V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı

10 Baxış

96275_3q5ooz3mqc

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. 

Sərgi-Yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib. Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak sərbəstdir.

Sərgi-yarmarka çərçivəsində nəzərdə tutulmuş ilk tədbir – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının azyaşlı oxucularının “Gəlin birlikdə kitab oxuyaq” adlı fləşmobu və Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin çıxışı sentyabrın 28-i saat 10:30-10:45-də olacaq. Onun ardınca saat 11:00-11:30-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi keçiriləcək. Həmin gün üçün saat 11:30-12:00-da Mədəniyyət və Turizm Nazirliyi və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin “Avtomat Kitab Köşkü” layihəsinin təqdimatı, saat 12:00-13:00-da Rusiyanın “ASKİ” Naşirlər Assosiasiyasının təşkilatçılığı həmin assiosasiyanın və MDB-yə üzv dövlətlərin nəşriyyatlarının toplantısı, saat 13:00-14:00-da “İRS” Mədəni Təhsil Mərkəzinin “Uşaq ədəbiyyatında İrsimizin rolu” mövzusunda tədbirlər nəzərdə tutulub. Eyni saatda tədqiqatçı Esmira Fuadın “Məhəmməd Hüseyn Şəhriyar” kitabının imza günü də keçiriləcək.

Həmin gün saat 13:30-14:30-da yazıçı Orxan Qaravəlinin oxucularla görüşü və “Xan” nəşriyyatında çap olunmuş “Tanıdığım Nazim Hikmət” kitabının təqdimatı, saat 14:00-15:00-da “Kitabxanaçıların VI Ümumrespublika Müşavirəsi”, Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin tanıtımı, Xalq şairi Nəriman Həsənzadənin kitabının təqdimatı, şair və nasir İlqar Fəhminin imza mərasimi olacaq. Saat 14:00-14:45-də milli mədəniyyət tarixi üzrə yeni nəşrlər: Rusiyanın milli respublikalarının nəşriyyatlarından Tatar kitab nəşriyyatı (Kazan), Çuvaş kitab nəşriyyatı (Çeboksari), “Dağıstan” Nəşriyyat Evi (Mahaçqala) proqramının təqdimatı, saat 15:00 – 16:00-da Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təqdimatı, yazıçı Mehmet Kumun imza tədbiri, “Vətən və mən” adlı vətənpərvərlik mövzusunda hekayələr, şeirlər və nağıllardan ibarət audio materialın təqdimatı, saat 15:30-16:30-da yazıçı Azad Qaradərəlinin imza mərasiminin keçirilməsi planlaşdırılıb. Saat 16:00-17:30-da kolumbiyalı yazıçı Konrado Suluaqanın təqdimatında yazıçı Qabriel Qarsia Markesə həsr olunmuş “Tənhalığın yüz ili” adlanan bir möcüzə” adlı tədbir, 16:30-17:30-da “TÜRKSOY-Azərbaycan” və “Molla Pənah Vaqif dünya dillərində” kitablarının təqdimatı keçiriləcək. Sərginin ilk günündə nəzərdə tutulmuş tədbirlər sırasında saat 11:30-dan 18:00-a kimi İngilis dilində nəşr olunmuş Nizami Gəncəvi “Leyli və Məcnun” kitabının  təqdimatı, gənc yazarların imza günü, Tehran Beynəlxalq Kitab Sərgisinin tanıtımı da var.

Sentyabrın 29-da saat 09:00 -dan 17:00-a kimi “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfrans, saat 10:30-11:30-da “İslam həmrəyliyi ili”nə həsr olunmuş tədbir, saat 11:00-12:00-da Azərbaycan dilində çap olunmuş Nemet Kelimbetovun “Türk xalqlarının ortaq ədəbi abidələri” kitabının təqdimatı, Atatürk Universitetinin professoru Gürsoy Solmazın iştirakı ilə “Səlcuqlulardan Osmanlılara” adlı toplantı, “Ciddi ol” adlı uşaqlar üçün yumor kitabının təqdimatı və imza günü, saat 12:00 – 13:00-da Xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü və imza günü, saat 12:00-12:45-də Energetika üzrə ən yaxşı nəşrlər: Moskva Energetika İnstitutunun nəşriyyatının rəhbəri profesor Q.Q.Yankovun mütəxəssislərlə görüşü, saat 12:30 – 13:30-da Azərbaycan-Türkiyə naşirlərinin görüşü, yazıçı Kəbutər Haqverdinin “Cənnətdən Sürgün” kitabının imza günü keçiriləcək. Həmin gün keçiriləcək tədbirlər sırasına saat 13:30-14:30-da Devid Perrişin “Futbolka və Kostyum. Yaradıcı Biznesə Səyahət” kitabının  və Peter Lenyinin “Mədəniyyət mərkəzlərinin layihələndirilməsi” kitablarının Azərbaycan dilinə tərcüməsinin, 14:00-14:45-də Beynəlxalq Kitabsevərlər Birliyinin ekslibris (kitab cildinin içəri tərəfinə yapışdırılan və kitab sahibinin adı olan bədii nişan) kolleksiyasının, saat 14:00-15:00-də “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabının təqdimatları, yazıçı Şəmil Sadiqin imza günü, 15:30-16:30-da Moskva şəhərinin 870 illik yubileyinə həsr olunmuş tədbir, yazıçı Cəlil Cavanşirin imza günü, 16:30-17:30-da “Rus ədəbiyyatında Qafqaz və Zaqafqaziya”: “Veçe” nəşriyyat evinin baş redaktoru, yazıçı S.N.Dmitriyevlə görüş də daxildir. Sərgi-yarmarkanın ikinci günündə həmçinin, saat 10:00-dan 18:00-a kimi gənc yazarların imza günü və İran İslam Respublikasının “Tərcümə və Çap Qrant Proqramı”nın tanıtımı da keçiriləcək.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sonuncu günü olan sentyabrın 30-da saat 10:30- 11:30-da Mədəniyyət və Turizm Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində çap edilmiş uşaq kitablarının və İngilis-Azərbaycan dilləri üzrə “Babbler Fish” onlayn lüğətinin təqdimatı, saat 11:30-12:30-da şair-yazıçı Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayələr kitabının təqdimatı və imza günü, 12:00-12:45-də Texnologiya təşəbbüsləri: “Mediarost” (Rıbinsk) nəşriyyatının proqramının təqdimatı, 12:00-13:00-da yazıçı Elxan Elatlının oxucularla görüşü və imza günü, saat 13:00 – 14:00-da Müşfiq XANın imza günü, saat 13:30- 14:30-da Böyük Britaniyanın “Clever Fox Press” nəşriyyatının “Uşaqların Kitab Ferması” (“Children’s Book Farm”) adlı xeyriyyə tədbiri və “Ladı Rus” nəşriyyatının “Stressiz yaşa” (“Jivi bez stressa”) adlı tədbiri, 15:00 – 16:00-da gənc yazarlar Pərvin, Şəhriyar del Gerani və Fərid Hüseynlə görüş keçiriləcək. Gənc yazarların imza günü və İranda nəşr olunmuş uşaqlar və gənclər üçün ədəbiyyatın tanıtımı isə saat 10:00-dan 18:00-a kimi nəzərdə tutulub.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının mükafatlandırma və bağlanış mərasimi isə sentyabrın 30-u saat 16:00-17:00-da keçiriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10