «İnsan övladı ölümündən sonra belə həyatın gedişatına təsir etməyə qadir imiş. Babamın, nənəmin və atamın ruhları yəqin ki Qubaya gəldiyimi görüb rahatlıq tapıblar» – deyə düşündü. Aaron özü də rahatlıq tapmışdı. O, öz köklərinə enməyi bacaran qoca, amma güclü bir ağac idi. Öz mənbəyini kəşf edəndən sonra bu ağacın ömrü daha da uzanacaqdı. Çünki insan təbiətin ən füsunkar əsəridir. Və Tanrı heç zaman lüzumsuz əsər çəkməz.

Bölmə : Manşet, OxucuKlubu